Santyaqo Ramon-i-Kaxal

Santyaqo Ramon-i-Kaxal
isp. Santiago Felipe Ramón y Cajal
Doğum adı Santiago Ramón y Cajal
Doğum tarixi 1 may 1852(1852-05-01)[1][2][…]
Vəfat tarixi 17 oktyabr 1934(1934-10-17)[3][4][…] (82 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Almudena qəbiristanlığı[d][8]
Elm sahələri nevrologiya, patologiya, histologiya
İş yerləri
Üzvlüyü
Mükafatları Nobel mükafatı Fiziologiya və tibb üzrə Nobel mükafatı (1906)
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Santyaqo Ramon-i-Kaxal (1 may 1852[1][2][…]17 oktyabr 1934[3][4][…], Madrid[6][7]) — Görkəmli ispan alimi, tibb elminin nevrologiya, patologiya kimi mühüm sahələrinin və histologiyanın dərin bilicisi, Santyaqo Ramoni Kahal dəyərli elmi araşdırmalar müəllifi kimi tanınır. Beyinin mikroskopik quruluşu ilə bağlı orijinal tədqiqatlar aparan alimin təsviri sənət sahəsində də xüsusi istedadı olmuşdur. Onun beyin hüceyrələrini təsvir edən yüzlərlə rəsm əsəri bu gün də tibb institutlarında tədris olunur. Məşhur alim tibb elminə "müasir nevrologiyanın atası" kimi daxil olmuşdur.

1852-ci ildə İspaniyanın Petilla de Araqon şəhərində dünyaya gəlmiş Kahalın atası Saraqos Universitetində tətbiqi anatomiya üzrə professor idi. Orta məktəb illərində üsyankar və dəcəl olduğu üçün dəfələrlə məktəbdən uzaqlaşdırılmışdır. On bir yaşında şəhər darvazasını dağıtdığına görə həbs olunması onun xasiyyəti barədə müəyyən bilgi verir. Uşaqlıq illərində pinəçilik və bərbərlik edən balaca Santyaqo elmə, xüsusən də tibb elminə böyük marağı ilə diqqəti cəlb etmişdir. Atası ilə anatomik atlas hazırlasa da, nəşr edilməmişdir.

İllər ötdükdən sonra bu marağı onu Saraqosa Universitetinin tibb fakültəsinə gətirmişdir. O, 1873-cü ildə tibb təhsili üzrə lisenziya aldıqdan sonra İspaniya ordusunda hərbi həkim kimi xidmətə başlamışdır.

1874/75-ci illərdə Kubaya hərbi ekspedisiyada iştirak etmişdir. İspaniyaya qayıtdıqdan sonra Madriddə doktorluq elmi dərəcəsi almışdır.

1881-ci ildə təsviri və ümumi anatomiya üzrə Valensiya Universitetinin, 1887-ci ildə isə histologiya və patoloji anatomiya üzrə Barselona Universitetinin professoru seçilən alim elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, bir sıra mədəni və elmi-tədqiqat qurumlarında da çalışmışdır. O, ayrı-ayrı vaxtlarda Saraqosa muzeyinin rəhbəri, Milli Gigiyena İnstitutunun direktoru vəzifələrində çalışmış və sonralar onun şərəfinə Kahal İnstitutu adlandırılan Bioloji Tədqiqatlar Laboratoriyasının əsasını qoymuşdur.

Alimin tibb elmindəki fəaliyyəti çoxşaxəliliyi, məhsuldarlığı və orijinallığı ilə seçilmişdir. Onun ilk araşdırmalarını iltihabın patologiyası, xoleranın mikrobiologiyası, epitel hüceyrələrin və toxumaların quruluşuna həsr olunmuşdur. Onun "Histologiya və mikroqrafiya üzrə təlimat", "Histologiyanın əsasları", "Ümumi patoloji anatomiya üzrə təlimat", "Histoloji anatomiya və sinir mərkəzləri barədə yeni anlayışlar", "İnsanlar və onurğalıların sinir sistemi barədə məqalələr toplusu" və "Onurğalılarda gözün torlu qişası" əsərləri tibb sahəsində çox məşhurdur.

Rusiya, Fransa, Almaniya kimi ölkələrin mükafatlarına layiq görülmüş S. R. Kahalın araşdırmaları İspaniya və Fransanın elmi məcmuələrində dərc olunmuşdur. Dünyanın bir çox nüfuzlu elmi mərkəzlərinin, o cümlədən Madriddəki Kral Elmlər Akademiyasının, Kral Tibb Akademiyasının, İspaniya Təbii Tarix Cəmiyyəti və Lissabon Elmlər Akademiyasının üzvü, Böyük Britaniyanın Kembric, Almaniyanın Vürsburq universitetlərinin fəxri doktoru seçilmişdir. Ancaq onun təltiflərinin zirvəsi 1906-cı ildə Kamillo Qolci ilə birlikdə "sinir sisteminin quruluşu ilə bağlı tədqiqatlarına görə" fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülməsidir.

Santyaqo Ramoni Kahal 1934-cü ildə Madriddə dünyasını dəyişmişdir.