Əl Şərqiyyə TV | |
---|---|
Ölkə | İraq |
Yayım ərazisi | Orta Şərq |
Baş qərargah | Dubay |
Yaranma tarixi | 2004 |
Sahibi | Saad Əl Bəzzaz |
Rəhbərlik | Alla Əl Dahhan |
Şüar | "İraqın birlik və həmrəyliyi" |
Sayt | alsharqiya.com |
Əl Şərqiyyə TV — İraqda sünni kəsimi ön plana çıxarmaqla xalqın çətinliklərini işıqlandıran kanal.
Sünni qrupuna aid Əl Şərqiyyə televiziyası Səddam dövrünün ən güclü illərində İraqın yazışmalar üzrə katibi olmuş və Səddam Hüseynin həyat hekayəsini qələmə almış, sünni ərəb Saad Əl Bəzzaz tərəfindən yaradılıb. O, ABŞ-nin İraqı işğal etməsindən bir il sonra 30 milyon dollar büdcə ilə Dubayda bir televiziya kanalı qurub. Kanalın baş direktoru Alla Əl Dahhandır. Kanalla yanaşı “Əl Zaman” və “Əl Şərqiyyə” FM radioları da eyni vaxtlarda yaradılıb.
İraqın birlik və həmrəyliyini müdafiə edərək işğalın sona çatdırılması, məzhəb toqquşmalarına fürsət verilməməsi, iqtidara qarşı tənqidi verilişlər hazırlanması başlıca məqsədlər sırasındadır. Yaxın Şərq xalqları üzərində böyük təsirə malik “Əl Şərqiyyə” TV İraqda mətbuat orqanlarının etnik qruplara bərabər səviyyədə yanaşmadığını nəzərə alıb həqiqəti çatdırmaq üçün qurulub.
“Əl Şərqiyyə” televiziya kanalı xəbərlərlə yanaşı musiqi, əyləncə və teatr mövzularına yer vermişdir. Eyni zamanda ölkədəki zorakılıq hadisələrini başqa formada tamaşaçılara çatdıran “Əl Şərqiyyə” TV kanalı komediya, əyləncə və musiqi ilə tamaşaçıların diqqətini xəbərlərə yönəldib. Kanalda “Əl Musaadə” (“Yardım”), “Əl Pitaka Əl Təmviniyyə”, “Bitaka Əl Şəxsiyyə”, “Şəyif Əl Xayir” və “Mustahlə” “Əl Burc Əl Ali”, “Kursə və Aməl”, “Miğtaribun” verilişləri yayımlanır.
Həmçinin karikatura verilişlərinə də yer verilir. Verilişi hazırlayan Əlu Hanun, komediyaçılar Saad Kabləcə, Buşra İsmayıl, Məcid Yasin, Züheyr Rəşid, Əli Cabir, Vəlid Həsəndir. Digər vacib olan verilişlərdən biri də “Əl Beyt Beyittək” verilişirdir ki, İraq xalqının birlik və bərabərliyini təmin etmək üçün Bağdaddakı ailələri ziyarət edib televiziyanın özlərinin olduğunu vurğulayırlar.[1]