Əbdül-Bəha Abbas | |
---|---|
ərəb. عبد البهاء | |
Bəhai dinində Əhdin mərkəzi və dinin səlahiyyətli şərhçisi | |
Şəxsi məlumatlar | |
Doğum adı | عَبّاس اَفَندی |
Doğum tarixi | |
Doğum yeri | Tehran, İran |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Hayfa, Fələstin |
Dəfn yeri | |
Fəaliyyəti | dini rəhbər[d] |
Atası | Bəhaullah |
Anası | Asiyə xanım[d] |
Dini | Bəhailik |
Vikianbarda əlaqəli mediafayllar |
Əbdül-Bəha (23 may 1844[1], Tehran – 28 noyabr 1921[1], Hayfa) — Bəhai dininin peyğəmbəri Bəhaullahın böyük oğludur.[2] 1892-ci ildə Əbdül-Bəha atasının vəsiyyətinə əsasən onun varisi və Bəhai dinin ondan sonrakı rəhbəri təyin olunur.[3] O Tehranda əsilzadə ailəsində anadan olmuşdur, belə ki babası Mirzə Abbas Nuri Fətəli şah Qacarın vəziri olmuşdur.
8 yaşı olarkən atası Bəhaullah həbs olunur və ailənin bütün əmlakı müsadirə olunur. 4 ay sonra atasının İrandan sürgün olunması ilə Bağdada gəlirlər və 9 il burada yaşayırlar. O artıq kiçik yaşlarından atasına sədaqət göstərirdi və yeniyetməlik dövründə isə onun katibi olaraq xidmət edirdi. 1863-cü ildə atasının İstanbula, sonra Ədirnəyə və daha sonra da Əkkaya sürgün edilməsi ilə Əbdül-Bəha da ailə üzvü olaraq eyni taleyi yaşayır.
1908-ci ildə 40 illik həbs və sürgün həyatından sonra Gənc Türklər tərəfindən azad edilir. Bundan sonra Əbdül-Bəha Bəhai dinini yaymaq üçün Qərbə, Avropa və Amerika Birləşmiş Ştatlarına səfər edir. Bəhailər üçün Əbdül-Bəha Bəhai dininin 1892–1921-ci illər üçün rəhbəri, Bəhai müqəddəs yazılarının səlahiyyətli və qüsursuz şərhçisi, həmçinin kamil insan nümunəsi kimi qəbul edilir.
Bəhaullahın böyük oğlu Əbdül-Bəha 1844-cü il mayın 23-də (hicri 1260, Cəmadiyələvvəl ayının 5-i)[4], Babın Molla Hüseynə Öz Missiyasını açıqladığı həmin gecə anadan olmuşdur.[5] Əsl adı Abbasdır. Ailəsi əsilzadə olduğuna görə, Əbdül-Bəhanın uşaqlığı bacısı Bəhiyyə və qardaşı Mehdi ilə birgə xoşbəxt və rahatlıq içində keçmişdir.[6] Uşaqlığında həmçinin atası və anasının öz evlərini yoxsullar, kimsəsizlər və xəstələr üçün açması, onlara yardım etməsi fəaliyyətlərinə şahid olmaqla keçmişdir.[7]
Əbdül-Bəha uşaqlığında azacıq sistemsiz təhsil ala bilmişdir. O zaman əsilzadə ailələrin uşaqları məktəbə (mədrəsəyə) göndərilməzdi. Bu kimi uşaqlar öz evlərində müqəddəs kitabı, ədəbiyyatı, xəttatlığı və təməl riyaziyyatı öyrənərdilər. Bu uşaqlar daha çox digər ailə üzvləri kimi dövlət məmuru kimi hazırlanardılar. Əbdül-Bəha da 7 yaşından bir il müddətinə bu cür qeyri-rəsmi təhsil almışdır.[8] Sürgün həyatı ərzində anası və əmisi ona bacardıqları təhsili vermişlər.[9] Lakin ümumi olaraq təhsil və təlimini o atasına borcludur.[10] Əbdül-Bəha bu ağır şərtlər altında böyüsə də, 1890-cı ildə Fələstinə səfər edən britaniyalı alim, şərqşünas Eduard Qranvil Braun onu belə təsvir edirdi: "nitqində bəlağətli, arqument gətirməkdə hazırlıqlı, təsvir etməkdə sərrast, yəhudi, xristian və müsəlmanların müqəddəs yazılarına yaxşı bələd və onları bir-birilə uzlaşdırmağı bacaran".[11]
Əbdül-Bəhanın 7 yaşı olanda o vərəmə yaxalanır və gözlənilir ki, öləcək. Baxmayaraq ki, xəstəlik sovuşur, lakin onun fəsadları həyatının axırınadək qalır.[12] Əbdül-Bəhanın uşaqlığında ona ən çox təsir edən hadisələr, atasının həbs edilərək Siyah-Çala salınması, bütün əmlaklarının əllərindən alınması və babi kimi tanındıqlarına görə bu kiçik yaşında öz həmyaşıdlarının diskriminasiyasına məruz qalması idi.[5]
1853-cü ilin yanvarında atası Bəhaullah Tehranda həbsdən buraxılıb dərhal Osmanlıya sürgün olunanda Əbdül-Bəha da onunla birgə Bağdada gedir və onlar aprel ayında gəlib bura çatırlar.[12] Səfər zamanı Əbdül-Bəha donmaqdan əziyyət çəkir.
Bağdaddakı ilk ildə babi icmasında Bəhaullahın ögey qardaşı Mirzə Yəhyanın yaratdığı fitnə-fəsad səbəbindən Bəhaullah ara sakitləşsin deyə hər kəsi tərk edərək çıxıb gedir.[13] Mirzə Yəhya bu fitnə-fəsadı Bəhaullahın ətrafında yaradırdı, bu səbəbdən o uzaqlaşır. Bəhaullah tam 2 il Süleymaniyə dağlarında yalnız yaşayır. Bu illərdə anası Asiyə onun təlim-tərbiyəsi ilə ciddi-cəhdlə məşğul olur.[7] Əbdül-Bəha həddi büluğa çatmamış (yaxın şərqdə bu 14 yaş kimi qəbul olunur)[14] atasının olmaması səbəbindən ailə məsuliyyətlərini öz üzərinə götürməyə başlayır.[15] Əbdül-Bəha oxumaqla çox məşğul olar, o dövrdə kitabların üzünü köçürtmək adət olduğundan çox vaxtını Babın yazılarını oxuyub üzünü köçürərdi.[12] 1856-cı ildə Sufi şeyxləri vasitəsilə şəhərə qeyri-adi bir dərviş haqqında xəbərlər yetişdi və ailə bunun Bəhaullah olacağını güman edərək adamlar göndərdi. Mart ayında Bəhaullah geri qayıtdı.[13][16] Əbdül-Bəha tezliklə atasının katibi və qalxanı oldu.[5] Əbdül-Bəha tədricən yeniyetməlikdən böyüdü və gənc bir oğlan oldu. Xeyirxah və lütfkar biri kimi tanınmağa başladı.[5] Yetkinlik yaşına çatmış Əbdül-Bəha tez-tez Bağdadın məscidlərində ruhani mövzuları və kitabları müzakirə edərkən görünərdi. Sufi şeyxi Əli Şövkət Paşa Bəhaullahdan "mən gizli bir xəzinə idim…" hədisinin açıqlamasını istəyəndə, Bəhaullah bu sualı Əbdül-Bəhaya yönəldir və o da bu barədə öz şərhini qələmə alır.[5][17] Əli Şövkət Paşa 11000 söz həcmi olan bu şərhi oxuduqda, onu çox yüksək qiymətləndirdi və inana bilmirdi ki, bunu 15–16 yaşlı bir gənc yazıb.[5] 1863-cü ilin aprelində Bəhaullah "Rizvan bağı" adlanan yerdə elan etdi ki, o Allahın zühurudur və Babın vəd verdiyi "Allahın zahir edəcəyi kəs"dir. Deyilənə görə Bəhaullah öz iddiasını ilk olaraq Əbdül-Bəhaya açıb.[18]
1863-cü ilin aprelində Bəhaullah İstanbul çağırılır və beləliklə 19 yaşlı Əbdül-Bəha və bütün ailə üzvləri 110 gün sürəcək səfərə çıxırlar.[12] İstanbula səfər çox yorucu idi[19] və Əbdül-Bəha səfər boyu sürgünlərin qidalanması məsuliyyətini götürmüşdü.[6] Məhz bu dövr idi ki, onun şəxsiyyəti haqqında bəhailər arasında fikir formalaşırdı. Daha sonra Bəhaullahın nazil etdiyi "Budaq Lövh"ündə o özü da oğlunun keyffiyyətləri və məqamını ucaldır.[20]
Onlar İstanbuldan tezliklə Ədirnəyə göndərilirlər. Ədirnədə Əbdül-Bəha ailəyə nisbi rahatlıq təmin edən şəxs qismində idi — xüsusilə də anasına.[19] Bu ərəfədə Əbdül-Bəha öz yerliləri tərəfindən "Ağa", şəhərdə isə "Əfəndi" (cənab mənasında) olaraq çağırılmağa başlanır. Bəhaullah isə yazılarında onu "Allahın sirri" adlandırır. "Allahın sirri" ifadəsindən bəhailərin başa düşdüyü budur ki, Əbdül-Bəha Allahın elçisi deyil, amma onun şəxsiyyətində insan təbiəti ilə fövqəlbəşəri bilik və kamillik birləşmiş və ahəng əmələ gətirmişdir.[21][22] 4 il yarım Ədirnədə qaldıqdan sonra hökumət əvvəlcə Bəhaullahı ailəsindən ayıraraq sürgün etmək qərarına gəlir və bu Əbdül-Bəhanın ciddi-cəhdlərindən sonra ailə bütöv olaraq Əkkaya sürgün edilir.
Artıq 24 yaşında Əbdüı-Bəha atasının əsas təmsilçisi, həmçinin Bəhai icmasının görkəmli üzvü idi.[12] Bəhaullah və ailəsi Əkka cəza koloniyasına sürgün edilərkən gözlənti bu idi ki, ailə burda tamamilə tələf olub izi-tozu qalmayacaq.[23] Bu yeni səfər ailəni və sürgünləri böyük əziyyətlə qarşı-qarşıya qoydu. Onlar yerli əhali tərəfindən düşməncə qarşılandılar, atası və bacısı ağır xəstələndi.[5] Əbdül-Bəha bir qədər dərman təmin edə bildi və xəstələrlə məşğul olmağa başladı.[19] Bəhailər nəcis və kirlə örtülü dəhşətli şəraiti olan kameralara salındılar.[5] Əbdül-Bəha özü də dizenteriyaya tutuldu, ona qarşı simpatiyası yaranmış əsgər həkimin onu müalicə etməsinə icazə verdi.[5] Əhali onlardan uzaq gəzirdi, əsgərlər də onlarla bu cür davranırdı.[6][12] Əbdül-Bəhanın gənc qardaşı Mirzə Mehdinin 22 yaşında qəfil ölümü əhvalları bir az da korladı.[19]
Əbdül-Bəha tədricən kiçik bəhai sürgünləri icması ilə xarici dünya arasında münasibətlər məsuliyyətini öz üzərinə götürür. Bəhailərin fikrincə, onun Əkka əhalisi ilə qurduğu münasibətlər bəhailərin təqsizliyinə inamı artırdı və beləliklə bəhailərin həbs şəraiti dəyişməyə başladı.</ref>[24] Mirzə Mehdinin ölümündən 4 ay sonra ailəyə Abbudun evinə köçüb orda yaşamağa icazə verildi.</ref>[25] Əkka əhalisi getdikcə bəhailərə daha çox ehtiram göstərməyə başladılar, xüsusilə də, Əbdül-Bəhaya. Əbdül-Bəha ailəsi üçün evlər kirayə götürməkdə razılıq almağa nail oldu və ailə daha sonra 1879-cu ildə Bəhci evinə köçdü. Əbdül-Bəha nəhayətdə cəza koloniyasında çox şöhrət qazandı və çoxlu sayda insanlar — suriyalılar, ərəblər, həbəşlər və digərləri — hər biri onunla görüşməyə, söhbət etməyə, çətinliklərini bölüşməyə can atırdılar.[26] Əbdül-Bəha Babın Məkkə səfərini təsvir etdiyi "Səyyahın hekayəsi" əsərini 1886-cı ildə qələmə alır və bu əsər 1891-ci ildə Kembric Universitetinin professoru Eduard Qranvil Braun tərəfindən ingilis dilinə tərcümə edilir. E. Q. Braun daha sonra Əbdül-Bəhanı belə təsvir edirdi:
Əbdül-Bəhanın evlilik həyatı 1873-cü ildə başladı. O İsfahan bəhailərindən olan Əli Nəhri İsfahaninin qızı Fatimə Nəhri ilə evləndi. Bu evlilik dövründə onların 9 övladı olsa da, Əkkanın iqlimi və çətinlikləri ilə bağlı onlardan 5-i yetkinlik yaşlarına çatmamış vəfat etmişlər.
Bəhaullahın 1892-ci mayın 29-u vəfat etməsindən sonra, onun "Əhd kitabı"na görə Əbdül-Bəha ondan sonra "Əhdin mərkəzi, dinin rəhbəri və müqəddəs mətnlərin yeganə səlahiyyətli şərhçisi" təyin olunur.[27] Əbdül-Bəhanın dövründə Bəhai dini sürətli inkişafını həm şərqdə, həm də qərbdə davam etdirir. 1898-ci ildən etibarən qərbdən olan yeni bəhailər Əbdül-Bəhanı gəlib Əkkada ziyarət edirlər. Əbdül-Bəha müxtəlif ölkələrdən yeni inananlar icmaya qoşulduqca onların inkişafını müşayiət edir, onların xarakterinin kamilləşməsinə, təlimləri qavramalarına yardım edir və onları öz ölkələrində bu yeni təlimi yaymağa təşviq edir.
19-cu əsrin son illərində, baxmayaraq ki, Əbdül-Bəha hələ də rəsmi olaraq məhbus sayılırdı, Babın qalıqlarının İrandan Fələstinə gətirilməsini təşkil etdi. Daha sonra Karmel dağında torpaq ərazisi satın aldı ki, orada Babın məqbərəsini tikdirsin, hansı ki, bu tapşırığı illər öncə Bəhaullahdan almışdı. Bu proses 10 il çəkdi.[28] Əbdül-Bəhanın qardaşı, Mirzə Məhəmməd Əli onun şöhrəti qısqananlar arasında idi. Şərqdən və qərbdən çoxlu insanların Əbdül-Bəhaya maraq göstərmələri, ondan öyrənmələri bu şəxsdə qıcıq yaradır və o 1901-ci ilin avqustunda Osmanlı hökumətinə yazır, Əbdül-Bəhanın xalqı hökumətə qarşı qaldırmaqda olduğunu, xarici ölkələrlə də bunun planını irəlilətdiyini inandırmağa çalışır, onları təhrik edir ki, Əbdül-Bəhanın həbs şərtlərini ağırlaşdırsınlar.[27][29] Vəziyyət qısa müddətdə kritikləşsə də, 1902-ci ilə doğru Əkka şəhərinin valisinin Əbdül-Bəhaya heyranlığı səbəbindən şərtlər ağırlaşmırdı, lakin bununla belə o şəhəri də tərk edə bilməzdi.[29]
1902–1904-cü illər ərzində Əbdül-Bəha Babın Karmel dağındakı məqbərəsinin tikintisi ilə yanaşı, daha 2 proyekti irəlilətdi: İranda, Şiraz şəhərində Babın evinin bərpası və Türkmənistanın Aşqabad şəhərində ilk Bəhai ibadət evinin tikintisi.[30] Əbdül-Bəha Ağa Mirzə Ağa adlı bəhaiyə Babın evinin bərpası işini koordinasiya etməsinə tapşırır, belə ki, evin vəziyyəti Babın Molla Hüseyn öz missiyasını elan etdiyi dövrdəki kimi olsun.[30] Həmçinin Türkmənistandakı ibadət evinin tikilməsi işini də Babın yaxın qohumu olan Vəkil`üd-Dövləyə tapşırır.[31]
Bununla yanaşı 1904-cü ildə Mirzə Məhəmməd Əlinin fəaliyyətləri səbəb olur ki, hökumət Əbdül-Bəhanı çağırdı ki, sorğu-sual etsin və ittihamlara cavab versin. İstintaq zamanı ona qarşı ittihamların əsassızlığı göründü və istintaq saxlanıldı.[32][33] Növbəti illərdə Əkkada məhbuslara qarşı nisbətən daha da azaldı və artıq ziyarətçilər rahat gələ və Əbdül-Bəhanı ziyarət edə bilərdilər. 1909-cu ilə artıq Babın məqbərəsindəki iş tamamlanır.[34]
1908-ci ildə Gənc Türklər inqilabi ilə Osmanlının bütün siyasi məhbusları azadlığa çıxdı. Əbdül-Bəha və ailəsi də İranda Babilər hərəkatı ilə başlayan hadisələrdə ittiham olunduqları üçün siyasi məhbus sayılırdılar və onlar da həmçinin azadlığa çıxmış oldular. O ilk olaraq Əkkaya ziyarət edir və Bəhaullahın həyatının son dövrlərini keçirdiyi Bəhci evinə baş çəkir.[35]
1910-cu ildə ölkəni tərk etmək azadlığı əldə edərək Əbdül-Bəha Misir, Avropa, Şimali Amerikanı ziyarət etmək və Bəhai dini təlimlərini yaymaq üçün 3 illik səfərə çıxdı.[27] 1911-ci ilin avqustundan dekabradək o Avropanın London, Bristol, Paris şəhərlərini ziyarət etdi. Səfərlərin məqsədi Qərbdəki bəhai icmalarına dəstək vermək və onların bundan sonrakı inkişafına təkan vermək idi.[36] Növbəti il o Amerika və Kanadaya irimiqysalı səfərini edir. "Bu pulu xeyirxah məqsədlərə xərcləyin" deyərək o bəhailərin Titanik gəmisində səfər etmək təklifini qəbul etmir.[37] Bunun əvəzinə "S. S. Cedric" gəmisi ilə səyahət edir və 11 aprel 1912-ci ildə gəlib Nyu-Yorka çatdı.[38] 16 apreldə Titanikin batması xəbərini alanda, "mənə də onunla səyahət etməyi məsləhət gördülər, lakin daxildən bir səs bunu etməməyimi bildirdi" deyir.[37] Vaxtının daha çoxunu Nyu-Yorkda keçirməklə yanaşı Əbdül-Bəha Çikaqo, Klivlend, Pittsburq, Vaşinqton, Boston və Filadelfiyanı da ziyarət edir. Həmin ilin avqustunda o Nyu-Hempşirə, Men ştatındakı "Green Acre"[39] Bəhai məktəbinə və Monreala (Kanada) səfər etdi. Daha sonra o oktyabrın sonu Şərqə qayıtmamışdan əvvəl son olaraq Minneapolis, San-Fransisko, Stenford, Los-Ancelesə səfər edir. 5 dekabr tarixində o Avropaya qayıdır.[40]
Şimali Amerikaya səfəri zamanı Əbdül-Bəha bir çox təriqətləri, kilsələri və qrupları və çoxlu sayda bəhailəri ziyarət etdi və yüzlərlə insanın qatıldığı yığıncaqlarda iştirak edir.[41] Öz söhbətləri zamanı o "Allahın birliyi", "dinlərin birliyi", "insanlığın birliyi", "qadın və kişilərin bərabərliyi", "dünyada sülh" və "iqtisadi ədalət" haqqında daha çox danışardı.[42] O həmçinin təkid edirdi ki, onun bütün görüşləri bütün irqlərin nümayəndələri üçün açıq olsun.[42]
Onun səfərləri və görüşləri haqqında qəzətlərdə yüzlərlə məqalə dərc olunurdu.[42] Boston qəzetinin müxbirləri ondan soruşurlar ki, o nə üçün Amerikaya gəlib və o cavab verir ki, o sülh mövzusunu irəlilətmək üçün konfranslarda iştirak etməyə gəlib və insanlıq üçün artıq sadəcə xəbərdarlıq çağırışları etmək kifayət deyil.[43] Əbdül-Bəhanın Monreala səfəri qəzetlər tərəfindən geniş işıqlandırılır. Onun gəldiyi gecə "Montreal Daily Star" qəzetinin redaktoru onunla görüşür, həmçinin "Montreal Gazette", "Montreal Standard", "Le Devoir" və "La Presse" kimi qəzetlər onun bütün səfərinin təfərrüatlarını gündəlik paylaşırlar.[44][45] Qəzetlərdəki məqalələrin başlıqları belə olurdu: "İranlı ustad sülhü təbliğ edir", "İrqçilik doğru deyil, şərqli arif deyir, münaqişə və müharibələri dini və milli önyarğılar yaradır", "Sülh həvarisi sosialistlərlə görüşür, Əbdül-Bəhanın artıq sərvətin necə paylanılması planı".[45] Bütün Kanada boyunca yayılmış "Montreal Standard" qəzeti Əbdül-Bəhaya o qədər maraq göstərirdi ki, məqalələri 1 həftə sonra təkrar dərc etdirirdi. "Gazette" 6 məqalə dərc edir, Monrealın ən böyük fransız dilli qəzeti isə 2 məqalə.[44] Əbdül-Bəhanın 1912-ci ildəki Monreal səfəri həmçinin yumorist Stephen Leacock-u ilhamlandırır ki, Əbdül-Bəhanı özünün "Arcadian Adventures with the Idle Rich" adlı 1914-cü ildə buraxılmış bestseller əsərində təsvir etsin.[46] Çikaqodakı bir qəzet məqaləsinin başlığı isə belə idi:"Zati Aliləri bizi ziyarət etmişlər, X Piy (Roma papası) yox, Əbdül-Bəha".[45] Əbdül-Bəhanın Kaliforniya səfərini isə "Palo Altan" işıqlandırır.[47]
Avropaya geri dönəndə Əbdül-Bəha London, Paris (harada ki, o 2 ay qalır), Ştutqart, Budapeşt və Vyanaya da gedir. Nəhayət 12 iyun 1913-cü ildə o Misirə gedir, burada 6 ay qaldıqdan sonra isə Hayfaya qayıdır.[48]
Birinci Dünya Müharibəsi ərzində Əbdül-Bəha Müttəfiqlərin bombardmanı və Türk qüvvələrinin təhdidi altında Fələstində qalır. Müharibə bitdikdən sonra Fələstin boyunca Britaniya Mandatı hər hansı təhlükənin qarşısını artıq almış oldu. Həyatının bu son illərində artan sayda ziyarətçilər və zəvvarlar Əbdül-Bəhanı Hayfada ziyarət etməyə gəlirlər.[49] Əbdül-Bəha 28 noyabr 1921-ci ildə (hicri 1340, 27 Rəbiüləvvəl) dünyasını dəyişir.[4] J. E. Esslemont onun dəfni haqqında yazır:
"Belə bir dəfn nəinki Hayfada, heç bütün Fələstin boyu görülməmişdi…Hisslər o qədər dərin idi ki, minlərlə hüznlünü bu dəfnə gətirmişdi, müxtəlif dinlərin, irqlərin nümayəndələrini.[50] O Babın məqbərəsinin yanında, Karmel dağında basdırılır.
Əbdül-Bəha öz "Əhd və Vəsiyyətnamə" kitabında öz nəvəsi Şövqi Əfəndini Bəhai Dininin Vəlisi təyin edir. Bu o demək idi ki, Əbdül-Bəhadan sonra Bəhai dininin rəhbəri və müqəddəs yazıların səlahiyyətli şərhçisi Şövqi Əfəndidir.[27]
Əbdül-Bəhanın lövhlər, məktublar, kitablardan ibarət cəmi yazılarının həcmi 27000 ətrafındadır, hansı ki, ancaq bir hissəsi ingiliscəyə tərcümə edilə bilmişdir.[51] Aşağıdakı siyahı Əbdül-Bəhanın lövhləri, məktubları və çıxışlarından ən çox tanınanlardır:
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |