Martin Bertero

Martin Bertero
fr. Martine Bertereau
Doğum tarixi 1590
Doğum yeri
Vəfat tarixi 1642
Vəfat yeri
Fəaliyyəti geoloq, mühəndis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Martin Bertero, həmçinin Baronessa de Bosoley, (təqribən 1600 – 1642-dən sonra) qeydə alınmış ilk qadın mineroloq və mədən mühəndisi idi. O, əri İoann de Şastele ilə birlikdə çalışırdı. Martin Avropanın müxtəlif yerlərinə səyahət edərək, zadəganlar və krallar üçün mineral yataqları və təmiz yeraltı su mənbələri axtarırdı. Fransa kralı XIII Lüdovikin hakimiyyəti dövründə Martin və əri Fransada potensial mədən sahələrini tədqiq edirdilər. Lakin onların bir mədən ekspedisiyası zamanı Martin və ailəsi cadugərlikdə ittiham olunaraq Macarıstana qaçmalı oldular. Daha sonra Martin, əri və böyük qızı həbs olundu və 1642-ci ildən sonra həbsxanada vəfat etdilər. Ömrü boyu Martin bir neçə ədəbi əsər yazmışdır ki, bunlar əsasən Roma mühəndisi Vitruviusun memarlıq kitabı olan "Memarlıq haqqında" adlı əsərinə əsaslanırdı. Onun yazıları kahin çubuqları və o dövrün digər elmi ideyalarından bəhs edirdi. Lakin Martin de Bertero öz elmi metodlarını açıq şəkildə izah etmirdi və ictimaiyyətin onun magiyadan və ya qədim elmi nəzəriyyələrdən istifadə etdiyinə inanmasını üstün tuturdu. Onun uğuru geoloji dünyanı anlama qabiliyyətindən qaynaqlanırdı. Lakin Martinin niyə gerçək nailiyyətlərini gizlətməyi seçdiyi məlum deyil. Onun əsərləri XVII əsrdə mədənçilik üçün tələb olunan bilik və bacarıqlara unikal bir baxış təqdim edir.[1]

Martin de Bertero, Turen bölgəsindən olan zadəgan fransız mədənçi ailəsində dünyaya gəlib. Onun atası Pyer de Bertero, Montinyi lordu və cəngavəri idi. 1610-cu ildə o, mədənçilik üzrə ekspert olan İoann de Şastele Baron de Bosoley et Auffenbax ilə evləndi.[2] Onların bir neçə övladı oldu. Anası ilə birlikdə həbsxanada ölən böyük qızları və böyük oğulları Herkyul (adı latın dilində Herakl mənasını verir) haqqında məlumat mövcuddur.

1610–1626-cı illər arasında onlar xaricdə yaşayırdılar. Bu dövrdə Atlantik okeanını keçərək Boliviyanın Potosi şəhərindəki mədənləri ziyarət etdilər. Müqəddəs Roma imperatoru II Rudolf İoann de Şasteleni Macarıstandakı mədənlərin baş komissarı təyin etdi. Bu vəzifədə olduqları müddətdə onlar Avropanı və ehtimal ki, Cənubi Amerikanı gəzərək zəngin filiz yataqları axtardılar.[3] 1626-cı ildə Fransa mədən sənayesini bərpa etmək üçün geri çağırıldılar.

1627-ci ildə oğulları Herkyul "bağırsaqlarda yanan istilik" adlı xəstəliyə tutuldu və Şato-Tyerri şəhərində bir neçə həftə sonra sağaldı. Bu müddətdə Martin təbii bir bulaq kəşf etdiyini və onun şəfa verici gücə malik olduğunu iddia etdi. O, bu barədə yerli həkimə məlumat verdi və bu iddiasının doğru olduğu sübuta yetirildi. Şəhər, xəstələrin və varlıların müalicə üçün axışdığı bir məkana çevrildi. Lakin müasir geologiya tarixçisi Martina Kölbl-Ebert bunun uzun müddət davam edən bir elmi saxtakarlıq olduğunu sübut etdi.

Martin və İoann niyə insanları mistik qabiliyyətlərinə və "bəxtlərinə" inandırmağa çalışırdılar, dəqiq bilinmir. Ola bilsin ki, bu, zəngin müştəriləri cəlb etməyin bir üsulu idi. Şato-Tyerri şəhərində olduqları zaman yerli həkim onun iddiasına şübhə ilə yanaşdı və Martinin bulağı "divining rod" (su tapmaq üçün istifadə edilən çubuq) vasitəsilə tapdığına inanmadı. Su çubuqları yeraltı su mənbələrini aşkar etmək üçün istifadə edilən iki əyilmiş metal çubuqdan ibarət idi. Bu metodun elmi sübutları azdır və onun Ouija lövhəsi kimi orta əsr "elmi" bir metodu olduğu düşünülür. Əksinə, həkim Martinin mineral baxımından zəngin olan su mənbəyini çınqılların arasında olan dəmir oksid izlərini izləyərək tapdığını anladı.

Bu hadisə onların karyeralarının tənəzzülə uğramasının başlanğıcı oldu. Bundan sonra onların fəaliyyətlərinə qarşı şübhələr artdı və yerli ruhanilər də onları diqqət mərkəzinə aldılar. Cütlük Morle (Bretan) şəhərində bir mədən bazası qurmuşdu. Orada Provinsial Prevot adlanan keşiş Tuşe-Qrippe onların şatosunu axtarmaq üçün bir bailiff (məhkəmə icraçısı) göndərdi. Onların tədqiqat materialları, xəritələri və digər sənədləri tapıldıqdan sonra kilsə onların metodlarının "magiyaya" əsaslandığını iddia etdi və Martin ilə ərini cadugərlikdə ittiham etdi.

Onlara qarşı rəsmi ittiham irəli sürülməsə də, cütlük Fransanı tərk etməyə məcbur edildi və 1628–1629-cu illərdə Almaniyaya, daha sonra isə Macarıstana qaçdılar. Lakin problemi həll edə bilmədikləri üçün yenidən Fransaya qayıtdılar.[4]

Onlar yenidən Fransaya qayıtdıqdan sonra Martin XIII Lüdovikə məktub yazaraq, qaçmazdan əvvəl tapdığı mədənləri qazmaq üçün icazə istədi. Məktubunda o, daha çox qiymətli materiallar tapmağa imkan verəcək bir biznes modeli təklif edirdi. Yazılarında o və ərinin əslində istifadə etmədiyi sirli metodlardan bəhs edirdi. Onun saxta metodları təklifdən çıxarıldıqda, sənəddə mineral yataqlarını axtarmaq üçün kifayət qədər məntiqli bir metodologiya qalırdı. Kraldan cavab almadıqdan sonra Martin kralın katibi Rişelyöyə məktub yazdı, lakin yenə də cavab almadı. Rişelyöyə yazdığı məktubdan iki il sonra Martin əri və böyük qızı ilə birlikdə həbs olundu. Martin Vensenn qalasında, Baron isə Bastiliyaya, qızları isə Vensennə göndərildi.[5] Onlar əl falı, ulduz falı və astrologiya ilə məşğul olmaqda ittiham olunmuşdular. Halbuki bu fəaliyyətlərə heç vaxt qoşulmamışdılar. Buna baxmayaraq, həbsxanada həyatlarını itirdilər. Martin və Baron özləri haqqında miflər yaymalarına baxmayaraq, əslində heç bir mistik fəaliyyətlə məşğul olmamış, sadəcə kimyanın əsaslarını yaxşı bilmiş, süxurların ilkin interpretasiyası və ətraf mühiti başa düşməkdə bacarıqlı idilər. Onlar insanları mifoloji fəaliyyətlə məşğul olduqlarına inandırmış, əslində isə sadəcə elm tətbiq etmişdilər.[6] Onların ölüm tarixləri dəqiq məlum deyil, lakin Martin və böyük qızı 1642-ci ildən sonra həbsxanada vəfat etmişlər.

  1. Kölbl-Ebert M: How to Find Water: The State of the Art in the Early Seventeenth Century, Deduced From Writings of Martine de Bertereau (1632 and 1640) Earth Sciences History, Volume 28, Number 2 / 2009. Pages 204–218
  2. Curiosities of Olden Times S. Baring-Gould, Kessinger Publishing, (2004) Page 154, ISBN 0-7661-8235-5
  3. Ignacio Miguel Pascual Valderrama, Joaquín Pérez-Pariente. ALCHEMY AT THE SERVICE OF MINING TECHNOLOGY IN SEVENTEENTH-CENTURY EUROPE, ACCORDING TO THE WORKS OF MARTINE DE BERTEREAU AND JEAN DU CHASTELET. Spain: Catálisis y Petroleoquímica (ICP-CSIC). Volume 37.
  4. L Information Grammaticale. PERSEE Program. doi:10.3406/igram.
  5. Bertereau, Martine de Baronne de Beausoleil Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine Bibliography of Mineralogy, The Mineralogical Record, 2011.
  6. citation needed