Ayşə Sərfinaz xanım

Ayşə Sərfinaz xanım
Şəxsi məlumatlar
Doğum tarixi 1837
Doğum yeri
Vəfat tarixi 9 iyun 1905(1905-06-09)
Fəaliyyəti əsilzadə
Həyat yoldaşı
Uşağı
Dini sünni islam

Ayşə Sərfinaz xanım (ərəb. سرفراز خانم‎; 1837, Tokat9 iyun 1905) — 31. Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri.[1]

1837-ci ildə Tokatda dünyaya gəldi.[2] Əsl adı Ayşə olub, atası Osman bəy abxaz əsilli Lah ailəsinə, anası Zəliha xanım isə Tapşin ailəsinə mənsubdur. Rəna xanım adlı bir bacısının olduğu bilinir.[3] Dövrün bir çox saray xanımları kimi, onun da saraya necə alındığı bilinmir. Ancaq saray təlim-tərbiyəsi aldığı və adının Sərfinaz olaraq dəyişdirildiyi bilinir.

1851-ci ildə Sultan Əbdülməcidlə nigahlanaraq altıncı iqbal kimi hərəmə alındı.[2] Bu nigahdan 3 övladı dünyaya gəlsə də, bunlardan yalnız biri yetkinlik yaşına çata bildi.

İlk övladının dünyaya gəlişinin ardından 1853-cü ildə dördüncü, 1854-cü ildə üçüncü, 1856-cı ildə ikinci iqballığa yüksəldi. Sultan Əbdülməcidin ən sevimli xanımı idi. Hətta sultan tərəfindən ona sonradan Ulduz sarayına çevrilən Ulduz köşkünü hədiyyə edilmişdi.[5] Qərb musiqisini sevən Ayşə Sərfinaz xanım öz köşkündə qərb musiqiləri ifa edən 2 musiqiçi qrupunu himayə edirdi. Digər yandan saray daxilində olduqca sərbəst hərəkət edirdi və etdiyi bütün hərəkətlərə Sultan Əbdülməcid tərəfindən göz yumulurdu. Bu səbəblə sultanın digər xanımları, hətta qızları da bundan istifadə edərək tez-tez şəhərə çıxır, araba gəzintilərinə qatılırdılar. Bu isə sultanın və hərəmin nüfuzunun şəhər əhalisi gözündə azalmasına səbəb oldu.

1855-1856-cı illərdə Kiçik Fəsli olaraq anılan erməni bir gənclə eşq yaşadığı barədə İstanbulda şayələr gəzməyə başladı. Gənc sevgilisinə gizlicə külli miqdarda pul xərcləyən Ayşə Sərfinaz xanım saray xəzinəsinə xeyli ziyan vurmuşdu. Şayələrin artmasının ardından erməni gənc yaşadığı məhəllədə bıçaqlanaraq öldürüldü. Beləcə hadisə ört-bas edilsə də, Ayşə Sərfinaz xanımın hərəmdəki nüfuzu öncəki kimi olmadı.[6]

Ayşə Sərfinaz xanımın hədsiz məsrəfləri və alış-verişi isə dövrün siyasi xadimləri və saray əyanları tərəfindən də tənqid olunurdu. Üstəlik, saray xəzinəsindən onun üçün ayrılan aylıq maaşdan əlavə bir çox erməniyəhudi bankirlərdən də borclar almışdı. Bu borclarının da saray tərəfindən ödənilməsi isə dövlət xəzinəsini çətin vəziyyətə saldı.

Bütün bu hadisələr, ardından isə Sultan Əbdülməcidin vəfat etməsi nəticəsində gözdən düşən Ayşə Sərfinaz xanım 1861-ci ildə oğluyla birlikdə Ortaköydəki köşklərdən birinə göndərildi və Dolmabağça sarayına girişi qadağan olundu. Qalan ömrünü övladıyla birlikdə burada yaşayan Ayşə Sərfinaz xanım Sultan Əbdülhəmid səltənətində bağışlandı və bir neçə dəfə bəzi saray mərasimlərinə dəvət olundu. Hətta, Ayşə Osmanoğlunun xatirələrinə görə, bu saray mərasimlərində Ayşə Sərfinaz xanım Sultan Əbdülhəmidin analığı Pərəstu Qadınəfəndinin yanında əyləşir, sultan tərəfindən hörmətlə qarşılanırdı.

9 iyun 1905-ci ildə yaşadığı Ortaköy köşkündə vəfat edən Ayşə Sərfinaz xanım Yəhya Əfəndi məzarlığına dəfn olundu.[2]

  1. Topuz, Hıfzı. Abdülmecit: imparatorluk çökerken sarayda 22 yıl: roman (3. basım). Etiler, İstanbul: Remzi Kitabevi. 2009. ISBN 978-975-14-1357-4. OCLC 502162169.
  2. 1 2 3 "Book sources - Wikipedia". en.wikipedia.org (ingilis). İstifadə tarixi: 2025-01-29.
  3. İzgöer, Ahmet Zeki; Tuğ, Ramazan, redaktorlar Padişah'ın himayesinde Osmanlı Kızılay Cemiyeti 1911 - 1913 yıllığı (1. baskı). Ankara: Türk Kızılayı Yayınları. 2013. ISBN 978-605-5599-14-0.
  4. "Book sources - Wikipedia". en.wikipedia.org (ingilis). İstifadə tarixi: 2025-01-29.
  5. "Book sources - Wikipedia". en.wikipedia.org (ingilis). İstifadə tarixi: 2025-01-29.
  6. Badem, Candan. The Ottoman Crimean War, 1853-1856. The Ottoman Empire and its heritage. Boston: Brill. 2010. ISBN 978-90-04-18205-9.