Qao Sintszyan | |
---|---|
çin. 高行健 | |
Doğum tarixi | 4 yanvar 1940[1][2][…] (84 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | yazıçı, rəssam, tərcüməçi, romançı, dramaturq, ədəbiyyat tənqidçisi, kinorejissor, ssenarist |
Əsərlərinin dili | Çin dili |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Qao Sintszyan (çin. 高行健, pinyin: Gāo Xíngjiàn, káu ɕĭŋ tɕiɛ̂n; 4 yanvar 1940[1][2][…], Qansyan[d]) — Parisdə yaşayan Çin nasiri, novellaçısı, dramaturqu, tənqidçisi, tərcüməçisi, rəssamı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2000).
Ədəbiyyat sahəsində 100-cü və Çinin ilk Nobel mükafatçısı Qao Sintszyan Şanxay yaxınlığındakı Xançjou şəhərində doğulmuşdur. Atası bank işçisi, anası isə aktrisa idi. Anasının təşviqi ilə kiçik yaşlarından rəssamlıq, xəttatlıq və heykəltəraşlıqla məşğul olmuşdu. Tərcümeyi-halının ilk baxışdan xoş görünən bu faktları Mao Tsze-dunun mədəni inqilab hərəkatı dövründə əleyhinə işləmiş, yenidən tərbiyələnməsi üçün əmək düşərgəsinə göndərilməsinə səbəb olmuşdu.
1962-ci ildə Pekin Xarici Dillər institutunun fransız dili və ədəbiyyatı bölümünü bitirən Qao Sintszyan ədəbi yaradıcılığa tərcüməçi kimi başlamışdı. Eyni zamanda özünün orijinal bədii əsərlərini də yazmışdı. Lakin mədəni inqilab dövründə ələ keçməməsi üçün yazdıqlarının az qala hamısını yandırmalı olmuşdu. Bu səbəbdən də müəllifin ilk əsərləri haqqında çox cüzi məlumat mövcuddur.
Bir neçə il Anşu əyalətində kənd təsərrüfatı işlərində çalışan Qao Sintszyana yalnız 1975-ci ildə Pekinə qayıtmağa icazə verilmişdi. O, tikinti biznesi jurnalının tərcüməçilər qrupuna rəhbərlik etmişdi. "İslahatlar proqramı"nın qüvvədə olduğu 1979-cu ilə qədər Sintszyana "xüsusi icazə" almadan çap olunmaq, yaxud şəhər hüdudlarından kənara çıxmaq qadağan idi. Yalnız Den Syao-pin hakimiyyətə gəldikdən sonra islahatçı teatrlar onun bəzi əsərlərini repertuarlarına salmışdılar. Bu dövrdə yazıçı artıq sənətinə uyğun sahədə — Çinin xarici ölkələrdə dostluq və əməkdaşlıq komitəsində, sonra isə Çin Yazıçılar İttifaqında işləmişdi.
Bəzən Qao Sintszyanı "Çinin Soljenitsını" adlandırırlar. Lakin "QULAQ arxipelaqı" müəllifindən fərqli olaraq çinli yazıçı əzablarını özünün də çəkdiyi Çin "QULAQ"ının dəhşətlərini təsvir etməyə cəsarət göstərməmişdir. O, əsasən Çin əyalətlərində yaşayan "kiçik adamların" məhrumiyyətlərə dolu ağır güzəranın təsviri ilə kifayətlənmişdi.
Qao Sintszyan Çində absurd teatrının yaradıcılarından sayılır. Bu mənada onun yaradıcılığına Bekket və Arto estetikasının güclü təsiri olmuşdu. 1981-1987-ci illərdə Çin Dövlət Dram Teatrının ədəbi dram şöbəsinə başçılıq etdiyi dövrdə milli teatrın səhnəsində "Həyəcan siqnalı" (1982), "Avtobus dayanacağı" (1983), "Bəsitlik" (1985), "O biri sahil" (1986) kimi əsərləri tamaşaya qoyulmuşdu. Lakin tamaşaların heç biri rəsmi ideologiya mövqeyindən qəbul edilməmişdi.
1986-cı ildə yazıçıya səhvən ağ ciyər xərçəngi diaqnozu qoymuşdular. O, artıq hər şeyin bitdiyini düşünərək həyatının sonunu tək-tənha yaşamaq qərarına gəlmiş və qayıqla Yantszı çayı ilə on ay sürən səyahətə çıxmışdı. Bu səyahət zamanı Qao Sintszyan Çin insanını daha yaxından tanımış, xüsusən də ölkədəki milli azlıqların nümayəndləri ilə qarşılıqlı etimada əsaslanan ünsiyyət qura bilmişdi. Səfər gündəlikləri əsasında Sintszyan özünün 800 səhifəlik "Qəlb dağı" əsərini yaratmışdı. İlk dəfə 1989-cu ildə Tayvanda çap olunan əsər çinli oxucular arasında böyük populyarlıq qazanmışdı.
Qao Sintszyana qarşı nisbətən yumşaq münasibət 80-ci illərin sonunda öz yerini yeni təqiblərə vermişdi. 1987-ci ildə Çin hökuməti yazıçının Fransaya "fəxri sürgünə" yollanmasına göz yummuşdu. İki il sonra Tyananmin meydanında baş verən faciəli hadisələrdən sonra o, Çin vətəndaşlığından məhrum edilmişdi. Əsərlərinə isə "əks-inqilabi təbliğat nümunələri" kimi Çində yasaq qoyulmuşdu. Paris ətrafındakı qəsəbələrdən birində məskunlaşan yazıçı üzvü olduğu Çin Kommunist partiyasının sıralarını yalnız 1989-cu ildə tərk etmişdi.
Fransada mühacir həyatı yaşadığı dövrdə Qao Sintszyan yazıçı, dramaturq, şair, tərcüməçi, xəttat, rəssam və rejissor kimi fəaliyyət göstərmişdi. Çinli müəllif Fransa və Belçikanın üç nüfuzlu ədəbi mükafatına, eləcə də "Fəxri legion" ordeninə layiq görülmüşdür. Vətənə qayıtmasının perspektivsizliyinə inandıqdan sonra o, 1997-ci ildə Fransa vətəndaşlığını qəbul etmişdir.
2000-ci ildə Qoa Sintszyan "Çin nəsri və dramaturgiyası qarşısında yeni yollar açan, insanın mövcud dünyadakı vəziyyətinə görə" dərin kədər hissi ifadə edən ümumbəşəri əhəmiyyətli əsərlərinə görə" Nobel mükafatı almışdır. Əsərlərini ana dilində yazmasına baxmayaraq Qao Sintszyan Fransa vətəndaşı olduğundan mükafat əslində fransız mədəniyyətinin aktivinə yazılmışdır.
Çində isə Qoa Sintszyanın Nobel mükafatına fərqli münasibət nümayiş etdirilmişdir. Onun ölkəsinə və xalqına şöhrət gətirdiyini söyləyənlərlə bir sırada əsərlərinin əhəmiyyətini azaltmağa çalışanlar da olmuşdu. Son illər ədəbiyyatdan çox rəssamlıq və xəttatlıqla məşğul olan Qoa Sintszyanın 2002-2007-ci illər arasında müxtəlif Avropa paytaxtlarında dörd fərdi sərgisi təşkil edilmişdir.