Marqarita Byufort | |
---|---|
ing. Margaret Beaufort | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 may 1443[1][2][…] |
Vəfat tarixi | 29 iyun 1509[1] (66 yaşında) və ya 1509[3] |
Vəfat yeri |
|
Dəfn yeri | |
Həyat yoldaşları |
|
Uşağı | |
Hərbi xidmət | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Marqarita Byufort' (ing. Margaret Beaufort) (d. 31 may 1443 — ö. 29 iyun 1509) — İngiltərə kralı VII Henrinin anası, Gül müharibəsindəki önəmli fiqurlardan biri. Oğlu taxta çıxsa da, heç vaxt kral xanımı olmadı və bu səbəblə tarixi mənbələrdə Leydi Marqarita olaraq anılır.
İngiltərə kralı III Eduardın şəcərəsindən gələn Marqarita İngiltərə taxtına olan mübahisəli iddiasını oğluna ötürdü və yeganə oğlu olan Henri Tüdorun taxta oturması uğrunda bir çox intriqalara qarışdı. Onun səyləri nəticəsində oğlu Henri Tüdor Bosvort döyüşündə III Riçardı məğlub edərək taxta oturdu. Beləcə İngiltərə tarixində Tüdorlar dönəmi başladı. Bundan başqa Leydi Marqarita İngiltərədəki mədəni inkişafın da güclü dəstəkçilərindən oldu.
Leydi Marqarita 31 may 1443-cü ildə Con Byufortun və Marqarita Byuçempin yeganə qızı və varisi olaraq Bedfordşirdə dünyaya gəldi. Atası Gentli Conun sonradan məşrulaşmış nəvəsi idi və bu səbəblə taxt iddiası vardı. Doğulduğu əsnada atası İngiltərə kralı VI Henri adına Fransa üzərinə yeni bir səfərə hazırlanırdı. Hətta səfərə çıxmadan öncə döyüşdə ölməsi halında yeganə qızının və varisinin bütün vərəsəlik və evlənmə hüququnun anasında qalması üçün kralla razılığa gəldi. Ancaq Fransadan qayıtdıqdan sonra kralla münasibətləri pisləşdi və saraydan qovuldu. Çox keçmədən vəfat edən Con Byufortun ölüm səbəbi bəzi qaynaqlarda intihar olaraq görülməkdədir.
Leydi Marqaritanın 1 yaşı tamam olduğu ərəfədə VI Henri atasıyla bağladığı razılığı pozaraq balaca qızcığaza aid bütün mülkləri Suffolk hersoqu Uilyam Pola verdi. Bu əsnada anası hamilə olsa da, bu hamiləlik tamamlanmadı və Marqarita atasının yeganə varisi olaraq qaldı. Atasının mülklərini ala bilməsi üçün hələ 1 yaşında ikən 7 fevral 1444-cü ildə Suffolk hersoqunun oğlu Con Polla evləndirildi. 18 avqust 1450-ci ildə Papadan gələn özəl icazəylə evlilik təsdiqləndi.
Ancaq bu evlilik heç vaxt reallaşmadı və 3 il sonra VI Henri tərəfindən nikah pozuldu. Leydi Marqaritanın mülkləri bu dəfə kralın ögey qardaşları Cesper və Edmond Tüdora verildi. Evlilik pozulduğu ərəfədə Marqarita 12 yaşından kiçik olduğu üçün bu evlilik heç vaxt qəbul edilmədi və özünün yazdığı vəsiyyətnamədə də Edmond Tüdoru ilk əri olaraq qeyd edir. Hələ ilk evliliyinin pozulmasından öncə VI Henri kiçik Marqaritanı qardaşı Edmondla evləndirməyi planlaşdırırdı. Belə ki, o ərəfədə kralın varisi yox idi və ögey qardaşına taxt hüququ qazandırmaq üçün bu evlilik şərt idi.
Beləcə, 12 yaşlı Marqarita 1 noyabr 1455-ci ildə özündən 13 yaş böyük Edmond Tüdorla evləndirildi. Bu evlilik üçün bu dəfə özündən də razılıq alındı və sonrakı illərdə bu razılığı ilahi bir qüvvədən aldığını iddia etdi. Nikah ərəfəsində Gül müharibəsi yeni başlamışdı və Lankaster tərəfdarı olan əri bir neçə ay sonra York qüvvələri tərəfindən əsir alındı. 3 noyabr 1456-cı ildə vəba epidemiyasına tutulan Edmond Tüdor əsarətdə vəfat etdi və geridə 7 aylıq hamilə xanımını buraxdı. Leydi Marqarita vəsiyyətnaməsində yazdığına görə, Edmond Tüdor onun üçün tək və əbədi ər idi və vəfat etdiyi zaman onun yanında dəfn olunmağı istəyirdi.
Ərinin vəfatının ardından qaynı Cesper Tüdorun himayəsinə alınan Marqarita 28 yanvar 1457-ci ildə Pembrok qalasında yeganə oğlu olan Henrini dünyaya gətirdi. Doğuş əsnasında 13 yaşında idi və bu səbəblə doğuşdan sonra fiziki qüsur qazandı. Bu səbəblə sonrakı 2 evliliyindən heç bir övladı olmadı.
Doğuşdan dərhal sonra həm övladını qorumaq, həm də mülklərini geri almaq üçün qaynı Cesper Tüdorun yardımıyla yenidən evləndi. Belə ki, 3 yanvar 1458-ci ildə Bukingem hersoqunun oğlu Henri Staffordla evləndi. Qohum olmaları səbəbilə 6 aprel 1457-ci ildə Papadan xüsusi icazə alındı. Bukingem hersoqunun cütlük üçün ayırdığı aylıq maaş olmasına baxmayaraq, onların əsas gəliri Leydi Marqaritanın mülklərindən gəlirdi. Bu evliliyi zamanı isə oğlu Henri əmisinin himayəsində Pembrok qalasında böyüdülürdü.
İngiltərə taxtı uğrunda Lankasterlərlə mübarizəyə başlayan York ailəsi 1461-ci ildə Touton döyüşündə qələbə qazandı və fraksiyanın rəhbəri olan IV Eduard İngiltərə taxtına əyləşdi. Bu döyüşdə Marqarita məğlub tərəfdə idi və qaynatası olan Bukingem hersoqu həlak olmuş, qaynı Cesper Tüdor isə dəstək toplamaq üçün öncə Şotlandiyaya, ardından Fransaya qaçmışdı. Pembrok qalasına edilən basqınla ələ keçirilən 4 yaşlı Henri qalanın yeni sahibi olan Uilyam Herbertin himayəsinə verildi və bütün mülkləri bu dəfə yeni kralın qardaşı Corc Plantagenetə hədiyyə edildi. Ancaq Leydi Marqarita ona verilən icazəylə oğlunu görməyə davam etdi.
1469-cu ildə kralla münasibəti pozulan qardaşı Corcla dayısı oğlu olan Vorvik lordu ona qarşı üsyan tərtiblədilər və onu devirərək sabiq kral VI Henrini yenidən iqtidara gətirdilər. Lankasterlərin ölkədə iqtidara gəlməsiylə sürgündə olan Cesper Tüdor və digər Lankaster tərəfdarları vətənə qayıtdı. Leydi Marqarita oğluna və onun mülklərinə qovuşmaq ümidiylə bu dəfə də Corc Plantagenetlə müzakirələrə başladı. Ancaq çox keçmədən IV Eduard İngiltərəyə geri döndü və iqtidarı ələ aldı. Barnet döyüşündə qazanılan qələbədən sonra yenidən York iqtidarı altına girən İngiltərədə bu dəfə oğlunu qoruya bilməyəcəyini anlayan Leydi Marqarita Fransaya qaçan qaynı Cesper Tüdora oğlunu da aparması üçün yalvardı və bu dəfəki ayrılıqları 14 il davam etdi.
Ancaq Barnet döyüşündə Yorklar uğruna aldığı yaralarla ağır vəziyyətdə olan əri Henri Stafford çox keçmədən vəfat etdi və 28 yaşlı Marqarita ikinci dəfə dul qaldı. Leydi Marqaritanın bu dəfəki evliliyi isə Tomas Stanliylə baş tutdu. Bu evlilik vasitəsilə o, artıq IV Eduardın sarayında yaşamağa başladı və kraliça Elizabet Vudvillə münasibətləri yaxşılaşdı. Belə ki, doğulan qızlarından birinə xaç anası olaraq seçildi.
IV Eduardın ölümü və III Riçard tərəfindən taxtın ələ keçirilməsinin ardından Marqarita sarayda yeni kraliça Anna Nevilin xidmətinə alındı. Hətta 6 iyul 1483-cü ildə baş tutan tacqoyma mərasimində kraliçanın ətəyini tutmuşdu. Oğlunun İngiltərəyə qayıtması üçün yeni krala müraciət etsə də, bu təklifi qəbul edilmədi. Bu təklifinin rədd edilməsinin ardından, Leydi Marqarita bu dəfə də kral tərəfindən London qalasına həbs edilən və daha sonra müəmmalı şəkildə yoxa çıxan şahzadələrin anası və keçmiş dostu Elizabet Vudvillə yeni bir ittifaq qurdu. Aralarında olan vasitəçi isə hər ikisinin ortaq həkimi olan Levis Karleon idi və bu ittifaqı gücləndirmək üçün sabiq kraliçanın böyük qızı və York ailəsinin həyatda olan ən böyük nümayəndəsi Yorklu Elizabetlə Henri Tüdor arasında gizli bir nişan bağlandı. Bununla da Henri Tüdor həm Lankaster, həm də York tərəfdarlarının dəstəyini qazandı.
Ancaq London qalasında həbs tutulan şahzadələrin aqibəti barədə şübhələr fərqlidir. Bəzi tarixçilərə görə III Riçard səltənətini hüquqi baxımdan təsdiqləməq məqsədilə qardaşı uşaqlarını öldürmüş, bəzilərinə görə isə Leydi Marqarita oğlundan başqa taxt namizədinin olmaması üçün şahzadələrin ölüm əmrini vermişdi.
1483-cü ildə Marqarita Bukingem hersoqunun tərtiblədiyi saray çevrilişini də dəstəklədi. Belə ki, plana görə Henri Tüdor Bretan sahillərindən İngiltərəyə gəlməli idi ancaq çıxan fırtına səbəbilə gecikdi və bu əsnada ələ keçirilən hersoq edam olundu. Beləcə, çevriliş uğursuzluqla nəticələndi. Marqarita isə bu üsyanın maddi dəstəkçisi olaraq cəzalandırıldı və bütün mülkləri əlindən alındı. Ardından vətən xaini olması barədə Parlament qərarı verildi. Əri Tomas Stanlinin evində həbs olundu və bütün mülkləri ərinin adına keçirildi. Bu isə ona cəza yox, bir növ hədiyyə oldu. Belə ki, oğlunun ordu topladığı bir ərəfədə, Leydi Marqarita ölkədə oğluna tərəfdar toplamağa davam etdi.
Marqaritanın əri Tomas Stanli Bukingem hersoqunun üsyanında kralın tərəfində dursa da, 1485-ci ildə baş tutan Bosvort döyüşündə tərəfsiz qaldı. Üstəlik oğlu Corc Stanli III Riçardın əlində girov tutulurdu. Buna baxmayaraq ögey oğlunun cərgəsində dayandı və qələbənin ardından yeni kralın başına tacı özü taxdı. Henri Tüdor taxta çıxdıqdan sonra ögey atasını Derbi qrafı, anasını isə Riçmond və Derbi qrafinası təyin etdi. Bundan başqa Leydi Marqarita 1488-ci ildə Bant ordeni ilə təltif edildi.
Oğlunun Bosvort döyüşündəki qələbəsindən sonra Marqarita sarayda "Kralın anası leydi" ("My Lady the King's Mother") olaraq anılmağa başlandı. Verilən parlament qərarı ilə Leydi Marqaritaya sarayda mükəmməl imtiyazlar verildi və onu dövrününn digər qadınlarından fərqləndirdi. Vaxtilə müttəfiqi Elizabet Vudvillə razılaşdığı kimi VII Henri onun qızı Yorklu Elizabetlə evləndi. Buna baxmayaraq, nikahdan sonra Leydi Marqarita nə Elizabet Vudvildən, nə də gəlini olan kraliça Elizabetdən daha aşağı bir status almağı rədd etdi. Belə ki, 18 yanvar 1486-cı ildə Vestminster abbatlığında keçirilən toy mərasimində Leydi Marqarita mərasim qaydalarına zidd olaraq gəlinin dərhal arxasında dayanmışdı. Hətta bəzi tarixçilər 1487-ci ildə kraliçanın anası ELizabet Vudvilin saraydan uzaqlaşdırılmasının əsas səbəbkarı olaraq məhz Marqarita Byufortu görür.
1460-cı illərdən bu yana Marqarita "M. Riçmond" olaraq imza atırdı. Ancaq 1499-cu ildən etibarən bu imzasını "Marqarita R." olaraq dəyişdirdi. Bu isə qadın monarxlar tərəfindən ənənəvi olaraq istifadə edilən regina titulunu ifadə edirdi. Tüdor sarayında ona verilən imtiyazlardan kifayət qədər istifadə edən Marqarita Byufort İspaniya elçisinin 1498 tarixli bir raportunda kralın baş məsləhətçisi olaraq qeyd olunur. Hətta oğlunun səltənətinin ilk illərində kral və xanımının səyahətlərində onları müşayiət etdiyi bilinir. Onun sarayda bu qədər güclənməsi isə oğlunun ona olan təşəkkürü olaraq izah edilir.
Evliliyinin sonrakı illərində əri ilə ayrı yaşamağa başladı və 1499-cu ildə ərinin də icazəsiylə London yepiskopunun hüzurunda and içərək qalan həyatını rahibə olaraq yaşamağa qərar verdi. Daha sonra Northempton yaxınlığındakı mülkünə köçdü və burada yaşamağa başladı. Burada əri tərəfindən tez-tez ziyarət edildi. B dönəmdə oğlunun ailəsi ilə də yaxından maraqlandı. Kraliçanın bütün doğumlarında iştirak etdi və nəvələrinin tərbiyəsiylə məşğul oldu. Münasibətləri çox zaman düşməncə görülsə də, gəlini olan Yorklu Elizabetlə yaxın əlaqələr qurmuşdu. Böyük nəvəsi Şahzadə Arturun Araqonlu Ketrinlə evlənməsi üçün lazımi yazıçmaları birlikdə aparmışdılar. Digər tərəfdən 13 yaşlı nəvəsi Marqarita Şotlandiya kralı ilə evləndirilmişdi ancaq azyaşlı olduğu üçün Şotlandiyaya göndərilməmişdi. Onun kiçik yaşda ərinin yanına göndərilməməsində nənəsi Leydi Marqaritanın rolu böyük idi. Belə ki, nəvəsinin öz həyatını yaşamasını istəmirdi.
1503-cü ildə kraliça Elizabetin vəfatı ilə Leydi Marqarita saraya qayıtdı və burada başlıca qadın obrazı qazandı. Vəliəhd Artur Tüdorun ani ölümü ilə kralın digər oğlu Henrinin əsl vəliəhd kimi tərbiyə edilməsində mühüm rol oynadı. Oğlu VII Henrinin 21 aprel 1509-cu ildə vəfatı ilə nəvəsinin əmin-amanlıqla taxta çıxmasını təmin etdi. Daha sonra oğlunun dəfn mərasimi, nəvəsi Henrinin isə tacqoyma mərasimini təşkil etdi.
Marqarita Byufort oğlunun vəfatından 2 ay sonra 29 iyun 1509-cu ildə vəfat etdi və oğlunun məzarının yanına dəfn olundu. 1539-cu ildə məzarın ətrafına gerb və fərqli fiqurlarla bəzədilən dəmir barmaqlıqlar yerləşdirildi. Bu bəzəmələr 1823-cü ildə Vestminster abbatlığı rəhbərliyi tərəfindən satılsa da, təqribən 1 əsr sonra geri qaytarılaraq restavrasiya edildi.