Yakov Smuşkeviç | |
---|---|
lit. Jakovas Smuškevičius rus. Яков Владимирович Смушкевич | |
| |
Şəxsi məlumatlar | |
Digər adı | General Duqlas[1] |
Doğum tarixi | |
Doğum yeri | Rokişkis, Rusiya imperiyası |
Vəfat tarixi | (39 yaşında) |
Vəfat yeri | Kuybişev, Samara, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | Litvalı və yəhudi |
Həyat yoldaşı | Basia Solomonovna |
Təhsili | Frunze adına Hərbi Akademiya |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet ordusu |
Qoşun növü | Sovet Hərbi Hava Qüvvələri |
Xidmət illəri | 1918-1941 |
Rütbəsi | Aviasiya General-leytenantı |
Döyüşlər |
Rusiyada vətəndaş müharibəsi İspaniyada vətəndaş müharibəsi Xalxin-Qol döyüşü SSRİ–Finlandiya müharibəsi |
Əlaqələri | Pavel Rıçaqov |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Yakov Smuşkeviç (lit. Jakovas Smuškevičius; rus. Яков Владимирович Смушкевич) - Sovet ordusunun Aviasiya general-leytenantı, 1939-1940-cı illərdə Sovet Hərbi Hava Qüvvələrinin (VVS) komandanı vəzifəsini icra edib. Smuşkeviç Sovet İttifaqı Qəhrəmanı adını almış ilk yəhudi kimi tarixə düşüb. Barbarossa əməliyyatının başlamasından qısa müddət öncə həbs edilmiş və Qızıl Ordu daxilində 1941-ci ildə baş vermiş repressiya kampaniyası çərçivəsində güllələnərək edam edilmişdir.
O, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş və sonradan vətənə xəyanət ittihamı ilə edam edilmiş yeganə şəxsdir. 1954-cü ildə İosif Stalinin ölümündən 1 il sonra sabiq Aviasiya General-leytenantının üzərindəki bütün ittihamlar götürülmüş və bəraət almışdır. İspaniyada vətəndaş müharibəsində olduğu zaman xidmətləri ilə önə çıxan Smuşkeviç orada General Duqlas təxəllüsü ilə məşhurlaşıb.[2] Sovet İttifaqı Qəhrəmanı fəxri adına ilk dəfə İspaniyada göstərdiyi xidmətlərinə görə layiq görülüb.
SSRİ və Yaponiya arasında 1939-cu ildə baş vermiş Xalxin-Qol döyüşü zamanı I Ordu Korpusunun aviasiyasına rəhbərlik edib və bu dəfə Yaponiyada göstərdiyi xidmətlərinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adını alıb. O, 1939-1940-cı illərdə Sovet Hərbi Hava Qüvvələrinin komandanı, 1940-1941-ci illərdə isə Baş Qərargah rəisinin müavini kimi mühüm vəzifələri icra edib.
Antisovet təşkilatlardan birinə üzv olmaqda günahlandırılaraq 1941-ci ilin iyun ayında həbs edilmişdir. Lavrenti Beriyanın 1941-ci ildə İosif Stalinə edam edilməsini təklif etdiyi 46 generalın siyahısında Smuşkeviçin də adı vardı. Yakov Smuşkeviç Qızıl Ordu daxilində 1941-ci ildə baş vermiş repressiya kampaniyası çərçivəsində, Lavrenti Beriyanın şəxsi göstərişi ilə 1941-ci ilin 28 oktyabr tarixində keçmiş Kuybişev, indiki Samara şəhərində güllələnərək edam edilib.[3]
Yakov Vladimiroviç Smuşkeviç 1902-ci ilin 14 aprel tarixində həmin zamanlar Rusiya imperiyasının tərkib hissəsi olan Rokişkis şəhərində, litvalı yəhudi ailəsində anadan olub. 1917-ci ildə ailəsi ilə birlikdə Litvaya qayıtmağına icazə verilənə qədər çörək zavodunda və körpüdə fəhlə kimi çalışmışdır. 1918-ci ildə Qızıl Ordu sıralarına qəbul edilir və I Minsk Kommunist Batalyonunun tərkibində döyüşür.[4] 1919-cu ildə üzvü olduğu batalyon Sovet-Polşa müharibəsində döyüşmək üçün Qərb cəbhəsinə göndərilmişdir.
Batalyon kommisarı olduğu zaman Belarusda gedən şiddətli döyüşlərdə yaralanaraq əsir düşmüşdür. 1920-ci ilin yazında əsirlikdən qaçmazdan əvvəl Baranoviçi və Vilnüs şəhərlərində həbs həyatı yaşayıb. Əsirlik və həbs həyatlarından sonra o, 144-cü atıcı alayının siyasi təlimatçısı kimi fəaliyyət göstərmişdir. 1921-1922-ci illərdə indiki Bryansk vilayətinin Klints rayonunda Çeka rəhbəri vəzifəsində çalışıb.
Rəhbərlik etdiyi polis bölməsi Qomel vilayətindəki bir çox əməliyyatlarda iştirak etmiş və həmin birlik 1922-ci ilin 3 mart tarixində III Piyada Alayının tərkibinə verilmişdir.
Minsk şəhərində yerləşən IV Əlahiddə Döyüş Aviasiya Eskadrilyasının partiya təşkilatçısı olana qədər yerli komissarın müavini vəzifəsində çalışmışdır. 1923-1926-cı illərdə xidmət etdiyi eskadronun siyasi təlimatçısı kimi çalışıb.
Siyasi təlimatçı olduğu müddətdə Belarus Dövlət Universitetində təhsil almağa başlayıb, lakin yeni və daha yüksək vəzifəyə təyinat aldığı üçün təhsilini yarımçıq dayandırıb. 1930-cu ildə M.V.Frunze adına Hərbi Akademiyanı bitirməzdən əvvəl bir necə dəfə vəzifədə irəli çəkilmiş, II Aviasiya Briqadasının siyasi şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir.[5]
1931-ci ilin sonlarına yaxın II Ümumiləşdirilmiş Aviasiya Briqadasının komandiri təyin edilmiş və rəhbərlik etdiyi briqada qısa zamanda Sovet ordusunda nümunəvi hərbi birləşmələrdən birinə çevirilmişdir. Smuşkeviçin hərbi xidmətləri Belorusiya Sovet Sosialist Respublikasının hökuməti tərəfindən də yüksək qiymətləndirilmişdir. 1932-ci ildə Polikarpov I-5 təyyarəsini idarə etməyi öyrənmişdir. 1936-cı ildə İspaniyada vətəndaş müharibəsinin başlaması ilə əlaqədər olaraq briqada komandiri vəzifəsini tərk edib.[6]
Smuşkeviç 1936-cı ilin oktyabr ayında sovet könüllüləri ilə birlikdə İspaniyaya göndərilib. İspaniyada Respublika Hərbi Hava Qüvvələri komandirinin xüsusi məsləhətçisi kimi fəaliyyət göstərən Smuşkeviç ispanlar tərəfindən General Duqlas təxəllüsü ilə tanınmışdır. Vətəndaş müharibəsi dövründə müxtəlif qırıcı təyyarələrdə 223 saatlıq uçuş saatı əldə edib. O, Madrid şəhərində hava hücumundan müdafiə komandanı kimi ispanlara rəhbərlik etmək əvəzinə, döyüş tapşırıqlarını şəxsən yerinə yetirməyə üstünlük verdiyi üçün yuxarı rəhbərlik tərəfindən xəbərdarlıq almışdır.
1937-ci ildə Sovet Sosialist Respublikaları İttifaqına qayıtmışdır. 1936-1939-cu illəri əhatə etmiş İspaniya vətəndaş müharibəsində göstərmiş olduğu yüksək xidmətlərə görə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
1939-cu ilin noyabr ayında göstərdiyi xidmətlərə görə Sovet Hərbi Hava Qüvvələlərinin Baş Komandanı təyin edilib. 1939-1940-cı illərdə SSRİ və Finlandiya arasında baş vermiş və tarixə Qış müharibəsi kimi keçmiş müharibədə Smuşkeviç dəfələrlə ön cəbhələrdə xidmət edib və onun əsas vəzifəsi pis hava şəraitində uçmaq üçün təlim görmüş pilotlardan ibarət aviasiya alayına rəhbərlik etmək olmuşdur.
1938-ci ilin 30 aprel tarixində Smuşkeviçin idarə etdiyi R-10 tipli təyyarə nasazlıq səbəbindən qəza keçirir və pilot ağır yaralanır.[7] Qəzadan əvvəl Smuşkeviç həmin təyyarə ilə hərbi parada hazırlaşmaqda idi.[7] Təyyarə Xarkov şəhərinin rəhbərliyi tərəfindən pilotun tabe olduğu hərbi hissəyə hədiyyə edilmişdi və qəzadan az əvvəl təyyarənin yerlə olan məsafəsi 50 metrə qədər yüksəlmişdir. Xilasedicilər pilotu huşsuz və çox pis halda aşkarlamışdılar. Bel nahiyəsində yanıqlar, ayaq hissəsində çoxlu sınıq, bud sümüklərinin əzilmiş xəsarətləri və başından ağır zədələrlə xəstəxanaya yerləşdirilmişdir.[8]
Xəsarətlərin ağırlığına görə Smuşkeviçin ayaqlarını həkimlər amputasiya etmək istəsələrdə, sonradan bu qərardan vaz keçilib. Müxtəlif cərrahiyyə əməliyyatları keçirən pilot uzun müddət sərbəst hərəkət edə bilməmiş və ömrünün sonuna qədər bir ayağı digərinə nəzərən gödək qalmışdır.[9][10][11][12]
1939-cu ilin mayında Yaponiya ordusunun mübahisəli Xalxin-Qol çayının şərq sahillərindəki monqol süvarilərinə hücum etməsindən sonra Sovet Sosialist Respublikaları İttifaqı və Yaponiya arasında 5 ay müddətinə davam edəcək Xalxin-Qol döyüşü başlamışdır. Smuşkeviç I Ordu Korpusunun hava qüvvələri hissəsinin komandiri kimi Monqolustana ezam edilmişdir.
Monqolustandakı döyüş mövqeylərində olduğu müddətdə vaxtının əksər hissəsini I-16 və I-153 tipli döyüş qırıcıları üçün pilotların hazırlanması prosesinə həsr etmişdir. Həmin ilin sentyabr ayında müharibə SSRİ-nin qələbəsi ilə başa çatır və Yakov Smuşkeviçə 1939-cu ilin 17 noyabr tarixində Xalxin-Qol döyüşü zamanı yaponlar üzərində havadan qazanılan üstünlüyə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir.[13] Qızıl Ordunun Baş Hərbi Şurasına təqdim etdiyi yekun hesabatda o, SSRİ ordusunun döyüş qabiliyyətini tənqid etmiş və müharibədəki uğursuzluqlarını ortaya çıxaran müxtəlif səbəblər haqqında yazmışdır.[14]
1940-cı ilin avqust ayında Smuşkeviç Hərbi Hava Qüvvələrnin Baş Müfəttişi təyin edilir və bir müddət sonra Pavel Rıçaqov onu SSRİ Hərbi Hava Qüvvələrini komandanı vəzifəsində əvəzləyir. Həmin il yeni pilotların yetişdirilməsi üçün yaradılacaq hərbi akademiyanın formalaşdırılmasında təşəbbüs göstərmişdir. Dekabr ayında Sovet Hərbi Hava Qüvvələlərinin Baş Qərargah rəisinin köməkçisi təyin edilir və bu vəzifədə olduğu müddətdə vaxtının çox hissəsini pilotların pis hava şəraitlərində uçmaq bacarıqlarına yiyələnməsi istiqamətindəki fəaliyyətləri inkişaf etdirməklə keçirmişdir.
Yakov Smuşkeviç tez-tez Qızıl Ordunu tənqid edirdi. Pilotların müharibələr zaman hava döyüşlərində tez-tez məğlub olması, pis hava şəraitlərində yetərli uçuş bacarıqlarının olmaması, pilotların hazırlanmasında həmin dövrdə SSRİ-yə rəqib olan ölkələrə nəzərən daha az infrastruktur ayrılması general-leytenantı narahat edən məqamlardan idi və o öz narahatçılığını təşkil edilən yüksək səviyyəli yığıncaqlarda tez-tez dilə gətirirdi. Gələcəkdə Aviasiya marşalı olacaq Aleksandr Golovanov, Smuşkeviçə təklif edir ki, öz şikayətlərindən və təkliflərindən ibarət bir məktubu İosif Stalinə yazsın və rəhbərə ünvanlasın.[15][16]
Yakov Smuşkeviç 1941-ci ilin iyun ayının əvvəlində xəstəxanada ayaqlarından növbəti cərrahiyyə əməliyyatı keçirdikdən bir necə gün sonra həbs edilmişdir.[17] Tarix ədəbiyyatlarında Qızıl Orduda 1941-ci il repressiyası olaraq daxil olmuş repressiya dalğası zamanı 46-dan çox general rütbəli şəxs həbs edilərək edam edilmişdir və həmin şəxslərdən biri də Smuşkeviç olmuşdur. O, hansısa anti-sovet təşkilatına üzv olmaqda və vətənə xəyanət etməkdə günahlandırılmışdır.
Barbarossa əməliyyatının başlamasından qısa zaman sonra baş vermiş repressiya dalğası almanların şiddətli hücumları və böyük üstünlüklərinə baxmayaraq davam etmişdir. Dindirmə zamanı ağır işgəncələrə məruz qalan Smuşkeviç Pavel Rıçaqovla üzləşdirilmişdir və üzləşmə zamanı sabiq generallar bir-birini vətənə xəyanətdə ittiham etmək məcburiyyətində buraxılmışdılar. Ailəsi ilə təhdid edilməsinə baxmayaraq o, özünü günahkar bilmədiyini və hər hansısa etirafa qol çəkməyəcəyini bəyan etmişdir. Edam edilməmişdən əvvəlki həftə ərzində fasiləsiz şəkildə döyülmüş, xüsusi ilə əməliyyat yaralarından ona işgəncələr verilmişdir.[18]
1941-ci ilin 28 oktyabr tarixində keçmiş Kuybişev, indiki Samara şəhərində məhkəmə hökmü olmadan güllələnmişdir. Smuşkeviçin tez-tələsik güllələnməsinin arxasında Lavrenti Beriyanın dayandığı güman edilir. 1947-ci ildə ona verilmiş bütün ali mükafatlar ləğv edilmiş, yalnız İosif Stalinin 1953-cü ildə vəfat etməsindən sonra 1954-cü ilin 25 dekabr tarixində sabiq general-leytenanta bəraət verilmişdir. 1957-ci ilin 15 mart tarixində repressiya nəticəsində xüsusi amansız işgəncələrlə qətlə yetirilmiş Yakov Smuşkeviçin 2 qat Sovet İttifaqı Qəhrəmanı mükafatı başda olmaqla bütün fəxri adları geri qaytarılmışdır.[18] [19]
Smushkevich Yakov.
Smushkevich Yakov.