Mirzə Əsədulla xan Qalib

Mirzə Əsədulla xan Qalib
Doğum adı Mirza Asadullah Baig Khan
Təxəllüsü مرزا غالب
Doğum tarixi 27 dekabr 1797(1797-12-27)[1][2]
Vəfat tarixi 15 fevral 1869(1869-02-15)[1][2] (71 yaşında)
Vəfat yeri
Fəaliyyəti şair, yazıçı, nasir, tarixçi
Əsərlərinin dili Urdu dili, fars dili
Janr qəzəl
Vikimənbənin loqosu Mirzə Əsədulla xan Qalib Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirzə Əsədulla xan Qalib (27 dekabr 1797[1][2]15 fevral 1869[1][2], Dehli, Britaniya Hindistanı) — Azərbaycanlı şair, Böyük Moğollar imperiyasının saray şairi, tarixçi, vəzir, sərkərdə

Mirzə Əsədulla xan Abdullabəy xan oğlu 27 dekabR 1797-ci ildə Hindistanın Əkbərabad (Aqra) şəhərinin Qalamahal adlı məhəlləsində anadan olub. Əslən Azərbaycanlıdır. XVIII yüzilin ikinci yarısında, Aləm şahın (1759–1806) hakimiyyəti dövründə atası və əmisi Nəsrullabəy xan Təbriz şəhərindən Hindistana gəlmişlər və Böyük Moğollar imperiyasında hərbi xidmətə daxil olmuşdular. O, hərbi əyan silkinə mənsub idi. Atası 1806-cı ildə döyüşdə öldürüldüyündən əmisi tərəfindən tərbiyə edildi. Bacısı Çiçək (Çoti) bəyim Yusifi xanədanının nəvvablarından olan İlahibəxş xana verildi.

Mirzə Əsədulla xan Qalib mükəmməl mədrəsə təhsili almışdı. Şeir yazmağa tələbəlik illərindən başlamışdı. İlk təxəllüsü Əsəd idi. Sonra Qalib təxəllüsünü seçdi. Maraqlıdır ki, bu Azərbaycan şairi xalqımıza demək olar ki, tanış deyil. Onun adına yalnız bir-iki təzkirədə rast gəlmək mümkündür. Mirzə Məhəmmədəli Tərbiyət onun haqqında yazır: "Qalib Əsədulla xan—Azərbaycan şairlərindən və "Məcməül-füsəha" əsəri müəllifinin müasiridir. Şeirdə gözəl təbli və şirin ləhcəli olmuş, Mövləvi şivəsində qəzəl deməyə çalışmışdır və bir çox şeirlərində ona iqtibas etmişdir. Onun məsnəvisi vardır. Aşağıdakı şeir ondandır:


Bax bu sözümə zahid, gəl sən də xərəbata,

Qaldır qədəhi, baxma danlaqla xürafata.

Danlaqda, məzəmmətdə namərdlə mərd seçilər,

Hər ağlı olan kimsə düzgün yolu o izlər.

Əvvəlcə sən et tövbə nəfsinə itaətdən,

Olmaz səməri yoxsa heç zaman nədamətdən.

("Riyazül-arifin") Eləcə bu sətirlər. Nə qədər kitabxanalara, internetə baş vurduqsa, Azərbaycan dilində bu şairə aid məlumata ürcah olmadıq.

Mirzə Əsədulla xan Qalibin həyatı keşməkeşli olub. Həm maddi, həm də mənəvi sıxıntı çəkib. Əmisi Nəsrullabəy xana görə dövlətdən təqaüd alırdı. Məmur ucbatından o da kəsildi. 1828-ci ildə Kəlküttəyə yollandı. Fikirləşirdi ki, ingilis general-qubernatoru bəlkə ona yardım edər. Əli ayağından uzun geri döndü. Pul ingilisdə idi, vicdan islamda.

Qalib 1847-ci ildə həbs edildi. Onu qumar oynamaqda ittiham edirdilər. Bir neçə ayını zindanda keçirdi. Mirzə Əsədulla xan Qalib 1850-ci ildə Böyük Moğollar imperiyasının sonuncu hökmdarı II Bahadur şahın (1775–1862) sarayına tarixçi kimi dəvət edildi. 1854-cü ildə vəzir vəzifəsinə yüksəldi. Tarixçi olarkən Dəbirülmülk (Mülkün yazarı), vəzirkən Nəcməddövlə (Dövlətin ulduzu), sərkərdə ikən isə Nizamcəng (Döyüşün nizamı) ləqəblərini daşıyırdı.

1857-ci ildə Dehlidə ingilislərə qarşı sipahi qiyamı baş verdi. İngilislər qiyamı yatırandan sonra şəhərin müsəlman elitasına divan tutdular. Mirzə Əsədulla xan Qalib də digər saray adamları kimi soyuldu. Evi, mülkü, torpağı əlindən çıxdı. Qiyamdan sonra heç kimə aman verilmədi. Əyanları, əsgərləri qırıb çatandan sonra şəhərin memarlığına, müqəddəs ziyarətgahlara növbə çatdı. Məscidlər dağıdıldı. Gözəl binalar yerlə yeksan edildi. Sevgili Dehlisinin tam təhqirini görmək yaşantısı Qalibin taleyi idi. Qalib məktublarında talan-taracı təsvir edir: Mən Dehlinin bir-birinin ardınca dağıdılan binalarını gördüm. Ən məşhur bazarlar gözümün önündə məhv edildi. Xas Bazar, Xürrəm Bazarı yoxa çıxdı. Dostların tozunu özündə saxlayan məhəllə və küçələr yox oldu". 1859-cu ildə yazılan məktubunda qeyd edir ki, Dehli qalası dağıdıldı, Cümə məscidi, Çandri Çovk məscidi uçuruldu, hanı bizim gördüyümüz Dehli?" Onun şagirdi şair Tuftaya yazdığı məktublar Hindistan tarixi üçün qiymətli sənədlərdir.

Dehlinin qiyamdan sonrakı həyatı Qalibin məktublarında əks olunur. 1859-cu ildə yazılan məktubundan sətirlər: "Hakim Əhsənullah xan deyir ki, Bahadur şahın nazirlərindən biri öz uca imarətində yaşayır. Başqa əyan-əşrəflər isə ayaqyalın, başıaçıq küçə-küçə dilənirlər. Keçmişi yada salanda ağlayıram. Gör başımıza nələr gəldi?" Onun bir çox poetik məktublarından duyulur ki, ingilislər Dehlini səhraya çevirib, hərbi düşərgə yaradıblar. 1863-cü ildə yazılan məktubunda haray var: "O gələn Mir Mehdidir, Yusuf mirzədir, Mirandır və Yusufəli xandır. Allah, Allah, mən minlərləyə göz yaşı axıdıram. Mən öləndə, kim ki, mənə göz yaşı axıdacaq, onlar məhv olub gedirlər".

Mirzə Əsədulla xan Qalibin tarixi əsərləri bunlardır: "Dastanbu", "Kaviyanların bayrağı", "Beşlik".

Qalibin tənqidi əsərləri də var. 1859-cu ildə "Şərhi-Qate" adlı bir əsər yazıb. Bu tənqidi qeydlər onun həmyerlisi Mövlanə Məhəmmədhüseyn Təbrizinin yazdığı "Bürhani-qate" əsəri haqqındadır. O, standart lüğət kimi qiymətləndirilən "Bürhane-Qata-e"dəki səhvləri göstərdi. Şərq aləmində tənqid təhqirlə eynidir. Qalib bu əsərlə özünü cəncələ saldı. Hindistan, Orta Asiya və İranda Məhəmmədhüseyn Təbrizinin ardıcılları, sevənləri çox idi. Onlar Qalib haqqında elə şeylər yazdılar ki, qələmə almaq mümkün deyildir. Hətta onu din düşməni elan etdilər. Qalibin şagirdi Hali sonralar qeyd edirdi ki, ustadı bu yazıdan çox əziyyət çəkmişdi. O hər gördüyünə danışırdı ki, mən Allahın təkliyinə inanıram. Dilindən "Lailahiilləllah" kəliməsi əskik olmurdu…

</poem> Nə vaxt ki, heç nə var deyildi, Tanrı var idi, Əgər heç nə olmasa da, Tanrı olacaq.

Mənim çox varlıq ilə qəzam olmuşdur, Əgər mən olmamışdımsa, bunun nə əhəmiyyətli olacaq? (Sətri tərcümə) </poem> Bu Qalibin etirafıdır. O, sevinclə ümidsizliyin arasında çabalayırdı. Qalibi sufilər anlayırdı. O Mənsur Həllacla Nəsiminin dilində danışırdı. Quş dili isə hələ də anlaşılmır.

Mövlanə Məhəmmədhüseyn Təbrizi Bürhan Hindistanda yaşayarkən azərbaycanlılardan ibarət bir diaspora yaratmışdı. Onun xətri bu adamların və törəmələrinin yanında əziz idi. Təzkirəçi Mirzə Tahir Nəsrabadi yazır ki, Benqalda olarkən Məsihi "Bürhane qate" lüğətinin müəllifi, Azərbaycan alimi Məhəmmədhüseyn ibn Xələf Bürhan Təbrizi ilə görüşmüşdü. Ondan yaxşılıqlar görmüşdü. 1632-ci ildə Məsihi Hindistanda 20 il yaşayandan sonra vətənə qayıdır. Onun qayıtması münasibətilə şair Övci Nətənzi təxminən bu məzmunda bir şeir də yazmışdı: "Allaha min şükürlər olsun ki, mənə həkim Rüknünü görmək qismət oldu. Onun həkimliyindən təptəzə qalmış çoxillik şərab kimi həkimlər can alır. Allah o adamın camını doldursun ki, mənim əllərimi bu qədəhə yetirdi." Onun həyatı yolu hamar deyildi, ancaq o hər yerdə yaxşı əhval-ruhiyyəsini və zəkasını saxlamağı bacardı. Səbr onu salamat saxladı. Mirzə Əsədulla xan Qalib 15 fevral 1869-cu ildə Dehli şəhərində vəfat edib.

Mirzə Əsədulla xan Qalib 1810-cu ildə Lohar zadəganlarından (Əslən Buxaralı idilər), Yusifi sülaləsindən Mirzə Arifcan bəyin oğlu, Nəvvab Mirzə Əhmədbəxş xanın (1803 – 1822) kiçik qardaşı Nəvvab İlahibəxş xan Məərufun qızı ilə ailə qurmuşdu. Bacısı ona günülərindən birinin qızını almışdı. Yeddi övladı olsa da, hamısı uşaqkən tələf oldu. Bütün bu əskiklər onun poeziyasına təsir etmişdi.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Mirzə Əsədulla xan Qalibin həyatı bir neçə mədəniyyəti, ənənəni, dili və sosial layları birləşdirdi. Onu Hindistanın klassik şairlərinin sonuncusu adlandırılır. O, türk əsilli olsa da, Hindistan şairi idi. Farsca yazan saray şairi idi, ancaq Urdu dilindəki qəzəlləri də çox məşhurdur. O Hindistanda Böyük Moğollar imperiyasının sonunda, Britaniya üsul-idarəsinin əvəlində yazıb-yaratdı. Onun poeziyası nəinki müsəlmanlar, eləcə də hinduslar arasında yayılmışdı. Şairin mistik sevgi poeziyası onu sufilər cərgəsinə qatdı. Elə şeirləri var ki, onu ateist saymaq mümkündür. Bəzən bu şeirlərə görə onun başı ağrımışdı. Mirzə Əsədulla xan Qalibin yaradıcılığı əsasən qəzəl janrındadır. Qalib şeiriyyətinin gözəl nümunələrindən biri də "Çıraqi-dair"dir. Şair bu şeirində Benares məbədinin əzəmətini vəsf edir. Qalib sufi idi. O, poeziyasında da sufi ənənələrinə riayət edirdi. Şeirlərin birində deyir: </poem> Meyxana və xətibin arasında çox fərq yox, adları eynidir, Mən yaxşı bilirəm ki, ordan mən çıxanda xətib daxil olur.

</poem> Mirzə Əsədulla xan Qalib urdu dilində gözəl şeir nümunələri yaratmışdı. Qeyd etdiyimiz kimi o, türk əsilli olsa da, farsca yazırdı. Onun dövründə Moğollar imperiyası hakimiyyətdə idi. Onlar fars dilində danışırdılar. Bu dil dövlətin rəsmi dili idi. Bütün zadəganlar bu dildə ünsiyyət saxlayırdılar. Urdu dili isə Hindistan poeziyası üçün yenicə pasport almışdı. Urdu dili fars dilinə nisbətən gənc dil idi, şairlər müəyyən poetik konsepsiyaları ifadə etmək üçün dürlü gedişlər etdilər və müxtəlif linqvistik elementləri sintezləşdirməli oldular. Qalib xalq şairi idi. Çox istəyirdi ki, xalq onu anlasın, oxusun. Dehlidə geniş xalq kütləsi urdu dilində danışdığından o da bu dildə yazmağa üstünlük verdi. Ondan əvvəlki və müasirlərinin əksəriyyəti həm də urdu dilində yazmışdılar. Vəli Dekkani (1668–1744), Hətəm (1669–1734), Mir Darəd (1788–1843), Məzhər (1700–1781), Sauda (1730–1780), Mir (1722–1810) və başqaları urdu dilində şeir söyləyirdilər. 1850-ci ildən sonra fars dili demək olar ki, Hindistanda unuduldu. Fətullah bəy öz əsərində yazır: "Qalibin müasirləri Zauq, Ələvi, Azurda, Nəyyar, Aiş, Mömün, Şəfta, Cövhər, Səhbai, Nazir Əkbərabadi və Tufla kimi ədəbi simalar urdu dilini seçmişdilər. Onların əksəriyyəti Qalibin şagirdləri idilər. Hətta Moğol imperatoru Zəfər təxəllüslü Bahadur şah da hərdən urdu dilində yazırdı. Onun bu hərəkəti urdu dilinin çiçklənməsinə yol açdı. Qalib urdu dilinin üzə çıxmasına təkan verdi".

Qalibin Urdu dilində divanı 1841-ci ildə, Fars dilində isə divanı 1845-ci ildə daşbasma üsulu ilə nəşr edilib.

Mirzə Əsədulla xan Qalib sufitəbiət şair idi. Meyxananı minbərdən üstün tuturdu. Zövq əhli idi. O faktiki olaraq, öz reputasiyası ilə fəxr edirdi. O qumar oynamaq üstündə həbs edilmişdi və sonralar bu hadisəni qürur hissi ilə xatırlayırdı. Bir dəfə, kimsə onun iştirakı ilə keçirilən məclisdə dindar Şeyx Sahbainin poeziyasını tərifləyəndə, o, dərhal etiraz edir ki, "Sahbai necə şair ola bilər ki, şərabı heç vaxt dadmayıb, heç vaxt qumar oynamayıb, heç vaxt sevgililər tərəfindən ev başmaqları ilə döyülməyib, heç vədə həbsxananın daxili tərəfini görməyib".

Mirzə Əsədulla xan Qalib şair Zauq ilə zarafatlaşırdı. Ona bəzəmələr qoşur, zərif nöqtələrlə qıcıqlandırırdı, amma bu zarafatlar zəriflik həddini keçməmişdi. Aralarında qarşılıqlı hörmət vardı. Şairin dostları arasında Mir Mehdi Məcruh və Mömün daha çox ilqarlı idilər. Onların dostluğu baqidən borca enmədi… Mirzə Əsədulla xan Qalibin poeziyası bu gündə populyardır. Bir çox dillərə tərcümə edilib.

  1. Məhəmmədəli Tərbiyət, Danişməndani-Azərbaycan, Bakı, 1987
  2. All, A. 1973. The Golden Tradition: An Anthology cvf'Urcht Poetily, New York & London: Columbia University Press.
  3. Ghalib, Asadullah Khan. 1989. Diwan-i Ghalib, reprint from original Diwan manuscript. Lahore: Ferozsons Limited. Matthews, J., Shackle, C. Wl. An Anthology of Classical Urdu. Love Lyrics: Text Translations. London: Oxford University Press.
  4. Mohiuddin, A. The Oce'w (tnci The Tear Drop. Unpublished manuscript. Russell. It and Islam, K. 1969. Ghalib: Vol I Life and Letters. London.
  5. Schimmcl A. 1979. A Dance of Sparks: Imagery of Fire in Ghalib's Poetry. Iondon The Hague: East-West Publications in conjunction with the Ghalib Academy, New Delhi.
  1. 1 2 3 4 Ghalib // https://pantheon.world/profile/person/Ghalib.
  2. 1 2 3 4 Mirza Asadullah Ghalib // Brockhauz Ensiklopediyası (alm.).