Xuan Puyol

Xuan Puyol
isp. Juan Pujol García
Şəxsi məlumatlar
Ləqəbi Garbo[2], Bovril[3], Arabel[2], Alaric
Doğum tarixi 14 fevral 1914(1914-02-14)[1][2]
Doğum yeri
Vəfat tarixi 10 oktyabr 1988(1988-10-10)[1][2] (74 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Birləşmiş Krallıq
Döyüşlər
Təltifləri Dəmir xaç
Honorary Member of the Order of the British Empire
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xuan Puyol Qarsia (isp. Juan Pujol García; 14 fevral 1914[1][2], Barselona[1]10 oktyabr 1988[1][2], Karakas[1]) — II Dünya müharibəsi dövründə ikitərəfli agent. Ona görə də onun adı dünyanın məşhur casusları sırasına düşüb.

Xuan Puyol 1912-ci ildə Barselonada doğulub. O, uşaqlıq yaşlarından daha çox casus romanları, detektiv hekayələrlə maraqlanırdı. Xuan Puyol evdə oturaraq müxtəlif qeyri-adi casusluq hiylələri düşünüb hazırlayırdı. Bir gün o, casus olmaq qərarına gəlir və ingilis kəşfiyyatına bu istəyi ilə bağlı müraciət göndərir. İngilis kəşfiyyatı isə bu macəra həvəskarına bel bağlamır və onun bu təklifini rədd edir. Ancaq Xuan bu cavabdan təəssüflənmir və casusluq etmək üçün başqa yollar axtarmağa başlayır. Bir dəfə Xuan Puyol alman səfirliyinə müraciət edir və qatı nasist olduğunu, alman kəşfiyyatında işləmək istədiyini bildirir. Almanlar Xuanın bu istəyini qəbul edirlər. Ona bir neçə məsələləri araşdırıb alman kəşfiyyatına hesabat yollamasını tapşırırlar. Xuan almanlara balaca bir yalan söyləmişdi. Belə ki, Puyol Barselonada yaşamasına baxmayaraq, özünü Londonda yaşayan bir nasist kimi göstərmişdi. Almanlar da fikirləşmişdilər ki, ondan ingilis kəşfiyyatına qarşı rahat bir şəkildə istifadə etmək olar. Xuan Puyol qeyri-adi düşüncə qabiliyyətinə malik insan idi. O, tez bir zamanda işinə başlamış və Barselonadakı kitabxanalardan əldə etdiyi məlumatlar əsasında yarıgerçək ssenarilər yazır və almanlara göndərir. Almanlar onun bu hesabatını bəyənir və onu işə götürürlər. Beləliklə, Xuan Puyolun oyunlarla dolu kəşfiyyat həyatı başlamış olur. Puyol qısa müddətdə almanların peşəkar agentləri sırasına daxil olur

Almanlar Puyolun bacarıqlı casus olduğunu və lazım gəldikdə digər ölkələrdən asanlıqla məlumat toplayacağına inanırlar. Amma Puyol bu məsələdə onların inamını doğrultmur. Almanların artıq onunla ciddi maraqlanmadıqlarını hiss edən, Puyol yenidən ingilis kəşfiyyatına gedir və özünün alman casusu olduğunu deyir. Puyol ingilis kəşfiyyatına bildirir ki, alman casusu olaraq ingilis kəşfiyyatında işləyə bilər. Bundan sonra ingilislər Puyolu “Double Agent

“(ikitərəfli agent) olaraq işə götürürlər. İngilis kəşfiyyatı ikitərəfli agentləri “XX” (cüt iks) işarəsilə kodlamışdılar. “XX komitəsi” kimi tanınan bu təşkilatın 1500 agenti vardı. Nəhayət ki, istəyinə qovuşan macəraçı Xuan Puyol dərhal işə başlayır. “XX” komitəsinin rəhbəri Con Sesil Masterman adlı çox təcrübəli bir xüsusi kəşfiyyatçı idi. O, Puyolun fantaziyasından istifadə edərək, almanları aldatmağın mümkünlüyünü hiss edir. Qalırdı Puyolun xəyal gücü ilə almanları aldatmaq. Bu plan baş tutdu. Puyol qısa bir müddətdə almanları saxta sənədlərlə özünə inandıra və onların ən peşəkar agentlərinin sırasına daxil ola bildi. Almanlar ona “ARABEL”, ingilislər isə GARBO kod adını qoymuşdular.

Puyol almanlarla oyuna 1943-cü ildə başlayır. O, almanlara Londonda ingilislərə qarşı casuslardan ibarət təşkilat qurduğunu və bunu daha da genişləndirmək üçün vəsait lazım olduğunu deyir. Puyolun alman kəşfiyyatına dediyinə görə, 27 agenti var idi. Almanlar bu ispaniyalı casusun çalışmalarına heyran olmuşdular. Onun qısa müddətdə 27 casus toplaya bilməsi qeyri-adi hal idi. Maraqlıdır ki, almanlar buna inanırlar və bütün agentlər üçün ayrı-ayrı pul ödəməyə başlayırlar. Həqiqətdə isə Xuan Puyoldan başqa, heç bir casus yox idi.

O, uydurduğu agentlər adından 200-ə qədər hesabat yazdırmış və Barselonadan alman kəşfiyyatına göndərmişdi. 1943-cü ilin axırında ingilislər bu həvəskar agentin öz balaca otağından belə qeyri-adi əməliyyatlar həyata keçirdiyini görüb, onu gizlicə İngiltərəyə aparırlar. Puyol həyatında ilk dəfə idi ki, Londona gəlmişdi. İngilislər onun idarə edəcəyi gizli “Aldatma” əməliyyatı “hazırladılar və ona “Fortitude”(dözüm) kod adını verdilər. Həqiqətən də, Puyol əməliyyatı uğurla həyata keçirir.

Oyun zamanı ingilislər Puyola gizli sənədlər də verirdilər, O isə sənədləri almanlara ötürürdü. Amma sənəddə olan məlumatlar və tapşırıqlar artıq yerinə yetmiş və iş-işdən keçmiş olurdu. Bu vaxt isə Puyol almanları günahlandırır və daha çevik və yaxşı əlaqə qura bilmədikləri üçün özünün və agentlərinin canları bahasına əldə etdikləri sənədləri heç etdiklərini deyirdi. Puyolqarşısındakını günahkar çıxarmaq barədə peşəkar idi.

Nəhayət, 1945-ci ildə Puyol ən böyük oyununu oynadı. O, Amerika, Kanada, Böyük Britaniya və digər dövlətlərin birləşərək Normandiyaya basqın edəcəyini almanlara bildirir. O, basqının nə vaxt, saat neçədə olacağını belə yazmışdı. Ancaq Puyol basqın olunacaq yerin Normandiya deyil, başqa bir ərazi olacağını bildirir. Marşal Rommel ona gələn bu çox gizli məlumatı alanda buna uyğun tədbir görür. Hətta Hitler belə bu yalana inanır. Nəticədə almanlar öz qüvvələrini yanlış mövqeyə toplayırlar və bu da müttəfiqlərə Normandiya hücumunu uğurla başa çatdırmağa imkan verir.

Bu hadisədən sonra belə almanlar Puyolun ikitərəfli casus olduğunu anlamırlar, həm Puyola, həm də onun uydurma agentlərinə pul göndərməyə davam edirlər. Bunun səbəbi isə yenə Puyolun qarşısındakını günahkar çıxarmaq bacarığı idi.

Müharibədən sonra ingilislər Xuan Puyola vətəndaşlıq və maaş təklif etdilər. Həvəskar casus bunları istəmədi. İngilislərdən bir tək istəyi oldu: “Mənə Venesuela vətəndaşı olmağıma dair saxta bir pasport verin və orada yaşaya bilməyim üçün dəstək təşkil edin”. Puyolun bütün istəyi bu idi. Ancaq niyə məhz Venesuelada yaşamaq istəyi isə bilinmədi. İngilislər onun bu arzusunu yerinə yetirdilər. Bundan bir neçə ay sonra Puyolun ölməsi haqqında şayiələr yayıldı. Ancaq Puyol ölməmişdi. O, rahat yaşamaq üçün peşəkarcasına öz saxta ölümünü təşkil edə bilmişdi. Həvəskar casus 1946-cı ildə Venesuelada yerləşir. Nəhayət, 1988-ci ildə ingilis kəşfiyyatı açıqlama edərək, Xuan Puyolun, İkinci Dünya Müharibəsinin ən qeyri-adi və maraqlı casusunun öldüyünü bildirdi. Müxtəlif mənbələrin məlumatına görə, Puyol Karib dənizi ilə Henri Piter milli parkının arasında yerləşən şəhərdə dəfn olunub.

  1. 1 2 3 4 5 6 7 8 Juan. Garbo Pujol García // Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
  2. 1 2 3 4 5 6 Joan Pujol i Garcia // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  3. Çex Milli Hakimiyyət Məlumat bazası.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]