Rozika Şvimmer | |
---|---|
mac. Rosika "Rózsa" Bédy-Schwimmer | |
![]() | |
Doğum tarixi | 11 sentyabr 1877[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 3 avqust 1948[1][2] (70 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri |
|
Fəaliyyəti | jurnalist, yazıçı-dokumentalist[d], siyasətçi, sülh aktivisti, redaktor[d], mühazirəçi[d], sufrajist |
Fəaliyyət illəri | 1895-ci ildən |
![]() |
Rozika Şvimmer (tam adı: Rozika Şvimmer, mac. Rosika "Rózsa" Bédy-Schwimmer; 11 sentyabr 1877[1][2], Budapeşt[3] – 3 avqust 1948[1][2], Nyu-York, Nyu-York ştatı[3]) — macar pasifist, feminist və qadınlara seçki hüququnun verilməsi uğrunda mübarizə aparan şəxs. O, ilk dünya federalistlərindən və dünyada ilk qadın səfirlərdən biridir. 1918-ci ildə Macarıstanın İsveçrədə səfiri olmuşdur.[4]
Rozika Şvimmer Avstriya-Macarıstanın Budapeşt şəhərində yəhudi ailəsində anadan olmuşdur. O, musiqi və xarici dillər üzrə təhsil almağa başlasa da, 1896-cı ildə ailəsinin maliyyə vəziyyəti pisləşdiyindən mühasib işləməyə başlamışdır.
1897-ci ildə Macar Qadın Katibləri Assosiasiyasını yaratmış,[5] 1904-cü ildə isə Evgeniya Mişkolçi Meller kimi digər görkəmli feministlərlə birlikdə Macar Feminist Assosiasiyasının (mac. Feministák Egyesülete (FE)) əsasını qoymuşdur.[6] O, Macar Milli Qadınlar Şurasının yaradılmasına yardım etmiş və Macarıstan Sülh Cəmiyyətində idarə heyətinin üzvü olmuşdur. 1909-cu ildə Daxili İşlər naziri onu uşaq rifahı üzrə idarə heyətinə təyin etdi.[5]
1913-cü ildə Qadınlara seçki hüququnun verilməsi üzrə Beynəlxalq Alyansın (ing. IWSA) katibi olmuşdur. Şvimmer qadınların səsvermə hüququ mövzusunda mühazirə demək üçün Kerri Çapmen Kett ilə Avropanı gəzirdi. O, həmçinin "A nö" (Qadın) jurnalının redaktoru idi.[7] 1914-cü ildə Şvimmer Londona köçmüş və müxtəlif Avropa qəzetlərinin müxbiri və IWSA-nın mətbuat katibi vəzifəsində çalışmışdır.[8] Birinci Dünya müharibəsi başladıqda o, evinə qayıda bilmədi və düşmənliyin sona çatması üçün həyəcan təbili çalmağa başladı. 1914-cü ildə ABŞ-yə səfər edərək prezident Vudro Vilsondan müharibəni bitirmək üçün bitərəf bir konfrans təşkil etməsini tələb etdi. 1915-ci ildə Qadınların Sülh Partiyasının yaradılmasında iştirak etdi.
28 Aprel — 10 May 1915-ci il tarixdə Niderlandın Haaqa şəhərində keçirilən Beynəlxalq Qadınlar Konqresində Şvimmerin müharibə edən dövlətlər arasında Davamlı vasitəçilik üçün bitərəf konfrans təklifi qəbul edildi. Növbəti il o, Stokholma Sülh Gəmisini təşkil edən Henri Fordun dəstəyini qazandı. Fordun səylərindən məyus olub, daha sonra 1916-cı ilin iyununda Təcili Vasitəçilik üzrə Beynəlxalq Komitəni təşkil etdi. Barışıqdan sonra Şvimmer Qadınların Beynəlxalq Sülh və Azadlıq Liqasının vitse-prezidenti oldu.
1918-ci ildə Macarıstan Avstriya-Macarıstandan müstəqillik əldə edərkən baş nazir Mihay Karoy Şvimmeri İsveçrəyə səfir təyin etdi.[9] Kommunistlər 1919-cu ildə hakimiyyəti ələ keçirdikdə, onlara qarşı çıxdı və öz vətəndaş hüquqlarını itirdi. 1920-ci ildə Mikloş Hortinin hökuməti kommunistləri devirəndə əvvəlcə Vyanaya, 1921-ci ildə isə ABŞ-yə köçdü. O, Çikaqoda məskunlaşdı və bir daha Macarıstana qayıtmadı. O, macar siyasətində qadınların gələcəyinin əsasının qoyulmasına böyük töhfə vermişdir.
Onun pasifist inancları, Şvimmerin ABŞ-də sosialist kimi tanınmasına səbəb olmuşdu. O, qalan ömrünün əksər hissəsini şəxsiyyətinə edilən böhtanlara qarşı mübarizə aparmaqla keçirdi. Fred Marvin onu alman casusu və bolşevik agenti olmaqda ittiham etdiyinə görə Şvimmer iddia qaldırmış və dəymiş zərərə görə 17,000 $ almışdı. Bununla belə, pasifist mövqeyinə görə ABŞ vətəndaşlığını ala bilməmişdi. ABŞ Ali Məhkəməsi ABŞ Şvimmerə qarşı işində (1929) onun əleyhinə qərar qəbul etmişdi. 1946-cı ildə ABŞ Şvimmerə qarşı işində formalaşmış presedent Jiro ABŞ-yə qarşı işində dəyişdirilmişdir. Şvimmer ömrünün qalan hissəsini bu ölkədə apatrid kimi keçirmişdir.
Sonralar Şvimmer dünya hökuməti yaratmağa cəhd edirdi. O, 1935-ci ildə Meri Ritter Berdlə birlikdə Dünya Qadınların Arxivləri Mərkəzini formalaşdırdı. 1937-ci ildə Dünya Sülh Mükafatını almışdı. Elə həmin il Lola Maverik Lloydla birgə Dünya Hökuməti üçün Kampaniyanın əsasını qoydu: bu, XX əsrin ilk dünya federalist təşkilatı idi. XX əsrin sonlarında federalist hərəkat Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması üçün kampaniyaya və koalisiyaya müvəffəqiyyətlə rəhbərlik etdi.[10] O, 1947-ci ildə Nobel sülh mükafatına namizəd olsa da, növbəti il mükafat verilmədiyindən onun əldə etmək imkanı olmadı.
Rozika Şvimmer 3 avqust 1948-ci ildə Nyu-Yorkda ağciyər iltihabından vəfat etmişdir.