Tereza de la Parra | |
---|---|
isp. Teresa de la Parra | |
| |
Doğum adı | Ana Tereza Parra Sanoxo |
Təxəllüsü | Fru Fru |
Doğum tarixi | |
Doğum yeri | Paris, Fransa |
Vəfat tarixi | (46 yaşında) |
Vəfat yeri | Madrid, İspaniya |
Vəfat səbəbi | Vərəm xəstəliyi |
Dəfn yeri | Almudama qəbiristanlığı, Karakas, Venesuela |
Milliyyəti | venesuelalı |
Həyat yoldaşı | evlənməyib |
Uşağı | yoxdur |
Atası | Rafael Para Hernaiz |
Anası | İzabel Sanoxo Espelos |
Təhsili | Madriddə bir din məktəbi, katolik təhsili |
Fəaliyyəti | roman yazıçısı |
Fəaliyyət illəri | 1920-1936 |
Əsərlərinin dili | ispan |
Janr | gündəlik |
İlk əsəri | qısa hekayələr; "İfigeniya" |
Vikianbarda əlaqəli mediafayllar |
Tereza de la Parra (isp. Teresa de la Parra; d. 5 oktyabr 1889, Paris — ö. 23 aprel 1936, Madrid) — Venesuela roman yazıçısı.
Venesuela ədəbiyyatının ən görkəmli qadın ədiblərindən biridir. "İfigeniya" (1924) və "Mama Blankanın xatirələri" (1929) adlı iki əhəmiyyətli əsərini qələmə almış və əsərlərində XIX və XX əsrin Venesuela cəmiyyətini uğurla əks etdirmişdir.
1889-cu ildə Parisdə anadan olmuşdur. Atası Venesuelanın Berlindəki səfiri Rafael Para Hernaiz, anası İzabel Sanoxo Espelos idi. Ailənin altı uşağından üçüncüsü idi.[1]
Uşaqlığı şəkər qamışı plantasiyasında keçdi. Səkkiz yaşında ikən atasını itirdikdən sonra İspaniyada yaşayan nənəsinin yanına köçdü. Bu ölkədə bir din məktəbinə daxil olmuş və katolik təhsili aldı. Ona təsir edən yazıçılardan olan Gi de Mopassan və Ramon Mariya del Vale-İnklanın əsərləri ilə ilk dəfə bu məktəbdə tanış oldu. Ailə 1910-cu ildə Venesuelaya qayıtdı. Bacıları evləndi, amma o evlənmədi. Otuz üç yaşına qədər dövrün tipik Venesuela yuxarı təbəqə qadınlarının həyat tərzini sürdü. Kilsə, xeyriyyə işləri ilə məşğul olmaq, opera, filmlərə getməkdən ibarət həyatı oldu. Bununla yanaşı bol-bol oxudu. Qüstav Flober, Stendal, Gi de Mopassan ilə müasir yazıçılardan Pyer Loti, Moris Meterlink, Alfons Dode, Anatol Frans vevə fransız qadın yazıçıları Marsel Tinayr, Kolett və Anna de Noaydan təsirləndi. Romen Rollanın "Xuan Kristobal" romanını xüsusilə bəyənirdi.[1]
1915-ci ildə Parisə səyahət etdi. Bu səyahət boyunca yazdığı qısa hekayələri Fru Fru təxəllüsü ilə "Universal" qəzeti və Parisdəki bəzi jurnallarda nəşr olundu. Bütün bunlar onu "İfigeniya" adlı romanını yazmağa hazırladı.
Özündən iyirmi yaş böyük olan Emiliya İbarra ilə dostluğu 1923-cü ildə başladı. 1916-cı ildə dul qalmış Emiliya İbarra onun himayədarı oldu; Tereza de la Parra ikinci anası kimi gördüyü dostunun yanına köçdü. Burada tez-tez təşkil olunan ədəbi məclislər onun ədəbi karyerasının irəliləməsinə köməkçi oldu.[1] Tereza de la Parra daim səyahət edən bacısının məktublarını 1920-cu ildə bir jurnalda nəşr etdirdi. Bacısı Nyu-Yorkda bankir olan həyat yoldaşı ilə birlikdə 1919-cu ildə Yaponiya, Çin və Mancuriyanı gəzmişdi. Tereza de la Parra onun məktublarını fransız jurnal səyahət yazısı vəziyyətinə saldı; həmçinin aylıq bir jurnalda yazılar çap olunurdu.[1]
1922-ci ildə Siduad Bolivar Döyüşçüsü Milli Qısa Hekayə Müsabiqəsində mükafat qazandı. Ardından "İfigeniya" adlı romanını yazmağa başladı. Uzun bir məktub və gündəlik şəklində yazdığı bu əsər Cənubi Amerikada davam edən əxlaqi ideyalar səbəbilə cəmiyyətdən kənarda qalan qızdan bəhs edirdi. Əsərin bəzi hissələri "Darıxan gənc xanımın gündəlikləri" (isp. "Diario de una señorita que se fastidia") adı ilə bir jurnalda nəşr olundu vvə ilk dəfə öz adından istifadə etdi.[1]
Romanını kitab kimi yayımlamaq üçün ölkəni idarə edən Xuan Visent Qomezə uzun məktub yazsa da, bir cavab ala bilmədi.[1] Franko-Latın Amerikası nəşriyyatının müsabiqəsinə qatılmaq üçün Parisə getdi. Latın Amerikalı diplomatlarla, ve onların vasitəsilə tərcüməçilər, jurnalistlər və ədiblərlə tanış oldu.
1924-cü ildə romanı mükafat qazandı və nəhayət ilk dəfə ispan dilində nəşr olundu. Böyük marağa səbəb olan romanın 6 min nüsxəsi ilk gündəcə satılmışdı. Lakin əsər Venesuela və Kolumbiyada gənc qızların əxlaqını korlamaqla ittiham olundu.[2] Bu ittiham romana marağı artırdı.
Kitabın nəşr olunmasından bir neçə ay öncə yaxın dostu və himayədarı Emiliya İbarra vəfat etmişdi. Bu ölümə sarsılan yazıçı əsərini ona həsr etdi. Uşaqsız ölən Emiliya İbarra bütün mirasını ona buraxdı. Bu miras bütün həyatı boyunca rahat yaşamasını təmin etdi.[1]
1926-cı ildə İsveçrədə bacısının evində ikinci romanı olan "Mama Blankanın xatirələri"ni yazmağa başladı. 1927-ci ildə ilk dəfə konfransa qatılmaq məqsədilə Kubaya getdi. Burada Simon Bolivar haqqında qısa çıxış etdi. Bu çıxış ona qadın baxış bucağı iıə Simon Bolivarın alternativ bioqrafiyasını yazmaq üçün ilham verdi və Latın Amerikasından araşdırmalarına başladı. Bu zaman tanış olduğu antropoloq Lidiya Kabrera ilə dostluqları ömür boyu davam etdi və birlikdə ortaq layihələr həyata keçirdilər.[1] 1930-cu ildə yenə Kubaya getdi.
1931-ci ildə xəstəliyinin ilk əlamətləri özünü göstərməyə başladı və Avropaya qayıtdı. 1932-ci ildə vərəm xəstəliyinə yaxalandığı məlum oldu. İsveçrədə Alp dağlarında müalicə aldı. Bu zaman müxtəlif dinlərlə bağlı qirayətlə məşğul oldu. Əvvəl ateist, sonra buddist oldu və sonda bütün dinləri "bir ehtimal" olaraq qiymətləndirməyə başladı; Cəhənnəm fikirlərini rədd etdi. Xəstəliyi müddətində ancaq gündəlik yazdı. 23 aprel 1936-cı ildə Madriddə vəfat etdi.[1]
Almudama qəbiristanlığında dəfn olundu. Məzarı 1947-ci ildə Karakasdakı ailə məzarlığına, 1989-cu ildə Karakas Milli Panteonuna gətirilmişdir.