Şumey Okava | |
---|---|
yap. 大川周明 | |
Doğum tarixi | 6 dekabr 1886[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 24 dekabr 1957[1] (71 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | bronxial astma |
Təhsili | |
Fəaliyyəti | dilçi, tarixçi, tərcüməçi, yazıçı, universitet müəllimi[d], jurnalist |
Vikianbarda əlaqəli mediafayllar |
Şumey Okava (大川 周明, Okava Şumey?, 6 dekabr 1886[1], Sakata[d], Yamaqata prefekturası – 24 dekabr 1957[1], Tokio[d]) – Yaponiya milliyətçisi, aktivisti, panasiyanist yazıçısı. Yaponiyada bir sıra milliyətçi təşkilatlar yaratmışdır. O, müttəfiqlər tərəfindən "yapon Gebbels" adlandırılmışdır.[2]
1886-cı ildə Yaponiyanın Yamaqata prefekturasında tanınmış həkim ailəsində doğulmuşdur. Kumamotoda yerləşən Beşinci liseydə təhsil almışdır. Lisey illəri zamanı xristianlıqla yaxından maraqlansa da, özü heç vaxt xristian olmamışdır.[3]
Okava Tokio Universitetində Qərb dünyasının dinləri üzrə təhsil almışdır.[4] Universitet illərində Seyiçi Hatano və Cunciro Takakusu kimi professorlardan dərslər almış, Fridrix Şleyermaxerin yazılarından təsirlənmiş, hind fəlsəfəsi ilə maraqlanmışdır. 1911-ci ildə universitetdən məzun olduqdan sonra Tokioda qalaraq ordu üçün tərcüməçi kimi işləməyə başlamışdır.[3]
Okava Henri Kottonun "Yeni Hindistan" (1885) əsəri ilə tanış olduqdan sonra siyasi fəaliyyətə başlamışdır. 1910-cu illərdə Hindistanın müstəqillik hərəkatı iştirakçıları – Raş Behari Bous və digər Yaponiya hindləri ilə əlaqələr yaratmış,[3] Qərb müstəmləkəçiliyinə qarşı mövqe almışdır. 1910-cu illərin sonuna doğru Yaponiyanın ənənəvi dəyərlərinin üstünlüyünü müdafiə etməyə başlamışdır.[4]
1918-ci ildə Cənubi Mancuriya Dəmiryolunun Tədqiqat Bölməsində işləməyə başlamışdır.[5] Sağa meyil edən Okava 1919-cu ildə İkki Kita və digərləri ilə Yuzonşa (azərb. Dözüm Cəmiyyəti) yaratmışdır. Bu təşkilat Yaponiya cəmiyyətinin ənənəvi xətlər üzrə yenidən təşkil olunmasını müdafiə edirdi. Okava milliyətçi ideyalar ətrafında yazmağa və mühazirələr verməyə başlamışdır.[4] 1920-ci illərdə Tokio, Kioto, Hokkaydo, Vaseda universitetlərində tələbə təşkilatları yaratmışdır. 1920-ci ildə Tokuşoku Universitetində tarix və müstəmləkə siyasəti müəllimi olmuşdur. Okava 1923-cü ildə İkki Kita ilə əlaqələrini kəsmişdir. Kita Yaponiyada siyasi sistemin tamamilə dəyişdirilməli olduğunu müdafiə etsə də, Okava bürokratik elit qruplar və hərbçilərlə işləmək istəyirdi. Okava 1925-ci ildə "Koçişa" (azərb. Aktivistlər Cəmiyyəti) sağçı təşkilatını, daha sonra "Dayqakuryo" milliyətçi təhsil institutunu qurmuşdur.[5]
Okava 15 may 1932-ci ildə hökumətə qarşı planlaşdırılmış çevriliş cəhdinə maddi yardım göstərməklə ittiham olunmuş və 1935-ci ilin oktyabrında 5 illik həbs cəzası almışdır. 1937-ci ildə əfv olunaraq vaxtından əvvəl azadlığa çıxmışdır. Azadlığa çıxandan sonra Cənubi Mancuriya Tədqiqat Bürosuna qoşulmuş, 1939-cu ildə Hosey Universitetinin müəllimi olmuşdur.[5] İkinci Dünya müharibəsindən sonra müharibə cinayətləri ilə ittiham olunmuş yeganə şəxs olmuş, lakin dəli olduğu əsas gətirildiyi üçün məhkəmə qarşısına çıxmamışdır.[4]
1926-cı ildə nəşr olunmuş "Yaponiya və yaponların yolu" (Nihon oyobi nihoncin no miçi) kitabını yazmışdır. İkinci Dünya müharibəsinə qədər xeyli populyar olan bu kitab 46 dəfə nəşr olunmuşdur. Yaponiya tarixi və ənənələri, Avropa müstəmləhəçiliyi və Asiyada genişlənmə siyasətinin tarixi haqqında kitab və məqalələr yazmışdır. O, Asiya ilə Avropa arasında hərbi konfliktin qaçınılmaz olduğunu və Yaponiyanın Asiyanın lideri kimi ABŞ ilə döyüşəcəyi fikrini yaymışdır.[5]
Müharibədən sonra İkki Kita və Kanci İşivara kimi şəxslər haqqında əsərlər yazmış, Quranı yapon dilinə tərcümə etmiş və "Əmin-amanlıq darvazası" (Anraku no mon) adlı avtobioqrafiyasını nəşr etdirmişdir.[5]