1354-cü ildə dünyaya gəldi. Atası Əmir Teymur, anası isə onun kənizlərindən Tulun ağadır.[2]1374-cü ildə Çağatay şəcərəsindən Xızır Xocanın qızı Mülkət ağayla evləndirildi. Əmir Teymurun planlaşdırdığı bu evliliklə atası kimi kürəkən ləqəbi daşımağa başladı.[3]1376-cı ildə atası tərəfindən Fərqanə valisi təyin edildi.[4]
Əmir Teymurun 1388-ci ildə Toxtamış xanla mübarizəsində iştirak edən Şeyx Ömər mirzə Fərqanəyə hücum edən Toxtamış xanın müttəfiqi Əmir Duqlatı məğlub etdi.[1] Həmin ilin qışında isə şəxsən özü Toxtamış xanın üzərinə gedərək qalib gəldi. 18 iyun1391-ci ildə baş tutan Qunduzca döyüşündə ordunun sol qanadında yer aldı.[1] Ancaq döyüş əsnasında ordunun sol qanadı darmadağın edildi. Arxa cəbhədə gözləyən atası Əmir Teymurun son anda yardıma gəlməsiylə xilas oldu.[5]
1393-cü ildə Müzəffərilər sülaləsinin Yəzddəki hakimiyyətinə son qoyulduqdan sonra, atası Əmir TeymurYəzd, Fars və Kirman əyalətlərini birləşdirərək bunların idarəsini oğlu Şeyx Ömər mirzəyə verdi. Fərqanə valiliyi isə oğlu İsgəndər mirzəyə verildi.[4] Ancaq onun bu vəzifəsi çox uzun çəkmədi. 1394-cü ildə atasının dəvəti ilə yola çıxdı və Bağdad yaxınlığında Tuzxurmatu qalasından atılan bir oxla boynundan yaralanaraq öldürüldü.[3] Onun Fars valiliyi böyük oğlu Pir Məhəmməd mirzəyə verildi. Cənazəsi isə hərəmxanası və kiçik oğlu İsgəndər mirzəylə birlikdə Şəhrisəbz şəhərinə göndərildi.[6] Burada qardaşı Cahangir mirzənin türbəsinə dəfn olundu.[7]
Woods, John E. (1990), The Timurid dynasty, Indiana University, Research Institute for Inner Asian Studies
Siyasi ve Sosyal Hayatta Etkin Bir Güç: Timurlu Hanedan Kadınları. Muhammed Emin Koçak. Yüksek Lisans Tezi. TC Ankara Yıldırım Beyazıt Üniversitesi. Ankara-2020