Səməd Vurğun | |
---|---|
1945 – 1948 | |
Əvvəlki | Süleyman Rəhimov |
Sonrakı | Mirzə İbrahimov |
1941 – 1944 | |
Əvvəlki | Süleyman Rəhimov |
Sonrakı | Süleyman Rəhimov |
Şəxsi məlumatlar | |
Doğum adı | Səməd Yusif oğlu Vəkilov |
Doğum tarixi | 21 mart 1906 |
Doğum yeri | |
Vəfat tarixi | 27 may 1956 (50 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər xərçəngi, xərçəng xəstəliyi |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | şair, dramaturq, akademik, ədəbiyyatşünas, tərcüməçi |
Həyat yoldaşları | Xavər Vəkilova |
Uşaqları | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Səməd Vurğun (doğum adı: Səməd Yusif oğlu Vəkilov; 21 mart 1906, Yuxarı Salahlı, Qazax qəzası – 27 may 1956, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk xalq şairi (1956), 2 dəfə "Stalin" mükafatı laureatı (1941, 1942) və 2 dəfə "Lenin" ordeni laureatı, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956). Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biridir.
Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kənddəki rus-tatar məktəbində almışdır.
Onun 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyür. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi idi. Şairin ana nənəsi Aişə xanım görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin nəslindən idi.
1918-ci ildə Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir. Məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov da var idi. Mehdixan Vəkilov Səmədin böyük və yeganə qardaşı olmuşdur. Qardaşı Hacıməmməd və bacısı Nabat isə uşaq yaşlarında vəfat etmişdilər.
Səməd Vurğun seminariyanı bitirdikdən sonra Qazax, Quba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır. 1920–1930-cu illərdə şairin səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb edir. 1930-cu illərdə o, Aleksandr Puşkinin "Yevgeni Onegin", Maksim Qorkinin "Qız və ölüm", Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərlərini Azərbaycan dilinə tərcümə edir.
Səməd Vəkilov gəncliyində hər şeylə maraqlanan, həssas, bununla yanaşı çox qətiyyətli, möhkəm iradəli, hazırcavab olmuşdur. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərmişdir. Bu illərdə o, Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, Puşkin və Lermontovun, türk şairlərindən Tofiq Fikrət, Namiq Kamal, Mehmed Eminin əsərləri ilə də tanış olur. Məlahətli səsi olduğundan gözəl oxuyur, məharətlə saz və skripka çalır, şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi.
1922-ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat edir. Bundan sonra Səmədə və qardaşı Mehdixana onların bibisi qızı pedaqoq Xanqızı Vəkilova qayğı göstərir.
Poeziya get-gedə şairin bütün varlığına hakim kəsilir. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə "Vurğun" təxəllüsünü götürür. Digər bir versiyaya görə isə sevdiyi qıza ünvanladığı şeirləri "Vurğun" təxəllüsü ilə imzalamış və beləcə də davam etmiş, tanınmışdır.
1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. Moskvadakı təhsil illərində o, fəal yaradıcılıqla da məşğul olur. Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930-cu ildə çap olunmuş "Şairin andı" adlı ilk kitabında toplanmışdır.
1930–1940-cı illər Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür. 1934-cü ildə şairin "Könül dəftəri" və 1935-ci ildə "Şeirlər" adlı kitabları nəşr olunmuşdur. Bu dövrdə şair, Azərbaycan poeziyasının dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, Azərbaycan ədəbiyyatını və dramaturgiyasını yeni əsərlər hesabına zənginləşdirmişdir. Yalnız 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. 1933-cü ildə yazılmış "Azərbaycan" şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini tərənnüm etmişdir.
Elə həmin il Səməd Vurğunun şəxsi həyatında yenilik baş verir. Belə ki, o, Abdulla Şaiqin həyat yoldaşının bacısı Xavər xanım Mirzəbəyova ilə ailə həyatı qurur.
1936–1937-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklə də məşğul olaraq, Puşkinin "Yevgeni Onegin" mənzum romanını Azərbaycan dilinə tərcümə etmişdir. Bu tərcüməsinə görə şairə Puşkin komitəsinin "A.S.Puşkin medalı" təqdim olunmuşdur. Bu illər şair Şota Rustavelinin "Pələng dərisi geymiş pəhvəlan" əsərinin bir hissəsini böyük ustalıqla tərcümə etmiş, buna görə Gürcüstan SSR MİK-in fəxri fərmanı ilə təltif edilmişdir. Eləcə də şair Taras Şevçenkonun, İlya Çavçavadzenin və Cambul Cumayevin bir çox şeirlərini dilimizə tərcümə etmişdir.
1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini – "Vaqif"i yazır. "Vaqif" dramını 3–4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan şair əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etdirmişdir. "Vaqif" dramına görə Səməd Vurğun 1941-ci ildə "Stalin mükafatı"na layiq görülmüşdür.
1937–1938-ci illərin qanlı repressiyaları Səməd Vurğundan yan keçməmişdi. Onun yüksək sənət qüdrəti, nüfuzu və ona olan xalq məhəbbətinə qısqanan adamlar şairi millətçilik böhtanları ilə ləkələmək və cərgədən çıxartmağa can atırdılar. Müxtəlif dairələrdə dəfələrlə "onun məsələsinə" baxılmış, böyük şair "ölüm və ya ölüm" dilemması qarşısında qalmalı olmuşdur. Şairi aidiyyəti idarələrə tez-tez çağırırdılar.
Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq işində fəal iştirak edən Səməd Vurğun 1939-cu ildən başlayaraq Nizami haqqında məqalələr yazmış, elmi məruzələrlə çıxış etmiş, onun "Leyli və Məcnun" poemasını məharətlə Azərbaycan dilinə çevirmişdir. 1939-cu ildə şair inqilabçı Xanlar Səfərəliyevin həyatından bəhs edən ikinci mənzum dram əsəri olan "Xanlar"ı yazmışdır. Həmin il onun "Azad ilham" kitabı nəşr edilir.
1941-ci ildə Səməd Vurğun Nizaminin "Xosrov və Şirin" poemasının motivləri əsasında mənzum dramını yazır. Müharibə dövründə yazılmış bu dram əsərində böyük vətənpərvərlik duyğularının tərənnümü xüsusi məna kəsb edirdi. Səməd Vurğun 1942-ci ildə bu əsərə görə ikinci dəfə "Stalin mükafatı"na layiq görülür.
Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü xüsusi yer tutur. Müharibə illərində sənətkar 60-dan artıq şeir, bir neçə poema, o cümlədən "Bakının dastanı" poemasını yazmışdı. Bu illərdə Səməd Vurğun sənətinin şöhrət miqyası çox genişlənir. Onun yazdığı "Ukrayna partizanlarına" şeirinin mətnləri təyyarədən Ukrayna meşələrinə səpələnərək partizanlara çatdırılmışdı.
1943-cü ildə ABŞ-də keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı "Ananın öyüdü" şeiri çox yüksək qiymətləndirilmiş və dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılmışdır. Müharibə illərində vətənpərvər şairin atəşli səsi ön cəbhədə, xəstəxanalarda, radioda daha əzəmətli səslənirdi. Müharibənin ağır şəraitində Səməd Vurğun Krım, Mozdok, Qroznı, Novorossiysk cəbhələrində olmuşdur. 1943-cü ildə onun təşəbbüsü ilə hərbi tədbirlər, cəbhəçilər və onların doğmaları ilə görüşlər keçirmək üçün Füzuli adına Ziyalılar evi yaranmışdır.
1945-ci ildə yazdığı fəlsəfi dram olan "İnsan"da şair gələcəyi romantik vüsətlə əks etdirməyə çalışmış, müharibənin odlu-alovlu günləri içərisində insan zəkasının qüdrətini göstərmişdir. Şairin bu əsərdə yaratdığı "Qardaşlıq şəhəri"ndə dünyanın eyni arzu və ideallarla yaşayan insanları toplaşmışdır.
Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, əvvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. 1945-ci ildə o, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. Elə həmin il Bakıda İranla Mədəni Əlaqələr Cəmiyyəti yaranır. Bu cəmiyyətin rəhbəri Səməd Vurğun təyin edilir[1]. İlk gündən şair tərəfindən cəmiyyətin qarşısında duran vəzifələr təyin edilir. O, İran Azərbaycanı ilə Azərbaycan SSR arasında mədəni körpü yaradılması işində fəal iştirak edir. Ulu öndər Heydər Əliyev xalq şairi Səməd Vurğunun 90 illik yubileyinə həsr edilmiş gecədə nitqində S. Vurğunun akademik fəaliyyətinə toxunmuşdur: "Səməd Vurğun eyni zamanda böyük alim, filosof idi. Səməd Vurğun Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən, yaradıcılarından biridir. Səməd Vurğun Elmlər Akademiyasının yaradılmasının təşəbbüsçülərindən biridir. O, sadəcə akademik seçilmiş bir adam deyil. Səməd Vurğun və məhz onun kimi Üzeyir Hacıbəyov, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Mustafabəy Topçubaşov, Mirzə İbrahimov və başqa belə insanların təşəbbüsü nəticəsində 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaranıbdır. Bu, böyük tarixi hadisədir. Burada Səməd Vurğunun xidmətləri böyükdür. Ən böyük xoşbəxtlik ondadır ki, Səməd Vurğun ömrünün son illərində həmin akademiyanın vitse-prezidenti vəzifəsini daşımışdır və Azərbaycan elminin, ədəbiyyatşünaslığının inkişafında çox əvəzsiz xidmətlər göstərmişdir."[2]
Müharibədən sonrakı illərdə Səməd Vurğun görkəmli ictimai xadim kimi dünyada sülhün bərqərar olması işində fəal iştirak etmişdir. SSRİ Ali Sovetinin deputatı kimi şair 1947-ci ildə görkəmli ədəbiyyat və mədəniyyət xadimləri ilə birgə Londona səfər etmiş, yolüstü Berlində də olmuşdur. Burada şairi böyük sevinc gözləyirdi. Onun "Vaqif" dramı Berlin teatrında səhnəyə qoyulmuşdu. Teatrın yaradıcı kollektivinə müəlliflə görüşmək, onun fikrini öyrənmək çox maraqlı olur. Alman rejissoru kiçik dəyişiklik etmiş, Ağa Məhəmməd şah Qacarın obrazında Adolf Hitlerə məxsus cizgilər vermişdi.
1948-ci ildə Səməd Vurğun Polşanın Vrotslav şəhərində keçirilən Mədəniyyət Xadimlərinin Ümumdünya Konqresinin iştirakçısı olmuş, konqresdən qayıtdıqdan sonra "Zəncinin arzuları" poemasını yazmışdır. Həmin il poema Polşada çap edilmişdir. Xarici səfərlərlə bağlı yazdığı şeirlərini Səməd Vurğun məşhur "Avropa xatirələri" adı ilə çap etdirmişdir.
1951-ci ildə şair "Bolqar-sovet dostluğu cəmiyyəti"nin xəttilə Bolqarıstanda olmuşdur.
Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca "Muğan" (1948)"Aygün"(1950–1951) və "Zamanın bayraqdarı" (1952) poemalarını qələmə almışdır.
Həyatının son illərində yazdığı şeirləri onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Onlar rəngarəngliyi və poetikliyi ilə seçilən şeirlərdir. Bu şeirlər həyata bağlılıq, insanların dotluq və xeyirxahlıq kimi keyfiyyətlərini əks etdirməklə yanaşı, şairin vətən və xalq qarşısındakı müqəddəs borcunun ifadəsi idi.
Səməd Vurğunun bu illərdə yaradıcılıq uğurlarına baxmayaraq o, 1953-cü ildə haqsız hücumlara, təzyiqlərə məruz qalır. "Aygün" poeması tənqid edilir, şairin Moskvada çap edilmiş "Şairin hüquqları" məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirir. Respublika rəhbərliyinin göstərişi əsasında məqalə Azərbaycan Yazıçılar ittifaqında müzakirə edillir, onun əleyhinə məktub yazılıb Moskvaya göndərilir. Şair yenə də millətçilikdə təqsirləndirilir. Kitablarının kitabxanalardan, dramlarının səhnədən götürülməsinə göstəriş verilir. Şairə şəhərdən çıxmaq qadağan edilir, lakin həmin il Stalinin ölümündən sonra SSRİ və respublika rəhbərliyində baş verən dəyişikliklər nəticəsində bu tədbirlər baş tutmur.
1953-cü ildə ölkədə və respublikada böyük dəyişikliklər baş verir. 1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilir. İşlədiyi dövrdə ictimai elmlər qarşısında böyük problemlər qoyur, saatlarla bu problemlərin, elmi əsərlərin müzakirələrini keçirir, problemlərin həllini təşkil edir. Həddən ziyadə xeyirxah bir insan olan Səməd Vurğun vitse-prezident vəzifəsində çalışdığı zaman da, ayrı-ayrı insanlara öz kömək əlini uzatmışdır. Akademiklərdən Sara Aşurbəyovanın, Püstəxanım Əzizbəyovanın Elmlər Akademiyasına gəlmələri Səməd Vurğunla bağlıdır. Bundan əlavə, dilçi alimlərdən Türkan Əfəndiyeva, Vaqif Aslanov, filosof Camal Mustafayev, tarixçi Mahal Məmmədov və onlarla belə insanların elmə gəlməsi Səməd Vurğunun təkidi və köməkliyi nəticəsində olub. Moskvaya oxumağa göndərdiyi aspirantların ailəsinə kömək edər, təqaüdü az olanlara maddi yardım göstərərdi.[3]
O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu var idi. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmiş, sovet xalqlarının sevimli şairi olmuşdu.
1954-cü ildə Sovet Yazıçıların İkinci Ümumittifaq Qurultayında "Sovet poeziyası haqqında" məruzəni Səməd Vurğun etmişdi. Çoxmillətli və həmin dövr üçün təxminən 200 mln.-luq SSRİ xalqları arasından azərbaycanlı şairin Qurultayda "Sovet poeziyası haqqında" məruzəni etməsi, bütövlüklə, Azərbaycan ədəbiyyatı, onun nümayəndələrinə və şəxsən, Səməd Vurğuna verilən olduqca böyük qiymət kimi dəyərləndirilə bilər.
1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanalarından birində müayinə edirlər. Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir.
1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən "Azərbaycanın xalq şairi" adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-sində opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. Şair may ayının 30-da Sovet Sosialist Respublikaları İttifaqı nümayəndə heyətlərinin, xarici qonaqların və Azərbaycan xalqının böyük bir izdihamı ilə Bakıda 1-ci Fəxri Xiyabanda dəfn edilir.
Şairin övladları da atalarının yolunu davam etdirmiş və ədəbiyyat sahəsində böyük uğurlara imza atmışlar. Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərinə görə oğlu Yusif Səmədoğlu Azərbaycanın xalq yazıçısı, Vaqif Səmədoğlu Azərbaycanın xalq şairi, qızı Aybəniz Vəkilova isə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Şairin adı ölümündən sonra müxtəlif yerlərdə əbədiləşmişdir. Bakıda şairin möhtəşəm heykəli ucaldılmış, meydana və mərkəzi küçələrdən birinə şairin adı verilmişdir. Bundan başqa, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, neft tankeri də Səməd Vurğunun adını daşıyır. Mossovetin qərarı ilə Moskva (Rusiya) və Dərbənd (Dağıstan) şəhərlərində küçə, Düşənbə (Tacikistan) şəhərində məktəb, Kiyev (Ukrayna) şəhərində kitabxana, Plovdiv (Bolqarıstan) şəhərində texnikum, və Datça (Türkiyə) şəhərində küçə şairin adını daşıyır.
Respublikamızın bütün rayonlarında Səməd Vurğun adına onlarla məktəb, mədəniyyət evi, küçə və park vardır. Vaxtilə respublikada bir çox kolxoz və sovxozlar da şairin adını daşıyırdılar. Şəhər və kəndlərdə şairin heykəlləri, büstləri qoyulmuşdur.
1975-ci ildə Bakıda Sovet ədəbiyyatı günlərində ölkənin ədəbi ictimaiyyətinin iştirakı ilə "Səməd Vurğunun ev-muzeyi"nin təntənəli açılışı olmuş və bir il sonra, 1976-cı ildə şairin doğma kəndi Yuxarı Salahlıda ev-muzeyin filialı – "Səməd Vurğunun poeziya evi" yaradılmışdır.
İran ziyalılarının ağsaqqalı, akademik Cavad Heyətin söylədiklərindən:[4]
"Ayna" qəzeti, Bakı, 6 oktyabr, 2012.
5 fevral 1996-cı ildə Azərbaycanın xalq şairi Səməd Vurğunun anadan olmasının 90 illiyi münasibətilə ilə əlaqədar qərar qəbul edilmişdir.[5]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Səməd Vurğun Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.[6]
1974-cü ildə Kiyevdə açılan kitabxana tanınmış Azərbaycan şairi Səməd Vurğunun adını əbədiləşdirib. Şairin çoxsaylı əsərləri, ittifaq respublikalarının yazıçıları haqqında yazdığı ədəbi-tənqidi məqalələri və fikirləri arasında Ukraynaya, onun xalqına, qəhrəman oğullarına, ədəbiyyatına, poeziyasına həsr edilmiş misralar xüsusi yer tutur. Uzun illərdir ki, kitabxana Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi və Ukrayna azərbaycanlılarının Konqresi ilə səmərəli əməkdaşlıq edir. Səməd Vurğunun 100-illiyi ilə əlaqədar kitabxananın yanında şairin heykəli ucaldılıb. Kitabxana Kiyev şəhərində, ümumiyyətlə, Ukraynada yaşayan bir çox azərbaycanlını birləşdirib, çünki məhz burada ana dilində kitab tapmaq olar, burada Ukrayna ədəbiyyatı və mədəniyyəti nümayəndələrilə, həmyerlilərlə görüşlər keçirilir. Kitabxananın kollektivi Azərbaycanın milli bayramlarını keçirməyə köməklik göstərir. Kitabxananın kitab fondu Ukrayna, rus, Azərbaycan dillərində yazılan 40 mindən artıq kitabdan ibarətdir. Səməd Vurğunun əsərləri unikal dəyərə malikdirlər.