Əli Kohen | |
---|---|
ivr. אֱלִיָּהוּ בֵּן שָׁאוּל כֹּהֵן | |
Şəxsi məlumatlar | |
Ləqəbi | Kamal Əmin Taybet |
Doğum tarixi | |
Doğum yeri | İsgəndəriyyə, Misir |
Vəfat tarixi | (40 yaşında) |
Vəfat yeri | Dəməşq, Suriya |
Vəfat səbəbi | edam edilib |
Dəfn yeri |
|
Vətəndaşlığı | İsrail |
Həyat yoldaşı | Nadiya Məjald |
Uşağı | 3 |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | İsrail Silahlı Qüvvələri |
Qoşun növü | Mossad |
Xidmət illəri | 1961-1965 |
Vikianbarda əlaqəli mediafayllar |
Eliyahu Ben Şaul Kohen (ivr. אֱלִיָּהוּ בֵּן שָׁאוּל כֹּהֵן; ərəb. إيلياهو بن شاؤول كوهين; 6 dekabr 1924[1][2], İsgəndəriyyə – 18 may 1965[3][2], Dəməşq) — Daha çox Əli Kohen adı ilə tanınmışdır. İsrail xüsusi xidmət orqanı Mossadın cəsusu. 1961-1965-ci illərdə Suriyada casusluq fəaliyyətləri ilə məşğul olmuş, Suriyanın siyasi və hərbi iyerarxiyası ilə sıx əlaqələr yaratmışdır. Suriya Müdafiə Nazirinin baş məsləhətçi vəzifəsinə qədər yüksəlmişdir.[4]
Suriyanın əks-kəşfiyyat orqanları tərəfindən fəaliyyəti 1965-ci ildə üzə çıxarılmışdır. Hərbi məhkəmə tərəfindən Suriya əleyhinə cəsusluqda günahlandırılaraq, 1965-ci ilin 18 may tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində kütlənin qarşısında edam edilmişdir.
Əli Kohen, Dəməşqdə cəsus kimi fəaliyyət göstərdiyi 4 il ərzində Mossada çox önəmli məlumatlar ötürmüş və həmin məlumatlar Altı günlük müharibə zamanı xüsusi ilə Colan təpələrinin işğal olunmasında istifadə olunmuşdur. İsrail dövləti cəsusun qalıqlarını bir necə dəfə Suriya hökumətindən almağa çalışsa da, Əli Kohenin cəsədini geri qaytarmaq mümkün olmamışdır.
Əli Kohen 1924-cü ilin 6 dekabr tarixində Misirin İsgəndəriyyə şəhərində, Misir yəhudiləridən olan bir ailədə anadan olmuşdur.[5] XX əsrin əvvəllərində Misirin İsgəndəriyyə və Qahirə şəhərləri başda olmaqla müxtəlif bölgələrində 80 minə yaxın yəhudi əsilli şəxs yaşamaqda idi. Əlinin atası 1914-cü ildə ticarət əlaqələrini daha da möhkəmləndirmək üçün ailəsi ilə birlikdə Hələb şəhərinə köçmüşdür. Kohen sonralar Qahirə Universitetində təhsil almışdır.[6]
1947-ci ilin yanvarında Əli, bütün gənc yəhudilərin ödəməli olduqları varlıq vergisini ödəməyə alternativ olaraq Misir Ordusunda xidmətə başlamışdır. Qeyri-müsəlman olması səbəbindən qısa müddətdə ordudan tərxis edilmişdir. Müsəlman qardaşlar tərəfindən etnik mənsubiyyəti əsas gətirilərək təqib edilməyə başlandıqdan sonra univeritet təhsilinə fasilə vermiş və evdə oxumaqla bilik və bacarıqlarını artırmağa çalışmışdır.[7]
1949-cu ildə Əlinin üç qardaşı və valideynləri İsrailə immiqrasiya etmişdir. Lakin o, elektronika üzrə adlığını təhsilini bitirmək və Misirdə fəaliyyət göstərən gizli sionist təşkilatların fəaliyyətlərini koordinasiya edə bilmək üçün ölkədə qalmağa davam etmişdir. 1951-ci ildə Misirdə baş vermiş hərbi çevrilişdən sonra yeni hökumət anti-sionist təbliğatını gücləndirmiş və Əli Kohen xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq dindirilmişdir.[8]
Misir hökuməti, ölkə yəhudilərinin gizli yollarla İsrailə qaçırılmasını nəzərdə tutan və İsrail dövləti tərəfindən gerçəkləşdirilən Qoşen əməliyyatında Kohenin rolunu sübut edə bilməsə də, Kohen ölkə daxilində bir çox gizli əməliyyatların əsas təşkilatçılardan və iştirakçılarıdan biri olmuşdur. Qoşen əməliyyatı nəticəsində 10.000-dən çox Misir yəhudisi Sinay yarımadası və dəniz yolları əsas olmaqla gizli formada ölkədən çıxarılmış və İsrailə gətirilmişdir.[9]
1955-ci ildə İsrail Gizli Polis təşkilatı Misir yəhudilərini tarixə Lavon İşi olaraq keçmiş gizli əməliyyata cəlb etmişdir. Əməliyyatın əsas mahiyyəti Misirdə yerləşən və ABŞ, Böyük Britaniya və digər qərb dövlətlərinə məxsus olan strateji əhəmiyyətli obyektlər xüsusi hazırlanmış bombalarla partladılmasını nəzərdə tuturdu. Bununla Misirin sözügedən dövlətlərlə münasibətlərinin korlanması və hətta müharibə vəziyyətinə gətirilməsi nəzərdə tutulmuşdur. Əli Kohen və digər bir necə misir yəhudisi həmin əməliyyatda fəal iştirak etmişdir.
Misir xüsusi xidmət orqanlarının səyləri nəticəsində əməliyyatda iştirak etdiyi sübuta yetirilən iki misir yəhudisi həbs edilərək, daha sonra edam edilmişdir. Kohenin əsas qrupa yardım etdiyi məlum olsa da, növbəti dəfə günahı sübuta yetirilə bilməmişdir.[8] Lavon işi əməliyyatından sonra Misirdə yəhudilərə qarşı mənfi münasibət daha da kəskinləşmişdir. 1956-cı ilin dekabr ayında Kohen və digər bir necə yəhudi İsrail üçün Yəhudi Agentliyinin köməkliyi ilə Misirdən İsrailə gətirilmişdir.[8][10]
1957-ci ildə İsrail Silahlı Qüvvələri tərəfindən əməkdaşlığa cəlb olunmuş və orduda xidmət keçməyə başlamışdır. Hərbi kəşfiyyat baş idarəsində, əks-kəşfiyyat üzrə analitik kimi çalışan Kohen iki dəfə Mossad xüsusi xidmət orqanlarında işləmək üçün ərizə ilə müraciət etmişdir. Mossad tərəfindən rədd edilməsi Kohendə ruh düşünkünlüyü yaratmış və ordudan tərxis olaraq növbəti iki il ərzində Tel-Əviv şəhərində yerləşən sığorta şirkətlərinin birində mühasib olaraq çalışmışdır.[10]
1959-cu ildə İraq yəhudilərindən olan Nadiya Məcald ilə ailə həyatı qurmuşdur. Nadiya Məcald, tanınmış iraq yəhudisi yazıçı Sami Mikayılın doğma bacısıdır. Evli olduqları müddət ərzində Sofiya, İrit və Şayi adlı üç övladları olan ailənin mənzilləri Aralıq dənizinin sahilinfə yerləşən Təl-Əviv şəhərində respublika tabeli şəhər olan Bat-Yamda yerləşməkdə idi.[11]
1961-ci ildə Mossadın üçüncü direktoru Meir Amit Suriya hökumətinin daxilində fəaliyyət göstərəcək və Suriyanın İsraillə bağlı planlarını Mossada çatdıracaq yeni bir xəfiyyə axtarışında idi. Amit mümkün bütün namizədlərin şəxsi işlərini araşdırdıqdan sonra münasib bir namizəd üzərində qərar tuta bilmir və daha öncə müraciət etmiş, ancaq müraciətləri rədd edilən namizədlərin şəxsi işlərinə baxarkən Əli Kohen adlı Misir yəhudisi olan və ərəb dilini mükəmməl bilən birinin daha öncə iki dəfə Mossada iş üçün müraciət etdiyini görür.
İki həftə ərzində Mossad tərəfindən gündəlik fəaliyyətləri izlənilən Kohen sonunda Mossadın qərargahına çağrılaraq iş üçün dəvət olunur. İlkin sınaq müddətini uğurla başa vurmasından sonra Mossad tərəfindən altı ay müddətinə xüsusi təlim kursuna cəlb olunur. Məzun hesabatında katsa və ya sahə müvəkkili olmaq üçün lazım olan bütün keyfiyyətlərə sahib olduğu göstərilmişdir.
Katsa, sırf Mossad tərəfindən öz xəfiyyələrini adlandırmaqları üçün istifadə olunan bir termindir və daha çox yüksək dərəcədə əhəmiyyət kəsb edən əməliyyatlarda iştirak edən şəxslərə verilməkdədir.[12] Mossadın tam hüququlu və yüksək rütbəli əməkdaşına çevirilən Əli Kohen ilk əməliyyatı kimi Argentinanın paytaxtı Buenos-Ayres şəhərinə göndərilir. Buenos-Ayres şəhərində özünü Kamal Əmin Taybet kimi təqdim edərək varlı bir ailədən gələn Argentina suriyalılarından olduğunu göstərməyə çalışır və burada yaşayan Suriya əsilli vətəndaşlarla müəyyən işgüzar və dostluq əlaqələri formalaşdırır.[13][14]
Özünü iş adamı kimi təqdim edərək həmin dövrdə Suriyada fəaliyyəti qadağan olunmuş Ərəb Sosialist Bəəs Partiyasının Argentinadakı özəyinə ciddi maddi yardım göstərmək istədiyini və yenidən tarixi ata-baba ölkəsinə qayıtmaq istədiyini bildirir. Qısa zamanda mövcud Suriya hökumətinə qarşı müxalif baxışları ilə tanınan Argentina suriyalıları arasında ciddi hörmət və etibar qazanır və 1963-cü ildə Suriyada baş vermiş hərbi çevriliş zamanı söz verdiyi maddi yardımları göstərir.[15]
Kohen, 1962-ci ilin fevralında dostları ilə birgə Suriyanın paytaxtı Dəməşq şəhərinə gəlir və burada da özünü Kamal Əmin Taybet (ərəb. كامل أمين ثابت) adı ilə tanıdır.[16][17] Beləliklə Mossad, yüksək vəzifəli Suriya siyasətçiləri, hərbi rəsmilər, nüfuzlu ictimai xadimlər və diplomatik ictimaiyyət ilə münasibət qurmaqda istifadə edəcəyi Kohenə təlimatlarını diqqətli bir şəkildə verməyə başlamışdır.[10] Kohen, Argentinada olduğu kimi ictimai həyatını davam etdirərək, kafelərdə və insanların toplaşdığı yerlərdə siyasi və ictimai müzakirələrə qoşulmaqla vaxtını keçirdirdi.[18] O, həmçinin şəhərin mərkəzində kirayə götürmüş olduğu mənzilində yüksək vəzifəli suriyalı nazirlər, iş adamları və generalları üçün bahalı zifayələr təşkil etməsi ilə tanınmışdır. Qısa zamanda şəhər elitası arasında Kohenin mənzilində təşkil edilən zifayətlər məşhurluq qazanmağa başladı.
Genarallar xüsusi ilə gənc qızlarla əylənmək üçün həmin ziyafətlərə gəlməyə can atırdılar. Sözügedən ziyafətlərdə içkinin təsiri altında olan hərbçilər açıq formada dövlət sirri təşkil edə biləcək planlardan və İsrailə qarşı mümkün hərəkətlər haqqında bir-birinin arasında danışırdılar. Yüksək rütbəli məmurlara küllü miqdarda qarşılıqsız borc verməsi və daim diqqətləri üzərinə cəlb edə bilməsi səbəbindən Kohen bu tipli şənliklərdən çoxlu sayda əhəmiyyətli məlumatı əldə edib, İsrail dövlətinə ötürmüşdür.[5]
Suriyada dövləti idarə edən hərbi və siyasi elita Əli Koheni Kamal Əmin Taybet adı ilə tanımışdır. Onlara görə Taybet Argentina əsilli bir suriyalı olmaqdan əlavə öz vətənin sevən və şəxsi maliyyə vəsaitələri hesabına onun dirçəldilməsinə çalışan bir vətənpərvər şəxs olmuşdur. Taybet tez-tez Avropa ölkələrinə səfərlər edir və xüsusi ilə İsveçrəyə gedirdi. Bu səfərlərin əsas məqsədi kimi yeni biznes əlaqələrini qurulmasını və ya Suriya dövləti üçün mühüm olan hansısa zəruri əmtəənin ölkəyə gətirilməsini göstərmişdir. Əslində isə Kohen Sürix şəhərində Mossadın əməkdaşları ilə görüşür və yeni təlimatlarını onlardan alırdı. Həmin görüşlərin birində, hətta İsrailin sabiq Baş Naziri ilə belə görüşdüyü iddia olunmaqdadır. İsveçrəyə getmək adı ilə ölkəni tərk edən zaman üç dəfə də İsrailə səfər etmiş və burada əsil ailəsi və Mossadın əməkdaşları ilə vaxt keçirmişdir.
İsrailə məlumatların göndərilməsi üçün xüsusi radio ötürüçüdən və ya müxtəlif təyinatlı mebellərin içərisinə gizlədilmiş kiçik şifrəli kağız parçalarından istifadə olunmuşdur.[9] Kohenin ötürmüş olduğu ən önəmli kəşfiyyat məlumatlarından biri Colan təpələri ilə bağlıdır. Belə ki, şəxsi əlaqələrindən istifadə edərək Təbəriyyə gölünün qarşı sahilində yerləşən Suriya ordusuna məxsus istehkamları ziyarət edən Kohen burada orduya məxsus gizli yeraltı blindajlar olduğunu görür.
Həmin blindajlar gölün İsail nəzarətində olan sahillərini tam olaraq nəzarət altında saxlayırdı və yeraltında yerləşdiyindən İsrail tərəfindən görünmürdü. Əli Kohen suriyalı əsgərlərə hörmət əlaməti olaraq ordudakı dostlarından xahiş edir ki, blindajların yaxınlığında əsgərlərin dincəlməsi üçün sidr ağacları əkməyə icazə verilsin.
Yay aylarında Təbəriyyə gölü sahillərinin çox isti olması və hərbi xidmət şəraitinin ağırlığı nəzərə alınaraq, Kohenin bu arzusuna icazə verilir və beləliklə də əkilmiş ağaclarla qarşı tərəf üçün hədəflərin yerini rahat müəyyənləşdirmək imkanı yaradılır.[19]
Növbəti səfərlərində Mossad tərəfindən verilmiş kiçik foto kamera ilə çoxlu sayda Suriya ordusuna aid mövqelərin fotoşəkillərini və eskizlərin çəkərək gölün cənub sərhədlərinin əsaslı xəritəsini çıxarmışdır.[20] O eyni zamanda ordunun gizli formada hazırladığı üç yeraltı bunker və minaatan qurğuların saxlanılması üçün xüsusi saxlanc yerlərinin koordinatları haqqqında da məlumatlar vermişdir. İsrail Silahlı Qüvvəlləri bu günə qədər Təbəriyyə gölünün Suriya ordusu tərəfindən nəzarət altında qalan hissəsində sadəcə bir ədəd yeraltı bunkerin olduğunu təxmin edirdi, bu səbəbdən Kohen tərəfindən verilən məlumatlar tamamilə yeni xarakter daşımaqda idi.[12][21][22]
Xəfiyyə tərəfindən göndərilmiş həyati əhəmiyyətli məlumatlardan biri də Suriya hökumətinin İordan çayının axın istiqamətini dəyişdirməsi ilə bağlı planları olmuşdu. Belə ki, İsrailin əsas şirin su qaynaqlarından biri olan İordan çayını axın istiqamətinə müdaxilələr etməklə İsraildə humanitar böhran yaratmağa çalışan Suriya və Livanın planlarından İsrail tərəfi xəfiyyənin sayəsində vaxtında xəbər tutmuşdur.[23]
Ehtimal olunur ki, təpələrin Altı günlük müharibə dövründə İsrail Silahlı Qüvvələri tərəfindən işğal olunmasında xəfiyyə tərəfindən ötürülmüş məlumatların həyati əhəmiyyəti olmuşdur.[24] Bəzi kəşfiyyat və əks-kəşfiyyat mütəxəssisləri isə xəfiyyə tərəfindən göndərilmiş məlumatların İsrail ordusunun əlində olan təhcizat imkanları ilə peyk üzərindən asanlıqla müəyyənləşdirilə biləcəyini qeyd etmiş və sözügedən məlumatların Colan təpələrinin Altı günlük müharibə dövründə işğalında həlledici rol oynaması fikirini istisna etmişdilər.[25]
Yeni təyin olunmuş Suriya Kəşfiyyat Xidmətinin polkovniki Əhməd Suidani heç kimə güvənən biri deyildi və hər zaman Əli Kohendən şübhələnmişdir. Bir necə il əvvələ qədər heç kimə məlum olmayan bir şəxsin Argentinadan Suriyaya gəlməsi və ölkənin hərbi və siyasi elitası arasında özünə yer tapması və bundan əlavə tez-tez Avropa ölkələrinə uzun müddətli səfərlər etməsi Əhməd Suidaninin gözlərinin hər zaman Kohen üzərində olmasına səbəb olmuşdur. Kohen 1964-cü ilin noyabr ayında İsrailə etmiş olduğu sonuncu gizli səfəri zamanı artıqlaması ilə diqqət çəkdiyini və Əhməd Sudiani başda olmaqla bir çox rəsmi şəxsin ondan şübhələndiyini və bu vəziyyətdən olduqca narahat olduğunu Mossad rəhbərliyinə bildirmişdir.
Üçüncü övladı dünyaya gələn Kohen, Mossaddan əməliyyata son verməsini xahiş etsə də, Mossad rəhbərliyi xəfiyyə tərəfindən gətirilən məlumatların olduqca önəmli olduğunu əsas gətirərək gizli əməliyyatın davam etməli olduğunu bildirir. Həyat yoldaşı işə görüşən Kohen həyat yoldaşı Nadiya Məjaldı əmin edir ki, bu onun sonuncu səfəridir və növbəti dəfə birdəfəlik İsrailə qayıdacaq.[9] 1965-ci ilin yanvar ayında Suriya Kəşfiyyat Xidmətinin polkovniki Əhməd Suidani əmin idi ki, kimlərsə ölkə daxilindən ölkə xaricinə xüsusi radio ötürücülər vasitəsi ilə şifrələnmiş məlumatlar ötürür.
Suriya ordusu əlində olan imkanlardan istifadə edərək bir necə dəfə həmin dalğaları müəyyənləşdirməyə çalışsa da, bir nəticə əldə edə bilməmişdilər. Yanvar ayında SSRİ rəsmilərinə və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Suriyada fəaliyyət göstərən əməkdaşlarına müraciət edilir və onların rəhbərliyi ilə Dəməşq küçələrində səyyar axtarışlara start verilir. Sovet cəsusları həmin dövrə görə ən üst sayıla biləcək izlənmə texnologiyalarından istifadə edirdilər. UAZ-452 avtomobillərinə yerləşdirilmiş izlənmə qurğularının işləmə mexanizmi sadə idi. UAZ-452 Dəməşqin hər hansısa mərkəzi küçəsinə daxil olmazdan əvvəl həmin ərazinin işıqları söndürülür və beləliklə də bütün radio dalğaları kəsilirdi.
Elektrik enerjisinin olmadığı şəraitdə təyin edilən radio dalğanı tapmaq, ölkədən gizli məlumat ötürən şəxsin tapılması demək idi. Həmin dalğaların daha öncə ani olaraq meydana çıxması və sonra kəsilməsi onu sübut edirdi ki, həqiqətəndə kimsə axşam 21:00-dan sonra şəhər mərkəzindən gizli bağlantı yaratmaqdadır. Gecə-gündüz davam edən axtarışlar nəticəsində 1965-ci ilin 24 yanvar tarixində, axşam saat 22:15 radələrində Əli Koheninin Dəməşq şəhərinin mərkəzində yerləşən evinin qarşısıdan keçən UAZ-452 radiodalğalarda ciddi artım müşahidə edir. Ərazinin işıqlarının söndürülməsinə baxmayaraq çox yaxın məsafədə olan kimsə yüksək tezlik üzərindən məlumat ötürməkdə davam edirdi.
Hadisə barədə dərhal Suriya Kəşfiyyat Xidmətinin polkovniki Əhməd Suidaniyə məlumat verilir. Polkovnik, xüsusi təyinatlı dəstə ilə birlikdə Kohenin yaşadığı binaya yolanır. Qulağını qapıya söykəyərək evdən gələn səsləri dinləməyə çalışan Suidani, evin içindən radio ötürüçünün çıxardığı səsləri rahat şəkildə eşidir. Qapını qırıb, ani şəkildə evə daxil olan xüsusi təyinatlılar və Suidani, Əli Koheni yarı çılpaq vəziyyətdə İsrailə məlumat göndərərkən yaxalayırlar.[9]
Əli Kohen Suriya Hərbi Tribunalı tərəfindən casusluqda günahlandırılaraq edam cəzasına məhkum edilmişdir. Dəfələrlə dindirilmiş və işgəncələrə məruz qalmışdı.[8][10] Baş vermiş hadisə Misir, İordaniya, Livan, İraq, İran və digər yaxın coğrafiyalarda yerləşən dövlətlərin gündəmini zəbt etmişdir. Suriya hökuməti ilə soyuq münasibətləri olan bəzi ərəb ölkələrinin mətbuatları, baş vermiş hadisəyə görə Suriya hərbi hökumətini lağ obyektinə çevirmişdir.
İsrail tərəfi Əli Kohenin edam edilməməsi üçün beynəlxalq mərhəmət kampaniyasına start verir. Həmin dövrdə İsrailin Xarici İşlər Naziri olan Qolda Meir xəfiyyənin edam olunmasının Suriya üçün çox pis fəsadlara səbəb olacağı ilə bağlı xəbərdar etmişdir. Roma Papası VI Pavel Suriya rəsmilərindən xəfiyyənin bağışlanmasını və ona şəfaət etmələrini rica edir. Qolda Meir hətta Sovet Sosialist Respublikaları İttifaqından köməklik istəmişdir.[10]
1965-ci ilin 15 may tarixində xəfiyyə öz həyat yoldaşı Nadiya Məjalda aşağıdakı qısa məktunu yazır;
Əziz Nadiya sizə yalvarıram ki, vaxtınızı keçmişdə baş vermiş bir şeyə görə ağlamağa sərf etməyin. Özünüzü ələ alın və daha yaxşı bir gələcək qurmağa çalışın. ! |
Belçika, Kanada və Fransa hökumətlərinin Suriya hökumətinə edam hökmünün dəyişdirilməsi ilə bağlı bütün çağırışlara baxmayaraq, edam hökmü 1965-ci ilin 18 may tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən mərkəzi Marja meydanında xalq kütlələrinin gözü qarşısında icra olunmuşdur.
Edamdan əvvəl Kohenin son arzusu kimi bir ravvin tərəfindən müşayiət olunmasına icazə verilmişdir. Dəməşqin yaşlı ravvinlərindən olan Nissim Indibo edam günü və xüsusi ilə xəfiyyə meydana gətirilən zaman yük maşınında onun yanında olmuş və müəyyən dualar oxumuşdur.[10]
Suriya tərəfi xəfiyyənin cəsədinin ailəsinə təhvil verməkdən imtina etmişdir. 1965-ci ilin noyabr ayında Nadiya Məjald dönəmin Suriya Prezidenti Əmin Hafizə məktub göndərərək Kohenin hərəkətlərinə görə bağışlanmasını və cəsədinin qalıqlarını istəmişdir. 2007-ci ildə Türkiyə hökuməti qalıqların qaytarılması üçün vasitəçi rolunu oynamağı təklif etmişdir.[26]
Bəşər Əsəd hökumətinin nümayəndəsi Monthir Maosily 2008-ci ilin avqust ayında vermiş olduğu açıqlamasında Mossad tərəfindən xüsusi bir əməliyyatla qalıqların ələ keçirilməməsi üçün yerinin üç dəfə dəyişdirildiyini bildirmişdir.[27] Suriya hökuməti Kohen ailəsinin dəfələrlə ünvanlanan müraciətlərinə rədd cavabı vermişdir.
Əli Kohenin doğma qardaşları Abraham və Mayrus tərəfindən davam etdirilən kampaniyalar, Mayrusun 2006-cı ildə vəfat etməsinə qədər davam etmişdir.[12][16] 2016-cı ildə özünü Suriyanın sənət xəzinələri olaraq təqdim edən bir qrup Facebookda Kohenin edamından sonra cəsədinin görüntülərinin əks olunduğu tarixi videonu yayımladı.[28] Bu vaxta qədər belə bir video görüntünün mövcud olması ilə bağlı heç bir informasiya yox idi.
2018-ci ilin 5 iyul tarixində Əli Kohenə məxsus olduğu iddia edilən qol saatı İsrailə gətirilmişdir. Yerli mətbuatın vermiş olduğu xəbərə görə Dəməşqdə yaşayan dul bir qadın tərəfindən satışa çıxarılan qol saatı Mossad əməkdaşları tərəfindən dərhal alınmışdır.[29] Saat Mossadın 12-ci rəhbəri Yossi Kohenin iştirakı ilə Təl-Əviv şəhərində yerləşən təşkilatın mənzil-qərargahında xəfiyyənin ailəsinə təqdim edilmişdir. Saat hal-hazırda da həmin mərkəzdə sərgilənməkdədir.[30] Suriya bütün cəhdlərə baxmayaraq, xəfiyyəyə məxsus qalıqların geri qaytarmaqdan imtina etməkdədir.
Ölümündən sonra Əli Kohen İsrail tərəfindən Milli Qəhrəman olaraq qəbul olunmuş və adı ölkənin bir çox küçə və yaşayış məntəqəsinə verilmişdir. İsrailin 7-ci baş naziri Menaxem Begin, sabiq Müdafiə Naziri Ezer Veyizman, tanınmış hərbçi Mordaçayi Qur və digər rəsmi şəxslər 1977-ci ildə xəfiyyənin oğlu üçün təşkil edilmiş Bar Mitzvah mərasiminə qatılmışdır.[31] Yerusəlimin Herzl dağındakı Müharibədə itkin düşmüş hərbçilər adlı xatirə bağında Əli Kohenin adına salınmış xatirə lövhəsi yerləşməkdədir.[32]
Xəfiyyənin həyatından bəhs edən ilk film 1987-ci ildə ABŞ istehsalı olan Mümkün olmayan cəsus (ing. The Impossible Spy) ekran işidir. Filmdə, xəfiyyənin rolunu amerikalı aktyoru Con Şi canlandırlmışdır. 2019-ci ildə Əli Kohen rolunu Saşa Baron Kohenin oynadığı beş hissədən ibarət Xəfiyyə filmi Netflix tərəfindən yayımlanmışdır.[33] Altı günlük müharibə zamanı İsrail tərəfindən işğal edilmiş və Suriyaya məxsus Colan təpələrində yerləşən Eliad yaşayış məntəqəsi Əli Kohenin şərəfinə adlandırılmışdır.[34]
eli cohen 1960s.
eli cohen 1961 argentina.
eli cohen bunkers three lines.