Qaşqar | |
---|---|
uyğ. قەشقەر | |
39°27′00″ şm. e. 75°58′59″ ş. u.HGYO | |
Ölkə | ÇXR |
Region | Sincan-Uyğur Muxtar Rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi | 1003,39 km²[1] |
Mərkəzin hündürlüyü | 1270 ± 1 m |
Saat qurşağı | UTC+8 |
Əhalisi | |
Əhalisi | 711,3 nəfər (2019[2]) |
Sıxlığı | 670/km2 (1,700/sq mi) |
Aqlomerasiya | 920,000[3] |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +86 998 |
Poçt indeksi | 844000 |
Nəqliyyat kodu | 新Q |
Digər | |
xjks.gov.cn | |
Vikianbarda əlaqəli mediafayllar |
Qaşqar,[4][5][6] Kaşkar və yaxud Kaşğər[6][7][8] (uyğ. قەشقەر) — ÇXR-in Sincan-Uyğur Muxtar Rayonunun Kaşqar şəhər rayonunda şəhər. Çinin ən qərb şəhərlərindən biridir, Əfqanıstan, Qırğızıstan, Tacikistan və Pakistanla sərhədə yaxındır. 500.000-dən çox əhalisi olan Qaşqar 2000 ildən artıqdır ki, Çin, Yaxın Şərq və Avropa arasında Böyük ipək yolu üzərində ticarət məntəqəsi və strateji əhəmiyyətli şəhər kimi xidmət edib və bu onu dünyanın ən qədim davamlı məskunlaşan şəhərlərindən birinə çevirib.
Çox müxtəlif mədəniyyətlərin və imperiyaların kəsişmə nöqtəsində Qaşqar Çin, Türk, Monqol və Tibet imperiyalarının hakimiyyəti altında olmuşdur. Şəhər həm də müxtəlif köçəri xalq qrupları arasında bir sıra döyüşlərin yeri olmuşdur.
Hazırda mahal səviyyəli vahid kimi idarə olunan Qaşqar 162.000 km² (63.000 kv mi) ərazisi və 2010-cu ilə qədər təxminən 4 milyon əhalisi olan Qaşqar bölgəsinin inzibati mərkəzidir.[9] Şəhərin özünün 506,640 əhalisi var və şəhər ərazisi 15 km² (5,8 kv mi) əhatə edir, baxmayaraq ki, inzibati ərazisi 555 km² (214 kv mi) sahəni tutur. Şəhər 2010-cu ildə Xüsusi iqtisadi zonaya çevrilib və Çinin qərbində bu statusa malik yeganə şəhərdir. Qaşqar həm də yeni qurulan çoxmilyardlıq Çin-Pakistan İqtisadi Dəhlizinin əsas hissəsi hesab edilən Qaraqorum şossesinin son nöqtəsini təşkil edir.
Qaşqar Tarım hövzəsinin ucqar qərbində yerləşən meşə vahəsidir. Şəhərin şərqində səhra, qərbində dağlıq ərazilər var. İqlimi həddindən artıq qurudur, ildə yağıntının miqdarı 100 mm-dən çox deyil və bunlar yayın ən isti aylarına düşür. Şəhərin su təchizatı Qaşqar çayı və çoxsaylı quyular vasitəsi ilə təmin olunur.
Qaşqar Tyan-Şan və Kunlun dağlarının qovuşduğu yerdə, Pamir dağlarının ətəyində yerləşir. Buradakı torpaq çox münbitdir, təkcə taxıl deyil, həm də pambıq və müxtəlif meyvələr yetişir. Qaşqar xalçalarına bütün dünyada tələbat var. Şəhərin yaxınlığında - polimetal mədəni, şəhərin özündə su elektrik stansiyası fəaliyyət göstərir.[10]
Şəhərin görməli yerləri arasında Çinin ən böyük məscidi olan İd Kah (VIII əsrdə əsası qoyulmuş, 1442-ci ildə yenidən tikilmişdir), Qaşqar hökmdarı Afaq Xoca və onun nəvəsi İparxanın (XVII) məqbərəsi və Mao Tszedunun nəhəng heykəli var.
Qaşqar üçün iqlim tarixçəsi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Aylar | Yan | Fev | Mar | Apr | May | İyun | İyul | Avq | Sen | Okt | Noy | Dek | İllik |
Orta maksimum, °C | 0,2 | 4,7 | 13,9 | 22,1 | 26,5 | 30,3 | 32,1 | 30,8 | 26,2 | 19,7 | 10,1 | 1,5 | 18,1 |
Ortalama temperatur, °C | −5,6 | −1,2 | 7,7 | 15,5 | 19,9 | 23,6 | 25,7 | 24,4 | 19,4 | 12,3 | 3,7 | −3,9 | 11,7 |
Ortalama temperatur minimum, °C | −10,7 | −6,5 | 1,6 | 8,6 | 12,8 | 16,0 | 18,6 | 17,4 | 12,0 | 4,7 | −1,9 | −8,1 | 5,3 |
Yağıntının miqdarı, mm | 2 | 5 | 5 | 5 | 11 | 6 | 7 | 8 | 5 | 2 | 1 | 1 | 58 |
Mənbə: World Climate Arxivləşdirilib 2017-11-09 at the Wayback Machine |
Əsrlər boyu Qaşqar dəfələrlə əldən-ələ keçərək Çin imperiyalarının, Türk xaqanlığının, İran və Monqol imperiyalarının, Tibet teokratiyasının hakimiyyəti altına düşmüşdür.
Eramızdan əvvəl I əsrdə Qaşqar regionun lider dövlətinə çevrilən Han sülaləsiinin maraqqları zonasına düşdü. Çin diplomatları Qaşqarı "Şule" (疏勒) adlandırırdılar, baxmayaraq ki, Tan imperiyası dövründə yerli Queşa (佉 沙, təhrif olunmuş "Kaşqar") adı da məşhur idi. Şəhər Çanqandan 9350 li məsafədə yerləşirdi. Burada 1510 ailə, 18647 əhali yaşayırdı, onlardan 2000-i əsgər idi. Şəhrdə Çin səfirliyinin tərkibi 8 məmur və 2 tərcüməçidən ibarət idi. Şəhər iqtisadiyyatını bazarlar, Mərkəzi Asiyaya gedən ticarət yolları təşkil edirdi. Burda düyü, darı, küncüt, buğda becərirdilər. Dəmir, mis, qalay, orpiment hasil olunurdu. Dunhuandan 500 çin əsgəri və çeşi, qaraşar və kuçanlardan ibarət ordu Qaşqarı tutmaq üçün göndərildi. Lakin Qaşqarın mühasirəsi uğursuz alındı.
Eramızın I əsrində Qaşqar böyüdü və burda artıq 21.000 ailə və 30.000 qoşun məskunlaşmışdı. 73-cü ildə Kuçanlar Doutini (兜 题) Qaşqar knyazı seçdilər. Həmin ilin qışında Ban Çao Çjonqu (忠) Qaşqar knyazı qoydu. Lakin o, üsyan etdi və başı kəsildi. 116-cı ildə yueçjilərin müttəfiqi Çenpan (臣 磐) knyaz oldu. Tezliklə o, Hana sədaqətlə xidmət etməyə başladı. 168-ci ildə qohumu Hede (和 得) tərəfindən ov edərkən öldürüldü. 170-ci ildə 30.500 Han və müttəfiq döyüşçüləri Çenpanın öldürülməsinin qisasını almaq üçün Qaşqarı mühasirəyə aldılar, lakin onu ala bilmədilər. Sonradan çinlilər öz daxili işləri ilə məşğul oldular və Qaşqarda qətllər və çevrilişlər səbəbindən knyazlar tez-tez dəyişməyə başladılar. Knyazlar aslan təsviri olan tac taxırdılar. Sonradan onlar Türk xaqanlığının vassallarına çevrildilər.
465-ci ildə Qaşqar xalqı Toba Xuanın (Buddizmin əsas himayədarı) sarayına "Qautama Buddaanın paltarını" - guya Buddaya məxsus olan 20 monastır paltarını göndərdilər.
Tan imperiyasının salnamələrindən məlum olur ki, Qaşqarda kişi körpələrin kəllə sümüyünü deformasiya etmək adəti olub. Sakinləri hündürboylu və açıq gözlüdür. Pai (裴) idarə etməkdən xoşbəxtdir. VII əsrin əvvəllərində türk xaqanının qızı ilə evlənmiş Pai Amoçji şahzadə idi. "Xian" (祅, təhrif olunmuş Hörmüzd) adlı ruha sitayiş edilir. Digər tərəfdən, Buddizm geniş yayılmışdır. Onlar hind yazısından istifadə edirlər.
635-ci ildən Tan imperiyası ilə diplomatik əlaqələr quruldu. 676-678-ci illərdə Qaşqar qısa müddətə Tibet imperiyası tərəfindən fəth edildi. 728-ci ildə Vanq Andinq (安定) imperator Xuanzonqun əmri iləşəhərdə hakim oldu.
Orta əsrlərdə Qaşqar Böyük İpək Yolunun ən mühüm ticarət nöqtəsi idi. Buradan karvanlar qərbə (Fərqanə vadisi), cənuba (Cammu və Kəşmir) və şimala (Urumçi və Turfan) gedirdilər. II əsrə qədər vahənin sahibi yueçjilər, ondan sonra türklər, qarluqlar, uyğurlar, qarakitaylar və monqollar idi. E.ə 1-ci əsrdən eramızın - I əsrinə qədər və VII-VIII əsrlərdə yerli knyazlar Han və Tan Çin imperiyalarının vasalları idilər.
VIII əsrdə ərəb işğalları dövründə 704-cü ildə Əbdülməlik bin Mərvan tərəfindən Xorasan valiliyinə gətirilən Qüteybə, təqribən 50 min nəfərlik ordunun başında şimala və şərqə düzənlədiyi səfərlərin ilkində (705) Toxarıstana girərək paytaxt Bəlxi ələ keçirdi. Ardından o tarixdə Oxus olaraq bilinən Ceyhunu (Amu Dərya) aşaraq Buxara və çevrəsindəki Soqdiana torpaqlarını fəth etdi (706-709). 706-cı ildə Bəykəndi aldı, bu şəhəri də dağıdaraq bütün kişiləri öldürtdü. İrəlləyişini durdurmaq üçün Buxara hökumətincə vəzifələndirilən Vərdan xudanı da məğlubiyyətə uğratdı. Vərdanın ölümündən (708) sonra Buxaranı ələ keçirdi. Daha sonra Səmərqəndı (710-712), Xarəzm və paytaxtı Xivəyi ələ keçirdi. Səmərqənd hökmdarı Nizak Tarxan da ona boyun əydi. Həccacın buyruğu üzərinə, Sistanın Türk hökmdarı Rutbilin üstünə yürüdü, ancaq Ərəb hegomonluğunu qəbul etdirə bilmədi. Xarəzm hökmdarı Çiğan, qardaşı Hurrəzata qarşı ondan yardım istədi, o da Bəlx valisi olan qardaşı Əbdurrahmanı göndərdi və Əbdürrəhman, Hürrəzatı öldürdü, Xarəzmin üç böyük şəhərini Ərəb hegomonluğu altına aldı. Qüteybə ibn Müslim, İraq valisi Həccacın icazəsiylə mühasirəyə aldığı Səmərqəndi sərkərdə Gürəkin dirənməsinə qarşı ələ keçirdi. Baş qərargahını buraya köçürdükdən sonra (714) sonra İsficapa gəldi. 715-ci ildə Orta Asiyanın iç hissəlrinə doğru ilərləyərək Fərqanəni Ərəb xilafətinə qatdı. Çin sərhədlərinə qədər irəlilədiyi deyilsə də, bu haqqda yazılı sənəd yoxdur. 711-ci ildə ərəblər Qaşqara hücum etdilər.[11] Qüteybə ibn Müslümin 712-715-ci illərdə Sincanı fəth etdiyi iddia edilir. Müsəlman dini ilk gündən yayılmağa davam etsə də, şimalda və şərqdə müstəqil Türkistan dövlətləri üzərində öz ağırlığını hiss etdirdi və bununla da getdikcə artan nüfuz qazandı.[12][13] Lakin islam X əsrdə Qaraxanilər dövlətinin tabeliyinə keçəndən sonra Qaşqarda bərqərar oldu.,[14]
X əsrə aid “Hüdud əl-aləm” mətninə görə, “qədim dövrlərdə Kaşqar rəisləri ya qarluqlardan, ya da yağmalardan idi.[15] Qarluqlar, yağmalar və çigillər kimi digər tayfalar qaraxaniləri meydana gətirdilər. Qaraxanlılar Sultanı Satıq Buğra xan X əsrdə İslamı qəbul edərək Qaşqarı ələ keçirdi. Qaşqar bir müddət Qaraxanlılar dövlətinin paytaxtı olmuş, lakin sonradan paytaxt Balasağuna köçürülmüşdür. X əsrin ikinci yarısında müsəlman Qaraxanlılar Buddist Xotan dövlətinə qarşı mübarizəyə başladılar və Xotanlılar Qaraxanlıları məğlub edərək 970-ci ildə Qaşqarı ələ keçirdilər.[16] Çin mənbələrində Xotan padşahının Qaşqardan ələ keçirilmiş rəqs edən fili onlara göndərməyi təklif etdiyi qeyd edilir.[17] Daha sonra 1006-cı ildə Yusif Qədr xanın başçılığı ilə Qaşqar Qaraxanlıları Xotanı fəth etdilər.
Bununla belə, Qaraxanlılar xanlığı daxili çəkişmələrlərdə əziyyət çəkirdi. Nəticədə xanlıq Şərqi və Qərbi Qaraxanlı xanlıqları olmaqla iki yerə bölündü, Qaşqar isə Şərqi Qaraxanlılar dövlətinin ərazisinə keçdi.[18] 1089-cu ildə Qərbi Qaraxanlılar Səlcuqilərin nəzarətinə düşdü.[19] Lakin Şərqi Qaraxanlılar əksər hallarda müstəqil idilər.
Hər iki Qaraxanlı dövləti XII əsrdə Balasağunu ələ keçirən Qaraxitaylar dövləti tərəfindən məğlub edildi. Lakin Qaraxanlıların hökmranlığı Qaraxitayların hakimiyyəti altında Qaşqarda davam etdi. Qara-Xıtan hökmdarları dini dözümlülük siyasətini yürüdürdülər, İslam dininə mane yox idi. Üstəlik şəhərdə Nestorian kilsəsi var idi.[20]
Qaşqarın sonuncu Qaraxanlı hökmdarı 1211-ci ildə şəhərin əyanları tərəfindən üsyanda öldürüldü. Qaraxitaylarınn taxtını sahibi Kuçluk xan 1214-cü ildə nəhayət təslim olan Qaşqara hücum etdi.[21]
Öz növbəsində, Qaraxitaylar dövləti 1219-cu ildə Çingiz xan tərəfindən məğlub edildi. Onun ölümündən sonra Qaşqar Çağatay xanlarının hakimiyyəti altına keçdi. Marko Polo 1273-1274-cü illərdə Qaşqardan keçən Marko Polo şəhərdə Nestorian kilsələrinin olduğunu qeyd etmişdi. XIV əsrdə Çağatay xanı Tuğluq Teymur xan İslamı qəbul etdi və İslam ənənələri ilə öz hökmranlığını davam etdirməyə başladı.
1389-1390-cı illərdə Əmir Teymurun hücumu vahənin rifahına ağır zərbə vurdu. Bundan sonra yerli əhalinin islamlaşması gücləndi (Qaşqarda 17 mədrəsə, 70 məktəb, 8 karvansara mövcud idi).[10] Qaşqar çətin bir dövr keçirdi və 1514-cü ildə Sultan Səid xan istilası ilə şəhər Mirzə Əbubəkr Duqlat tərəfindən dağıdıldı və on min nəfərin iştirakı ilə Tuman çayının sahilində daha yüksəkdə güclü müdafiəsi olan yeni bir qala tikdirdi. Şəhər Yarkənd xanlığının tərkibinə daxil oldu. İlk dövrlər xanlığın tərkibinə Qaşqar, Yangihisar, Yarkənd, Xotan, Aksu və Uç kimi şəhərlər daxil idi.
Çağatay xanları sülaləsi 1572-ci ildə ölkənin əyanlar arasında bölünməsi ilə süqut etdi.
XVI əsrin sonlarından başlayaraq, Yarkənd xanlığı Xocaların (dini və siyasi hakimiyyətə malik iri feodallar) təsiri altına düşməyə başladı. Xocalar müsəlman idilər və nəsil şəcərələrinin Məhəmməd peyğəmbərdən və ya ilk dörd ərəb xəlifədən gəldiyini iddia edirdilər. XVI əsrin əvvəllərində Sultan Səidin hakimiyyəti dövründə Xocalar artıq sarayda və xan üzərində güclü təsirə malik idilər. 1533-cü ildə Məhdumi Əzəm adlı xüsusilə nüfuzlu bir Xoca Qaşqara gəldi, burada yerləşdi. Onun burada iki oğlu da dünyaya gəldi. Bu iki oğul bir-birlərindən nifrət edir və qarşılıqlı nifrətlərini övladlarına ötürmüşdülər. Bu iki xətt xanlığın iki hissəyə bölünərək əhəmiyyətli bir hissəsinə hakim olmağa başladı: Qaşqardakı "Ağ Tağlıq" (Ağ Dağ) və Yarkənddəki "Qara Tağlıq" (Qar Dağı), (Ak Taglik və ya Afaki və Qara Taqlik və ya İsxaki).[22] Onların fikir ayrılıqları, bir-biri ilə və Cunqariya oyratları ilə müharibələr 1759-cu ilə qədər dövrün tarixinin böyük hissəsini təşkil edir. 1664-cü ildə Abdulla xan və Senge-taijinin rəhbərlik etdiyi beş minlik oyrat dəstəsi arasında başqa bir böyük döyüş baş verdi. Bu döyüşdən əvvəl Abdulla xan oğlu, 1665-ci ildə qaçaraq oyratlara sığınan Qaşqar valisi Yulbars ilə mübahisə etdi. Bundan sonra Yulbars qardaşı Nurəddinin idarə etdiyi Qaşqara dəfələrlə basqın etdi. 1667-ci ildə Nurəddinin vəfatından sonra Abdulla xan, qırğız qoşunlarının köməyi ilə oyrat torpaqlarına bir neçə dəfə uğursuz yürüşlərə çıxdı. Eyni zamanda Moğolustanda taxt uğrunda yeni mübarizə başladı. Bu müddətdə Abdulla xan taxtdan salındı və 1668-ci ildə Hindistana qaçaraq Böyük Moğol padşahı Övrəngzibin himayəsi altına sığınacaq tapdı. 1680-ci ildə Qaldan xan 120.000 cungar ilə Yarkənd xanlığına hücum etdi. Artıq cunqarlara tabe olan "ağ dağ"lar Kumul və Turfanı tutmaqda onlara kömək etdilər. İsmayılın oğlu Sultan Baba xan Qaşqar uğrunda döyüşdə onlara müqavimət göstərərkən öldü.
Sonda Cunqar xanlığı Qaşqarı zəbt etdi və şəhərə özlərinin vassalları olan xocaları hakim təyin etdi.
Tzin sülaləsi On Böyük Yürüş zamanı Cunqar xanlığını məğlub etdi və 1759-cu ildə Qaşqara nəzarəti ələ keçirdi. İşğalçılar şəhərdə olan mancur qarnizonunun yanında başqa etnik qrupları yerləşdirməklə öz hakimiyyətlərini möhkəmləndirdilər.
Bütün Orta Asiyada şayiələr yayıldı ki, Tzin sülaləsi Mavəraünnəhr və Səmərqəndə ekspedisiyalar təşkil etməyi planlaşdırır. Bu torpaqların hakimləri kömək üçün Əfqanıstan hökmdarı Əhməd xan Abdaliyə müraciət edirdilər. Lakin gözlənilən səfər baş tutmadığından Əhməd şah qoşunlarını Kokanddan çıxardı. O, həmçinin Afaki Xocanın vəziyyətini müzakirə etmək üçün Pekinə səfir göndərdi, lakin nümayəndə yaxşı qarşılanmadı. Əhməd şah siqhlərlə döyüşləə başı qarışdığından, tələblərini silah gücünə həyata keçirməyə cəhd göstərmədi.
Tzin sülaləsi Afaki Xoca üsyanları zamanı vaxtaşırı Qaşqar üzərində nəzarəti itirsə də, ümumilikdə şəhəri imperiya tabeliyində saxlamağa davam edirdi. Şəhər üzərində nəzarətin itirilməsi hadisələrindən ən ciddisi 1827-ci ildə şəhərin Cahangir Xoca tərəfindən üsyan zamanı baş verdi. Lakin İlinin imperiya generalı Çanq-Lonq 1828-ci ildə yenidən Qaşqarı və digər üsyançı şəhərləri ələ keçirdi.
Kokand xanlığı bir neçə dəfə Qaşqara yürüşlər təşkil etdi. Məhəmməd Əli xanın və Cahangirin qardaşı Yusifin başçılıq etdiyi 1829-cu il üsyanı, o vaxtkı adı ilə Altişəhr bölgəsi (Altı şəhər) müsəlmanlarına bir neçə mühüm ticarət imtiyazlarının verilməsi ilə nəticələndi.
1846-cı ilə qədər yerli uyğur qubernatoru Zahirəddinin hakimiyyəti altında bu ərazidə nisbətən sakitçilik hökm sürürdü. Lakin həmin il Kat Torun başçılıq etdiyi yeni Xoca üsyanı onun şəhərin avtoritar hökmdarı kimi hakimiyyətə gəlməsinə səbəb oldu. Lakin onun hakimiyyəti qısamüddətli oldu - yetmiş beş gündən sonra çinlilər geri döndükdən sonra o, şəhər sakinlərinin rüsvayçı təhqiri ilə yenidən Kokanda qaçdı. Xocanın sonuncu üsyanı (1857) təxminən bir il çəkən və məşhur avropalı səyyah Adolf Şlaqintveyti öldürən Vəli xanın dövründə baş verdi.
Böyük Dunqan üsyanı (1862-1877) müxtəlif müsəlman etnik qruplarının da üsyanı ilə nəticələndi. Üsyan 1862-ci ildə Qansuda baş qaldırdı, sonra sürətlə Cunqariyaya və Tarim çayı hövzəsindəki bir sıra şəhərlərə yayıldı.
Yarkənddə yerləşən dunqan qoşunları ayağa qalxdılar və 1864-cü ilin avqustunda yeddi minə yaxın çinlini və onların mançur komandirini öldürdülər. Qaşqarlılar da öz növbəsində ağalarına qarşı üsyan qaldıraraq, Cahangir Xocanın varisi Buzurq xan və onun generalı Yaqub bəyi, o cümlədən Qırğız tayfa başçısı Sadıqbəyi köməyə çağırdılar. Sonuncular Sadıqın xahişi ilə Kokand xanlığı hökmdarı tərəfindən Qaşqardakı müsəlmanlara kömək etmək üçün bütün mümkün qoşunları toplamaq üçün göndərildi. 1864-cü ilin iyun ayında Külçə qarnizonunun dunqan əsgərləri üsyan qaldırdılar. Onların ardınca Rəşiddin Xocanın başçılığı ilə yerli əhali də onlara qatıldı. Vilayətin dörd rayonu - Turfan, Kumul (Hami), Aksu və Uş (Uş-Turfan) ərazilərini azad edərək, burada Kuçar xanlığını yaratmaqla hakimiyyətini qurdu. Elə həmin yay Urumçidə Lotay xanın başçılıq etdiyi Dunqan xanlığı yarandı. O, bir qədər sonra özünü sultan elan etdi və dövləti - Urumçi sultanlığı adlandırdı. Oktyabr ayında Rəşidin qoşunları Qaşqarı ələ keçirməyə cəhd etdi. Burada Mancur işğalçılarına qarşı uğurlu üsyan baş tutmuşdu. Xotanda hakimiyyət Xotan xanlığının başçısı olmuş Molla Həbib-ağanın ixtiyarına keçmişdi. 1864-cü ildə Kokanddan üsyan edən Qaşqara dəstəsi ilə Buzruq xan (Cahangirin oğlu) gəldi. O, əhali tərəfindən sevinclə qarşılandı və Yarkəndin də daxil olduğu Qaşqar xanlığının başçısı seçildi. 1864-cü ilin sonlarında üsyançı qruplar Sincan bölgəsinin çox hissəsini Tzin sülaləsi qoşunlarının sığındıqları qalaları mühasirəyə alaraq ələ keçirdilər.
Çinlilərin törətdiyi qırğın nəticəsində Qaşqar bölgəsində dunqanların qüvvələri xeyli zəiflədi. Bununlada Sirik bəyin qırğızlarının əhəmiyyətli rol oynadığı üsyançılar uzun müddət mancurların qalasını və möhkəmləndirilmiş müsəlman şəhərini ələ keçirə bilmədilər. Bu səbəbdən onlar Kokand xanlığından kömək istədilər. Kokandın ərazisində uzun illər Şərqi Türkistan məsələsinə müdaxilə edən Hocalar (XVII əsr Sufi lideri Appak Xocanın nəsili) gizlənmişdi.
1865-ci ilin əvvəlində Şərqi Türkistana Buzurq Hocanın başçılığı ilə Kokanddan kömək gəldi. Buzruq xanın atası və böyük qardaşı əvvəllər dəfələrlə Şərqi Türkistana sahiblənməyə çalışmışdı. O, da bu dini Xoca nəslinin ən gənc nümayəndəsi idi. Onunla bərabər Qaşqara Yaqub bəy başda olmaqla bir qrup Kokand zabiti də gəlmişdi. Bir neçə il ərzində Yaqub bəy Yettişar (Yeddişəhər) dövlətini yaratmaqla, demək olar ki, bütün əyalətdə nəzarəti ələ keçirdi.
Ehtimal olunur ki, 1865-ci ildə Yaqub bəy (1820-1877) tərəfindən Çin hökmranlığı devirdikdən sonra Qaşqarın emal sənayesi tənəzzülə uğradı. Yaqub bəy Rusiya imperiyası və Britaniya imperiyası ilə əlaqələr qurub müqavilələr imzalayaraq Çinə qarşı onların dəstəyini almaq istəsə də, uğursuzluğa düçar oldu.
1867-ci ilin fevralında Çzo Çzuntanq Şenqan qubernatoru təyin edildi (Şansi və Qansu əyalətlərinin əraziləri bu quberniyaya daxil edildi). Eyni zamanda Şansi əyalətindəki qoşunlara komandanlıq edə bilməsi üçün ona Fövqəladə İmperiya Müvəkkili rütbəsi verildi. Məsələyə rasional yanaşan Çzo "əvvəlcə - Nyanjun üsyanşıları, sonra - dunqanlar" prinsipini irəli sürdü. O, döyüşdə kifayyət qədər təcrübə toplamış ordusunu Nyanjun üsyanşılarının qalıqlarını məhv etmək üçün göndərdi. 1868-ci ilin yayında sonunçu Nyanjun üsyanşıları Xuanxe çayı ilə Böyük Kanalın kəsişməsində məhv edildi. 1868-ci ilin sonunda Çzo Çzuntanqın qoşunları Şansi əyalətinə gəldi. Onlar Xuay və Siyan ordularının əsgərlərindən ibarət idi. Bu hərbi hissələr zəngin döyüş təcrübəsinə və müasir silahlara sahib idilər. 1869-cu ildə Şansiyə cəza yürüşünə başlayan Çzo Çzuntanq hətta mancurlar üçün belə dəişətli olan bir qəddarlıqla hərəkət edirdi. O, amansızlıqla kütləvi olaraq Qansuya qaçan bütün müsəlmanları tamamilə məhv etdi. Bu əyalətlərin sərhəddində şiddətli döyüşlər bir neçə ay davam etdi. Sonda bölgə üzərində Tzin sülaləsi hakimiyəti yenidən bərpa olundu.
1918-ci ilə qədər Rusiya imperiyasının poçt şöbəsi Qaşqarda yerləşirdi.
Sinxay inqilabından sonra "Qaşqar Bölgəsi" (喀什 噶尔 道) inzibati vahidi Kaşqar İnzibati Bölgəsinə çevrildi.
Qaşqar müsəlmanlarının Pekin hakimiyyətinə qarşı son üsyanı 1928-ci ildən 1937-ci ilə qədər davam etdi. 1933-1934-cü illərdə. Qaşqar şəhəri beynəlxalq səviyyədə tanınmayan Şərqi Türkistan İslam Respublikasının paytaxtı idi. Paytaxt dairəsi Qaşqar inzibati rayonu əsasında təşkil edilmişdir. 1937-ci ildə üsyan SSRİ-nin köməyi ilə yatırıldı. 1933-cü ildə Kumul üsyanı zamanı Qaşqar şəhərinin uyğur və qırğız üsyançıları tərəfindən ələ keçirmək cəhdi zamanı şəhəri qoruyan Çin Respublikası, Çin İnqlab Ordusunun 36-cı Diviziyasının huey və han əsgərlərindən ibarət qarnizonu arasında Qaşqar döyüşü baş tutmuşdu. Üsyançılar döyüş sonrası şəhərə daxil olsa da, Qaşqar ağır döyüşdən sonra huey və han çinlilərin nəzarətində qaldı.
1943-cü ildə Qaşqar inzibati bölgəsi mərkəzi Qaşqarda olmaqla 3 saylı dairəyə (新疆 第三 行政区) və 10 saylı dairəyə (Yarkənd) bölündü. Çin Xalq Respublikası yarandıqdan sonra (1949) Qaşqar Xüsusi Bölgəsi və Yarkənd Xüsusi Bölgəsi yaradıldı. 1952-ci ilin oktyabrında Qaşqar Şəhər Şəhristanı (喀什 市) Qaşqar Xüsusi Bölgəsinin bir hissəsi olaraq yaradıldı. 1956-cı ildə Yarkənd Xüsusi Bölgəsi ləğv edildi və onun ərazisi Qaşqar Xüsusi Bölgəsinin tərkibinə daxil edildi. 1971-ci ilin yanvarında Qaşqar Xüsusi Bölgəsi Qaşqar rayonuna çevrildi.
Qaşqar şəhər mahalı 6 küçə komitəsinə, 2 kəndə və 9 rayona bölünür.
Qaşqarda əsasən müsəlman uyğurlar yaşayır. Sincan-Uyğur Muxtar Rayonunun paytaxtı və ən böyük şəhəri olan Urumçi ilə müqayisədə Qaşqar daha az sənayeləşməyə məruz qalıb. Bu səbəbdən o, daha az Çinli Han əhalisinə malikdir. 1998-ci ildə Qaşqarın şəhər əhalisi 81%-ni uyğurlar, 18%-ni han xalqı olmaqla 311.141 nəfər olaraq qeyd edilmişdir.[23]
2000-ci il siyahıyaalınmasında Qaşqar şəhərinin əhalisi 340.640 nəfər olaraq göstərilmişdir. 2010-cu il siyahıyaalınmasında bu rəqəm 506,640-a yüksəlib. Artımın bir hissəsi sərhəd dəyişiklikləri ilə əlaqədardır və bu say bəzi kənd əhalisini əhatə edə bilər.[24]
2015-ci ilə olan məlumata görə, mahalın 628.302 sakininin 534.848-i uyğur, 88.583-ü han çinliləri və 4.871-i digər etnik qruplardan idi.[25]
1999-cu ildə Qaşqar (Kaşğar) şəhərinin əhalisinin 81,24%-ni uyğurlar, 17,87%-ni isə han çinliləri təşkil edirdi.[26]
Qaşqar siyahıyaalınması, 2015-ci il[25]
Etnik mənsubiyyət | Sayları | Faiz nisbəti |
---|---|---|
Uyğurlar | 534,848 | 85.12% |
Han xalqı | 88,583 | 14.10% |
Taciklər | 42,746 | 0.95% |
Qırğızlar | 7,036 | 0.15% |
Hueylər | 6,395 | 0.14% |
Özbəklər | 4,767 | 0.10% |
Koreyalılar | 1,658 | 0.03% |
Monqollar | 740 | 0.01% |
Mancurlar | 603 | 0.01% |
Digərləri | 1,980 | 0.04% |
Qaşqarda milliyətinə görə bölgü, 2018-ci il
2008-ci ilin dekabr ayından Xotana 488 kilometr uzunluğunda dəmir yolu xəttinin tikintisinə başlanılmış və 2010-cu ilin dekabrında istifadəyə verilmişdir [5]. Qaşqar Hava Limanından 2016-cı il avqustun 19-dan Pakistana,[28] Urumçi şəhərinə və Bişkekə müntəzəm uçuşlar həyata keçirilir.
Şəhər 1999-cu ilin dekabrında Cənubi Sincana yeni marşrutun çəkilməsi prosesində Lanjou-Sinjiang dəmir yolunun bir hissəsi oldu.[29] Bu, Qaşqarı ÇXR-də dəmir yolunun ən qərb nöqtəsinə çevirdi.[30]
2008-ci ilin dekabr ayından Xotana 488 kilometr uzunluğunda dəmir yolu xəttinin tikintisinə başlanılmış və 2010-cu ilin dekabrında istifadəyə verilmişdir.[31]
Bundan əlavə, dəmir yolu şəbəkəsini qonşu Pakistana doğru genişləndirmək üçün layihələndirmə və tədqiqat işlərinə başlanılıb. 2009-cu ilin noyabrında Pakistan və Çin Xuncerab keçidi ilə transsərhəd dəmir yolu marşrutunun çəkilməsi üçün birgə şirkətin yaradılması haqqında saziş imzalanıb.[32]
Oşa (Qırğızıstan) gedən yolun tikintisi ilə bağlı təkliflər hələ 1996-cı ildə müzakirə olunmağa başlanmışdır.[33] Sonradan bu layihə Qırğızıstan hökuməti tərəfindən məqsədəuyğun sayılmayıb.
Qaşqar şəhəri ÇXR-in iki milli magistral yolunun başlanğıcıdır.
Bundan əlavə, Qaraqorum şossesi Xuncerab aşırımı vasitəsilə İslamabadı (Pakistan) Qaşqarla birləşdirir. Pakistanla sərnişin daşımaları üçün avtobus xidməti açılıb. Bundan əlavə, Qırğızıstana yol mövcuddur (Toruqart aşırımı və Erkeş-Tam vasitəsilə). 2007-ci ilin yayından etibarən Qaşqar ilə Bişkek Qərb Avtovağzalı ilə əlaqələr yaradılıb.[34]
Qaşqar şəhəri Uyğur mədəniyyətinin və Mərkəzi Asiya mədəniyyət mərkəzlərindən biridir. Qaşqar şəhəri "Severance: Blade of Darkness" oyununda barbarların müqəddəs şəhəri və barbar qəhrəmanının vətəni kimi istifadə edilmişdir.
Şəhərin ən tanınmış sakini Mahmud Kaşğari olmuşdur. O, 1029-cu ildə Qaşğar elinin Azıx kəndində anadan olmuşdur. İlk təhsilini Qaşqarda Saciyə və Hamidiyyə mədrəsələri kimi elm mərkəzlərində almış, dövrünün elmləri ilə bərabər ərəb və fars dillərini mükəmməl şəkildə öyrənmişdir. 1105-ci ildə burada dünyasını dəyişmişdir. Qaşqar yaxınlığında Opal kəndində dəfn olunmuşdur. Üzərində "Müqəddəs alimin məzarı" yazılmış məqbərəsi 1984-cü ildə təmir olunmuşdur. Hal-hazırda məqbərədə alimin məzarı yerləşən otaq, Qurani-Kərim oxunması üçün ayrıca bir salon və muzey bölümü vardır. Muzey hissəsində Mahmud Qaşqarinin "Divanü Lüğat-it-Türk" əsərinin əlyazması, müxtəlif dillərdə tərcümə və nəşrləri, bir neçə litoqrafik çaplı Qurani-Kərim, Mahmud Qaşqari və onun əsəri haqqında yazılmış məqalələr və kitablar nümayiş olunur. Burada həmçinin, Mahmud Qaşqarinin portreti və Qaraxanlılar dövrünə aid əşyalar da vardır.[35]
Pakistanın Qilqit şəhəri ilə 2009-cu ildə qardaşlaşmışdır. 2012-c ildə Malayziyanın Malakka şəhəri ilə qardaşlaşıb.[36]
Kashgar will start providing duty-free shopping from 2015 as the Xinjiang city tries to build itself as a trade hub in Central Asia.
A new direct air route linking Beijing and the city of Kashgar, northwest China's Xinjiang Uygur Autonomous Region, will be launched on June 10, according to Air China.
Kashi (Kashgar)
Kashi