The Weeknd (əsl adı: Eybel Makkonen Tesfaye; 16 fevral1990[2], Toronto, Ontario, Kanada[8]) — Kanadalı müğənni, mahnı yazarı və prodüser. Müasir populyar musiqinin aparıcı siması kimi qəbul edilir,. O, mahnılarında falsetto səsinin istifadəsi ilə diqqət çəkir.[10] O, dörd "Qremmi" mükafatı, iyirmi Billboard musiqi mükafatı, iyirmi iki "Juno mükafatı", altı "Amerika musiqi" mükafatı, iki "MTV Video" musiqi mükafatı və Latın "Qremmi" mükafatı laureatıdır. Eyni zamanda, "Oskar" və "Praymtaym Emmi" mükafatına namizəd olub.
Torontoda doğulub böyüyən Tesfaye karyerasına 2009-cu ildə YouTube kanalına anonim şəkildə mahnılar yerləşdirərək başlayıb. Bundan iki il sonra XO səsyazma şirkətini təsis edir. Çox keçməmiş "House of Balloons", "Thursday" və "Echoes of Silence" adlı müasir pop və alternativ R&B janrı ilə diqqətçəkən miksteyplər yayımlayır.[11] 2012-ci ildə Republic Records ilə müqavilə bağladıqdan sonra o, "Trilogy" adlı kompilasiya albomu buraxdı. Onun debüt studiya albomu "Kiss Land" 2013-cü ildə işıq üzü görür və Billboard albomlar hit-paradında ikinci pillədə qərarlaşır. Onun "Bozun əlli çaları" filmi üçün yazdığı "Earned it" mahnısı "Qremmi" mükafatı almış və bununla bərabər "Oskar" mükafatına da namizəd olmuşdur.[12]
Tesfayenin 2015-ci ildə buraxdığı əsasən pop üslublu ikinci albomu "Beauty Behind the Madness" kommersiya uğuru və tənqidçilərin müsbət rəyləri ilə qarşılandı. Albom ABŞ-də bir nömrə oldu və "İlin albomu" mükafatına namizədlik qazandı. Çartlara başçılıq edən "Can't Feel My Face" və "The Hills" trekləri isə "Qremmi" alıb.[13] Onun trep janrlı üçüncü studiya albomu olan "Starboy" əvvəlki buraxılışları kimi dinləyicilərin rəğbəti ilə qarşılandı. "Die For You" və albomun adını daşıyan mahnısı ona daha bir "Qremmi" qazandırıb.
Eybel Makkonen Tesfaye 16 fevral 1990-cı ildə Kanadanın Ontario şəhərində anadan olub.[14] O efiopiyalı miqrant ailənin yeganə övladıdır. Tesfayenin valideynləri o dünyaya gələndən qısa müddət sonra ayrılıblar.[15][16] O, anası və nənəsi tərəfindən Ontarionun Skarboro bölgəsində böyüdülüb.[14][17] 2015-ci ildə Rolling Stone jurnalına danışan Tesfaye atası haqqında bunları deyib: "Onu altı yaşımdan görməməyə başladım, onu 11 və ya 12 yaşımda yenidən görəndə yeni ailəsi və uşaqları var idi. Onun harada yaşadığını belə bilmirəm amma onun yaxşı insan olduğuna əminəm. O, əyyaş və ya pis adam deyildi, sadəcə bizimlə birlikdə deyildi".
Tesfaye xristian kimi böyüdülüb.[16][18] Onun ana dili amhar dilidir.[19] O, fransız məktəbində təhsil alıb və fransızca sərbəst şəkildə danışa bilir.[20]
Tesfaye 17 yaşında olarkən məktəbi buraxdı və iki dostu ilə birlikdə Torontonun Parkdale məhəlləsindəki mənzilə köçdü.[21] O, 1995-ci ildə çəkilmiş "Uşaqlar" filminə bənzər hedonist həyat tərzi yaşadığını bildirib.[14][22] O, bu dövrlərdə küçələrdə qalmış həmçinin bir neçə dəfə həbs edilmişdir.[23][24]
O, gənc yaşlarında ketamin, kokain, MDMA (ekstazi), sehrli göbələk və öskürək şərbəti daxil olmaqla müxtəlif qanunsuz və narkotik vasitələrin aludəçisi olub.[25] O, 2016-cı ildə narkotiklərin onun mahnı yazmağına köməklik göstərdiyini bildirib.[26] 2021-ci ilin avqustunda GQ jurnalına verdiyi müsahibədə "sober" olduğunu, əvvəlki kimi çox içmədiyini və marixunadan başqa digər maddələr istifadə etmədiyini deyib.[27]