Mariya Primaçenko | |
---|---|
Doğum tarixi | 30 dekabr 1908 (12 yanvar 1909) |
Doğum yeri |
|
Vəfat tarixi | 18 avqust 1997[1] (88 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Fəaliyyəti | rəssam, boyakar[d], vizual incəsənət rəssamı |
Üzvlüyü | |
Mükafatları |
|
prymachenko.in.ua | |
Vikianbarda əlaqəli mediafayllar |
Mariya Oksentiyivna Primaçenko (ukr. Марія Оксентіївна Примаченко; 30 dekabr 1908 (12 yanvar 1909), Bolotniya[d], Kiyev quberniyası[2] – 18 avqust 1997[1], Bolotniya[d], Kiyev vilayəti) ― Ukrayna xalq incəsənəti rəssamı. O, sənətkarlığı özü öyrənmiş və rəssamlıq, tikmə və keramika sahələrində işləmişdir.
Primaçenko 1966-cı ildə Taras Şevçenko adına Ukrayna Milli Mükafatına layiq görülüb. Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) 2009-cu ili Primaçenko ili elan edib. Kiyevdə bir küçə və kiçik bir planet onun adını daşıyır. Pablo Pikasso 1937-ci il Ümumdünya Sərgisi zamanı Parisdə Primaçenkonun sərgisini ziyarət etdikdən sonra demişdir: "Mən bu dahi ukraynalının bədii möcüzəsi qarşısında baş əyirəm".[3]
Primaçenko kəndli ailəsində anadan olub və həyatının çox hissəsini hazırda Kiyev vilayətinin Vışqorod rayonunun ərazisi olan və Çernobıldan cəmi 30 kilometr (19 mil) məsafədə yerləşən Bolotniya kəndində keçirib.[4] O, məktəbdə dörd il oxumuş, daha sonra onda fiziki qüsur yaradaraq həyatına və sənətinə təsir edən poliomielit xəstəliyinə tutulmuşdur.[5][6] Primaçenko sonrakı həyatındakı ilk bədii təcrübələrini belə təsvir etmişdir: "Bir dəfə gənc bir qız ikən mən bir qaz sürüsünə nəzarət edirdim. Onlarla birlikdə yabani çiçəklərlə bəzənmiş bir tarlanı keçib çayın sahilindəki qumlu bir çimərliyə çatanda mən qumun üzərinə çubuqla həqiqi və xəyali çiçəklər çəkməyə başladım… Daha sonra təbii piqmentlərdən istifadə edərək evimin divarlarını rəngləməyə qərar verdim. Bundan sonra mən heç vaxt rəsm çəkməyi və boyamağı dayandırmadım."[7]
Uşaqlıqda Primaçenkonun anası ona tikmə sənətini öyrətmişdi və 1920-ci illərin sonu və ya 1930-cu illərin əvvəllərində o, İvankov Kooperativ Tikmə Assosiasiyasının üzvü idi.[5] Onun istedadı 1935-ci ildə Prımaçenkonu Kiyev Ukrayna İncəsənət Muzeyinin Mərkəzi Eksperimental Emalatxanasına işə dəvət edən rəssam Tetiana Floru tərəfindən fərqinə varılıb.[5]
Primaçenko dəstəksiz ayaqda dura bilmək üçün Kiyevdə iki dəfə əməliyyat olunmuşdur.[5] O burada həm də partnyoru Vasil Marınçukla tanış olub 1941-ci ilin martında Kiyevdə onların oğlu Fedir Primaçenko anadan olub.[8] Onlar Marinçuk müharibəyə getməzdən əvvəl evlənməyə vaxt tapmamış,[7] Marinçuk müharibədən geri qayıtmamış, Finlandiyada ölmüşdür.[8] Primaçenkonun qardaşı da nasistlər tərəfindən öldürülüb. Primaçenko İvankivə qayıtmış və burada kolxozda işləmişdir.[7] Onu oğlu Fedir də xalq sənətçisi olmuş və 2008-ci ildə vəfat etmişdir. Prımaçenkonun nəvələri Petro və İvan da sənətkar olublar.[8]
1936-cı il I Respublika Xalq Yaradıcılığı Sərgisi Primaçenkonun rəsmlərini də ehtiva edirdi. Bu sərgi Moskva, Leninqrad və Varşavada nümayiş etdirilmişdir. Primaçenko bu sərgidəki iştirakına görə birinci dərəcəli diploma layiq görülüb. 1937-ci ildə isə rəssamın əsərləri Parisdə sərgilənib.[5]
Primaçenkonun əsərləri Ukraynanın, xüsusən də Polesiye regionunun xalq ənənələrindən ilhamlanıb. Buna nümunə olaraq təbiət aləminə və nağıllara istinadlarını göstərmək olar.[9][10] O, tikmə sənətindən rəssamlığa 1930-cu illərdə keçid edib və onun bu dövrə aid əsərləri ağ fon üzərində çəkilib. Onun dəstxətti cəsarətli və ifadəli idi və o, ənənəvi Ukrayna motivlərini yeni üsullar ilə birləşdirirdi.[5]
1960–1980-ci illərdə onun üslubu inkişaf etməyə davam etmiş, rəsmlər getdikcə daha canlı rəng palitrasına və parlaq arxa fona sahib olmuşdur. O, bu dövrdə akvarel əvəzinə quaşla işləməyi seçib. Primaçenko 1970-ci illərdə rəsmlərində kətanın arxa tərəfinə mövzu ilə əlaqəli qısa ifadələr və ya atalar sözləri də daxil etməyə başlayıb.[5]
Primaçenko 1966-cı ildə Taras Şevçenko adına Ukrayna Milli Mükafatına layiq görülüb. Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) 2009-cu ili Primaçenko ili elan edib.[11][12] Elə həmin il Kiyevdəki Lixaçev bulvarı onun şərəfinə adlandırılmışdır.[9]
Pablo Pikasso Parisdə Prımaçenkonun sərgisini ziyarət etdikdən sonra demişdir: "Mən bu dahi ukraynalının bədii möcüzəsi qarşısında baş əyirəm".[13][14][15]
Primaçenkonun əsərləri bütün keçmiş Sovet İttifaqında, Ukraynada və digər ölkələrdə, o cümlədən Polşa, Bolqarıstan, Fransa və Kanadada nümayiş etdirilmişdir.[16] Onun "Siçovul Səyahətdə" əsəri məşhur Fin dizayneri Kristina Isola tərəfindən "Folks in the Woods" adlı parça dizaynına kopyalanıb və Finnair havayolu şirkətində təyyarə dekorasiyası üçün istifadə edib.[17] Primaçenkonun əsərləri Ukraynanın möhür və sikkələrində əks olunub.[18]
1998-ci ildə Klim Çuryumov tərəfindən bir kiçik planet (142624) onun şərəfinə "Primaçenko" adlandırılıb.[19]
Primaçenkonun 650-dən çox əsəri Milli Xalq Dekorativ İncəsənət Muzeyinin kolleksiyasında saxlanılır.[7]
2022-ci ildə Kiyevdə "Mariya Paints" adlı unikal sənət sərgisi keçirilib.[20] Sərgi Mariya Primaçenkonun Kiyev sənətşünası Eduard Dımşitsin şəxsi kolleksiyasından götürülmüş və o vaxta qədər bilinməyən 100 əsərindən ibarət idi.
2023-cü ilin oktyabrından 2024-cü ilin aprelinə qədər Nyu Yorkdakı Ukrayna Muzeyində[21] Mariya Primaçenkonun əsərləri sərgilənir. Sərgidə 100-dən çox rəsm, unikal keramika işləri, taxta boşqablar və bir neçə uşaq illüstrasiya kitabı var. Bu, Primaçenkonun Avropadan kənarda ilk rəsm sərgisidir.
Prımaçenkonun bir neçə əsərinin saxlanıldığı İvankov Tarix-Diyarşünaslıq Muzeyi 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı muzeyə qəsdən edilən hücumdan sonra[22] yandırılmış və bunun 25 əsərin yanması ilə nəticələndiyi bildirilmişdir.[23][24][25][26] Bununla belə, jurnalist Tanya Qonçarovanın sosial şəbəkədəki paylaşımına görə, yerli sakinlər Primaçenkonun bəzi əsərlərini yanğından xilas edə biliblər.[27] Primaçenkonun nəvəsi Anastasiya Primaçenkonun The Times qəzetinə verdiyi müsahibəyə görə, onun on əsərini muzey yanan zaman içəri girən yerli sakin xilas edib.[28]
Vışqorod Tarix-Mədəniyyət Qoruğunun direktoru Vlada Litovçenko qeyd edib ki, muzeydə təkcə Primaçenkonun deyil, Anna Veres kimi digər ukraynalı rəssamların da əsərləri var. O demişdir: "Ukraynanın tarixi-mədəni nüfuzunun əvəzedilməz itkilərindən biri də ölkəmiz üçün cəhənnəm olan bu günlərdə İvankov Tarix-Mədəniyyət Muzeyinin işğalçılar tərəfindən dağıdılmasıdır".[29]