Siyavuş Paşa | |
---|---|
ساشا بوشا | |
21 avqust 1651 – 1 oktyabr 1651 | |
Əvvəlki | Mələk Əhməd Paşa |
Sonrakı | Gürcü Mehmed Paşa |
5 mart 1656 – 26 aprel 1656 | |
Əvvəlki | Zurnazən Mustafa Paşa |
Sonrakı | Boynuyaralı Mehmed Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1611 |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Safiyə xanım Sultan |
Rütbəsi | Admiral |
Siyavuş Paşa (ö. 26 aprel 1656, İstanbul) — IV Mehmed dönəmində 2 dəfə - ümumilikdə 2 ay 29 gün müddətinə Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
Əslən abxazdır və Abxaz Mehmed Paşanın yetişdirməsi olaraq sarayında xəzinədarı olmuşdur. Abxaz Mehmed Paşanın edamından sonra (1634) saraya alınaraq burada saray tərbiyəsi almışdır. Bir müddət sonra bacarıqlı olduğu görüldü və IV Murad tərəfindən saray ənənəsinə zidd olaraq has odabaşı seçildi. Ardından Mələk Əhməd Paşa Diyarbəkir bəylərbəyi oldu və Siyavuş ağa onun yerinə silahdarlığa gətirildi (fevral 1639). IV Muradın vəfatı əsnasında yanında olmuş, vəfat edən padşahın üzünü bir şalla örtərək vəfat xəbərini sədrəzəm Qara Mustafa Paşaya göndərmişdir.
Sultan İbrahimin səltənətində Dəli Hüseyn Paşanın Özi hakimi seçilməsi ilə Siyavuş ağa vəzirliyə gətirilərək kaptan-ı dərya seçildi (9 sentyabr 1640). Bir il 4 ay 22 gün davam edən bu vəzifəsi əsnasında ilk vəzifə olaraq işğal olunan Azov qalasının geri qaytarılması tapşırıldı. Lazımi hazırlıq görüldükdən sonra donanma İstanbuldan ayrıldı. 140 gün davam edən mühasirə heç bir nəticə vermədi və sadəcə Kəfədəki bəzi qalalar təhkim olunaraq geri dönüldü (12 yanvar 1642). Bəzi mənbələrə görə, kaptan-ı dəryalıqda müvəffəq olmayan və dövlət adamları ilə yola getməyən Siyavuş Paşa kaptan-ı dəryalıqdan alınsa da, qübbə vəzirliyində qaldı.
Siyavuş Paşa daha sonra Hələb bəylərbəyliyinə gətirilsə də (1643), əhaliyə zülm verməsi səbəbilə vəzifədən alındı və İstanbula gəldikdən sonra bir neçə gün Yeddiqüllə zindanlarına həbs olundu. Ardından bağışlanaraq I Əhmədin qızı Gövhər Sultanın Topal Rəcəb Paşadan doğulan qızı Safiyə xanım Sultanla evləndirildi. Bundan sonra bir çox əyalətlərə təyin olundu (mart 1644-də Ərzurum, dekabr 1644-də Timeşvar, sentyabr 1647-də Diyarbəkir, 1648-də Budin). Əldə etdiyi idarəçilik təcrübəsi səbəbilə Sədrəzəm Mələk Əhməd Paşa onu özünə rəqib görməyə başladı və kaptan-ı dərya seçərək onu paytaxtdan uzaqlaşdırmaq istədi. Ancaq Siyavuş Paşa araya nüfuzlu şəxsləri salaraq bu təyinatdan qurtuldu. Əlbəttə, bu şəxslər arasında yaxın dostu Şeyxülislam Bahai Mehmed Əfəndi və Böyük Validə Kösəm Sultan da vardı.
Siyavuş Paşa vəzirliyə davam edərkən ağır vergilərdən narazı olan əhali Şeyxülislam Qaraçələbizadə Əbdüləziz Əfəndini də aralarına alaraq ayaqlandı və saraya hücum etdi. Nəticədə Mələk Əhməd Paşa vəzifədən alındı. Üsyançılar yeniçəri ağası Qara çavuşun sədarətə gətirilməsini tələb etsə də, bunun dövlət və saray ənənəsinə zidd olduğu deyildi. IV Mehmed və Əbdüləziz Əfəndi arasında gedən müzakirələrdə yeni sədrəzəmin Siyavuş Paşa olması qəbul edildi.
21 avqust 1651 tarixində sədrəzəm olan Siyavuş Paşa vəzifəsi əsnasında yeniçərilərə arxalanan Böyük Validə Kösəm Sultanla, saraydakı ağalara arxalanan Turhan Sultan arasındakı şiddətli mübarizə səbəbilə çıxan qarışıqlıqlarla məşğul oldu. Yeniçərilərin saraya göstərdiyi təzyiqi qıran Siyavuş Paşa Darüssəadə ağası Uzun Süleyman ağanın köməyilə bəzi ağaları cəzalandırdı. Ancaq çox keçmədən Kösəm Sultana arxalanan Süleyman ağa ilə ziddiyyət yaşadı və gözdən düşərək sədarətdən alındı (1 oktyabr 1651). Hətta öldürülməsi üçün bostançıların göndərildiyi ancaq Turhan Sultanın müdaxiləsi ilə canını qurtardığı bilinir. Ardından mal-mülkü alınaraq Təkirdağa sürgün edildi. Çox keçmədən Bosniya bəylərbəyi seçildi.
İbşir Mustafa Paşa ilə Abxaz Həsənin üsyanında Siyavuş Paşanın da əli olduğu şayələri yayıldı və yenidən edamı gündəmə gətirildi. Ancaq bu şübhələrdən azad oldu və Rumeli bəylərbəyi seçildi (17 aprel 1652). Gürcü Mehmed Paşanın vəzifədən alınmasından sonra Siyavuş Paşa sədrəzəm namizədi göstərilsə də, bu vəzifəyə Əhməd Paşa gətirildi.
Süleyman Paşanın sədarəti dövründə Krit adasına təcili yardım üçün göndərilsə də, yola çıxmadan arxa-arxaya baş verən sədarət dəyişikliyi səbəbilə vəziyyəti dəyişdi. Hər sədrəzəm dəyişikliyində namizəd olaraq göstərildi. Ancaq hər dəfə Turhan Sultan və saraydakı ağaların müdaxiləsi ilə Siyavuş Paşa sədarətdən uzaqlaşdırıldı. Bir müddət sonra Çinar hadisələri əsnasında sədarətə gətirilən Mustafa Paşanın da hadisələrdə əli olduğu başa düşüldü və 4 saat sonra vəzifədən alındı. Elə həmin gün sədarət möhürü Siyavuş Paşaya göndərildi (5 mart 1656).
Xəbəri Silistrədə alan Siyavuş Paşa dərhal gəmiylə İstanbula gəldi və 15 martda padşahın qəbulunda oldu. Ancaq yolda ikən humma xəstəliyinə tutuldu. 1 ay 2 gün davam edən ikinci sədarətində xəstəliyi səbəbilə divan məclisinə yalnız bir dəfə qatıla bildi. IV Mehmedin xəstəliyi getdikcə artan sədrəzəmə önəm verdiyi, hətta xəstə yatağında ikən onu ziyarət etdiyi bilinir. Siyavuş Paşa xəstə olmasına baxmayaraq rəqib gördüyü və özündən sonra sədrəzəm namizədi olan Dəftərzadə Mehmed Paşanı edam etdirdi. Ancaq özü də elə həmin gecə vəfat etdi və hər ikisinin cənazə namazı eyni gün qılındı. Siyavuş Paşanın məzarı Çəmbərlidaşda yerləşən Atik Əli Paşa türbəsindədir.