Ulduz doğuldu | |
---|---|
ing. A Star Is Born | |
| |
Janr | musiqili film, romantik film |
Rejissor | Bredli Kuper |
Prodüserlər |
Bredli Kuper Bill Gerber Todd Fillips Linett Houell Teylor[1] |
Əsərin müəllifləri | Uilyam Uellman, Robert Karson, Doroti Parker və Alan Kempbellin "Ulduz doğuldu" filmi |
Ssenari müəllifləri |
Erik Rot Bredli Kuper Uill Fetters |
Baş rollarda |
Bredli Kuper Ledi Qaqa Endryu Days Kley Deyv Şapell Sem Elliot |
Operator | Mettyu Libatik[1] |
Bəstəkar | Aaron Ziqman |
Montajçı | Cey Kessidi[d] |
İstehsalçılar |
Warner Bros.[2] Metro-Goldwyn-Mayer Joint Effort Gerber Pictures Live Nation Entertainment |
Distribütor | Warner Bros., InterCom[d][7], Netflix |
İlk baxış tarixi |
31 avqust, 2018 (VFF) 5 oktyabr 2018 (ABŞ) 4 oktyabr 2018 (Azərbaycan) |
Müddət | 135 dəq.[3] |
Büdcə | $36–40 milyon[4][5] |
Gəlir | $135.4 milyon[6] |
Ölkə | ABŞ |
Dil | ingilis dili |
İl | 2018 |
Rəng | rəngli |
IMDb | ID1517451 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Ulduz doğuldu (ing. A Star Is Born) — 2018-ci ildə Bredli Kuperin prodüserliyi və rejissorluğu ilə çəkilmiş, aktyorun rejissor debütü olan ABŞ musiqili romantik dram filmidir. Filmin ssenarisi Kuper, Erik Rot və Uill Fetters tərəfindən yazılmışdır. 1937-ci ildə çıxarılmış eyni adlı filmin remeyki olan filmdə Kuper, Ledi Qaqa, Endryu Days Kley, Deyv Şappell və Sem Elliot rol almışlar. Filmdə içki və narkotik düşkünü olan məşhur musiqiçinin (Kuper) gənc müğənni qızla (Qaqa) tanış olması və sevməsindən bəhs edilir. Bu, 1937-ci ildə çıxarılmış orijinal filmin (əsas rollarda Cenet Geynor və Fredrik Març) üçüncü remeykidir. Daha əvvəl isə filmin, 1954-cü ildə və (əsas rollarda Cudi Qarlend və Ceyms Meyson) və 1976-cı ildə (əsas rollarda Barbra Streyzand və Kris Kristofferson) remeykləri çıxarılmışdı.
Üçüncü Ulduz doğuldu remeyki haqqında müzakirələrə 2011-ci ildə başlanılmış və həmin vaxt Klint İstvudun rejissor kürsüsünə əyləşəcəyi, Beyonsenin isə baş rolu canlandıracağı elan edildi. Bundan sonra film inkişaf cəhənnəminə düşmüş, Beyonsenin partnyoru kimi bir neçə aktyorun, o cümlədən, Kristian Beyl, Leonardo Di Kaprio, Uill Smit və Tom Kruzun adları hallandırılmışdır. 2016-cı ilin martında Kuperlə filmdə rol almaq və rejissorluq etmək üçün müqavilə imzalanmış, həmin ilin avqustunda isə Ledi Qaqa layihəyə qoşulmuşdur. Filmin əsas çəkilişlərinə 2017-ci ilin aprel ayında, Koaçella Vadisində Musiqi və İncəsənət Festivalı zamanı start verilmişdir.
Ulduz doğuldu filminin premyerası 31 avqust 2018-ci ildə 75-ci Venesiya Beynəlxalq Film Festivalı zamanı baş tutmuş, film Azərbaycanda 4 oktyabr 2018-ci ildə, ABŞ-də isə 5 oktyabr 2018-ci ildə Warner Bros. tərəfindən çıxarılmışdır. Film tənqidçilər tərəfindən alqışla qarşılanmış, Kuper və Qaqanın performansları, Kuperin rejissorluğu, operator işi və musiqi təriflənmişdir.
Cekson Meyn bütün ölkə boyu turnedə iştirak edərək konsertlər verir və alkoqol asılılığı problemini ictimayətdən gozlətməyə çalışır ("Black Eyes"). Onun əsas dəstəkçisi və köməkçisi həm də meneceri olan böyük qardaşı Bobbidir. Gənc musiqiçi Elli gündüzlər dostu Ramonla birlikdə kafedə ofisiant işləyir, gecə isə yerli draq barında çıxış edir. Konsertindən sonra içmək üçün bara gələn Cekson burda Ellinin ifasını eşidir ("La Vie en rose"). Ellinin ifasını çox bəyənən Cekson onu içkiyə qonaq edir. Söhbət zamanı Elli heç vaxt peşəkar karyera ilə məşğul olmadığını, həmişə böyük burnundan utandığını deyir. Cekson isə onun burnunu çox cazibədar hesab etdiyini bildirir.
Cekson Ellini evə ötürür. Elli dul atası ilə birlikdə yaşayır. Cekson Ellidən xahiş edir ki, bu gecə baş tutacaq şousuna gəlsin. Atası Lorensonun təhrikinə baxmayaraq Elli şouya getməkdən imtina edir. Lakin, sonradan Elli fikrini dəyişərək dostu Ramonla birlikdə şouya gəlir və burda Cekson onu böyük səhnəyə çıxaraq duet oxumağa məcbur edir. Bir qədər tərəddüddən sonra o, səhnəyə çıxaraq oxuyur ("Shallow").
Cekson və Alli bundan sonra birlikdə bir neçə konsert verirlər və onlar arasında yaxın münasibət yaranmağa başlayır ("Maybe It's Time"). Ceksonun huşunu itirənə qədər içməsindən sonra Bobbi deyir ki, daim onun qayğısına qalmaq, nəzarət etmək və ətrafındakı insanlardan qorumaq lazımdır. Cekson qardaşı üçün hədiyyə etdiyi və atalarının dəfn edildiyi fermanı Elliyə göstərmək üçün Arizonaya gəlir. Lakin burda Bobbinin fermanı satdığını, məzarın isə fırtına zamanı dağıldığını öyrənir. Bunu satqınlıq kimi qəbul edən Cekson Bobbini vurur və o, daha qardaşı ilə işləmək istəmədiyini bildirir.
Növbədi şoudan ("Always Remember Us This Way") sonra Elliyə yaxınlaşan musiqi prodüseri Rez müqavilə imzalamağı və müstəqil fəaliyyətə başlamağı təklif edir. Bu təklifdən narahat olmasına baxmayaraq, Cekson onun müstəqil fəaliyyətini dəstəkləyir. Konsert çıxışlarından birində ("Heal Me") rəqqaslardan imtinaya görə Rez Ellini tənqid edir və saçlarını rəngləməyi təklif edir. Ellinin konsertinə gəlməli olan Cekson içərək yolun ortasında yatır və sabah uşaqlıq dostu tərəfindən tapılır. Ceksonu axtarıb tapan Elli onun yanına gəlir. Cekson evlilik təklifi edir və onlar evlənirlər.
Ellinin "Saturday Night Live" verilişində çıxışı ("Why Did You Do That?") zamanı Bobbi də gəlir və Ceksonla barışır. Konsertdən sonra Cekson Ellinin yeni provokativ mahnısı haqqında mənfi rəyini bildirir. Bundan sonra onlar arasında qalmaqal və inciklik baş verir. Qremmi mükafatının təqdim etmə mərasimi zamanı Roy Orbinsona həsr edilmiş mahnının ifası zamanı məlum olur ki, Cekson yenidən keflidir. Elli Ən yaxşı yeni artist nominasiyasında qalib elan edilir. Mükafatı almaq üçün Ellinin səhnəyə çıxmasından sonra Cekson da onun yanına qalxır və hamının gözü qarşısında şalvarına işəyir. Bundan sonra Cekson üç ay davam edən müalicə kursu keçir.
Müalicənin sonuna yaxın Elli xəstəxanada Ceksonun yanına gəlir. Burda Cekson məlinə görə üzr istəyir. Qısa müddət sonra Cekson evə — Ellinin yanına qayıdır. Rez Ceksonun yanına gələrək, onun Elliyə böyük ziyan vurduğunu, lakin, qızın sevgisinə görə susduğunu deyir. Elli Rezdən tələb edir ki, Ceksonu da gözlənilən Avropa turnesinə qoşsun, Rezin imtinasından sonra isə turneni təxirə salır. Bunu Ceksona xəbər verən Elli yayın sonuna kimi onun yanında qalacağına şad olduğunu deyir. Ellinin getməsindən sonra Cekson narkotik qəbul edir və özünü asaraq intihar edir.
Lorenzo və Ramonun kömək etməyə cəhd göstərməsinə baxmayaraq Elli çətin psixoloji sarsıntı keçirir. Bobbi onunla görüşərək Ceksonun ölümündə yeganə günahkarın onun özü olduğunu deyir. Elli Ceksonun dəfnində vaxtilə yazdığı lakin heç vaxt ifa etmədiyi mahnını ("I'll Never Love Again") ifa edir və özünü Elli Men kimi təqdim edir.
Yuxarıda sadalananlardan əlavə, Şangela Lakifa Uedley draq bar sahibi, Rebekka Fild Geyl, Uillam Bellay draq-kuin Emerald, Qreq Qrunberq Ceksonun sürücüsü Fil, Ron Rifkin isə Karl rollarını canlandırmışlar. Lukas Nelson & Promise of the Real qrupu filmdə Ceksonun qrupunu canlandırır, komediyaçı Luenell isə kassir rolunda görünür. Marlon Vilyams, Brendi Karlayl, Holzi, Alek Bolduin və Don Roy Kinq özləri kimi kameo rolunda görünmüşlər.
2011-ci ilin yanvarında Klint İstvudun baş rolunu Beyonse canlandıracağı, 1937-ci ilin "Ulduz doğuldu" filminin remeykini çəkmək üçün danışıqlara başlaması haqqında xəbər yayıldı[8]; lakin, Beyonsenin hamiləliyinə görə layihə təxirə salınır. 2012-ci ilin aprelində yazıçı Uill Fetters ssenarinin Kurt Kobeynin həyatından ilhamlandığını qeyd etmişdir.[9] Kristian Beyl, Leonardo Di Kaprio, Tom Kruz, Conni Depp və Uill Smitlə əsas kişi rolunu canlandırmaq üçün danışıqlar baş tutmamışdır. 9 oktyabr 2012-ci ildə Beyonse layihəni tərk etmiş, Bredli Kuperin isə filmdə rol alacağı qeyd edilmişdir. İstvud əsas qadın rolunun Esperanza Spoldinq tərəfindən canlandırılmasını təklif etmişdir.[10]
24 oktyabr 2015-ci ildə Warner Bros. Kuperlə danışıqların son mərhələdə olduğunu, onun həm də filmə rejissorluq etmək imkanı olduğunu, həmçinin, Beyonsenin yenidən layihəyə qaytarılması üçün danışıqlar aparıldığını elan edir[11]; Kuperin əsas kişi rolunu canlandıracağı təsdiqlənir.[12][13][14] 16 avqust 2016-cı ildə Ledi Qaqa ilə müqavilə imzalandığı və 2017-ci ilin əvvəllərində filmin istehsalına başlanacağı rəsmən elan edilir.[15] 9 noyabr 2016-cı ildə Rey Liotta ilə Ledi Qaqanın personajının menecerini canlandırmaq üçün danışıqar aparıldığı elan edilir.[16] Lakin, 17 mart 2017-ci ildə rolun Sem Elliota verildiyi[17], Endryu Days Kleyin isə Qaqanın personajının atası Lorenzonu canlandıracağı deyilir.[18] Kleyin seçilməsindən əvvəl rol üçün Robert de Niro, Con Turturro və Con Travoltanın namizədliyi nəzərdən keçirilmişdir.[19] 2017-ci ilin aprelində Rafi Qavron, Maykl Harni və Rebekka Fild aktyor heyətinə qoşulmuşdur.[20]
Filmin çəkilişlərinə 17 aprel 2017-ci ildə start verilmişdir.[1] May aydında Deyv Şappell film üçün seçilmişdir.[21] 2018-ci ilin aprelində Holzinin aktyor heyətinə qoşulması elan edilmişdir.[22]
Lukas Nelsonun (kantri musiqiçisi Uilli Nelsonun oğlu) Desert Trip festivalında çıxışını izlədikdən sonra Kuper, film üzərində işləməkdə kömək etməsi üçün ona müraciət edir. Nelson bir neçə mahnı yazmağa razılaşır və onları prodüserlərə göndərir.[23] Sonradan Nelson Qaqa ilə görüşərək onunla birlikdə mahnılar yazmağa başlayır, Qaqa isə öz növbəsində onun yeni albomunda iki mahnının bek-vokalını ifa edir.[24] Qaqa və Kuperin duet şəklində ifa etdiyi mahnı 5 oktyabr 2018-ci ildə Interscope Records tərəfindən çıxarılmış və alboma "on doqquz mahnı + 15 dialoqun daxil" edildiyi bildirilmişdir.[25]
"Ulduz doğuldu" filminin premyerası 31 avqyst 2018-ci ildə Venesiya Film Festivalında baş tutmuşdur.[26][27] Film həm də 2018-ci ildə Toronto Beynəlxalq Film Festivalında[28], San-Sebastyan Beynəlxalq Film Festivalında və Zürix Film Festivalında göstərilmişdir.[29][30] 28 sentyabr 2018 və 18 may 2018-ci ildə yayımın təxirə salınmasından[31][32] sonra film ABŞ-də 5 oktyabr 2018-ci ildə təqdim edilmişdir.[33]
ABŞ və Kanadada açılış həftəsonunda 3.686 kinoteatrdan filmin, $30 milyon gəlir gətirəcəyi düşünülür, bəzi mənbələr isə bu məbləği $40 milyon kimi göstərirlər. Cümə axşamı yayımından film $3.2 milyon, Cümə axşamı və Çərşənbə gecəsi yayımından isə $1.35 milyon və ilk yayım günündən isə $15.8 milyon gəlir gətirmişdir. Debüt həftəsində $41.3 milyon gəlirlə film, "Venom" filmindən sonra ikinci yerdə qərarlaşmışdır.[5]
Şimali Amerikadan kənarda 31 ölkədə film ABŞ-la eyni tarixdə çıxarılmış və ilk həftəsonunda $14 milyon gəlir gətirmişdir; filmin ən böyük bazarları Böyük Britaniya ($5.3 milyon), Fransa ($2.1 milyon) və Almaniya ($1.9 milyon) olmuşdur. $20 milyondan daha az gəlirin planlaşdırılmasına baxmayaraq, "Deadline Hollywood" filmi tərifləyir və mükafat mövsümünə hazırlaşmağı təklif edir.[34]
Rəy aqqreqatoru "Rotten Tomatoes"da "Ulduz doğuldu" filmi 267 tənqidçinin rəyi əsasında 91% təravətli 8/10 balla qiymətləndirilmişdir. Sayt tənqidçilərinin konsesusunda deyilir ki, "Cazibədar baş rol ifaçıları, uğurlu rejissor işi və təsiredici sevgi hekayəsinə malik olan "Ulduz doğuldu" – düzgün həyata keçirilmiş remeyk və bəzi hekayələrin təkrar danışılmasının da effektiv ola biləcəyi haqqında xatırlatmadır."[37] "Metacritic"də film, 59 tənqidçinin rəyinə əsasən 88/100 balla qiymətləndirilmiş və ümumi alqışla qarşılanmışdır.[38] "CinemaScore" tərəfindən keçirilmiş sorğuda A+ — F şkalası üzrə film "A" dərəcəsi ilə qiymətləndirilmiş, "PostTrak" isə filmin 90% müsbət rəy aldığını bildirmişdir.[5]
"TheWrap"dan Alonso Duralde filmə müsbət rəy verərək deyir ki, "Kuper və Ledi Qaqa birlikdə dinamit kimidirlər; bu əsas münasibətlər, əsas personajlar arasındakı qığılcım sayəsində yaşayır və ölür", musiqi nömrələrini isə "həyəcanlandırıcı" adlandırır.[39] "Variety" jurnalından Ouen Qleyberman Kuperin rejissor, ssenarist və aktyor işini tərifləyərək, filmi "transendent Hollivud filmi" adlandırır.[40] "Entertainment Weekly"dən Leya Qrinblatt filmi B+ dərəcəsi ilə qiymətləndirərək Qaqanın aktyorluğunu tərifləyir və deyir: "Həyatda ətdən paltar geyinəcək qədər ekstravanqard olan Ledi Qaqanın sadə və utancaq müğənni qızı uğurla canlandırması tərifə layiqdir."[35] "Time" jurnalından Stefani Zaxarek Kuperin rejissorluğunu, həmçinin onunla Ledi Qaqa arasındakı qığılcımı tərifləyərək deyir: "Filmdən çıxarkən həyatları pozulmuş, sınmış parçalarını bir arada tutmağa çalışan, sevdikləri adamlarla aralarındakı çatları birləşdirməyə çalışan bu adamların ağrılarını hiss edirsiz."[41]
"Los Angeles Times"dan Castin Çenq filmi "yaddaqalan" adlandıraraq 1937-ci ilin filminə yeni baxış gətirən Kuperin rejissorluğunu, ssenari müəlliflərinin və operatorun işini yüksək qiymətləndirir.[36] "Rolling Stone"dan Piter Travers 4.5/5 balla qiymətləndirdiyi filmi "müasir klassika" adlandırır, Kuper və Qaqanın aktyorluğunu, Kuperin rejissorluğunu tərifləyir, filmin ssenarisi və orijinal mahnılarını isə "problemsiz" və "möhtəşəm" adlandırır. O, həm də filmin Oskar mükafatı uğrunda mübarizədə əsas rəqiblərdən biri olacağını və 2018-ci ilin ən yaxşı filmlərindən biri olduğunu deyir.[42] "The Washington Post"dan Enn Hornedey filmi "çox xoşagələn" və "inandırıcı dünyəvi" adlandıraraq, Kuperin rejissorluğunu, Kuper və Qaqa arasındakı qığılcımı, o cümlədən Endryu Days Kley və Sem Elliotun ikinci plan rollarını tərifləyir.[43]
ABŞ kinematoqrafı portalı Musiqi portalı Ledi Qaqa portalı |