Süleyman Sani Axundov

Süleyman Sani Axundov
Doğum tarixi 3 oktyabr 1875(1875-10-03)[1]
Doğum yeri
Vəfat tarixi 29 mart 1939(1939-03-29)[2] (63 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası Rzaqulu bəy Axundov[d]
Təhsili
Fəaliyyəti dramaturq, yazıçı, jurnalist, şair, uşaq ədəbiyyatı yazıçısı, pedaqoq
Fəaliyyət illəri 1899–1939
Əsərlərinin dili Azərbaycan dili
Janrlar dram, komediya
Vikimənbənin loqosu Süleyman Sani Axundov Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Süleyman Sani Axundov (3 oktyabr 1875[1], Şuşa[2]29 mart 1939[2], Bakı[2]) – Azərbaycan dramaturqu, nasir, maarif xadimi, Əmək Qəhrəmanı (1932). Ədəbiyyatda həmsoyadı Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə "ikinci" mənasını daşıyan "sani" sözünü özünə ləqəb götürmüşdür.

Süleyman Sani Rzaqulu bəy oğlu Axundov 3 oktyabr 1875-ci ildə Şuşa şəhərində anadan olmuşdur. O, uşaq yaşlarında atasını itirdiyi üçün dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində böyümüşdür.[3] Süleyman Sani Axundov 1885–1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilmişdir.[3] O, ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olmuş, yazıçı, jurnalist kimi tanınmışdır.

Süleyman Sani Axundov 1906-cı ildə Bakıda çağrılmış Azərbaycan müəllimlərinin I qurultayında iştirak etmişdir. 1920–1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922–1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışmışdır. 1922-ci ildə Azərbaycan Ədib və Şairlər İttifaqının ilk sədri seçilmişdir. Ədəbi və pedaqoji fəaliyyətinə görə 1932-ci ildə ona "Əmək Qəhrəmanı" adı verilmişdir. 1921-ci ildən 1930-cu ilədək fasiləsiz Bakı Soveti üzvü, Bakı İcraiyyə Komitəsinin namizədi və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü olmuşdur. "İkinci il" adlı dərs kitabının müəllifidir.

Süleyman Sani Axundov 29 mart 1939-cu ildə, 63 yaşında vəfat etmişdir.

Bədii yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Süleyman Sani Axundovun ilk yaradıcılıq əsəri "Tamahkar" komediyasıdır. O bu əsərini Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərinin təsiri ilə 1899-cu ildə yazmışdır.

Bu komediyasında o, dövrün bir sıra mənfiliklərinə, o cümlədən xəsisliyə, tamahkarlığa, qadın əsarətinə qarşı çıxmış, İmran, Gülzar, Şərəf xanım kimi müsbət surətlər yaradaraq yeni nəsli həqiqətə, fədakarlığa sövq etməyə, oxucu və tamaşaçılarda gözəl həyat arzuları oyatmağa çalışmışdır. 1907-ci ildə qələmə aldığı "Dibdat bəy", "Türk birliyi" adlı komediyaları ilə Azərbaycan teatr səhnəsinə siyasi-ictimai mövzu gətirmişdir. "Laçın yuvası", "Qaranlıqdan işığa", "Şahsənəm və Gülpəri", "Səadət zəhmətdədir", "Molla Nəsrəddin Bakıda", "Eşq və intiqam" və s. pyeslərin müəllifidir.

Süleyman Sani Axundov həm də orijinal nasirdir. "Qonaqlıq" (1905), "Kövkəbi-hürriyyət" (1905), "Yuxu" (1905) onun ilk hekayələridir. O bu klassik əsərlərini 1905-ci il inqilabının təsiri ilə yazmışdır. Yazıçı "Tutuquşu" (1909) hekayəsində də aktual məsələyə toxunmuşdur. Ədib təxminən bir səhifə həcmində olan bu hekayəsində təqlidçiləri, ana dilinə xor baxanları tutuquşunun simasında ifşa etmişdir. Süleyman Sani Axundovun yazdığı "Qan bulağı" (1923), "Ümid çırağı" (1923), "Cəhalət qurbanı (1923), "Nə üçün" (1925), "Təbrik" (1925), "Sona xala" (1926), "Namus" (1926), "Mister Qreyin köpəyi" (1927), "Son ümid" (1927), "İki dost, iki düşmən" (1927), "Gənc maşinistka və qoca yazıçı" (1935) hekayələri Azərbaycan nəsrinin qiymətli nümunələrindəndir. XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında da onun böyük xidməti vardır. Ədib "Qorxulu nağıllar" (1912–1914) başlığı altında yazdığı "Əhməd və Məleykə", "Abbas və Zeynəb", "Nurəddin", "Qaraca qız", "Əşrəf" ilə Azərbaycan uşaq ədəbiyyatında forma, məzmun, üslub yenilikləri gətirmişdir.

  • Əsərləri. Bakı: 1936.
  • Seçilmiş əsərləri (tərtib edəni Abbas Zamanov). Bakı: 1951.
  • Seçilmiş əsərləri (tərtib edəni Nadir Vəlixanov). I cild. Bakı: 1968.
  • Seçilmiş əsərləri (tərtib edəni Nadir Vəlixanov). II cild, Bakı: 1968.
  • Hekayələr və pyeslər (tərtib edəni Nadir Vəlixanov). Bakı: 1975.
  • Seçilmiş əsərləri (tərtib edəni və ön sözün müəllifi: Nadir Vəlixanv). Bakı: 2005
  1. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 3 4 5 6 Ахундов Сулейман Сани // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. 1 2 H. Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 237–240.
  • Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, III cild, Bakı, 1957.
  • Azərbaycan sovet ədəbiyyatı tarixi. 2 cilddə, I cild, Bakı, 1967
  • Azərbaycan sovet ədəbiyyatı. Bakı, 1966.
  • Mir Cəlal, Firidun Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, 1982.
  • C. Hacıyev. XX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1955.
  • Məsud Vəliyev. S. S. Axundov. Bakı, 1956.
  • C. Nağıyeva. S. S. Axundov arxivinin təsviri. Bakı, 1962.
  • Nadir Vəlixanov. Süleyman Sani Axundov. Bakl, 1968.
  • Nadir Vəlixanov. Süleyman Sani Axundov. Bakl, 1976.
  • R. Şəmsiyeva. Süleyman Sani Axundov (metodiki-biblioqrafik ədəbiyyat göstəricisi). Bakı, 1975.
  • Очерк истории Азербайджанской советской литературы. Москва, 1963
  • Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, 2001.
  • Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab, Bakı, 2017
  • Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Mütərcim, 2010. – səh. 466–469.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]