İbrahim Şinasi

İbrahim Şinasi
türk. İbrahim Şinasi
Doğum tarixi
Doğum yeri İstanbul, Osmanlı İmperiyası
Vəfat tarixi
Vəfat yeri İstanbul, Osmanlı İmperiyası
Vəfat səbəbi beyin şişi
Fəaliyyəti şair, jurnalist, tərcüməçi, yazıçı, dramaturq
Fəaliyyət illəri 1860–1871
Tanınmış əsəri
  • Şair Evlenmesi[d]
Vikimənbənin loqosu İbrahim Şinasi Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İbrahim Şinasi (1826 - 13 sentyabr 1871) — Osmanlı dövləti zamanında İstanbul şəhərində doğulan jurnalist, şairdramaturq.[1] Şinasi XIX əsr yeni türk ədəbiyyatının yaradıcılarındandır. O, eyni zamanda Türkiyədə jurnalistikanın qabaqcıl nümayəndələrindən, fransız dilindən olunan mənzum tərcümələrin, ilk səhnə əsərlərinin müəlliflərindən biridir.

İbrahim Şinasi 1824-cü ildə İstanbul ətrafında yerləşən Topxanada anadan olmuşdur. Atası 1828-ci ildə rus-türk müharibəsində həlak olmuşdur. Bundan sonra ailənin bütün qayğısını çəkmək Şinasinin anasının üzərinə düşür. O, oğlunun təhsilinə xüsusi maraq göstərir. Buna görə də İbrahimi Topxanadakı məhəllə məktəbinə qoyur. Təhsilini başa vurduqdan sonra atasının dostları Şinasini Topxanada dövlət dairələrindən birində yazı işləri bürosuna işə düzəldirlər. Bura avropasayağı bir yer idi. Məmurların əksəriyyəti fransızlar idi. Şinasi burada yüksək rütbəli dövlət və mədəniyyət adamları ilə tanış olur, onlardan çox şeylər öyrənir. Məsələn, o, İbrahim Əfəndinin köməyi ilə Şərq elmi-fəlsəfi dəyərlərini və mədəniyyətini yaxından mənimsəyə bilir.

Şinasi eyni zamanda Qərb mədəniyyətinə də rəğbət bəsləyir, xüsusilə fransız dili və ədəbiyyatını öyrənməyə meyl göstərir. Bir fransız zabiti ona fransız dilini öyrədir. Həmin zabit sonralar müsəlmanlığı qəbul edir və Türkiyədə Rəşad bəy adı ilə tanınır. Qeyd edək ki, sarayda məsul vəzifədə çalışan böyük Rəşid Paşanın da Şinasinin həyatında mühüm rolu olmuşdur. Şinasi Rəşid Paşadan daim qayğı görmüş, ona həsr etdiyi bir qəsidəsində Rəşid Paşaya olan məhəbbətini özünəməxsus formada izhar etmişdir.

1848-ci ildə Şinasi fransız dilini və mədəniyyətini yaxından öyrənmək məqsədi ilə təhsil almaq üçün Parisə getməyi planlaşdırır. Rəşid Paşa Sultan Əbdülməciddən razılıq alır və Şinasi 1849-cu ildə Parisə yola düşür. Şinasi türk imperatorluğunun Parisə göndərdiyi ilk tələbələrdən idi. O, təxminən 5 il müddətində Fransa həyatı ilə tanış olmuş, Avropa iqtisadi və mədəni modelinin ölkəsində tətbiqinə maraq göstərmişdir.

Şinasi sonralar maliyyə işlərini öyrənmək üçün İstanbuldan rəsmi göstəriş alır. Təhsil almaqla yanaşı, maliyyə nazirliyində də işləyir.

O, 1854-cü ildə Türkiyəyə qayıdır. İlk illər Topxanada, sonra isə Məclisi –Maarifdə çalışır. Şinasi Avropadan gəldikdən sonra yeni üslubda yazdığı bədii əsərlərini çap etdirir. 1859-cu ildə fransızcadan tərcümə etdiyi mənzum əsərlərdən ibarət bir toplusu işıq üzü görür. Bu əsərlər onun Avropa ədəbiyyatına doğru ilk addımı hesab olunur.

Şinasi Türkiyədə geniş planda fəaliyyət göstərir. O, Türkiyədə Avropa standartlarına cavab verə biləcək bir qəzetin çap olunmasını istəyirdi. O, ilk yeni türk qəzetçiliyinin əsası hesab olunan Tərcümani-əhval (1860) qəzetində məqalələr çap etdirdi. Qəzetin 24-cü sayından sonra bu qəzet ilə əlaqəni pozmuş və təkbaşına Təsviri-əfkar (1862) adlı qəzet buraxmışdır. Təsviriəfkar qəzetçilik sahəsində özündən əvvəlki Tərcümaniəhvaldan daha çox iş gördü və böyük problemlərə toxundu.

Qəzet yeni türk ictimai fikir və ədəbiyyatı tarixində yeni mərhələ hesab olunur. Bir çox ictimai və digər məsələlərin ciddiliyi, ziddiyyət və narahatlıqların son həddə çatması Şinasinin qəzeti Namiq Kamala təhvil verərək Parisə yola düşməsinə səbəb oldu.

1864-cü ildə Parisə gələn Şinasi qələmi yerə qoymamış, böyük bir türk lüğəti hazırlamaqla məşğul olmuşdur. Onu da qeyd edək ki, Namiq Kamalın Parisə getməsindən sonra isə Təsviri-əfkar qəzetini Ricaizadə Əkrəm çap etdirmişdir. Sultan Əbdüləzizin 1867-ci ildə Parisə gəlişi zamanı Şinasinin dostu və himayədarı Fuad Paşa onunla görüşür və Şinasini Türkiyəyə geri dönməyə razı salır. Şinasi Türkiyəyə qayıtsa da, təkrar olaraq iki dəfə yenidən Parisə dönür.

Bu illərdə o, fəaliyyətində bədii yaradıcılıqla bərabər, qəzetçiliyə də xüsusi yer verir. Şinasi 1871-ci ildə vəfat etmişdir.

  1. İbrahim Agâh Çubukçu, Türk Düşünce Tarihinde Felsefe Hareketleri (Baskı: 2, Türk Tarih Kurumu Basımevi, Ankara: 1991), c. 174 - 1986 - 247 s.