Tofiq Kənan | |
---|---|
Doğum tarixi | 24 sentyabr 1882[1] |
Vəfat tarixi | 15 yanvar 1964[1] (81 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | həkim |
Vikianbarda əlaqəli mediafayllar |
Tofiq Kənan (ərəb. توفيق كنعان; 24 sentyabr 1882[1] – 15 yanvar 1964[1], Şərqi Qüds) — qabaqcıl fələstinli həkim, tibb tədqiqatçısı, etnoqraf və Fələstin millətçisi. O, Osmanlı imperiyası dövründə Beyt Jalədə doğulub və Birinci Dünya müharibəsi zamanı Osmanlı ordusunda tibb zabiti kimi xidmət edib.[2] Britaniya hakimiyyəti dövründə o, 1944-cü ildə yaradılmış Fələstin Ərəb Tibb Assosiasiyasının ilk prezidenti və 1948-ci il müharibəsindən əvvəl, müharibə zamanı və sonrası Yerusəlimdə bir neçə xəstəxananın direktoru vəzifəsində çalışıb. Tibbi karyerası ərzində o, Fələstində tropik təbabət, bakteriologiya, malyariya, vərəm və sanitar vəziyyət kimi mövzularda otuz yeddidən çox elmi işin müəllifi olub və cüzam xəstəliyinin müalicəsi üçün tədqiqatlara töhfə verib.[3][4]
Fələstin folkloruna, xalq inanclarına və xurafatlarına dərin maraq göstərən Kənan müalicəvi və qoruyucu xüsusiyyətlərə malik olduğuna inanılan 1400-dən çox amulet və talismanik əşyalar toplayıb. Onun bu obyektlər və digər məşhur xalq adətləri və təcrübələri haqqında dərc etdirdiyi təhlillər ona etnoqraf və antropoloq kimi tanıdıb.[5][6][7] Onun müxtəlif kitabları və ingilis və alman dillərində 50-dən çox məqaləsi Fələstin və Yaxın Şərq irsinin tədqiqatçıları üçün dəyərli mənbə rolunu oynayır.[3][5] Kənan ərəbcə də əsərlər nəşr etdirirdi və ivrit dilini mükəmməl bilirdi.[8]
Açıq sözlü ictimai xadim olan Kənan, İngilis imperializmi və sionizmi ilə mübarizə aparmaq üçün Fələstin məsələsi ilə bağlı iki kitab yazdı.[3][9] O, 1939-cu ildə Britaniya hakimiyyət orqanları tərəfindən həbs edildi. Həyatının son iyirmi ilini faciələrlə keçirtdi: Cerəşdə baş verən qəzada oğlunu itirdi, 1948-ci il müharibəsi zamanı Qüdsdəki ailə evi dağıdıldı və klinikasını itirdi.[10]
Kənan İordaniya hakimiyyəti altında Şərqi Qüdsdə həyatını və karyerasını yenidən bərpa edə bildi. O, əvvəlcə iki il İçərişəhərdəki monastıra sığınıb, sonra Zeytun dağında yerləşən Avqusta Viktoriya xəstəxanasına direktor təyin edildi və 1964-cü ildə təqaüdə çıxandan ölümünə qədər ailəsi ilə birgə burada yaşadı.[11]
Osmanlı İmperatorluğu dövründə Fələstinin Beyt Jalə kəndində doğulan Kənan uşaqlıq illərində Qüds yaxınlığında alman missionerləri tərəfindən qurulan Şneller məktəbində təhsil alıb. Onun atası Beçara da orada təhsil almış, Beyt Jalədə ilk Lüteran kilsəsini, YMCA və birgə təhsil məktəbini qurmuş və Fələstindəki Alman Protestant Missiyasının ilk ərəb pastoru olmuşdur.[12][13] Anası Katarina Beyrutdakı Alman uşaq evində böyümüş və Beçara ilə Qüdsdəki xəstəxanada işləyərkən tanış olmuşdur.[14]
Kənan 1898–1899-cu illərdə Suriya Protestant Kollecində (indiki Beyrut Amerika Universiteti) tibb təhsili almaq üçün Beyruta getdi. Atası gəlişindən az sonra sətəlcəm xəstəliyindən vəfat etdiyi üçün oxuyarkən işləməli oldu və 1905-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdi.[14][15]
Beyrutdan Yerusəlimə qayıdan Kənan, 1906-cı ildə qabaqcıl həkimin olmadığı bir dönəmdə Dr. Adalbert Eysler (1848–1919) ilə birlikdə Alman Diakonat xəstəxanasında işləməyə başladı.[14][16]