Vivian Mayer | |
---|---|
ing. Vivian Maier | |
| |
Doğum tarixi | |
Doğum yeri | Nyu-York, ABŞ |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Çikaqo, İllinoys, ABŞ |
Vətəndaşlığı | ABŞ |
Janr | küçə fotoqrafiyası |
Sayt | vivianmaier.com |
Vikianbarda əlaqəli mediafayllar |
Vivian Doroti Mayer (1 fevral 1926[1][2][…], Nyu-York, Nyu-York ştatı[3] – 21 aprel 2009[4][5][…], Çikaqo[6]) – ABŞ küçə fotoqrafı. Peşəcə uşaq dayəsi olan və fotoqrafiya ilə bağlı heç bir təhsil almayan Mayer həyatı boyunca 150.000-dən çox şəkil çəkmiş və onları bir nəfərə də göstərməmişdir. Yalnız 2009-cu ildə əşyalarını saxladığı depo borcları səbəbilə əşyalarını hərraca çıxardıqdan sonra tanınmışdır.[7]
Nyu-York qalereyasında açılan sərgisi və yaradıcılığından bəhs edən kitabı sayəsində Mayer ölümündən sonra dünya şöhrətli bir fotoqrafa çevrilmişdir.[7]
Vivian Mayer 1 fevral 1926-cı ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdur.[8] Çətin uşaqlıq keçirən Mayer atasını erkən yaşda itirmiş, fransız əsilli anası ilə yaşamağa davam etmişdir. Anasının ölümündən sonra parça fabrikində işə düzəlsə də, daha sonra dayəlik etməyə başlayır. Bu dövrdə Rolleiflex marka kamerası ilə küçələrdə fotoqraflıq etməyə başlayır. Küçə ilə yanaşı mədəni tədbirlərə də tez-tez qatılaraq şəkillər çəkməyə çalışır.[8]
Heç vaxt evlənməmiş və uşaq sahibi olmamışdır.[8] Sevgilisinin olub-olmadığı da məlum deyil.[8] 21 aprel 2009-cu ildə buzda yıxılmış və başından zədə alaraq vəfat etmişdir.[7]
2007-ci ilin qışında yazdığı bir kitab üçün şəkillər axtaran Con Maluf içi neqativlərlə dolu qutu alır. Qutunun içindəki şəkillərin qiymətli olduğunu anlayan Maluf qutu üzərindəki adı Google-da axtarışa versə də, bir nəticə əldə edə bilmir. İki il sonra Maluf şəkilləri öz hesabı ilə buraxmağa, daha sonra Flickr və bloqu vasitəsilə yayımlamağa qərar verir. Nəticədə, gözlənilmədən şəkilləri böyük marağa səbəb olur.[8]
Artan maraqdan sonra Maluf yenə qutudakı adı Google-da axtarışa verir və bu dəfə bir ölüm elanı ilə qarşılaşır. O, fotoqrafın Vivian Mayer olduğunu aşkara çıxarır və onun bütün şəkillərini toplamağa başlayır, dayəlik etdiyi ailərlə bir-bir görüşür. Maluf daha sonra onun şəkillərinin sərgilənməsi üçün mübarizə aparır.[8]
Sosialist və feminist qadın olan Vivian dayəlik etdiyi uşaqları sadəcə parklara deyil, ara küçələrə – sadə vətəndaşların həyatlarını keçirdikləri yerlərə aparırdı. Çünki o, varlıların həyatını yox, işləyən uşaqların, zəhmət çəkən təbəqənin, evsizlərin, qocaların şəkillərini çəkmək istəyirdi.[7]
Sadəcə ara məhəllələri deyil, memarlıq nümunələrini, gözəl qadınları və göz oxşayan geyimləri də fotoaparatına həkk edirdi. Mayer tez-tez müxtəlif üsullarla selfi çəkməyi də yoxlayırdı.[7]
Vivian xidmət etdiyi heç bir ailədə özü, yaxud həyatı haqqında danışmır, hətta bəzən özünü agent kimi tanıdırdı. Ölümündən sonra dayəlik etdiyi ailələr onu qəribə və sakit, öz içinə qapalı biri kimi xatırlayırdı.[7]
Qəribə görünüşü ilə də seçilən Mayer kişisayağı geyinməyə üstünlük verirdi.[8] Maluf onun haqqında deyilənlərdən yola çıxaraq onun fotoqrafiyaya həddən çox bağlandığı nəticəsinə gəlmişdi. Bir dəfə dayəlik etdiyi Robbi adlı uşağı küçədə maşın vursa da, etdiyi ilk iş ona tərəf qaçmaq yox, kamerası ilə onun şəkillərini çəkmək olmuşdur.[8]
Vivian heç vaxt bir şəxsiyyətə bağlı qalmamışdı. Onu tanıyanların hərəsi bir başqa adla müraciət edirdi. Fransız aksentində danışdığından bəzən onu fransız hesab edirdilər.[7]
Vivian Mayer haqqında 2013-cü ildə "Vivian Mayeri tapmaq" adlı sənədli film çəkilmişdir. Sənədli film Ən yaxşı sənədli film nominasiyasında Oskar namizədi olmuşdur.[7]