Türkmənlərin Gürcüstana hücumları

Türkmənlərin Gürcüstana hücumları
1460-cı ildə cənubdan Qaraqoyunlular ilə həmsərhəd olan Gürcüstan çarlığı
1460-cı ildə cənubdan Qaraqoyunlular ilə həmsərhəd olan Gürcüstan çarlığı
Tarix 1407-1502
Yeri Gürcüstan, şərqi Anadolu, qərbi İran
Nəticəsi Gürcülərin qələbəsi[1][2]
Münaqişə tərəfləri

Gürcüstan çarlığı (1407-1490)
Kartli çarlığı (1490-1502)
Kaxeti çarlığı (1490-1502)
Şirvanşahlar dövləti (1412-ci ildə)
Səfəvilər dövləti

Qaraqoyunlular dövləti (1407-1468)
Ağqoyunlular dövləti (1468-1502)

Komandan(lar)

VII Georgi
I Konstantin  
I İbrahim
I Aleksandr
IV Vaxtanq
VI Baqrat
II Konstantin
I Şah İsmayıl

Qara Yusif
Cahanşah
Uzun Həsən
Sultan Yaqub
Sufi Xəlil

Türkmənlərin Gürcüstana hücumları — XV-XVIII əsrlərdə Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətinin Gürcüstan ərazisinə etdiyi səfərlər. Monqol hakimiyyətinin sona çatması ilə Qaraqoyunlu və Ağqoyunlu türkmənləri tarix səhnəsinə çıxmış, bu ərazidə 2 ayrı türkmən[q 1] dövlətinin əsasını qoymuşdular. Türk və dünya tarixində əhəmiyyətli yerə sahib olan bu dövlətlər XV əsrdən başlayaraq Gürcüstan ərazisinə müxtəlif tarixlərdə səfərlər təşkil etmişdir.

Qaraqoyunluların Gürcüstana hücumları

[redaktə | mənbəni redaktə et]

Bu dövrdə Qafqazda yerləşən Gürcüstan Teymurun səfərlərindən zəifləmiş və türk axınları üçün əlverişli bir əraziyə çevrilmişdi. Lakin Teymurun ölümü ilə mirasçıları arasında şiddətli mübarizə başladı. Bu vəziyyətdən istifadə edən gürcü kralı II Konstantin Gürcüstan sərhədlərində qalan simvolik türk əsgərlərini öldürtdü və idarəetməni yenidən təşkil etdi.[3] Teymurilərin burada hökmranlığının sona çatmasından sonra Baqratilərdən olan I Aleksandr (1412-1442) Gürcüstanda hökmranlıq quraraq gürcü birliyini yaratmağa nail olsa da, sonradan Gürcüstan üç krallığa (Kartliya, Kaxetya, İmereti) və beş knyazlığa bölündü. Teymurun hücumlarından zəifləyən gürcü çarlığı yenidən dirçəlməyə başladı. Lakin bu dirçəliş çox çəkmədi. Qısa müddət sonra Gürcüstan sərhədlərinə yeni bir güc peyda olmuşdu. Bu güc Şərqi Anadoluda meydana çıxan Qaraqoyunlular idi. Bu dövrdə Qaraqoyunlu türkmən başçıları Teymurun və varislərinin zəifləməsindən istifadə edərək, özlərini “Azərbaycan şahları” elan etmişdilər.[4] 1405-ci ildə Əmir Teymurun ölümündən sonra Əbu Bəkr Mirzə Qara Yusiflə vuruşmaq üçün Naxçıvana gəldi. 1406-cı ildə baş vermiş I Şənbi-Qazan döyüşü Qara Yusifin üstünlüyü ilə sona çatdı və Əbu Bəkr Sultaniyyəyə qaçdı. Qara Yusif irəliləyərək Təbrizə daxil oldu. Qara Yusif Şahruxu məğlub etdikdən sonra Bağdadı ələ keçirdi və Yaxın Şərqdə yeni aparıcı qüvvə kimi özünü təsdiq etdi.[4]

Teymurilərlə Qaraqoyunlular arasında hökmranlıq uğrunda mübarizə Gürcüstana da təsir etmişdi. Türkmənlərlə gürcülər arasında gedən müharibədə gürcü kralı VII Giorgi 1407-ci ildə Somxetidə köçəri türkmənlər tərəfindən öldürüldü, 15 min gürcü əsgəri isə əsir düşdü. Onun ölümündən sonra gürcü taxtına kiçik qardaşı Konstantin çıxdı.[5] Bu ərəfədə Qaraqoyunlu Qara Yusif 1411-ci ildə onun əmrlərinə qulaq asmayan İraqi Əcəm valisi Bistam bəyi cəzalandırmaq üçün Ərdəbilə göndərdiyi əsgərlərin uğursuzluğa düçar olduğu xəbərini eşitdi və özü buraya yürüş etdi. Sentyabr ayında isə Sultaniyyəyə yola düşdü. Bistama və qardaşlarına ona itaət etmələri barədə xəbər göndərsə də, onlar buna əhəmiyyət vermədilər. Nəticədə Qara Yusif əsgərlərinə şəhəri dağıtmağı əmr etdi. Bu ərəfədə Şirvanşah İbrahim, Şəki hakimi Seyid Əhməd və Gürcü kralı Konstantin Qara Yusifə qarşı ittifaqa girmişdilər. İttifaq xəbəri Qara Yusifə çatdıqda o 17 noyabrda Qarabağa gəldi və Şirvanşah İbrahimə elçilər göndərib sülh təklif etdi. Lakin Şeyx İbrahim onun bu təklifini geri çevirdi. Nəticə də 19 dekabr 1412-ci ildə Qara Yusif Kür çayını keçərək müttəffiq qüvvələri üzərinə hücuma keçdi.[6]

Qəzəblənən Qara Yusif bu hücum nəticəsində müttəfiqləri məğlub etdi. Bu ərəfədə Şirvan hakimi Şeyx İbrahim qaçarkən yıxıldı və qolunu sındırdı. Onu tanımayan bəzi türkmənlər əsir götürərək Qara Yusifin yanına gətirdilər. Döyüşün sonunda Şeyx İbrahimin qardaşı Bəhlül və Şirvan qazısı Mövlana Zahiruddin bağışlanaraq həbs edildi. Gürcü kralı Konstantin bir çox əsgəri və qardaşı ilə birlikdə əsir götürülərək öldürüldü.[7] Bu parlaq qələbədən sonra Qara Yusif 1413-cü il fevralın 1-də Təbrizə gəldi. Qaraqoyunluların gürcülər üzərində qələbəsi ilə 1413-cü ildə Konstantinin yerinə oğlu I Aleksandr keçdi. 1416-cı ildə Qara Yusif yenidən Gürcüstana daxil oldu və Axıska şəhərini ələ keçirdi. Səfər nəticəsində kişilərin çoxu öldürdü, qadın və uşaqları əsir düşdü. Beləliklə, Qara Yusifin Qafqazda apardığı bu səfərlər nəticəsində Gürcüstanın bir hissəsi Qaraqoyunlular tərəfindən fəth edildi. 1431-ci ildə Mirzə İsgəndər Gürcüstana səfər etdi.[8] Lakin buradan qardaşı Cahanşah üzərinə yürüdü. Qarışıqlıqdan istifadə edən Aleksandr Baqration Cahanşaha Qaraqoyunlulara hər il ödədikləri vergini ödəməkdən imtina etdiyini bildirən təhqiramiz məktub göndərdi. Məktuba qəzəblənən Türkmən hökmdarı Gürcüstan üzərinə yürüş etdi. O ilk əvvəl Qars ovasına gələrək 3 gün burda qaldı. Cahanşahın bu səfərində onu alimlər müşaiət etmişdi. Qaraqoyunlu hökmdarının bir çox piyada və süvari ilə səfərə çıxdığı xəbərini eşidən gürcü kralı Abxaziyaya qaçdı.[9] Səfərinə davam edən Cahanşah isə 1440-cı ildə mart ayında 20 minlik ordu ilə Gürcüstana daxil oldu. Bütün ələ keçirilən əsirlər öldürüldü. Şamşulde şəhəri tutuldu, burada yaşayan və müqavimət göstərən 4 minə yaxın gürcü zərərsizləşdirildi. Daha sonra Tiflisə irəlilədi. Burada da 8 min nəfər qətlə yetirildi, 9 min insan əsir düşdü. Ərdəbil şeyxlərinin təklifi ilə burada yaşayan gürcü əhalisinin üzərinə dinlərini dəyişdirmək ümidi ilə ağır vergilər qoyuldu. Gürcüstan səfərindən dönərkən oğlu Həsən Əlinin Arran və Gürcüstana hakim təyin etdi.[10]

Qaraqoyunlu hökmdarı Cahanşah 1444-cü ildə Gürcüstana ikinci səfərini təşkil etdi. Nəticədə, yeni Baqration kralı IV Vaxtanq və Atabəylərdən olan Axıska başda olmaqla Samiçxe bölgəsini ələ keçirdi, kralı vassal aslılığına saldı. Gürcüstanı dağıdıb, bir çox şəxsi əsir aldı. Gürcü mənbələri iddia edir ki, kral Vaxtanqla baş verən bu döyüşün nəticəsiz qalıb və Cahanşah bu səbəbdən Gürcüstandan geri çəkilib. Qaraqoyunlu hökmdarı Cahanşah Gürcüstanın müsəlman qonşu ölkələri kimi burada etdiyi iki səfərlə ordusunun fəallığını qorumaqla yanaşı, xeyli qənimət də ələ keçirmişdir.[11]

Ağqoyunluların Gürcüstana hücumları

[redaktə | mənbəni redaktə et]

Ağqoyunlu dövlətinin saray tarixçisi Əbubəkr Tehraniyə görə, Ağqoyunlu türkmənlərinin Gürcüstan səfərləri Qutlu bəyin dövründə başlamışdır. Tehrani yazır: “Küfrlə İslam ordusu gecə ilə gündüz kimi üz-üzə gəldi. Nəhayət, İslam günəşinin qabaqcıl qoşunları qılınclarını çəkib düşərgəni tərk etdikdə, parlaq günəşin kölgəli vəsvəsəsi hidayət şərqindən başını göstərdiyi zaman, tünd qara kafir ümmətinin şamını və çırağını söndürən əsl səhər açıldı, müsəlmanların hücumu uyuyan kafirləri yuxulu paltarlarından çıxartdı Onların başlarından şübhə pərdəsini qaldırdı. Dini qüvvətləndirən əmirin bir zərbəsi ilə o kimsəsiz ordu məğlub oldu. Axısqa şəhəri tutuldu. Böyük miqdarda qənimət əldə etdilər. Alınacaqları götürdülər, yeyilənləri yedilər."[12]

Bu səfərdə gürcüləri məğlub edən türkmən əmiri Axıskanı ələ keçirdi və çoxlu qənimət əldə etdi. Lakin bu dövrə Ağqoyunlu türkmənlərinin Gürcüstana hücum edəcək qüvvədə olmadığından Tehrani tərəfindən verilən bu məlumat bəzi tarixçilər tərəfindən şübhə ilə qarşılanır. Bir digər tarixçilər Ağqoyunluların Gürcüstana hücumlarının Uzun Həsən bəyin dövründə başladığını qeyd edilər. Lakin Uzun Həsən dövründə baş verən Gürcüstan səfərlərinin xronologiyasında uyğunsuzluq nəzərə çarpır. Çünki bu ekspedisiyalar müxtəlif mənbələrdə fərqli şəkildə qarşımıza çıxır. Uzun Həsən bəyin Qafqazda gürcülərə qarşı ilk fəaliyyəti 1458-ci ildə (gürcü mənbələrində 1456-cı il) həyata keçmişdir.[13] Uzun Həsən Ərzincanı ələ keçirdikdən sonra 1458-ci ildə paytaxtı Amiddə əsgərləri ilə Gürcüstana səfər etmək üçün hazırlıq görməyə başlayır. Əli Şəkərin oğlu Pir Əlini azad edib, Cahanşahın yanına göndərir.[14] O bu hərəkəti ilə səfər zamanı Qaraqoyunlular tərəfindən gələ biləcək hücumların qarşısını almağı hədəfləyirdi. Daha sonra Qarasu (Fırat) çayını keçərək Tarmuk yaylağına gəlir. Burada Sulan bəyi azad edib Qaraqoyunlu hökmdarı Cahanşahın yanına göndərdi.Bundan başqa o, süvari qüvvələri toplayaraq ordusunu gücləndirdi.[15] Beləliklə Uzun Həsən istiqamətini Gürcüstana tərəf çevirdi. Bundan xəbər tutan gürcülərin bir qismi artıq kənd və şəhərlərini qoyub qaçmışdı. Bir digər qismi isə müdafiə qalalarının gücünə arxalanaraq yerlərini tərk etmədi. Uzun Həsən Gürcüstana daxil olduqdan sonra buradakı müsəlman əsirləri xilas etdi. Tərəflər arasındakı döyüş Samaqar qalası yaxınlığında baş tutdu.[4] Qala əhalisi uzun müddət müqavimət göstərsə də Uzun Həsən qalanı tutmaq əzmindən dönmədi və əsgərlərinə əmr etdiki qala bürclərinə çıxsınlar. Lakin bu əsgərlər bir-birinin ardınca öldürüldüş Digər bir qrup isə qala qapısına yönəlib buranı tutdu. Çox keçmədən Samaqar qalası türkmənlər tərəfindən tutuldu.[16] Yürüşə davam edən Uzun Həsən Etreker adlı kəndə gəldi. Buradakı gürcüləri əsir alaraq, bir çox heyvanı və ərzağı qənimət kimi ələ keçirdi. Uzun Həsənin bu səfərdəki məqsədi Axıskaya getmək idi. Lakin burada olarkən Şəbinqarahisar və Kemax qalalarının hakimlərinin üsyan etdiyindən xəbər tutub Ərzuruma qayıtmalı olur. Səfər nəticəsində əsir düşən gürcülərin bir qismi satıldı, bir qismi isə İslamı qəbul etdiyi üçün sərbəst buraxıldı. Ağqoyunlular çoxlu qənimət ilə geri döndülər. Uzun Həsən ilk Gürcüstan səfərindən sonra qışlağa çəkildi. 1459-cu ildə Məmlük sultanına elçi göndərərək 6 qalanı gürcülərdən aldıqları barədə məlumat verdi.[17]

Türk hökmdarları bu şəkildə gürcülərə qarşı kompaniyalar apararkən, Avropa dövlətləri gürcülərlə sıx əlaqədə idilər. Bu münasibətlər XIII əsrin əvvəlindən Osmanlılar İstanbulu fəth edənə qədər möhkəm şəkildə davam etdi. 1461-ci ildə Papa elçisi Ludovikonun müşayiəti ilə Gürcüstan və Trabzon elçiləri, XI Luisin tacqoyma mərasimində iştirak etmişdilər. Qərb xristian dövlətləri bu hərəkətləri ilə Şərq xristianlarını maddi və mənəvi cəhətdən qorumağa çalışırdılar. Bununla belə, XV əsrin sonlarında gürcü monarxiyası üçün həyəcanlı bir dövr başlamışdı. Çünki Osmanlı türkləri İstanbulu fəth etdilər. Bu səbəbdən Gürcüstanın Qərbi Avropa ilə əlaqələri kəsildi. Osmanlılar Baqrationlarla müttəfiq olan Trabzon xanədanlığına da son qoyub, Gürcüstan sərhədinə yaxınlaşmışdılar.[17] Digər tərəfdən isə türkmənlərin axınları Gürcüstanı şiddətli formada təhdid edirdi. Gürcülərin zaman-zaman qarşılaşdıqları bu təhlükələr Ağqoyunlu türkmənləri dövründə Uzun Həsənin Gürcüstana ikinci ekspedisiyası ilə həyata keçmişdi. Bu səfərin səbəbi 1463-cü ildə gürcülərin arasında baş verən fikir ayrılığı idi. Çünki kral VIII Giorgi, cənubda Kartlis-Kelidən şimalda Taşiskariyə qədər uzanan ərazilərə hakim idi. O, Atabəylərdən Ağboğanın əmisi oğlu II Kvarkvaredən (1451-1466) vergi istədi. Nəticədə onlar arasında münaqişə yarandl. 1461-ci ildə Fateh Sultan Mehmed Trabzonu fəth etdikdən sonra o, bu Atabəyə məktub göndərərək torpağına toxunmayacağını bildirir.[18] Osmanlıların Trabzonda məskunlaşması Gürcüstana da öz təsirini göstərdi. Kutaisidə yaşamış İmereti bəyi Baqrat, Svanlar (Suan) eristavı Gelovan, Güril eristavi Vardanoğlu Kaxaber, Meqrel və Odiş hakimi Dadyan Libarit və Şirvan hökmdarı Şirvanşah birləşərək, Tiflis/Gürcüstan kralı VIII Georgini 1462-ci ildə Kutaisinin cənubundakı Çihori kəndi yaxınlığında məğlub etdilər və bu yolla müstəqil olub, Tiflisin tabeliyindən çıxdılar. Bu qələbədən sonra Baqrat Kutaisidə tac geydi və İmeret Krallığını qurdu. Giorgi, bu itkilərdən sonra Atabəy II Kvarkvareni vergi üçün sıxışdırdıqda o da İmerətə qaçdı və Uzun Həsənin yanına elçi göndərərək ondan kömək istədi. Bu köməyin müqabilində isə ona sadiq qalacağına söz verdi. Bu ərəfədə gürcü əsgərləri Atabəy yurdunu ələ keçirmiş, vergi yığmağa başlamışdı. Nəticədə 1463-cü ildə Uzun Həsən ordu komandirlərindən olan Giləkli oymağından Dərviş bəy ilə Timur bəyin rəhbərliyində ordu göndərdi.[19] Çox keçmədən onlar Axıskanı tutdu və Atabəy Kvarkvare burada müstəqil şəkildə hökmranlıq etməyə başladı və Diyarbəkirə tabe oldu. Ağqoyunlu bəyləri həmçinin Baqrationların Somxeti və Kartli (Tiflis) vilayətlərinə basqın və talanlar edərək geri qayıtdı. Lakin gürcülərin Ağqoyunlu hökmdarına qarşı olan bu itaəti uzun çəkmədi. Çox keçmədən gürcülərin itaətsizliyi Uzun Həsənin 3-cü Gürcüstan səfərinə çıxmasına səbəb oldu. Əslində o, 1466-cı ilin yazında Gürcüstan ərazisinə daxil olmuş, Çamaxar adlı möhkəm bir qalanı mühasirəyə alıb, fəth etmişdi. Eyni zamanda öz əsgərlərinə ətrafı dağıtmağı tapşıran türkmən hökmdarı bu səfərdə xeyli qənimət ələ keçirdi. Həsən bəyin Gürcüstan səfərinin məqsədlərindən biri Axıska qalasını ələ keçirmək idi. Lakin onun doğma şəhərindəki qarışıqlıq buna mane oldu. Bu səbəbdən gürcülərə əsir düşmüş müsəlmanları xilas edərək çoxlu qənimətlərlə Ərzuruma qayıtdı. Ağqoyunlu türkmənlərinin bu üçüncü səfərində II Atabəy Kvarkvare 1466-cı ilin yanvarında öldü və onun yerinə on iki yaşlı oğlu Bahadur bəy (1466-1475) keçdi.[20]

Beləliklə, Uzun Həsən Diyarbəkirdə taxta çıxmasının 16-cı ilində Ağqoyunlu sərhədini qərbdə Fəratdan şərqdə Herat qapılarına qədər uzatmış, şimalda isə Qafqazdan cənubda Bəsrə körfəzi və Ümman dənizi sahillərinə qədər ərazilərə hakim olmuşdu. 1472-ci ildə baş tutan 4-cü səfər Ağqoyunluların osmanlılarla az sonra edəcəyi müharibəyə hazırlıq kimi düşünülmüşdü. Beləliklə dördüncü gürcü səfərinə çıxan Həsən bəy 1472-ci ildə Gürcüstana daxil olur və böyük ərazilər ələ keçirir. O ilk əvvəl Samçeyə daxil olur və burada bir çox rahibi və keşişi zərərsizləşdirir.[21] Daha sonra Tiflisi ələ keçirən şah bir çox qalanı da fəth edir. Gürcüstan hakimi olan Baqratdan məmləkətini alıb Konstantin və Aleksandr adlı gürcü bəylərinə verdi. Bundan sonra Uzun Həsən bəy zəfərlə paytaxt Təbrizə doğru yola düşdü. Tiflisi isə böyük əmirlərindən olan Sufi Xəlil bəyə iqta kimi verib, Gürcüstanın sərhəd bölgələrinin idarəsini ona həvalə etdi. Uzun Həsən Gürcüstanı tərk edərkən Baqrat öz elçisini onun yanına göndərdi. Elçi özü ilə 19 misqal yaqut və 12 misqal ağırlığında ləl parçası gətirmişdi. O düşünürdü ki, Uzun Həsən qarşılığında hakimiyyətini geri qaytaracaq. Lakin Uzun Həsən onun hədiyyələrini qəbul etmədi. O, Gürcüstanı tərk edərkən özü ilə mal, zinət əşyaları və heyvanlardan başqa üç min əsir aparmışdı.[21]

Ağqoyunluların Gürcüstana beşinci səfəri Fateh Sultan Mehmedin 1473-cü il avqustun 12-də Tərcan yaxınlığında Otluqbeli düzündə Uzun Həsəni məğlub etməsinin təsiri ilə həyata keçmişdi. Çünki bu səfərdən əvvəl Yaxın Şərqin iki türk dövləti Osmanlı və Ağqoyunlu arasında böyük mübarizə başlamışdı. Bu iki dövlət arasında gedən müharibələrin dağıntıları qonşu Gürcüstanda da öz əksini tapmışdı. VI Baqratın dövründə Akqoyunlu hökmdarı Uzun Həsən ona tabe olan gürcü kralından kömək istədi. Lakin Gürcü kralı ona lazım olan köməyi göstərmədi. Nəticədə Uzun Həsən Osmanlıya qarşı müharibədə aldığı böyük məğlubiyyətdən sonra ona köməklik göstərməyən gürcüləri cəzalandırmaq qərarına gəldi. Bu məqsədlə hərəkətə keçən Uzun Həsən 1477-ci ildə təxminən 20 min atlı ordusu və 6 min ağırlıq daşıyıcısı ilə Təbrizdən şimal-qərbə doğru hərəkət etdi.[22] Gürcüləri qorxutmamaq üçün o, Osmanlıya qarşı yürüşdə olduğu barədə şayiələr yaydırdı. Yeddi günə yaxın yol gedəndən sonra istiqamətini Gürcüstana tərəf çevirdi. Ağqoyunlu türkmənləri gürcü torpaqlarına yaxınlaşanda Uzun Həsən keçidlərin meşələrlə örtülü olması səbəbindən beş minlik yüngül süvaridən ibarət avanqard ordusunu yol açmaq üçün göndərdi. Onlar sıx meşəlik ərazilərində cığır açmaq üçün balta və oddan istifadə etdilər. Beləliklə, türkmən ordusu yolu açıb irəliləməyə başladı.[23] İki günlük yürüşdən sonra türkmənlər Tiflisə gəldilər. Şəhər sakinlər tərəfindən tərk edildiyindən türkmənlər müqavimət göstərmədən şəhəri tutdular. Lakin Somxetiyada bəzi kiçik toqquşmalar baş verdi. Bu zaman kral Baqrat öz ölkəsində deyildi. Türkmənlərin gəldiyini eşidən gürcülərin bir çoxu meşələrə gizləndi,digər hissəsi isə qalalara sığındı. Ağqoyunlular Tiflisi ələ keçirib burada yaşayan gürcüləri özlərinə tabe etdilər. Həmçinin burada atlı alayı yaratdılar. Ardınca türkmənlər Qoriyə doğru hərəkətə keçdilər. Qorililər dağlara pənah gətirdiyi üçün şəhər boş qalmışdı. Beləliklə, Tiflisdən sonra Qori də Uzun Həsənin ordusu tərəfindən tutuldu. Onun buradan göndərdiyi basqınçılar Tiyanetiyə qədər irəlilədi. Kaxeti şahzadəsi I Giorgi Uzun Həsənə hədiyyələr və qullar göndərərək itaət edəcəklərinə zəmanət verməyə çalışırdı.[24] O, 16 min duka (qızıl) vergi müqabilində Tiflisdən başqa gürcü torpaqlarının idarəsini I Georgiyə buraxaraq sülh bağlamağa razı oldu.Uzun Həsən ələ keçirilən qənimətlərin bir qismini özü ilə apardığı şeyxlərə və alimlərə payladı. Səfərin sonunda xəstələnən şah 5000 əsirlə Təbrizə qayıtdı. Uzun Həsən Gürcüstan səfərindən sonra burada vəziyyət daha da pisləşdi. Çünki şahın Gürcüstana vali kimi təyin etdiyi sufi Xəlil gürcüləri idarə etməyə başlamışdı. Hətta Xəlil bəy davamlı olaraq gürcülərə basqın edirdi. Lakin 1478-ci ildə Uzun Həsənin vəfatı ilə Ağqoyunlu məmləkətində qarışıqlıq yarandığından Sufi Xəlil bəy Gürcüstan sərhədini tərk edərək Təbrizə qayıtdı.[24] Ağqoyunlu dövlətinin vəziyyətini dəyərləndirən gürcülər də Tiflisə qayıtmağa başladı.

Uzun Həsənin təşkil etdiyi bu səfərlər əsasən hərbi məqsədlər daşıyırdı. Bu səbəbdən də dövrün məşhur mütəfəkkir və şairlərindən biri olan Cami onu “Qazilərin və döyüşçülərin sultanı” adlandırmışdır. Caminin günümüzə gəlib çıxan Uzun Həsənə yazdığı məktub var. Bu məktub Uzun Həsən tərəfindən daha əvvəl Hicaz yollarının təhlükəsizliyi ilə bağlı Gürcüstan səfərlərindən Camiyə yazdığı məktubun cavabıdır. Bunlara əlavə olaraq Osmanlı hökmdarları II Bəyazid də Uzun Həsənə məktub yazaraq Gürcüstan səfərlərində ona uğurlar arzulamışdır.[25]

Sultan Yaqubun Gürcüstan hücumları

[redaktə | mənbəni redaktə et]

Uzun Həsənin ölümündən sonra gürcülərin əldə etdikləri rahatlıq çox uzun sürmədi. Ağqoyunlu dövlətinin ikinci böyük hökmdarı Yaqub sultan olduğu üçün gürcülər yenidən türkmən basqınlarına məruz qalmağa başladılar. Sultan Yaqub 1482-ci ildə yaylaqdan qayıtdıqdan sonra Gürcüstana səfər etmək qərarına gəlmişdi. Çünki gürcü bəylərindən olan Karkura türkmənləri narahat edirdi. Nəticədə Sultan Yaqub Diyarbəkir və Azərbaycan qoşunlarını Axıskaya göndərir. Bu ərəfə də özü isə Təbrizdən çıxıb Üçmüədzinə gedən yolu tutaraq Gürcüstana doğru hərəkət edir. Eyni zamanda Ağqoyunlu əmirlərindən olan Süleyman bəy və Gülabi bəy də Bektaşda onun ordusuna qatılırlar. Havaların soyuq keçməsi nəticəsində qar və şaxta səbəbindən səfər çətinləşmişdi.[26] Lakin bütün bu çətinliklərə baxmayaraq türkmən ordusu Axıska şəhərinə gəlib çıxır. Akqoyunlu ordusu burada kilsələri dağıdıb, xəzinələri qarət etdikdən sonra xarabalıqları hələ də qalan Axıska qalasını mühasirəyə alırlar. Lakin bu qala gürcülər tərəfindən möhkəmləndirilmiş və ətrafında tunellər tikilmişdi. Qalanın adi döyüş arabaları ilə tutmağın mümkün olmadığını görən Ağqoyunlular şiddətli top atəşinə başlayırlar. Bu toplarla onlar hər saat bir qala divarlarını vururdu. Hücum zamanı atılan toplardan biri taxıl anbarına düşərək taxılları yandırsa da, gürcülər bunu hiss etmirlər. Nəticədə qalada böyük yanğın başlayır. Gürcülərin təşvişə düşdüyünü görən Ağqoyunlu qoşunu böyük həyəcanla qala divarlarına dırmaşmağa başlayır. Bu vəziyyət qarşısında qalanı müdafiə etməyin mümkün olmadığını görən gürcü əyanları qalanı tərk edirlər. Sultan Yaqub qalanın qarşısında gözləyirdi. Qaladakı gürcü Aznavurları bağışlanma diləmək üçün qaladan enirlər. İslam dinini qəbul edənlərə hörmət və ehtiram göstərilmişdi. Lakin qəbul etməyənlər əsir düşdülər. Sultan Yaqub bu səfərdə onu müşayiət edən üləmaya çoxlu qullar vermişdi. Ağqoyunlu türkmən qoşunu Axıska qalasını fəth edib çoxlu qənimət ələ keçirdikdən sonra gürcü krallarının xəzinələrinin saxlandığı Xatun qalasına doğru hərəkət edirlər.[27] Bu zaman Karkuranın anası da bu qalada idi. Türkmənlərə qarşı müqavimətin mənasız olduğunu anlayan Karkura Yaqub şahdan aman diləmək üçün keşiş göndərir. Keşiş qaladakı hər şeyi onlara təslim edəcəklərini bildirib aman diləyir. Sultan Yaqub onun xahişini qəbul edir. Sonrakı gün keşiş aznavurlarla birlikdə qaladan enib Ağqoyunlu düşərgəsinə gəlir. Sultan Yaqub Aznavurların mühafizə edilmək üçün əsgərlərə verilməsini, keşişin isə həbs edilməsini əmr edir. Çox keçmədən divan üzvləri və Tavacılar qalaya daxil olaraq xəzinəni ələ keçirirlər. Karkura qaçaraq canını xilas edir. Daha sonra oğlunu məktub və hədiyyələrlə Yaqub bəyin yanına göndərərək öz ölkəsinə qayıtmasına icazə veriləcəyi təqdirdə xəzinədən başqa əsgərlərə nal bahası olaraq beş yüz tümən pul verəcəyini və bu pullar göndərilənə qədər oğlunun girov götürülməsini təklif etdi. Bu vəziyyət qarşısında mərhəmətə gələn Sultan Yaqub səfərin başa çatdığını bildirərək Təbrizə qayıtdı.[28]

Uzun Həsənin ölümündən sonra Şiraza gəlib burada fəaliyyət göstərən Sufi Xəlilin zülmündən bezən əhali onu Sultan Yaquba şikayət edir. Şikayətləri nəzərə alan şah onu Gürcüstana göndərməyə qərar veriri və bu məqsədlə 1487-ci ildə onu Şirazdan çağırır.

Sultan qışlaqda olduğu zaman bir neçə dəfə gürcülərin üzərinə hücum edir. Bu səfərlərdən birində Konstantin Tiflis qalasını tərk edərək başqa şəhərə qaçır. Sufi Xəlil bu vəziyyətdən istifadə edib Tiflisə hücuma hazırlaşır. Bu məqsdələ yeni bir top, həmçinin Borçalıda, Gürcüstanın cənubunda yeni qalala inşa etdirir. Hazırlıqlardan xəbər tutan III Konstantin Tiflisə çəkildi. Sultan Yaqub Qarabağa gəldikdə Sufi Xəlil ona hazırlıqlar barədə məlumat verdi və icazə istədi. Həmçinin xahiş etdiki sultan ona köməkçi qüvvələr göndərsin. Sultan Yaqub bu istəyin qarşılığında Zənginşah bəy Pərvanəçini dəyərli hədiyyələr ilə birlikdə Sufi Xəlilin yanına göndərir. Bu zaman Qaraağac meşəsində olan Ağqoyunlu qoşunu toplaşmağa başlayır.[29] Digər tərəfdən eşikağası Vəli Aka da Tiflis qalası yaxınlığında Sufi Xəlilin ordusuna qoşulur. Ağqoyunlu qoşunu ilk əvvəl Kuçir qalasını ələ keçirir. Buradan ələ keçirilən qənimətlər isə Sultan Yaqubun hüzuruna göndərilir. Daha sonra 29 yanvar 1489-cu ildə Tiflis qalasına doğru hərəkətə başlayırlar. Gürcülər şəhəri tərk edib Tiflis qalasına sığınmışdılar.[30] Ağqoyunlular dərhal top atəşinə başlayırlar. Müqavimət göstərə bilməyən gürcülər qalanı tərk edib meşələrə üz tutdular. Burada tərəflər arasında baş verən toqquşmada Hacı bəy Mosullu böyük qəhrəmanlıq göstərir. Ağqoyunlu qoşunu Kür çayı sahilindəki Qarğatay kəndində bir neçə gün dincəlməyə və yürüşə davam etməyə qərar verirlər. Bu zaman Kontantin aman diləmək üçün anasını Ağqoyunlu əmirlərinin yanına göndərsə də onun xahişi qəbul edilmir. Nəticədə Konstantin Tiflis qalasını tərk etmək məcburiyyətində qalır. Vəli Aka 1489-cu ilin fevral ayında Tiflis qalasını fəth edir. Sultan Yaqub bu səfərdə iştirak edən hərkəsə hədiyyələr paylayır. Hacı bəy Mosulluya tuğ və nağara bağışlayır. Daha sonra bu uğurlu səfər barədə ətraf qonşularına məktub yazaraq məlumat verir. Sultan Yaqubun 1490-cı il 24 dekabrda ölümündən sonra Ağqoyunlular tərəfindən Gürcüstana başqa bir səfər təşkil edilməmişdir.[29]

Səfəvilərin Gürcüstana hücumları

[redaktə | mənbəni redaktə et]

XV əsrin sonlarında Azərbaycanın müxtəlif bölgələrində baş vermiş çəkiş mələr, feodal pərakəndəliyi və Səfəvi şeyxlərini nüfuzunun artması şəraitində Ağqoyunlu dövləti tamamilə dağılmaq, iqtidarını itirmək ərəfəsində idi. Xalq kütlələri daxili müharibələrdən yorulmuşdu və yeni, vahid dövlətin yaranması üçün əlverişli şərait yetişmişdi. Ərdəbil şeyxlərinin A zərbaycandan kənarda da müridləri vardı. Baş verməkdə olan hadisələrlə əlaqədar olaraq həmin müridlərin fəaliyyət miqyası genişlənməyə başladı. İranda, İraqi Ərəbdə, Kürdüstanda və xüsusilə Rumda (Kiçik Asiyada) imami məzhəbinə sadiq olan şiələr, Səfəvilərin tərəfdarı kimi çıxış edən dərvişlər silaha sarıldılar və Şeyx İsmayıl Səfəvi başda olmaqla siyasi məqsədlər naminə mübarizəyə başladılar.

Şah İsmayılın Gürcüstana yürüşləri

[redaktə | mənbəni redaktə et]

1501-ci ilin payızında İsmayıl təmtəraqla Təbrizə daxil oldu, adına xütbə oxutduraraq sikkə zərb etdirdi və Azərbaycanın taxt-tacına yiyələndi. Beləliklə, 1501-ci il Səfəvilər dövlətinin mövcudluğunun əzəli kimi qiymətləndirilir. Azərbaycan Səfəvilər dövlətinin Osmanlı Türkiyəsi və Orta Asiyadakı Şeybanilər dövləti ilə qarşılıqlı əlaqələri şiə-sünni düşmənçiliyi ilə səciyyəvi idi. Ağqoyunlu əmirlərini "üsyankar qızılbaş tayfalarına" qarşı mübarizəyə təhrik edən və hətta birbaşa hərbi yardım göstərən II Sultan Bayazid Səfəvilərlə üz-üzə toqquşmadan çəkinirdi. O, Osmanlı dövləti ərazisində Ərdəbil təriqəti müridlərinin (Kiçik Asiya qızılbaşlarının) çıxışından ehtiyat edirdi. Şah İsmayıl gələcək mübarizədə mövqelərini yaxşılaşdırmaq üçün ilk əvvəl Gürcüstanda möhkəmlənmək qərarına gəldi. Gürcüstandakı vəziyyət də bünün üçün əlverişli idi, çünki orada bir-biri ilə mübarizə aparan bir neçə knyazlıq mövcud idi.[31] Qızılbaşların oraya hücum edə bilməsi üçün lazım olan formal bəhanəni elə gürcülərin özləri yaratdılar.Beləki Mesxeti çarı IV Kvarkvare (1516-1535) İmereti hökmdarı tərəfində məğlub edilərək Naxçıvanda olan İsmayılın düşərgəsinə sığındı. İsmayıl ondan istənilən yardıma cavab olaraq Div sultan Rumlunun komandanlığı altında qızılbaş ordusunun bir hissəsini Gürcüstana göndərdi. Yürüş nəticəsində İmereti ordusu darmadağın edildi və o, yardım almaq üçün Osmanlı ordusuna sığındı. Kvarkvare isə taxt-tacı özünə qaytardı. Sonrakı bir neçə il ərzində Osmanlıdan türk ordusu ilə birlikdə qayıdan İmereti hökmdarı yenidən Kvarkvarenin mülklərinə basqınlar etməyə başladı. Dəbildə baş vermiş döyüşdə qızılbaşlar Osmanlı ordusunu darmadağın etdilər, Osmanlı sərkərdəsi öldürüldü, İmereti hökmdarı isə dağlara qaçmaqla canını qurtara bildi. Div Sultan Rumlunun komandanlığı altında qızılbaşların üçüncü Gürcüstan yürüşü 1521-ci ildə baş verdi. Bu yürüş Kaxeti çarının Şəkiyə basqınına cavab xarakteri daşımaqda idi. Div Sultan Qanıq (Alazan) və Qabırrı (İori) çaylarını keçərək Zəyəm və Qərəm qalalarına hücum etdi. Ləvənd xan qələbə qazana bilməyəcəyini görərək Div Sultanın hüzuruna gəldi. Onunla birlikdə, Gürcüstanın digər hökmdarları-Kvarkvare, Davud bəy və İmereti hökmdarı da bu cür hərəkət etdilər. Onlar Div Sultanla birlikdə Naxçıvanda qışlayan Şah İsmayılın yanına gəldilər. Burada gürcü çarları Səfəvilərə hər il vergi (bac-xırac) verməyi öhdələrinə götürdülər və öz mülklərinə qayıtdılar.[32]

Şah İsmayıl vəfatından bir qədər əvvəl Şəki ilə Gürcüstan ətraflarında olmuş və orada qızılbaşlarla Şəki əyanları birlikdə ov etmişdirlər. Buradan geri dönərkən Şah İsmayıla Kaxeti hökmdarı Ləvəndin böyük qoşunla Şəkiyə hücum etdiyini, şəkililərin məğlub olduğunu bildirirlər. Buna qəzəblənən Şah İsmayıl Ləvəndin üzərinə yürüş etmək istəsə də, xəstələnib vəfat etməsi onun bu planına əngəl olur.[33]

Şah Təhmasibin Gürcüstana yürüşləri

[redaktə | mənbəni redaktə et]

Səfəvi-Venesiya koalisiyası təşkil etmək üçün xüsusi bir sifarişlə Səfəvi sarayına göndərilən səyyah və tacir Membre 1539-1542-ci illərdə Gürcüstanın daxili vəziyyətini aşağıdakı kimi təsvir edirdi:[34]"Meqreli kralı Dadyandır. Burada şimalda çox yüksək dağlar mövcuddur. Kral Başıaçığın Kutaisi şəhərinə getdik. Şəhər olduqca kiçikdir. 7-8 gün yol getdikdən sonra Qoriyə çatdıq. Şəhərin yanından bir çay axır. Burada Trabzonlu bir şəxsin evində qaldıq. Buranın kralı Luarsabdır. Onun (Kral Luarsabın) əyanlarının sayına görə təxminən 5000 nəfərdən ibarət aznavurlar adlanan atlıları var... adı çəkilən Tiflis şəhəri çox böyükdür, lakin çoxlu müharibələr nəticəsində onun böyük hissəsi dağıdılıb. Adı çəkilən kral Luarsab Sofiyə (yəni Şah Təhmasp) illik 1000 dukat xərac ödəyir."

Buradan anlaşılır ki, Kaxetiya çarlığı 1538-ci ilə qədər şah Təhmasibə xərac ödəmişdir.[35]

1-ci yürüş. Səfəvi salnamələrinə görə, 1541-ci ilin yaz/yay mövsümündə paytaxt Təbrizdən yola düşən Səfəvi ordusunun Qarabağ üzərindən Gürcüstana daxil olmasını Təhmasib dövrünə aid ilk səfər sayılır. Şah bu zaman 27 yaşında idi və mərkəzi hakimiyyəti öz əlində cəmləmiş, öz ətrafında sədaqətli qızılbaş əmirləri yerləşdirmişdi. Bu zaman Gürcüstanda mərkəzi Zəyəm olan Kaxeti hakimi Ləvənd Xan və Məshət hakimi Keyxosrov Səfəvilərə boyun əysə də, mərkəzi Tiflis olan Kartli hakimi Laursab, Vali Dadyan və Vali Başıaçıq müxliflik edirdilər.[36]

Şahın yola düşdüyünü xəbər tutan Luarsab şimalda əlçatmaz dağlara qaçdı. Həsən bəy Rumlu yazır ki, qızılbaş ordusu gecə vaxtı Tiflis şəhərinə çatdı. Tiflislilər müqavimət göstərsə də şəhər tutularaq dağıdıldı. Şah İslamı qəbul edənləri azad etsə də yerdə qalan insanları əsir götürdü. Şah qoşunu Luarsabı və qaçanları ələ keçirmək üçün Kür çayı boyunca hərəkət etdilər. Daha sonra Səfəvi ordusu Təbriz şəhərinə qayıtdı. Şah I Təhmasib həmin qışı Təbrizdə keçirdi.[37][38]

2-ci yürüş. Şah 1546-cı ildə üsyankar qardaşı Əlqas Mirzəyə Əli Ağsaqqalı göndərib bağışlanma diləyib, tabe olmasını bildirdikdən sonra Gürcüstana yeni səfər hazırlıqlarına başladı. Buna səbəb Kaxeti Ləvəndin itaətsizlik etməsi ilə bağlı xəbərlərin şaha gəlib çatması idi.[38] Beləliklə Təhmasib 1547-ci ildə Gürcüstana 2-ci səfərə başladı. Şah Təhmasib qoşunları ilə 1547-ci ilin qışında Ağşəhərə çatdı. Şahın gəliş xəbərini eşidən Ləvənd, Dərbənd tərəfdən Çərkəz torpaqlarına keçir. Bir sıra qalalar fəth edilir. Gürcü qoşunlarının məğlubiyyəti və bölgənin viran qalması ilə nəticələnən şiddətli döyüş baş verdi. Sonra qoşun Ağşəhərdən Təbdiyə yola düşdü, Ləvənd-bəy və onun rəqibi Başıaçıq öz sədaqətlərini ifadə edərək şahın düşərgəsinə çatdılar. Şah onları yaxşı qarşıladı və onlara fəxri paltarlar verdi. Tezliklə onlar öz mülklərinə qayıtdılar. Bu zaman ordu Gəncəyə doğru yürüş edərək Bulaq yaxınlığında müvəqqəti düşərgə saldı.[39][40]

3-cü yürüş. 1551-ci ildə Keyxosrov Səfəvi ordusu Şəki yaxınlığında olarkən məktub göndərərək, Luarsab və bəzi gürcü bəylərinin onun mülkünə hücum etdiyini bildirərək kömək istədi. O, İsgəndər Paşanın Ərzurumdan gəldiyini və sərhəd vilayətlərində əməliyyatlar apardığını da bildirdi. Beləliklə Səfəvi ordusunun Gürcüstana 3-cü səfəri başladı.[41] Çox güman ki, gürcü hakimi Luarsabla Osmanlı ordusunun ittifaq formalaşdırmasına əngəl ola bilmək üçün qızılbaş ordusu Bədir xan Ustaclı, Əli Sultan Təkəli, Şahverdi xan Ziyadoğlunun (Şahverdi xan bu yürüşdə həlledici rol oynamışdır) komandanlığı altında Kartlidə yerləşən Luarsabın əsas qalası üzərinə yürüşə başladılar. Səfərdən xəbər tutan Luarsab yenə qaçmağa nail oldu. Malinkub və Darzbad kimi monastrlar Səfəvi ordusu tərəfindən tutulub dağıdıldı.[40] 1551-ci ilin payızında qızılbaş qoşunu Kaxetiyaya daxil oldu. Burada Luarsabın qoşunu ilə Səfəvi qoşunu arasında baş verən toqquşma nəticəsiz qaldı. Qızılbaşlar xeyli qənimət ələ keçirdi və həmin qışı Qarabağa qayıtdılar. Yürüş nəticəsində Keyxosrov Səfəvilərin vassal aslılığına düşdü. O həmçinin Şah Təhmasibə Tumak qalasının, Ağşəhəri və ətrafındakı əraziləri ələ keçirməyə yardım etdi. Lakin əsas rəqib gürcü ordusunun komandanı olan Luarsabı ələ keçirmək mümkün olmadı. Elə buna görə də, yerli əhaliyə qarşı qızılbaş ordusu tərəfindən cəzalandırma tədbirləri həyata keçirildi. İsgəndər bəy Münşi bu səfəri belə təsvir edir: "1551-ci ildə şah Ramazan ayı olmağı səbəbilə müsəlman ölkələrinə yox Gürcüstana tərəf üz tutmağa qərar verdi. Gürcü kafirlərindən Şir Şahın ölkəsini talamağı və atlar bəslənənə qədər Qarqara ölkəsində qalmağı düşünmüşdü. Beləliklə ordu Gürcüstana yönəldi və 1 ay müddətində Şuşad, Gürcü və Qarqara ölkələrində qaldılar. Bu ərəfədə Osmanlı qoşununun Şərqi Anadoluda olduğu xəbərini eşidən Şah Qulu adlı elçisini Hünkara yollayan Təhmasib, Gürcüstanın bəzi qala və sığınacaqlarını ələ keçirdi.30 min adamı əsir aldı və Qarabağa qayıtdı."[42][43]

4-cü yürüş. Amasya sülhündən əvvəl əlverişli vəziyət gözləyən Luarsab bəzi talaçılıq fəaliyyəti ilə məşğul olduqdan sonra Tiflisdə Səfəvi əleyhinə üsyan başlatdı. Qumuq əsilli türk tarixçi M.F.Kırzıoğlu bu üsyanda gürcülərə Osmanlıların yardım etdiyini bildirir. Təhmasib məşhur sərkərdəsi Şahverdi Sultan Ziyadoğlu Qacarın köməyi ilə Luarsabın ərazisini işğal etdi. Luarsab Şah Təhmasibin Osmanlı ordusuna qarşı istifadə etdiyi döyüş taktikasını onun özünə qarşı istifadə etdi və onunla həlledici döyüş meydanına çıxmaqdan yayındı. Lakin daha yaxşı ərbi strategiya hazırlayan qızılbaş ordusu onu məğlub etməyi və tədricən paytaxtına yaxınlaşmağı bacardılar. Nəticədə 1554-cü ildə Qori şəhərini ələ keçirdilər.[44] Daha sonra Məzrut, Aydın, Parsatan qalaları səfəvilər tərəfindən tutuldu. Aydın qalasında Luarsabın anası qalırdı. Qalanın mühasirəsi zamanı Luarsabın dəstəsi inadkar müqavimət göstərdi. Lakin müdafiəçilərin müqaviməti qırıldı və qızılbaşlar qala əhalisinin çoxunu qılıncdan keçirdi. Bu yürüş zamanı 30 mindən çox gürcü əsir düşdü. Qızılbaş qoşunu qışı Qoridə keçirdilər. Buradan isə Gəncəyə qayıtdılar.[45] Anonim səfəvi qaynağı Luarsabın bu döyüşdə Məhəmməd bəy Çepni tərəfindən öldürüldüyünü yazır. Onun ölümündən sonra haimiyyətə oğlu I Simon keçdi. Bu hadisədən 5 il sonra Simon Kaxetiya çarı Levan ilə müqavilə bağladı. Müqaviləyə əsasən tərəflər arasında qohumluq əlaqəsi yaradıldı. Bu müqavilənin əsas məqsədi isə I Simonun Tiflisi Səfəvilərdən almaq üçün mütəffiq axtarışı idi.[44]

5-ci yürüş. 5 il müddətində gürcüləri öz ətrafında cəmləyən Simon 1561-ci ildə Qoridən hərəkətə keçərək Tiflisə doğru irəlilədi. Kaxeti hakimi Ləvənd oğlu Georgi də ona qoşuldu. Şahverdi xan bu dəfə üsyanı yatırmaq üçün Süleyman bəy və Qarabağ ordusu ilə birlikdə yola düşdü.[46] Döyüşdə Georgi min nəfər adamı ilə öldürüldü. Mötəbər gürcü bəylərindən Zaza əsir düşüb Şahın hüzuruna gətirildi. Simon isə döyüş meydanından qaçdı. Yürüş nəticəsində Şahverdi xan müzəffər bir komandir kimi Gəncəyə qayıtdı. Şərəf xan Bidlisi 1560-cı il hadisələrindən bəhs edərkən Zəyəm hakimi Ləvəndin oğlu İsanın islamı qəbul etdiyini bildirir. Bunun müqabilində Şah Təhmasib ona Şəki hakimliyini verdi. Lakin bir müddət sonra yenidən üsyan edib Gürcüstana qaçmağa çalışanda tutulub Alamut qalasına həbs edilmişdir.[47]

Simon Səfəvi hökmranlığını inadla rədd etməkdə davam edərkən, qardaşı XI David Kartlidə davam edən vətəndaş qarşıdurmasından və qeyri-sabit siyasi vəziyyətdən qorxaraq ona xəyanət etdi və Səfəvi tərəfinə keçdi. O, 1561-ci ildə tərəfdarlarının müşayiəti ilə Qəzvindəki saraya gəldi və Şah Təhmasibə beyət etdi. İslamı qəbul etdi və sonra Davud xan kimi tanındı. Şah Təhmasib onu Tiflisin hakimi kimi tanıdı və məhdud hakimiyyətlə mükafatlandırdı.[47]

6-cı yürüş. Bir müddət sonra Simonun yenidən Kartlidə hökmranlıq qurduğu aydın olur. Şah da bu səbəbdən Tiflis bölgəsinə kömək məqsədilə Ustaclulardan Şahqulu Sultanı göndərdi. Səfəvi mənbələrindən aydın olur ki, Simon 1566-cı ildə qardaşı Davudu aradan götürürək Tiflisdə yenidən üsyana başlayır. İlk toqquşmada İbrahim Xəlifə Qaramanlı rəhbərliyindəki qızılbaş ordusu məğlub olur. Buna səbəb Davud xanın rəhbərliyindəki ordusunu Səfəvi ordusuna köməklik göstərməməsi idi. Lakin Simon Tiflis qalasını tuta bilməyib geri dönür. Şah Təhmasib Davudu yanına çağıraraq qardaşının qaldırdığı üsyanı yatırmağı tapşırır. Bu məqsədlə İbrahim bəy Alpavutu, Əliqulu bəy Qacarı və Şamxal bəy Çərkəzi kömək üçün onun yanına göndərir. Tərəflər arasında baş verən ikinci toqquşmada Simonun ordusu məğlub olur. Simon Təhmasibin hüzuruna çıxarılıb daha sonra Qəhqəhə qalasına həbs edilir.[48][49]

1576-cı ildə Şah Təhmasibin ölümündən sonra Səfəvilər dövləti yenidən daxili qarışıqlıqdan sarsıldı. Şahın ölümündən sonra dövlətdə hakim mövqedə qalmaq üçün türkmən, tacik və qafqaz mənşəli qruplar arasında mübarizə başladı. Bu mübarizə hərəmin iştirakı ilə daha çox mürəkkəbləşdi. Bundan sonra Azərbaycan və Gürcüstan başda olmaqla 12 il davam edəcək Osmanlı-Səfəvi mübarizəsi başladı.[48]

  1. Azərbaycan türklərinin 18-ci əsrə qədər olan adı
  1. Savory, 1998. səh. 628-636
  2. Savory, 2007. səh. 33
  3. Sümer, 1992. səh. 37
  4. 1 2 3 Paydaş, 2006. səh. 179
  5. Azərbaycan tarixi III cild, 2007. səh. 77
  6. Azərbaycan tarixi III cild, 2007. səh. 79
  7. Rumlu. səh. 202
  8. Sümer, 1992. səh. 141
  9. Sümer, 1992. səh. 142
  10. Rumlu. səh. 243
  11. Sümer, 1992. səh. 143
  12. Tehrani, 2014. səh. 20
  13. Woods, 1999. səh. 101
  14. Rumlu. səh. 394
  15. Paydaş, 2006. səh. 183
  16. Tehrani, 2014. səh. 228
  17. 1 2 Paydaş, 2006. səh. 184
  18. Hinz, 1992. səh. 120
  19. Hinz, 1992. səh. 121
  20. Paydaş, 2006. səh. 185
  21. 1 2 Paydaş, 2006. səh. 186
  22. Rumlu. səh. 566
  23. Paydaş, 2006. səh. 187
  24. 1 2 Woods, 1999. səh. 240
  25. Woods, 1999. səh. 241
  26. Paydaş, 2006. səh. 190
  27. Rumlu. səh. 607
  28. Rumlu. səh. 608
  29. 1 2 Paydaş, 2006. səh. 192
  30. Rumlu. səh. 426
  31. Əfəndiyev, 2007. səh. 64
  32. Əfəndiyev, 2007. səh. 65
  33. Əfəndiyev, 2007. səh. 66
  34. Aydoğmuşoğlu, 2020. səh. 411
  35. Khafipour, 2013. səh. 189
  36. Aydoğmuşoğlu, 2020. səh. 412
  37. Khafipour, 2013. səh. 191
  38. 1 2 Khafipour, 2013. səh. 192
  39. Aydoğmuşoğlu, 2020. səh. 413
  40. 1 2 Khafipour, 2013. səh. 193
  41. Aydoğmuşoğlu, 2020. səh. 414
  42. Aydoğmuşoğlu, 2020. səh. 415
  43. Khafipour, 2013. səh. 194
  44. 1 2 Aydoğmuşoğlu, 2020. səh. 416
  45. Khafipour, 2013. səh. 195
  46. Khafipour, 2013. səh. 205
  47. 1 2 Aydoğmuşoğlu, 2020. səh. 417
  48. 1 2 Aydoğmuşoğlu, 2020. səh. 418
  49. Khafipour, 2013. səh. 206
  • Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər)). Bakı: Elm nəşriyyat. Nailə Vəlixanlı. 2007. səh. 592.
  • ABÜ BAKR-İ TİHRANI. KİTAB-İ DİYARBAKRİYYE. Ankara: TÜRK TARİH KURUMU BASIMEVİ. Mürsel Öztürk. 2014. ISBN 978-975-16-2752-0.
  • Fahrettin Çiloğlu. Gürcülerin tarihi. İstanbul: Ant yayınları. 1993.
  • Faruk Sümer. Karakoyunlular. Ankara: Türk Tarih Kurumu. 1992.
  • Woods, John E. The Aqquyunlu: Clan, Confederation, Empire. The University of Utah Press. 1999.
  • Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Kastamonu: Uzanlar. Namiq Musalı, Oqtay Əfəndiyev. 2017. 661.
  • Walter Hinz tərc T.Bıyıklıoğlu. Uzun Həsən və Şeyx Cüneyd. Ankara: TTK. 1992.
  • Kazım Paydaş. Akkoyunlu ve Karakoyunlu Türkmenlerinin Gürcistana Yaptıkları Seferler. XXI. Tarih İncelemeleri Dergisi. 2006. 177–196.
  • Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. 407. ISBN 978-9952-34-101-0.
  • Donald Rayfield. Edge of Empires: A History of Georgia. Reaktion Books. 2012. ISBN 978-1780230702.
  • Hani Khafipour. The Foundations of Safavid State: fealty, patronage, and ideals of authority (1501-1576). Chicago: The University of Chicago. 2013. 254.
  • Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. 407. ISBN 978-9952-34-101-0.