Elfrida Yelinek

Elfrida Yelinek
alm. Elfriede Jelinek
çex. Elfriede Jelineková
Doğum tarixi 20 oktyabr 1946(1946-10-20)[1][2][…] (78 yaş)
Təhsili
Fəaliyyəti yazıçı, dramaturq, ssenarist, şair, tərcüməçi, romançı, librettoçu, ədəbiyyat tənqidçisi
Fəaliyyət illəri 1987-ci ildən
Əsərlərinin dili alman dili
Mükafatları Grand Cross of Honor for Services to the Republic of Austria "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi
İmza
elfriedejelinek.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elfride Yelinek (alm. Elfriede Jelinek‎; 20 oktyabr 1946[1][2][…])) — Avstriya yazıçısı, dramaturq, şair və ədəbi tənqidçi, Ədəbiyyat üzrə Nobel mükafatı (2004), Henrix Böll mükafatı (1986), Georq Büxner mükafatı (1998), Henrix Heyne mükafatı (2002), Frans Kafka mükafatı (2004) laureatı.[3]

Avstriya yazıçısı və dramaturqu Elfrida Yelinek ölkənin cənubunda, Sloveniya ilə sərhəddə yerləşən Ştıria torpağında, qarışıq yəhudi-çex ailəsində doğulmuşdu. Yazıçının soyadı da çex-slavyan mənşəlidir. "Yelinek" çex dilində "maral" mənasını ifadə edir.

Atası kimyaçı idi. Məhz peşəsinə zərurət olduğuna görə Hitlerin hakimiyyəti dönəmində yəhudi soyqırımından – Holokostdan salamat qurtara bilmişdi. Yelinek ailəsinin bir çox üzvlərinin həyatına isə həbs düşərgələrində son qoyulmuşdu. Görünür, bütün bunlar təsirsiz ötüşməmiş və aradan illər keçəndən sonra atasının psixikasının pozulması ilə nəticələnmişdi. Müalicə nəticə verməmişdi. Ağlını tamam itirən və evdən bayıra buraxılmayan Fridrix Yelinek 1972-ci ildə vəfat etmişdi. Elfridanın tərbiyəsi anasının üzərinə düşmüşdü. Vyananın köklü ailələrindən olan frau Olqa qızını vunderkind musiqiçi kimi görmək istəyirdi. Elfrida təhsil aldığı məktəbdə fortepiano, fleyta, alt və skripkada çalmaq öyrənmişdi. 13 yaşında isə Vyana konservatoriyasına daxil olmuşdu. Burada fortepiano və orqan ifaçılığına, habelə musiqi kompozisiyasına yiyələnmişdi. Eyni zamanda Vyana universitetində sənət tarixini öyrənmişdi. 1967-ci ildə daimi qorxu hissi ilə müşayiət olunan əsəb pozğunluğuna tutulduğundan bütöv bir ili evdə keçirmişdi. İlk əsərlərini də bu zaman yazmışdı.

Elfrida Yelinek yaradıcılığa şeirlə başlamışdı. Bu şeirlər 1967-ci ildə çapdan çıxan "Lizanın kölgələri" kitabında toplanmışdı. Yalnız atasının ölümündən sonra o, daimi qorxu hissindən qurtara bilmişdi. İctimai-siyasi həyatla daha yaxından maraqlanmağa başlayan Yelinek alman tələbələrin solçu hərəkatına qoşulmuşdu. Onun "Mixael. Korafəhmlər üçün təlimat" (1972) romanı müasir cəmiyyət həyatına xas olan mədəniyyətin kütləviliyi probleminin sərt tənqidi üzərində qurulmuşdu. Yazıçı qadın 1971-1994-cü illərdə Avstriya Kommunist Partiyasının üzvü olmuşdu.

1975-ci ildə çapdan çıxan və vətənpərvər Avstriya romanına marksist-feminist parodiya olan "Sevgililər" romanı Yelinekin simasında milli ədəbiyyata güclü və orijinal yazıçının gəldiyini göstərdi. "Bağlı qapı arxasında" (1980) adlı növbəti əsərində Yelinek Avstriya cəmiyyətinin ciddi çətinliklərindən birini — yaxşı ailələrdə böyüyən "pis uşaqlar" problemini gündəliyə çıxarmışdı. Artıq onun yaradıcılığında milli varlığın və mentalitetin tənqidi yüksələn xəttlə davam edirdi. Yetmişinci illərdə yazıçını maraqlandıran mühüm mövzulardan biri də seksual azadlıq və cinslərin qarşılıqlı münasibətləri idi. Elfrida Yelinekin "Pianoçu" (1983) və "Şəhvət" (1989) romanlarında qadına münasibətdə seksual zorakılıq problemi işıqlandırılmışdı. Xüsusilə "Pianoçu"da müəllifin şəxsi həyatı ilə bağlı motivlər qabarıq şəkildə əks olunmuşdu. Hər iki roman Avstriya cəmiyyətində ciddi əks-səda doğurmuş və geniş polemikalara səbəb olmuşdu. "Pianoçu"nun motivləri əsasında tanınmış Avsrtiya rejissoru Mixael Xanakenin çəkdiyi eyni adlı radikal səciyyəli film bir sıra yüksək mükafatlar qazanmışdır. Yaradıcılığı, insanlara və hadisələrə münasibəti baxımından Elfrida Yelinek kifayət qədər ziddiyyətli yazıçıdır. Məhz bu səbəbdən də, Avstriyanın ədəbi elitası arasında onun əsərlərini az qala bədiilik etalonu səviyyəsinə qaldıranlar olduğu kimi, adi və bayağı pornoqrafiyadan fərqləndirməyənlər də yox deyildir.

Vatikan onu "absolyut nihilizmin" bayraqdarı hesab edir və onu "söz yaradıcılığında" ədəbsizliyi yaydığına görə kəskin tənqid edir. Avstriya yazıçısının əsərlərində seks patalogiya, hakimiyyət isə zorakılıqla bir olur. Bu isə Vatikanın rəyinə görə "qadının erotizmdən emansipasiyasına" dəlalət etmir.

Yelinekin səhnə əsərləri də ölkəsində populyardır. "Klara Ş." (1982), "Ehtiras, yaxud yol açıqdır" (1986), "Bulud. Ev" (1988), "Düşərgə, yaxud bu işlə hamı məşğul olur" (1994), "İdman" (1998), "O, özü olduğu kimi deyil" (2000) pyesləri ölkənin ən yaxşı teatrlarda tamaşaya qoyulmuşdur. 1998-ci ildə Zalsburqda keçirilən ümumdünya teatr festivalının bütün repertuarı başdan-başa Elfrida Yelinekin əsərlərindən tərtib edilmişdi. Həmin il o, Avstriyanın ən nüfuzlu ədəbi mükafatı sayılan Büxner ödülünə layiq görülmüşdü. 2002-ci ildə öz ölkəsində "İlin dramaturqu" adını, Almaniyada isə Henrix Heyne mükafatını qazanmışdı. Son illərdə yazıçının "Alp dağlarında" (2002) kitabında toplanan pyesləri, habelə "Qız və ölüm" (2004) dramı ədəbi ictimaiyyətə təqdim olunmuşdur.

2004-cü ildə Elfrida Yelinek "yalnız bu müəllifə xas ehtiraslı dillə cəmiyyət həyatındakı cəfəng meylləri və hakimiyyətin sosial klişelərini ifşa edən roman və dramlarının musiqi polifonikliyinə görə" Nobel mükafatı almışdı. Müəllif təqdimat mərasimində iştirak etməmişdi. Nobel mühazirəsini isə İsveç Akademiyasına videogörüntü şəklində göndərmişdi. Yelinek məhz özünün seçildiyi üçün çox sevindiyini, lakin ədəbiyyat Nobelinin populyarlığını daha da artırmasından və ictimai şəxsiyyətə çevirməsindən kədərləndirdiyini bildirmişdir.

İsveç Akademiyasının bu seçimi də mübahisəsiz ötüşməmişdi. Akademiyanın üzvü Knut Ahnlund həmkarlarının qərarına qəti etirazını bildirərək Elfrida Yelinekin yazdıqlarının ədəbiyyat deyil, ictimai pornoqrafiya, bədiilikdən məhrum sistemsiz söz yığını olduğunu iddia etmişdir. Mükafatla bağlı qərar qəbul olunandan sonra Ahnlund bu addımın "yalnız mütərəqqi qüvvələrə deyil, bütünlükdə ədəbiyyat və sənət anlayışına sağalmaz yara vurduğunu" bildirərək İsveç Akademiyası üzvlüyündən istefa verdiyini açıqlamışdı.

Xanım Yelinekin bu hadisədən sarsıldığını söyləmək çətindir. Əslində o, təbiəti etibarı ilə şöhrətə can atan adam olmadığından adı və əsərləri ətrafında yaranan hər hansı ajiotajın fövqündə dayanmağı bacarır. Və yeni əsərlər üzərində işləyir.

  1. 1 2 Elfriede Jelinek // Internet Speculative Fiction Database (ing.). 1995.
  2. 1 2 Elfriede Jelinek // filmportal.de. 2005.
  3. "Elfriede Jelinek". 2012-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-06.
  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]