Qara Yanvar | |||
---|---|---|---|
Tarix | 19–20 yanvar 1990-cı il | ||
Yeri | Bakı, Azərbaycan SSR | ||
Nəticəsi | 131–170 nəfər mülki şəxsin qətlə yetirilməsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında" Fərmanına uyğun olaraq və siyasi müxalifət nümayəndələrinin təşkil etdiyi kütləvi iğtişaşların qarşısını almaq üçün SSRİ Konstitusiyasının 14-cü maddəsinin 119-cu bəndini[1] rəhbər tutaraq Bakı şəhərinə daxil oldular. Respublikada vəziyyətin sabitliyinin pozulması dövrü ilk növbədə Ermənistanla Azərbaycan arasında Qarabağla bağlı ərazi mübahisəsi ilə bağlı olmuşdur.[2] Bu, regionda idarəolunmaz vəziyyətlərin, o cümlədən etnofobiya təzahürlərinin yaranmasına səbəb olmuşdur.[3] 1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi siyasi təşkilatı Azərbaycan milli hərəkatının rəhbəri oldu. Bunun fonunda 1990-cı il yanvarın əvvəlində və ortalarında ermənilərlə azərbaycanlılar arasında toqquşmalara çevrilmiş Bakıda kommunist hökumətinə qarşı ölkədə kütləvi nümayişlər keçirildi.[2] Azərbaycan SSR Nazirlər Sovetinin o vaxtkı sədri Ayaz Mütəllibovun 1989-cu il dekabrın 25-də yazdığı xatirələrə əsasən, respublika KP MK-nın birinci katibi Əbdürəhman Vəzirov onu çağırıb: "O dedi ki, fəlakət yaranır və biz Moskvadan kömək istəməliyik. Bizim Daxili İşlər Nazirliyinin dəbilqə və dəyənəklə təchiz olunmuş öz daxili qoşunlarımız yox idi. Onlar ancaq Moskvadan gələn əmrlərə əməl edirdilər. Biz Daxili İşlər Nazirliyinə və Nazirlər Şurasına qoşun göndərməyi xahiş etdik, əks halda böyük fəlakət baş verə bilər".[4] SSRİ Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və müdafiə naziri Dmitri Yazov Azərbaycan istiqlal hərəkatının Sovet Azərbaycanı hökumətini devirmək cəhdlərinin qarşısını almaq üçün hərbi vəziyyətin zəruri olduğunu müdafiə edirdilər.[5][6] Sovet qoşunları gələnə qədər Xalq Cəbhəsi artıq faktiki olaraq ölkənin bir sıra rayonlarına nəzarət edirdi. Fövqəladə vəziyyət elan olunana qədər 82 nəfər ölüb, 21 nəfər yaralanıb. Yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra və sonrakı günlərdə daha 21 nəfər həlak olub.[7] Daha 8 nəfər fövqəladə vəziyyət elan olunmayan ərazilərdə — yanvarın 25-də Neftçalada, 26-da isə Lənkəranda həlak olub.[8]
Sovet Ordusu qoşunlarının Bakıya və Azərbaycanın rayonlarına qanunsuz daxil olması nəticəsində 131 nəfər həlak olmuş, 400 nəfər həbs edilmiş, 744 nəfər yaralanmış, 4 nəfər itkin düşmüşdür.[9] Hərbçilərin yandırıcı güllələrdən açdığı yanğın nəticəsində 200 ev və mənzil, 80 minik avtomobili, o cümlədən təcili tibbi yardım maşınları, dövlət və şəxsi əmlak dağıdılıb. Ölənlər arasında qadınlar, uşaqlar və qocalar, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polislər də var. 1990-cı il yanvarın 22-də AzSSR Ali Sovetinin növbədənkənar sessiyası keçirildi və orada baş vermiş hadisələrə siyasi qiymət verildi. Azərbaycan SSR Ali Sovetinin hadisələri araşdıran Komissiyasının Bəyanatında qeyd edilirdi ki, müttəfiq hakimiyyət orqanları Azərbaycan SSR-in suveren hüquqlarına etinasız yanaşır, SSRİ-nin yaradılması haqqında Müqavilənin şərtlərini, SSRİ Konstitusiyasını və Azərbaycan SSR Konstitusiyasını pozurlar.[10] Yanvarın 22-də ölənlərin dəfn mərasimi keçirilib.[11] Bu hadisələr Azərbaycan tarixinə "Qara Yanvar" kimi daxil olub, 20 Yanvar isə respublikada qeyri-iş günü olub.[10]
1988-ci ildə Azərbaycan SSR Sovet İttifaqının ən konservativ respublikalarından biri idi və siyasi dissidentlər üçün burada yer yox idi. Ermənistan SSR-də də partiya iyerarxiyasının böyük hissəsi yeni millətçi hərəkatla əməkdaşlıq etmək arzusunda olduğundan, burada millətçilər hakimiyyəti daha asanlıqla ələ keçirdilər. Azərbaycanda hakimiyyət və müxalifət arasında kompromis üçün heç bir əsas yox idi, həm də respublikanın gələcək taleyi barədə onlar fərqli fikirdə idilər. Fikir ayrılığının digər səbəbi rusdilli kosmopolit Bakı ziyalıları ilə respublikanın digər əhalisini bir-birindən ayıran uçurum idi. "Alimlər klubu"nun bəzi iştirakçıları partiya üzvləri idilər. Millətçiliyi təbliğ edən və Mixail Qorbaçovun perestroykaya maraq göstərməyən radikal ictimai xadimlər onlara nifrət edirdilər. İki ən məşhur radikal – tarixçi Etibar Məmmədov və həmkarlar ittifaqı fəalı Nemət Pənahov 1940-cı illərdə Ermənistanı tərk etmiş azərbaycanlı ailələrindən idilər. Hökumət və parçalanmış müxalifət "oyunun qaydalarını" razılaşdıra bilmədiklərindən, hakimiyyət uğrunda mübarizə uzun sürdü. Sonda, 1990-cı ilin yanvarında Bakıda rəsmi Moskva və Azərbaycan Xalq Cəbhəsi arasında qanlı qarşıdurma baş verdi. Sovet rəhbərliyi SSRİ tarixində ilk dəfə sovet şəhərinə qoşun yeritdi.[12]
Qara Yanvar başlayanda kütləvi zorakılığın həyəcan doğuran əlamətləri artıq sezilirdi: hüquq-mühafizə orqanları tərəfindən müdafiəsiz qalmış ermənilər; Xalq Cəbhəsində mötədillərin radikallar tərəfindən sıxışdırılması; hakimiyyəti əlindən verən və yenidən özünə qaytarmağa can atan yerli partiya rəhbərliyi; Azərbaycanın Sovet İttifaqı tərkibindən çıxmasına imkan verməmək üçün hər bir addıma hazır olan Moskva rəhbərliyi.[12] Qarabağdan gələn xəbərlər vəziyyəti daha da gərginləşdirirdi. Yanvarın 9-da Ermənistan parlamenti Dağlıq Qarabağı öz büdcəsinə daxil etmək qərarına səs verdi və əlbəttə ki, bu addım azərbaycanlıları qəzəbləndirdi. Qarabağın şimalında – Xanlar və Şaumyan rayonlarında ermənilərlə azərbaycanlılar arasında toqquşmalar baş verdi, insanlar girov götürüldü, daxili qoşunların dörd əsgəri öldürüldü.[13]
Yanvarın 6–7-də Xalq Cəbhəsi parçalandı. Mötədil baxışlarına sadiq qalan ziyalılardan ibarət kiçik qrup təşkilatın tərkibindən çıxdı və Leyla Yunus və Zərdüşt Əlizadənin rəhbərliyi altında Azərbaycan Sosial Demokrat Partiyasını yaratdı. Cəbhənin tərkibində qalanlar isə Lenin meydanında kütləvi nümayişlərə başladılar, lakin onlar da artıq iki dəstəyə bölünmüşdülər. Moskvadan Bakıya daha bir neçə min nəfərlik daxili qoşun kontingenti göndərildi. Yanvarın 11-də Xalq Cəbhəsinin bir qrup radikalı Lənkəran şəhərində bir neçə inzibati binanı zəbt etdi və hakimiyyəti ələ keçirdi.[12] İki gün sonra vəziyyəti aydınlaşdırmaq üçün hadisə yerinə göndərilmiş "Bakinski raboçi" qəzetinin müxbiri şəhərdə sovet hakimiyyətinin devrilməsinin şahidi oldu:
Mən əvvəlcə şəhər partiya komitəsinin birinci katibi Y.Rzayevlə görüş təyin etdim və sonra raykomun binasına getdim. Lakin qapıda silahlı adamlar durmuşdu. Məni içəri buraxmadılar və onlardan biri mənə yaxınlaşıb dedi: "Raykom artıq yoxdur. Burda heç kim işləmir. İçəri girməyə icazə verilmir.[14] |
Yanvarın 12-də Viktor Polyaniçko yeni təzadlı plan irəli sürdü. Onun Xalq Cəbhəsi ilə apardığı danışıqlarının nəticəsində respublika sərhədlərini erməni təcavüzündən qorumaq üçün Azərbaycanda "Milli Müdafiə Şurası"nın yaradılacağı bəyan olundu. Komitənin beş liderindən dördü Xalq Cəbhəsinin radikal qanadını təmsil edirdilər və əsl mənada Azərbaycanda kommunist partiyası rəhbərliyinin qəddar düşmənləri idilər. Onlardan ikisi – Nemət Pənahov və Rəhim Qazıyev yerli televiziyada çıxış etdilər. Pənahov bəyan etdi ki, Bakı evsiz qaçqınlarla doludur, lakin minlərlə erməni hələ də rahatlıq içində yaşayır, bununla da o, əhalini ermənilərə qarşı yönəlmiş zorakılığa təhrik etdi.[12]
Ermənilər Bakıdan qovulduqdan sonra Moskva və Xalq Cəbhəsi arasında münasibətlərə aydınlıq gətirməyin məqamı çatdı. Hələ basqınlar bitməmiş, yanvarın 14-də vəziyyəti nəzarətə almaq üçün Qorbaçovun yaxın siyasi silahdaşı Yevgeni Primakovun başçılığı ilə Siyasi Büronun nümayəndə heyəti Bakıya gəldi. Şəhər kənarında kazarmalarda yerləşdirilmiş çoxminli qoşunlara şəxsən komanda etmək üçün SSRİ müdafiə naziri Dmitri Yazov həmçinin bura gəldi. Dağlıq Qarabağda, Azərbaycanın və Ermənistanın sərhədyanı rayonlarında və Gəncədə fövqəladə vəziyyət tətbiq etmək qərarı verildi, lakin nədənsə bu qərar Bakıya şamil olunmadı.[12]
Bakı küçələrində millətçi hərəkatın fəalları ağalıq edirdilər. Şəhər kənarındakı əsgər kazarmalarına aparan yollarda onlar yük maşınlarından və beton bloklardan barrikadalar qurmuşdular. Yanvarın 17-də onlar Mərkəzi Komitənin binası önündə bütün yolları bağlayıb, fasiləsiz mitinqə başladılar. Binanın önündə dar ağacı peyda oldu, lakin onun əsl məqsədi – hədə-qorxu və ya həqiqi edam aləti olması – elə də sirr olaraq qaldı. Moskva emissarları və Xalq Cəbhəsinin rəhbərliyi üstüörtülü oyun aparırdılar.[12] Etibar Məmmədovun sözlərinə görə, Primakov Azərbaycanın Sovet İttifaqı tərkibindən çıxmasına razı olmayacağı haqqında onlara xəbərdarlıq etdi və qoşun yeridəcəyinə işarə etdi:
Primakov mənə dedi ki, "Siz müstəqilliyin bir addımlığındasınız".[12] |
Lakin qoşunları yeritmək haqqında qərar hələ qəbul edilməmişdi. Bəzi mənbələrə görə, Primakov Qorbaçova zəng edib onu razı salmağa çalışırdı ki, hərbi müdaxiləyə icazə verməsin.[15]
Həmin vaxt AzSSR Nazirlər Sovetinin sədri olan Ayaz Mütəllibov Bakıya qoşun yeridilməsini Qorbaçov komandasının Azərbaycana qarşı təxribatı adlandırıb. Onun fikrincə faciənin başında duran əsas qüvvələr respublika rəhbərliyini idarəçilikdən uzaqlaşdıran Primakovun dəstəsi və müxalifətdə olan AXC-nin bəzi liderləri idi.[16]
Nəhayət, Qorbaçov və onun güc nazirləri yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeritməyi qərarlaşdırdılar. Gecəyarı fövqəladə vəziyyət tətbiq olundu. Lakin şəhər sakinləri bundan xəbərsiz idilər, çünki axşam saat 7:30-da televiziya stansiyasınin enerji bloku partladıldığından televiziya yayımı kəsilmişdi. Bu təxribatı çox güman ki, xüsusi xidmət orqanları təşkil etmişdilər. Nəticədə, bakılıların əksəriyyəti fövqəladə vəziyyət barədə yalnız səhər saat 5:30-da Mirzə Xəzərin səsi ilə Azadlıq Radiosundan və vertolyotlardan atılmış vərəqələrdən xəbər tuta bildilər.[17][18]
Lakin artıq çox gec idi. Gecəyarıdan çox keçməmiş əsgərlər və tanklar hərbi hissədən çıxıb şəhərə tərəf irəlilədilər. Şəhərə cənub tərəfdən daxil olan qoşunların böyük hissəsi yerli qarnizonlardan idi və şəhərə atəş açmadan girə bildilər.[19] Şimaldan gələn qoşunlar şəhərə elə daxil oldular ki, elə bil Bakı düşmən əlində idi. Tanklar yollardakı avtomobilləri və hətta təcili yardım maşınlarını basaraq barrikadalardan keçirdi. Şahidlərin sözlərinə görə, əsgərlər qaçan adamları atəşə tutur, yaralıları süngüləyir və güllələyirdilər.[19] Dinc sakinlərlə dolu avtobus gülləbaran edildi, bir çox sərnişinlər, o cümlədən on üç yaşlı Larisa Məmmədova qətlə yetirildi.[20][21]
SSRİ tarixində ilk dəfə idi ki, Sovet Silahlı Qüvvələri Sovet şəhərinə — Bakıya hərbi müdaxilə etdilər. Bu, həm Azərbaycan, həm də Sovet İttifaqı üçün böyük faciə oldu. Ordu hissələri cəmi bir neçə saat ərzində şəhəri tam nəzarətə aldı və Moskvanın hakimiyyəti bərpa edildi. Lakin Moskva məhz elə 1990-cı il yanvarın 20-də Azərbaycanı itirdi.[22]
20 yanvar deputat istintaq komissiyasının məlumatına görə, Bakıda olan Sovet qoşunları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əsasən beş istiqamətdə hərəkət edirdi.[23]
Sovet qoşunlarının Binə-Qala yolu ilə hərəkəti 1990-cı il yanvarın 19-u saat 22:00 radələrində başlayıb. Azərbaycan xalqı ilk qurbanlarını da elə Binə-Qala yolunda verib. Həmin istiqamətdən Bakıya doğru hərəkət edən qoşunların qarşısını keçmiş "Komsomol" dairəsində dinc əhalinin barrikadası kəsib. Gecə saat təqribən 11 radələrində barrikadanı yaran qoşun "Komsomol" dairəsində təcili yardım maşınlarına da atəş açıb. Təcili yardım maşınında olan həkim Aleksandr Marxevka yaralılara tibbi yardım göstərmək istəyərkən həlak olub.[23]
Yanvarın 16-dan Biləcəridən Bakı şəhərinə gələn yolda, o zamankı "İskra" zavodunun qarşısında piket qurulmuşdu. Piketin iştirakçıları qoşunların şəhərə gəlməyinin qarşısını almaq istəyirdi. Yanvarın 20-si tanklar birinci Salyan kazarması tərəfdən hücuma keçdi.[24] Hərbçilərdən çoxu Stavropol vilayətindən gəlmişdi. Bir tank Suvorov (indiki 20 yanvar) küçəsilə Tbilisi prospektinin kəsişdiyi yerdən tramvay xəttinin üzərindən gəldi. İnsanların dağılması üçün bir zabit danışmaq istədi. Camaat onlardan geri dönməyi tələb etdikdə, mübahisə yarandı.[19] 5–6 dəqiqəlik mübahisədən sonra tankdan piket iştirakçıların üstündən qarşıdakı binaya atəş açdılar.[25] Camaat tankların qarşısında oturdu. Hərbçilər piketçilərə qaz bombaları (şaşkaları) atdılar və ətrafı tüstü bürüdü.[19] Piketçilər qazdan boğulduğuna görə, yerlərindən qalxıb dağılışmaq istəyirdi. Lakin hərbçilər onlara arxadan atəş açdı.[19]
Salyan kazarmasından saat 23:50 radələrində ağır texnikanın müşayiəti ilə çıxan qoşun Bakının tutulmasında müstəsna xidmətlər göstərib. Kazarmanın girişini əliyalın insanlar kəsdiyindən qoşun divarı uçuraraq hərəkət edib. Salyan kazarmasının qarşısında 20-yə qədər mülki insan öldürülüb. Bundan sonra qoşun üç istiqamətdə hərəkət edib. Birinci istiqamət köhnə avtovağzal, ikinci istiqamət "20 Yanvar" meydanı, üçüncü istiqamət isə keçmiş "Kimyaçılar Evi"-nin yanı ilə metronun Elmlər Akademiyası metrostansiyası stansiyasının qarşısı olub. Sonradan həmin qoşunun bəzi bölmələri keçmiş Mərkəzi Komitə, indi isə Prezident Administrasiyasının binasının qarşısına qədər hərəkət edib. Gecə saat 1-ə qalmış Mərkəzi Komitənin yanından keçən qoşunlar ora toplaşmış insanları dağıtmağa bir elə də cəhd göstərməyib.[23]
Səhər saat 9 radələrində isə Mərkəzi Komitənin binası qarşısında qoşunların hərəkətini dayandırmaq üçün Anar Qəribov adlı bir şəxs özünü BTR-in altına atıb. 7 gün koma vəziyyətində qalan bu şəxs xoşbəxtlikdən vəfat etməyib.[23]
"Qurd qapısı" istiqamətindən isə Sovet qoşunları saat 00:00 radələrində hərəkət etməyə başlayıb. Badamdar yolunu kəsən bu qoşun hissələri də sonradan üç istiqamətdə hərəkət edib. Birinci istiqamət metronun "Elmlər Akademiyası" stansiyası, ikinci istiqamət keçmiş "Sovetski" küçəsi, üçüncü istiqamət isə Ali Sovetin qarşısı olub.[23]
Gecə saat 12-yə qalmış həmin istiqamətdən də hərəkət edən qoşunlar həm Biləcəri yolunda qurulan barrikadanı uçuraraq bu qəsəbəyə, həm də Bakıya daxil olub. Biləcəri qəsəbəsində, "Şamaxinka" deyilən ərazidə və keçmiş "XI Qızıl Ordu", indiki "20 Yanvar" meydanında çoxsaylı ölənlər, yaralananlar olub.[23]
İnsanların çoxu indiki metroya tərəf qaçdı ki, keçidə girsinlər. Lakin tanklar buna imkan vermədi. Qaranlıqda, ağacların arxasında, hətta ağaca çıxaraq gizlənən insanları projektorlar vasitəsilə tapıb güllələyirdilər.[19]
1990-cı il yanvarın 19-u gecə saat 23-dən Xəzər dənizindəki sovet hərbi gəmiləri döyüş hazırlığı vəziyyətinə gətirilir. SSRİ Müdafiə Nazirliyinin rəhbərliyi ehtiyat edirdi ki, Bakıdakı əməliyyatlar zamanı Xəzər dənizindəki mülki Azərbaycan gəmiləri onlara mane ola bilər. 20 yanvar deputat istintaq komissiyasının məlumatlarında deyilir ki, 19-dan 20-nə keçən gecə təqribən 2 minə qədər erməni qaçqını Bakı limanından Krasnovodskiyə yola salınmalı idi. Yanvarın 20-si səhər isə Bakıda belə bir şayiə yayılmışdı ki, Sovet qoşunlarının işğalı nəticəsində öldürülən dinc sakinləri Xəzər dənizinə tökmək istəyirlər. Odur ki, yanvarın 20-i erməni qaçqınların yerləşdiyi gəmi Krasnovodskiyə doğru hərəkət etmək istəyərkən onların qarşısını mülki Azərbaycan gəmiləri kəsir. Bu aksiya təqribən iki saat çəkir. Gəmilər fasiləsiz fit səsləri ilə şəhəri lərzəyə salır. Sonradan bu aksiyada iştirak edən Azərbaycan gəmilərinin heyəti həbs edilir.[23]
Kəşfiyyat məlumatına görə, hərbçilərin hədəfi Bakı portu idi, hara ki, "Sabit Orucov" gəmisinin AXC-inin qərargahı idi.[24] "Sabit Orucov" gəmisi SOS! siqnalı ilə bütün dünyaya faciə barədə məlumat vermişdi. Şəhərə dənizdən hücumun qarşısını almaq üçün Azərbaycan dənizçiləri həyatlarını riskə qoyaraq bütün gəmiləri Bakı buxtasına yığmışdılar.[26] Yanvarın 21-də saat 20:30-da iki hərbi gəminin və iki katerin müşayiəti ilə naməlum yük aparılması haqqında məlumat alan dənizçilər silahlı quldurlarla əliyalın qeyri-bərabər mübarizəyə girişmişdilər. Sovet hərbi gəmilərindən açılan atəş nəticəsində "Neftqaz-18", "Neftqaz-64", "Aktau", "Şirvan-2", "Çeleken-1", "Atlet-21", "Vodoley-4" gəmiləri ciddi zədələnmişdi.[26]
25 yanvarda Bakı buxtasının qarşısını almaq üçün gəmilər dəniz desantları tərəfindən ələ keçirilmişdi.[24] Xalq Cəbhəsinin müqaviməti bir neçə gün Naxçıvanda davam etsə də, tezliklə orada da susduruldu.[24] Hərbçilər fövqəladə vəziyyəti pozan şəxslərin silahlarını alıb onları həbs etdi. Təxminən 80 AXC fəalı, o cümlədən, Xalq Cəbhəsinin sədri Əbülfəz Əliyev həbs edildi.[24]
Yanvarın 20-nə keçən gecə 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət almış; 4 şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdir.[27] Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdir. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda – Neftçala və Lənkəranda 25–26 nəfər öldürülmüşdü. Sonradan araşdırmalar aparan Moskvadakı "Şit" ("Qalxan") adlı müstəqil hərbi qrup belə bir nəticəyə gəldi ki, Sovet ordusu sovet şəhərinin sakinlərinə qarşı əsl müharibə aparıb. Qrup hərbi əməliyyata şəxsən başçılıq etmiş müdafiə naziri Dmitri Yazova qarşı cinayət işi açmaq tələbi ilə çıxış etdi. Azərbaycan SSR Səhiyyə Nazirliyinin məlumatına görə 21, "Şit" təşkilatının araşdırmasının nəticəsinə görə isə 9 sovet əsgəri müxtəlif səbəblərdən, o cümlədən, dost atəşi nəticəsində öldürülmüşdü.[12]
"Şit" təşkilatı ekspertlərinin hesabatında qeyd olunur:
1998-ci il martın 31-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə "20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi haqqında fərman vermişdir.[31] 2000-ci il yanvarın 17-də 20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə bir milyon Azərbaycan manatı məbləğində birdəfəlik yardım ödənilmişdir.[32] Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş "20 Yanvar Şəhidi" fəxri adı haqqında Əsasnamə"yə uyğun olaraq, daha altı nəfərə "20 Yanvar Şəhidi" fəxri adı verilmişdir.[33]
Bu hadisə Azərbaycanda müstəqillik hərəkatını sürətləndirdi və Sovet İttifaqına ciddi zərbə vurdu. Bütün Bakı əhalisi gecə qətlə yetirilənlərin kütləvi dəfn mərasiminə toplaşdı. Onlar şəhərin hündür hissəsində salınmış Şəhidlər Xiyabanında basdırılan ilk şəhidlər oldular. Kommunist partiyasının minlərlə üzvü öz partbiletlərini yandırdı, Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova isə "hərbi canilərin" əməllərini pislədi.[12]
Qara Yanvar hadisələrinin əks-sədası bütün ölkəyə yayıldı. Hərbi müdaxilə Sovet İttifaqını bürüyən problemlərin öhdəsindən gələ bilməyən mərkəzin bacarıqsızlığını üzə çıxartdı. Fövqəladə vəziyyətin erməni basqınlarının qarşısını almaq üçün deyil, yalnız ermənilərin Bakını tamamilə tərk etdiklərindən sonra elan edilməsi hökumət orqanlanın tam mənəviyyatsızlığından və ya səriştəsizliyindən, ya da hər ikisindən xəbər verirdi. Xalq Cəbhəsinin meydan oxumasına hökumət orqanlanın öncə tərəddüdlü, sonra isə qəddar reaksiyası Sovet İttifaqında bir neçə bir-birindən fərqli güc mərkəzlərinin mövcudluğunu meydana çıxartdı. Bu qruplaşmaların hər birinin ayrı-ayrı məqsədləri var idi, Qorbaçov isə onların arasında götür-qoy edirdi.[24]
Kommunist partiyası qısa müddətlik hakimiyyətə qayıtdı. Xalq Cəbhəsinin onlarla fəalı və bir az əvvəl hökumətin icazəsi ilə yaradılmış Milli Müdafiə Şurasının üzvləri həbs edildi. Etibar Məmmədov mətbuat konfransı keçirmək üçün Moskvaya gedərkən saxlanıldı. Nemət Pənahov İranda gizləndi. Naxçıvanda qarşıdurma bir neçə gün davam etdi. Sovet İttifaqında ilk dəfə birtərəfli qaydada öz müstəqilliyini bəyan edən elə məhz Naxçıvan oldu, lakin çox keçməmiş burada da Xalq Cəbhəsinin müqavimətini qırdılar. Kəskin əsəb gərginliyi keçirmiş Kommunist partiyasmın birinci katibi Əbdürrəhman Vəzirov paytaxtı tərk edib Moskvaya qaçdı, onun əvəzinə birinci katib vəzifəsinə Ayaz Mütəllibov seçildi. Polyaniçko ikinci katib vəzifəsini və "boz kardinal" statusunu özündə saxladı.[24]
Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə 1990-cı il yanvarın 22-də çağırılan Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında respublikanın əksər siyasi və dövlət rəhbərləri iştirak etməmişdilər. Sessiyaya respublika rəhbərlərinin gəlməmələri onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini göstərirdi. Fövqəladə sessiya Bakı şəhərində törədilmiş faciəli hadisələrin təhqiqi üçün deputat-istintaq komissiyası yaradılması barədə qərar qəbul etmişdir. Lakin bu komissiya hadisəyə hüquqi-siyasi qiymət vermək əvəzinə, ölənlər və yaralananlar, dövlətə və ictimai təşkilatlara, vətəndaşlara vurulan ziyan haqqında informasiya xarakterli məlumatlar toplamaqla işini bitirmişdi. Bu komissiya öz rəyini faciənin törədilməsində iki il sonra – 1992-ci ildə SSRİ süqut etdikdən sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasına təqdim etmişdi. Milli Şura isə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət vermək əvəzinə, deputat-istintaq komissiyasının rəyini qənaətbəxş hesab edib, onu təsdiq etməklə kifayətlənmişdi.[26]
1990-cı il yanvarın 24-dən 25-nə keçən gecə Azərbaycan KP MK-nın təşkilati məsələyə həsr olunmuş plenumu keçirilmişdir. Plenumda gündəliyə respublikada siyasi vəziyyətlə əlaqədar məsələ salınmış, Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinin səbəblərini təhqiq etmək üçün komissiya yaradılmışdır. Lakin respublika kommunistlərinin ali orqanı faciəyə siyasi qiymət verməmiş, ümumiyyətlə, heç bir bəyanatla çıxış etməmişdir.[26]
Fevralın 4-də Mütəllibov Qorbaçovla görüşmək üçün Moskvaya yollandı. Elə həmin gün "Pravda" qəzeti Heydər Əliyevi Brejnev dövrünün korrupsiyaya uğramış qalığı adlandırıb sərt ittiham atəşinə tutdu. Heç şübhəsiz, məqalənin dərc edilməsi qəsdən Mütəllibovun səfəri ilə eyni vaxta salmışdı. Bununla belə, Mütəllibov özü təsdiq etdi ki, heç nəyə baxmayaraq onun Əliyevlə görüşü baş tutdu və onlar gecə saat üçə qədər söhbət etdilər. Yeni partiya rəhbərinin rəğbətdə olmayan Əliyevlə görüşməsi Əliyevin Azərbaycanda güclü pərdəarxası sima kimi öz nüfuzunu saxladığından xəbər verirdi. Əliyevin sözlərinə görə, nümayişlərin ən qızğın çağı Qorbaçov ona zəng edib "adamlarını Bakının küçələrindən yığışdırmağı" və açıq bəyanat verməyi xahiş etmişdi. Əliyev ona cavab verdi ki, o, Moskvadadır və Azərbaycanda baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur. Əliyevə zəng edən Qorbaçov əmin idi ki, Əliyev Bakıda gizli təsir mexanizmlərinə malikdir. Əliyevin basqınlara qədər rolundan asılı olmayaraq o, Qanlı Yanvar hadisələrindən yenidən hakimiyyətə gəlmək üçün məharətlə istifadə etdi. 20 yanvar qantökməsindən sonra o, Moskvadakı Azərbaycan nümayəndəliyində mətbuat konfransı çağırdı və qoşunların Bakıya daxil olmasını pislədi.[12]
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "20 yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi haqqında" 1994-cü il 5 yanvar tarixli Fərmanında göstərilmiş və bununla əlaqədar Milli Məclisin xüsusi iclasının keçirilməsi tövsiyə olunmuşdur.[34]
1995-ci aprelin 27-də İstanbulda Mixail Qorbaçov Qara Yanvarla bağlı bunu demişdir:
Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi.[35] |
2015-ci ildə Mixail Qorbaçov özünün yazdığı "Həyat və islahatlar" kitabındakı memuarlarında Sovet ordusunun 20 yanvarda Bakıya qanlı müdaxiləsi barədə mövqeyini qeyd edərkən yazıb. O, 20 yanvar qırğının məsuliyyətini dolayısı yolla olsa da etiraf edib. "Bu faciəli hadisədən dərs götürdüm. Hakimiyyət ekstremal situasiyada güc tətbiqindən imtina edə bilməz. Ancaq bu aksiya mütləq olaraq əsaslandırılmalı və çox sərt tədbirlərlə bağlı addım məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla tapılmalıdır" -deyə Mixail Qorbaçov vurğulayıb.[36]
ABŞ-də "Los Angeles Times" "The New York Times", "Vaşinqton Post", "The Christian Science Monitor", "The Baltimore Sun", və digər media orqanları Qara Yanvar barədə məlumat vermişlər:[37]
Yanvarın 20-də və 21-də təşkil edilən yürüşlər. 22-də keçirilən kütləvi dəfn mərasimi hər cür mitinqləri qadağan edən fövqəladə vəziyyətə qarşı açıqdan-açığa meydan oxumaqdır. Şəhidlər xiyabanında keçirilən dəfn mərasimi “Moskva” mehmanxanasının yuxarı mərtəbələrində yerləşdirilmiş xüsusi nəzarətçilər və snayperlər tərəfindən diqqətlə izlənilirdi. Bütün sərt maneələrə və təhlükəli nəzarətə baxmayaraq, qeyrətli insanlar şəhidlərin xatirəsinə layiq dəfn mərasiminin keçirilməsinə nail oldular.[38] Los Angeles Times qəzeti, 23 yanvar 1990-cı il. |
Bakının işğalından sonra öz torpağına bütün varlığı ilə bağlı olan hər bir azərbaycanlının qəlbində Moskvaya və Mixail Qorbaçova qarşı dəhşətli bir nifrət hissi yaranmışdı. Vaxtilə rus imperiyasının müstəmləkəsi olan Azərbaycan indi öz suveren və demokratik hüquqlarını bərpa edir. Öz azadlıq və müstəqilliyi uğrunda mübarizə aparır. İndi adi satıcıdan tutmuş hakimiyyət nümayəndələrinədək uşaqlı-böyüklü hamı dərk edir ki, Moskva öz hüquqlarının bərpası uğrunda ayağa qalxmış milləti susdurmaq üçün Bakıya qoşun yeridib, günahsız qanlar töküb.[39] The New York Times qəzeti, 18 fevral 1990-cı il. |
Böyük Britaniyada "The Times" qəzeti, "The Guardian" qəzeti, BBC kanalı və digər media orqanları Qara Yanvar barədə məlumat vermişlər:
Azərbaycandakı hərbi əməliyyatdan 10 gün sonra Sovet rəhbərliyi arasında ciddi ixtilafın olduğu üzə çıxdı, bu isə Sovet quruluşunun təməl sütunlarının silkələnməsi deməkdir.[40][41] The Times qəzeti, 29 yanvar 1990-cı il. |
Bu dəhşətli hərbi əməliyyatı 70 illik imperiya əsarətindən qurtulmaq üçün ayağa qalxmış Azərbaycan xalqının coşqun mübarizə əzminin imperiyanın qəlbində yaratdığı qorxu xofunun nəticəsi kimi də izah etmək olar. Ordunun şəhərə hücumu zamanı günahsız insanların vəhşicəsinə güllələnməsi, tankların adamları öz tırtılları altında əzib keçməsi, qışın soyuq, şaxtalı gecəsində tonqallar ətrafında qızınan dinc azərbaycanlıların üzərinə hücuma keçərək cəsədlərini tanınmaz hala salması bütün dünya ictimaiyyəti tərəfindən nifrət və qəzəblə qarşılanıb pislənməlidir.[38] The Guardian qəzeti, 22 yanvar 1990-cı il. |
Evening Standard qəzeti 22 yanvar sayında xəbər verir ki, azərbaycanlılar bu gün Sovet qoşunları tərəfindən qətlə yetirilmiş həmvətənlərini dəfn etmək üçün Bakı küçələri ilə Dağüstü Parka aparıblar. "Keçən gecə Yeddi Gün xəbər proqramı Bakının mərkəzi meydanında qara geyimli minlərlə insanın toplaşdığını nümayiş etdirib".
"Bakı sakinləri bir-birinin ardından televiziya vasitəsilə öz tələblərini səsləndiriblər: Fövqəladə vəziyyəti aradan qaldırın və qoşunları şəhərimizdən çıxarın", qəzet yazır[42] [43] Evening Standard qəzeti, 22 yanvar 1990-cı il. |
"Azərbaycanlılar Sovet ordusu ilə növbəti raunda hazırlaşır" başlıqlı yazıda da hərbi məktəbin tələblərinin Sovet ordusuna qarşı atəş açdığı qeyd olunur.
[42][44] The Independent qəzeti, 22 yanvar 1990-cı il. |
"Sovet hərbi dəniz donanması keçən gecə Azərbaycan paytaxtı Bakını blokadadan azad etmək üçün yük gəmilərinə atəş açaraq batırıb. Sahildən artilleriya və tanklar da atışmaya dəstək verib".
"Ticarət gəmilərinin kapitanları Bakı limanını blokadada saxlayaraq Sovet qoşunlarının Bakıdan və Azərbaycanın digər şəhərlərindən çıxarılması tələbinə dəstək göstərirdilər".
Qəzet yazr ki, son atışmalar nəticəsində rəsmi məlumata görə ölənlərin sayı 99 çatıb, 43 nəfərinsə həbs edildiyi bildirilir.[45] |
Qafqaz qaynayır. Qırmızı Ordu Azərbaycandadır. Bakıdan gələn son xəbərlər üzücüdür. Azəri millətçiləri Sovet hərbi müdaxiləsinə qarşıdırlar. Ölənlər çoxdur. |
Vahabzadə Bakıdakı vəziyyəti belə təsvir edir: “Burada 200 mindən çox rus əsgəri var. Tanklarla ,avtomatik silahlarla xalqı qırırlar. Qadın uşaq demeden tankların altında əzirlər. Türk xalqı matəm etsin. Bütün dünya türklərini köməyə çağırırıq. 7 milyon azərbaycanlı son damla qanına qədər mübarizə aparacaq”.
Cumhiriyet qazeti 21 yanvar 1990-cı il 23498 saylı nəşr. |
1990-cı ildə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş insanların indiki Şəhidlər Xiyabanında dəfn olunması üçün ictimaiyyət tərəfindən yaradılmış dəfn komissyasının adından çıxış edən elmlər doktoru Azər Nəbiyevin Respublika və şəhər rəhbərliyinə etdiyi müraciətə müsbət cavab verilməmişdir. Bundan sonra Azər Nəbiyev o vaxtkı 26 Bakı Komissarları adına rayonun xalq deputatları sovetinin icraiyyə komitəsinin sədri Əli Məmmədova müraciət etmişdir. Əli Məmmədov Azər Nəbiyevlə birlikdə Dağüstü parka gəlmiş və orada olan bir çox insanların iştirakı ilə bir sıra yerə baxış keçirilmiş və sonda şəhidlərin hazırda dəfn olunduğu yer məqsədəuyğun hesab edilmiş, şəhidlərin dəfn edilməsi üçün icazə verilmişdir. Yerin seçilməsində arxitektor Nəriman Əliyevin məsləhətləri nəzərə alınmışdır.[50]
Yanvarın 20–21-də xiyabanda məzarlar qazıldı. 120-dən artıq qəbir qazıb hazırlandı. Yanvarın 21-də Azərbaycan SSR Ali Sovetinin iclası keçirildi. İclas çox gərgin şəraitdə, qızğın mübarizələrlə keçdi. İclasda Dəfn Komissiyasının üzvləri də çıxış etdilər. Dəfn Komissiyası aşağıdakı heyətdən ibarət komissiya üzvləri təşkil olundu: Qüdrət Əbdülsəlimzadə, Azər Nəbiyev, Xəliyəddin Xəlilov, Bağır Bağırov, Rəhim Qasımov, İbrahim Əliyev, Nəriman Əliyev, İsmayıl İncəli, Malik Mehdiyev, Xalid Muxtarov. Sonradan təklif olundu ki, Şeyxülislam Allahşükür Paşazadə də komissiyaya daxil edilsin. Qüdrət Əbdülsəlimzadə komissiyanın sədri seçilmişdi.[50]
Səhər saat 6.00-a qədər müzakirələr aparıldı. Saat 12.00-da şəhidlərin cənazələri insanların çiyinlərində Azadlıq meydanından izdihamla paytaxtın küçələrindən keçməklə indiki Şəhidlər Xiyabanına gətirildi. Dəfn mərasimi 5 saat çəkdi. Yanvarın 22-də 51 nəfər dəfn olundu. Bunlardan 3 nəfəri 1918-ci il Mart soyqırımı zamanı şəhid olanlar idi. Onlar da adət-ənənəyə uyğun dəfn edildi. Onları İlhamla Fərizədən sonra dəfn etdilər. Hər üç məzarın üstündə 1918-ci il şəhidləri sözləri yazıldı. Sonra təzə qəbirüstü abidələr qoyulanda həmin məzarların üstündə "Naməlum" sözü yazdılar. Qara Yanvar şəhidləri içərisində bir nəfər 25 yaşlı naməlum gənc var idi və o, ən sonda dəfn olundu.[50]
Faciənin şərəfinə Bakıda keçmiş "XI Qızıl Ordu" metrosu 20 Yanvar metrostansiyası, Suvorov küçəsi "20 yanvar" küçəsi, Bərdə rayonunda park adlandırılmışdır.[24] 20 yanvar — Ümumxalq Hüzn Günü olduğundan, hər il Azərbaycanın idarə, müəssisə və təşkilatlarında iş günü hesab edilmir və onun əvəzinə anım mərasimi keçirilir.[51] 2015-ci ilin 15 yanvar tarixində Pakistanın Pəncab əyalətinin Qucarxan bölgəsində "20 Yanvar Şəhidləri Bulağı"nın açılışı keçirilib.[52]
Azərbaycanda Qara Yanvara həm də poçt markası da həsr olunmuşdur.
1998-ci il avqustun 5-də Bakı şəhərindəki Şəhidlər Xiyabanında "Əbədi məşəl" abidə kompleksinin ucaldılması barədə Heydər Əliyev sərəncam vermişdir.[53] 2010-cu ildə Bakının Yasamal rayonununda "20 Yanvar abidə-kompleksi"nin açılışı olub.[54] Kompleksin üzərində faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qızılı hərflərlə həkk olunub.[55]
Azərbaycanda 1990-cı ilin yanvarından bəri qərənfil matəm gülü kimi tanınır.[56][57] Qərənfilin Qara Yanvarla əlaqələndirilməsinin müxtəlif versiyaları mövcuddur. Bir çoxları qərənfili o vaxt, Bakıda o vaxt ən çox əkilən gül olduğundan, faciə ilə əlaqələndirir.[58][59] Digər mənbələrə görə, Məmməd Aslanın "Ağla, qərənfil ağla" şeirindən sonra gül Qara Yanvarla əlaqələndirilib. Bəzi mənbələrə görə isə o zamanlar bütün toylara qərənfil gülünü aparıbmışlar amma 20 yanvar faciəsindən sonra şəhidlərin məzarına qoymaq üçün qışda açan başqa gül yox idi deyə qərənfil qoyublar. Ona görə də o zamandan qərənfil matəm gülüdür və şəhidlərin məzarının üstünə qoyulur.[56]
Qərənfil – şəhid qanı!
Qan götürdü dünyanı...
Ağla, inlət meydanı,
Ağla, qərənfil, ağla!
"Ağla, qərənfil ağla", Məmməd Aslan[60]
2014-cü ildə Azərbaycan Dövlət Mahnı Teatrında İrəvan Dövlət Azərbaycan Dram Teatrının təqdimatında "Qalx ayağa, Azərbaycan" adlı tamaşa təqdim olunmuşdur. Meydan teatrı üslubunda hazırlanan tamaşa 20 Yanvarda Azərbaycan müstəqilliyinin həqiqətə çevrilməsi naminə qurban gedən insanların haqqını təcəssüm etdirmişdir.[61] Həmin il yanvarın 19-da Gənc Tamaşaçılar Teatrı yazıçı-dramaturq Tamara Vəliyevanın Qara Yanvara həsr olunmuş "Mənim ağ göyərçinim" tamaşası keçirilmişdir.[62]
Bədii ədəbiyyatda Qara Yanvara çoxlu sayda ədəbi əsərlər həsr olunub.
Qara Yanvara həsr olunmuş şeirlərdən, Bəxtiyar Vahabzadənin "Şəhidlər" və "Larisa", Məmməd Aslanın "Ağla, qərənfil ağla", Xəlil Rza Ulutürkün "Qanım bayrağımdadır", Kəmalə Abiyevanın "Şəhidlər xiyabanı" lirik poemasını, Fikrət Qocanın "Şəhidlər xiyabanı" şeirini qeyd etmək olar.[57][63][64][65]
Qara Yanvar mövzusuna aid təsviri incəsənətdə Mikayıl Abdullayevin "Nakamların dəfni", Rasim Babayevin "Təcavüz", Arif Hüseynovun "Qara tağlı natürmort", Arif Ələsgərovun "20 Yanvar", İsmayıl İsmayılovun "Haqq tərəzisi", Oqtay Quliyevin "Matəm", Bayram Qasımxanlının "Faciələrimiz" (triptix) rəsmləri həsr olunub.[66][67][68]
Azərbaycan kinematoqrafında 20 yanvar hadisəsinə "Qanlı Yanvar", "Boz qurdun harayı", "Azadlığa gedən yollar", "Bakıda insan ovu", "Şəhidlər və qazilər", "Qanlı Bakı", "Matəm" filmləri ithaf olunub.
Qara Yanvar haqqında bir sıra mahnılar və musiqi kompoziyaları bəstələnmişdir. Onlardan Tofiq Bakıxanovun "Humayun" simfonik muğamını, qaboy ustası Kamil Cəlilovun "Zəminxarə" muğamını, Sevda İbrahimovanın "Vətən şəhidlərinə", Cövdət Hacıyevin "Şəhidlər" simfoniyası, Oqtay Kazıminin "Şəhidlər simfoniyası", Azad Zahidin "Mədhiyyə", Azər Rzayevin "Bakı 90" simfoniyası, Ramiz Mustafayevin "Bu qan yerdə qalan deyil" vokal-simfonik poeması, Mobil Babayevin "Ağlama torpağım, ağlama" kantatası, Aydın Əzim Kərimoğlunun "Qətl günü", Arif Mirzəyevin "Yanvar mərsiyyələri", Sərdar Fərəcovun "Matəm harayları" simfonik lövhəsini qeyd etmək olar.[69][70][71] 2010-cu illərdən 20 Yanvar faciəsi və şəhidlərə həsr olunan musiqi əsərlərinin arasında Arif Mirzəyevin "Yanvar passionları" matəm messası, Nazim Quliyevin "Şəhidlər" operası və Oqtay Rəcəbovun "Çingiz" oratoriyasını qeyd etmək olar.[68]
İri həcmli musiqi əsərləri ilə yanaşı, Qara Yanvar şəhidlərə həsr olunan çoxlu sayda mahnı və romanslar mövcuddur. Onlardan Vasif Adıgözəlovun Fikrət Qocanın sözlərinə bəstələdiyi "Bir şərqi de", Hacı Xanməmmədovun "Əlimdə sazım ağlar", Oqtay Rəcəbovun Məmməd İsmayılın sözlərinə bəstələdiyi "Qana dönən qərənfillər", Emin Sabitoğlunun Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi "Şəhidlər ağısı", Mehriban Əhmədovanın Məmməd Arazın sözlərinə yazdığı "Ana millət, ata millət, ağlama", Azər Zeynalovun "Vətən harayı", Aygün Kazımovanın "Şəhidlər" mahnılarını qeyd etmək olar.[69]