Seylor Mun | |
Manqanın ilk şinzoban cildinin üz qabığı. | |
美少女戦士セーラームーン (Bishōjo Senshi Sērā Mūn) | |
---|---|
Janr | maho-şoco |
Manqa | |
Pretty Soldier Sailor Moon | |
Manqaka | Naoko Takeuçi |
Nəşriyyat | Kodansha |
Tərcüməçi nəşriyyat | Tokyopop Editions Montjoie və Glénat Semic Interprint Egmont Manga & Anime Japonica Polonica Fantastica Comics House Random House Australia Turnaround Publisher Services |
Nəşr tarixi | 28 dekabr 1991 — 3 mart 1997 |
Cildlər | 18 (cild siyahısı) |
Fəsil sayı | 52 |
Anime | |
Seylor Mun | |
Rejissor | Cuniçi Sato Kunihiko İkuhara Takuya İqaraşi |
Prodüsser | İriya Azuma Kenci Ota Toşihiko Arisako Koyçi Yada |
Ssenarist | Sukehiro Tomita Yoci Enokido Ryota Yamaquçi |
Bəstəkar | Takanori Arisava |
Studiya | Toei Animation |
Digər lisenziyalar | Madman Entertainment Viz Media |
Kanal | TV Asahi |
Digər kanallar | Rus dilində: 2х2, M1, ТNТ, Paytaxt STV ATV, TRT |
Buraxılış tarixi | 3 mart 1992 — 8 fevral 1997 |
Vaxt | 22 dəq. |
Seriyalar | 200 (seriya siyahısı) |
Digər | |
|
Seylor Mun və ya Yaponiyada tanınan adı ilə Bishoujo Senshi Sailor Moon (美少女戦士セーラームーン, Bishōjo Senshi Sērā Mūn?, azərb. Gözəl qoruyucu Seylor Mun[1]) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış və çəkilmiş şoco manqa seriyası. Manqa seriyası 1991-1997-ci illərdə "Nakayoshi" jurnalında nəşr olunmuşdur. Bu dövrdə 52 fəsli 18 tankobon cildi şəklində çap edilmişdir. Manqa seriyası Seylor Muna çevrilərək Ay şahzadəsinin və Əfsanəvi Gümüş Kristalın (「幻の銀水晶」, Maboroshi no Ginzuishō?) axtarışına çıxan 14 yaşlı qız Usaqi Tsukino haqqındadır. Seriya boyunca Seylor Mun Əfsanəvi Gümüş Kristalı qorumaq və Günəş sistemini məhv etmək istəyən düşmənlərin qarşısını almaq üçün yaradılmış Seylor döyüşçüləri (セーラー戦士, Sērā Senshi?) komandasına başçılıq edir.
Manqa seriyasının 18 cildi əsasında Toei Animation tərəfindən anime hazırlanmışdır.[2][3] Anime Yaponiyada 5 mövsüm olmaqla 1992-1997-ci illərdə yayımlanmışdır. Bundan başqa, manqa seriyası əsasında 3 animasiya filmi, 3 qısametrajlı animasiya, 1 televiziya verilişi və "Gözəl qoruyucu Seylor Mun" adlı teleserial hazırlanmışdır. Anime hekayəsi 2014-cü ildən göstərilən "Sailor Moon Crystal" animesi ilə yenidən başladılmışdır. Manqa seriyasından ilham alınaraq ranobelər, kart oyunları, şəkillər, myuzikllar, musiqilər və videooyunlar da hazırlanmışdır. Manqanın ingilis versiyasının Şimali Amerikada yayımlanması Kodansha Comics USA tərəfindən, Avstraliya və Yeni Zelandiyada yayımlanması Random House Australia tərəfindən lisenziyalaşdırılmışdır. Animenin ingiliscə dublajının Şimali Amerikada göstərilməsi Viz Media tərəfindən, Avstraliya və Yeni Zelandiyada göstərilməsi Madman Entertainment tərəfindən lisenziya hüququ əldə etmişdir.
Yayımlandığı gündən bu günə qədər Seylor Mun seriyasının həm anime, həm manqa versiyaları böyük rəğbət görmüş, bütün dünyada məşhur olmuşdur. Manqa seriyasının indiyə qədər 35 milyondan çox nüsxəsi satılmışdır, bu isə manqanı dünyada ən çox satılan şoco manqa seriyasına çevirmişdir. Tənqidçilər seriyaya personajlaşdırma, yumor və sənətinə görə müsbət rəylər vermişlər. Seriyanın anime versiyası Yaponiya animasiyasının Qərb dünyasına ən çox təsir etmiş animesidir.
Hekayə 5 hissədən ibarətdir: "Qaranlıq Krallıq", "Qara Ay", "Sonsuzluq", "Arzu" və "Ulduzlar".
14 yaşlı yapon qız Usaqi Tsukino yolda qarşılaşdığı və dostlaşdığı danışan qara pişik Luna sayəsində güclər qazanır və Seylor Muna çevrilir. Günəş sistemini düşmənlərindən qorumaq ilə vəzifələndirilir. Luna və Usaqi Əfsanəvi Gümüş Kristalı və şahzadəni tapmaq üçün Seylor döyüşçüləri komandasını qururlar. Günlər keçdikcə Luna və Usaqi digər Seylor döyüşçülərini tapırlar: çalışqan və ağıllı Ami Mizuno Seylor Merkuri kimi, rahibə kimi işləyən və təhsil alan Rey Hino Seylor Mars kimi, Usaqinin oxuduğu məktəbə yenicə keçən Makoto Kino Seylor Yupiter kimi ayılır. Seylor Venera kimi ayılan Minako Ayno da partneri ağ pişik Artemis ilə komandaya qoşulur. Bundan başqa onlar Taksedo Mask kimi döyüşən Mamoru Çiba ilə rastlaşırlar. Taksedo Mask onlara zaman-zaman kömək edir.
Hekayənin birinci hissəsində ("Qaranlıq Krallıq") Seylor döyüşçüləri Qaranlıq Krallığa qarşı döyüşürlər. Kraliça Beril və onun komandası olan Sitenno (Kunsayt, Nefrit, Zoysayt və Cedayt) Kraliça Metariya üçün Əfsanəvi Gümüş Kristalı ələ keçirmək və dünyanı fəth etmək istəyirlər. Seylor döyüşçüləri kəşf edirlər ki, onlar keçmiş həyatlarında qədim Ay krallığı olan Gümüş Minillikdə yaşamışlar. Qaranlıq Krallıq Ay Krallığına qarşı müharibə elan etmiş və Ay Krallığı dağılmışdır. Gümüş Minilliyin kraliçası Kraliça Sereniti Əfsanəvi Gümüş Kristal sayəsində pişiklər Luna və Artemisi, Seylor döyüşçülərini, Şahzadə Serenitini və onun sevgilisi Şahzadə Endimionu gələcəkdə yenidən reinkarnasiya olmalarına şərait yaratmışdır. Komanda öyrənir ki, Usaqi Şahzadə Serenitinin, Mamoru Şahzadə Endimionun reinkarnasiyasıdır. Sitennonun da əvvəllər Endimionun cəngavərləri olduğu, lakin Kraliça Metariya tərəfindən zehinlərinin ələ keçirildiyi məlum olur. Kraliça Metariya ilə son döyüşdə Minako onu öldürür, lakin Seylor döyüşçüləri öz həyatlarını qurban verirlər. Seylor Mun Əfsanəvi Gümüş Kristaldan istifadə edərək onları yenidən dirçəldir.
Hekayənin ikinci hissəsində ("Qara Ay") Usaqi və Mamorunun gələcəkdən gəlmiş qızı Çibiusa XXX əsrdən gələrək Əfsanəvi Gümüş Kristalı götürmək istəyir. Bu zaman Seylor döyüşçüləri Qara Ay və Müdrik adam ilə rastlaşırlar. Çibiusa Seylor döyüşçülərini gələcəyə — XXX əsrin Kristal Tokiosuna gətirir. Burada Çibiusanın anası Yeni Kraliça Sereniti və atası Kral Endimion hökmranlıq edir. Səyahətləri zamanı onlar Məkan-zaman qapısının qoruyucusu Seylor Pluton ilə qarşılaşırlar. Seylor Pluton zamanı dayandırmaq bacarığı (bu gücdən istifadə etmək ölümlə nəticələndiyindən özünü bilərəkdən qurban vermişdir) ilə Qara Ayın lideri Şahzadə Almazın bütün kainatı məhv etməsinin qarşısını alır, lakin ölür. Sonda Çibiusa Seylor Çibi Mun kimi ayılır, Seylor Munla birlikdə Müdrik adamın əsl siması olan Ölü Kabusu məhv edir.
Hekayənin üçüncü hissəsində ("Sonsuzluq") Professor Soiçi Tomoe tərəfindən yaradılmış Ölüm Həvarilərindən bəhs olunur. Professor Tomoe Firon 90 adlı varlığın Yer planeti ilə birləşməsi üçün yol axtarır. Onun qızı Hotaru Tomoenin bədəninə isə Xanım 9 adlı varlıq daxil olur. Bu varlıq isə Firon 90-ın keçməsi üçün qapı açmalıdır. Hekayənin bu hissəsində Günəş sistemini qorumaq ilə vəzifələndirilmiş digər Seylor döyüşçülər — Seylor Uran kimi ayılmış Haruka Tenno və Seylor Neptun kimi ayılmış Miçiru Kayo peyda olur. Seylor Plutonun reinkarnasiyası olan fizika tələbəsi Setsuna Meyo da onlara qoşulur. Usaqi Müqəddəs qraalı əldə edir və Super Seylor Muna çevrilir. Müqəddəs qraaldan və kristaldan istifadə edərək Firon 90-ın qarşısını almağa cəhd edir. Miçiru, Haruka və Setsunanın təhlükəli hesab etdikləri Hotaru Seylor Saturn kimi ayılır. Ölüm müjdəçisi kimi Seylor Saturn öz gücü ilə Firon 90-ı Yerdən ayırır, Seylor Plutona öz gücü ilə qapını bağlamağı əmr edir. Usaqi Şahzadə Sereniti kimi öz gücündən istifadə edərək planetin gücünü bərpa edir.
Hekayənin dördüncü hissəsində ("Arzu") Ölü Ayın lideri Kraliça Neheleniya özünü Gümüş Minilliyin və Yerin "qanuni idarəçi"si elan edir. Neheleniya Yerdə Qızıl Krallığın yerləşdiyi Elisionu işğal edir, Heliosu ələ keçirir və köməkçilərinə Əfsanəvi Gümüş Kristalı ələ keçirməyi tapşırır. Şahzadə Endimion kimi Mamoru Çiba Qızıl Krallığın müqəddəs daşı olan Qızıl Kristalı tapır. Mamoru və Seylor döyüşçüləri Müqəddəs qraal vasitəsilə güclərini birləşdirirlər və bu güc sayəsində Seylor Mun Əbədi Seylor Muna çevrilir. Əbədi Seylor Mun Kraliça Neheleniyanı öldürür. Kraliça Neheleniyanın köməkçiləri Amazon Kvarteti əslində Çibiusanın qoruyucuları olduqlarını, amma zehinlərinin Neheleniya tərəfindən ələ keçirildiyini öyrənir.
Hekayənin beşinci hissəsində ("Ulduzlar") Usaqi və dostları məktəbdən məzun olurlar. Onlar yeni düşmən — saxta Seylor döyüşçülərindən ibarət Kölgə Qalaktika komandası ilə qarşılaşırlar. Komandanın lideri Seylor Qalaksiya əsl Seylor döyüşçülərinin Seylor kristallarını ələ keçirmək, bununla qalaktikanı ələ keçirmək və Xaosu öldürmək istəyir. Mamoru və Seylor döyüşçülərinin bir çoxunun ölümündən sonra Seylor Qalaksiya onların Seylor kristallarını ələ keçirir. Usaqi dostlarını yenidən həyata qaytarmaq üçün Qalaktika qazanına səyahət edir. Kinmoku planetindən gəlmiş Seylor Starlaytlar komandası, həmin planetin idarəçisi Şahzadə Kakyu və uzaq gələcəkdən gəlmiş körpə Seylor Çibi-Çibi ona kömək etmək istəyirlər. Çibiusa və Seylor Kvartet də onlara qoşulur. Bir çox döyüşdən sonra Seylor Qalaksiya ölür, Seylor Çibi-Çibi Seylor Kosmosa çevrilir. Seylor Mun Əfsanəvi Gümüş Kristal vasitəsilə Xaosu məhv edir və dostlarını həyata qaytararaq Yerə qayıdır. Hekayə Mamoru və Usaqinin 6 il sonra evlənmələri ilə başa çatır.
Manqa seriyasının ilkin versiyası olan "Codename: Sailor V" ilk dəfə 21 avqust 1991-ci ildə çap olunur. Bu manqa seriyasının baş qəhrəmanı "Seylor Mun"un əsas personajlarından biri olan Seylor Venera olsa da, bu manqada Seylor Vi adlı ilə peyda olur.[26] Bu manqa seriyasının uğurundan sonra Naoko Takeuçi kosmos və məktəbli qızlar mövzusunda yeni manqa seriyası yaratmaq istəyir. Redaktor Fumio Osano ilə apardığı müzakirədən sonra baş qəhrəmanların fuku geymələrinə qərar verir.[27] "Codename: Sailor V" manqasının Toei Animation tərəfindən anime versiyasının çəkilmə ehtimalı ortaya çıxdıqdan sonra manqa seriyasının baş qəhrəmanı Seylor Vini Seylor Venera adı ilə "Seylor Mun" manqa seriyasına daxil edir.[28][29] Nəticədə, yeni manqa seriyası uğur qazanır.[30] Naoko manqada astrologiya,[27] astronomiya, Roma-yunan mifologiyası,[31] geologiya, yapon təməl mövzuları,[32] məktəbli şıltaqlıqları[11][31] kimi ünsurlara yer vermişdir.
Takeuçi deyir ki, ilk öncə Kodansha sadəcə hekayənin birinci hissəsini yayımlamağı nəzərdə tutmuşdu.[33] Süjet xətti nəşrdən 1 il əvvəl yazılır.[34] Hekayənin birinci hissəsinin tamamlanmasından sonra Kodansha və Toei Naokodan seriyanı davam etdirməyi xahiş edirlər. Nəticədə Naoko seriya üçün yeni 4 süjet arkı yazır.[33] Bu 5 hekayə nəşr olunmaqla yanaşı, eyni zamanda, animeyə tətbiq edilir. Anime manqadan 1-2 ay arxada yayımlanır.[34] Animedəki hekayə ilə manqadakı hekayə demək olar ki, eyni olsa da, kiçik fərqlər var.[35] Naoko hesab edir ki, bunun səbəbi Toei Animation əməkdaşlarının çoxunun kişi olmasıdır. Belə ki, onlar seriyada kişi personajlara əhəmiyyətli yer verilmədiyini düşünürdülər.[35]
Daha sonra Naoko hekayədəki müsbət personajları öldürməyi fikirləşir, lakin redaktoru Osano buna qarşı çıxır və "Seylor Mun şoco manqadır!" deyir. Animenin istehsalı zamanı Qaranlıq Krallıq ilə həlledici döyüşdə müsbət personajlar ölsələr də, daha sonra "dirilirlər". Naoko öz manqasında istədiyini edə bilmədiyinə görə əsəbləşir.[36] Naoko həmçinin seriyanın anime versiyasının sadəcə 1 mövsüm davam etməsini nəzərdə tutur, lakin böyük izləyici kütləsinə görə Toei Animation ondan seriyaya davam etməyi xahiş edir. Nəticədə Naoko yeni hekayə üçün ideya fikirləşməyə başlayır. Osano ilə məsləhətləşdikdən sonra ikinci hekayənin Usaqi və Mamorunun gələcəkdən gəlmiş qızı Çibiusa haqqında olmasına qərar verir.[37]
Ark | Manqa | Anime Seylor Mun (1992) |
Anime Sailor Moon Crystal (2014) |
Dorama | Myuzikllar |
---|---|---|---|---|---|
Qaranlıq Krallıq | 1-13-cü fəsillər | Mövsüm 1 : Seylor Mun (1-46-cı seriyalar) | 1-13-cü seriyalar | 1-49-cu seriyalar |
|
Qara Ay | 13-26-cı fəsillər | Mövsüm 2 : Seylor Mun R (47-89-cu seriyalar) | 13-26-cı seriyalar | Yoxdur |
|
Sonsuzluq | 27-38-ci fəsillər | Mövsüm 3 : Seylor Mun S (90-127-ci seriyalar) | Yoxdur | Yoxdur |
|
Arzu | 39-49-cu fəsillər | Mövsüm 4 : Seylor Mun Super S (128-166-cı seriyalar) | Yoxdur | Yoxdur |
|
Ulduzlar | 50-52-ci fəsillər | Mövsüm 5 : Seylor Ulduzlar (167-200-cü seriyalar) | Yoxdur | Yoxdur |
|
Naoko Takeuçi tərəfindən yazılmış və çəkilmiş seriya 28 dekabr 1991-ci ildən 3 fevral 1997-ci ilə qədər "Nakayoshi" aylıq manqa antologiyasında nəşr olunmuşdur.[26] Yan hekayələr isə eyni zamanda Kodanshanın digər manqa jurnalı olan "RunRun"-da yayımlanmışdır.[26] Seriyanın 52 fəsli 18 tankobon cildi şəklində 6 iyul 1992-ci ildən 4 aprel 1997-ci ilə qədər Kodansha tərəfindən nəşr olunmuşdur.[38][39] 2003-cü ildə teleserial ilə uyğunlaşdırmaq üçün fəsillər 12 şinzoban cildi şəklində yenidən yayımlanmışdır.[40] Yeni nəşrə "Gözəl qoruyucu Seylor Mun" adı verilmiş, yeni üz qabığından istifadə olunmuş, şəkillər və dialoqlar yenidən gözdən keçirilmişdir.[41] 10 qısa hekayə isə 2 cilddə nəşr olunmuşdur.[42][43] 2013-cü ildə manqa seriyasının 20 illik yubileyi münasibətilə fəsillər 10 kanzenban cildi şəklində yenidən yayımlanmışdır. Bu nəşrdə yeni üz qabığı tətbiq olunmuşdur.[44] Kitabların ölçüsü səciyyəvi yapon ölçüsündən A5-ə qaldırılmışdır.[45][46] Qısa hekayələr 2 cilddə yenidən yayımlanmışdır. "Codename: Sailor V" də 3-cü nəşrə daxil edilmişdi.[46]
"Seylor Mun" manqasının Şimali Amerikada ingiliscə yayımlanması əvvəlcə Mixx (daha sonra Tokyopop) tərəfindən lisenziyalaşdırılmışdır. Əvvəlcə manqa 1997-ci ildə "MixxZine" jurnalında dövrü olaraq nəşr olunurdu, lakin daha sonra qaldırılmışdır. "MixxZine" jurnalında hekayənin ancaq birinci, ikinci və üçüncü hissələri çap olunmuşdur. Hekayənin dördüncü və beşinci hissələri "Smile" jurnalında çap olunmuşdur.[47] Bundan sonra ingiliscə manqa seriyası 18 cilddə olmaqla 3 qrafik roman şəklində 1 dekabr 1998-ci ildən 18 sentyabr 2001-ci ilə qədər yayımlanmışdır.[48][49] Tokyopop-un lisenziyası 2005-ci ilin mayında başa çatmışdır.[50][51]
2011-ci ildə Kodansha Comics USA ingilis dilində "Seylor Mun" manqa seriyasını yayımlayacağını və "Codename: Sailor V" seriyasını tanıtdaracağını açıqlamışdır.[52] Nəşriyyat 2011-ci ilin sentyabrından 2013-cü ilin iyuluna qədər "Seylor Mun" manqasının 20 cildini və "Codename: Sailor V" manqasının 2 cildini buraxmışdır.[53][54][55] Qısa hekayələrin yer aldığı birinci cild 10 sentyabr 2013-cü ildə, ikinci cild isə 26 noyabrda nəşr olunmuşdur.[56][57]
Manqa həmçinin bəzi ingilisdilli ölkələrdə yayımlamaq üçün də lisenziyalaşdırılmışdır. Böyük Britaniyada manqanı yayımlamaq hüququ Turnaround Publisher Services-in,[58] Avstraliyada isə Random House Australia-nın əlindədir.[59]
Toei Animation manqanın 52 fəsli əsasında "Seylor Mun"[2][3] adlı anime serialı çəkmişdir. Anime serialının rejissorları Cuniçi Sato, Kunihiko Sato, Kunihiko İkuhara və Takura İqaraşi olmuşdur.[60] Anime serialı 7 mart 1992-ci ildə TV Asahi-də göstərilməyə başlamış, sonuncu — 200-cü seriyası 8 fevral 1997-ci ildə yayımlanmışdır. İngilisdilli versiyası da daxil olmaqla, demək olar ki, bütün digər dublajlarda anime "Seylor Mun" adı ilə göstərilmişdir. Usaqi Tsukinonu Kotono Mitsuişi, Ami Ami Mizunonu Aya Hisakava, Rey Hinonu Miçi Tomivaza, Makoto Kinonu Emi Şinohara, Minako Aynonu Rika Fukami, Çibiusanı Ke Araki, Haruka Tennonu Mequmi Oqata, Miçiru Kayonu Masako Katsuki, Setsuna Meyonu Çiyoko Kavaşima, Hotaru Tomoeni Yuko Minaquçi, Kou Seiyanı Şiha Niiyama, Kou Yateni Çika Sakamoto, Kou Taikini Narumi Tsunoda, Mamoru Çibanı Toru Furuya, Lunanı Keyko Han və Artemisi Yasuhiro Takato səsləndirmişdir.
6 iyul 2012-ci ildə Kodansha və Toei Animation "Seylor Mun"-un 20 illiyi münasibətilə 2013-cü ildə yeni anime adaptasiya üzərində işləyəcəyini açıqlamışdır.[61][62] Yeni anime adaptasiyası üçün "Sailor Moon Crystal" adı seçilmiş və əvvəli anime serialının rebootu olmayacağı qərara alınmışdır. Əvəzində, yeni anime serialı manqaya daha yaxın süjet xəttinə malik olacaq.[63][64] Yeni animenin ilk seriyası 5 iyul 2014-cü ildə göstərilmiş və digər seriyalar hər ayın 1-ci və 3-cü şənbə günlərində yayımlanmışdır.[65] İlk iki mövsüm birlikdə yayımlanmış və iki arkı ("Qaranlıq Krallıq" və "Qara Ay") əhatə etmişdir. Üçüncü mövsüm (manqanın "Sonsuzluq" adlı üçüncü arkına əsaslanır) 4 apreldən 27 iyun 2016-cı ilə kimi yayımlanmışdır.[66]
Yaponiyada "Seylor Mun" manqası əsasında 3 teatr bədii filmi çəkilmişdir. Bədii filmlərdə ancaq yan hekayələr ələ alınmışdır. 8 aprel 1995-ci ildə TV Asahidə Seylor Mun haqqında 1 saatlıq televiziya verilişi göstərilməyə başlamışdır.[67] 1997-ci ildə "Variety" jurnalının bir məqaləsində yer almışdı ki, The Walt Disney Company Stenli Toqnun rejissoru olduğu bir Seylor Mun teleserialının çəkilməsində maraqlıdır.[68]
Seylor Mun haqqında bir çox kitab çap olunmuşdur. Kodansha hekayənin hər hissəsi üçün ayrı kitab nəşr etmişdir, bu kitablar birlikdə "Orijinal şəkillər külliyyatı" adlanır. Bu kitablarda Naoko Takeuçinin incəsənət işlər, reklam materialları yer almışdır. Bir çox rəsmin yanında Naokonun şərhləri verilmişdir.[69][70][71][72][73] Bir digər şəkil külliyyatı "Sonsuzluq cildi" 1997-ci ilin sonlarında seriyanın başa çatmasından sonra məhdud tirajla yayımlanmışdır. Kitabda Naokonun, dostlarının, anime üzərində işləyənlərin işləri öz əksini tapmışdır. 1999-cu ildə Kodanshanın nəşr etdiyi "Materiallar külliyyatı"nda hər personajın yaradılmasının inkişaf mərhələsində ikən çəkilmiş eskizləri göstərilmişdir. Həmçinin kitabda seriyada heç vaxt peyda olmamış personajların da eskizləri yer almışdır. Bu kitabda Naoko hər şəklin yanında personaj haqqında düşüncələrini və hislərini qeyd etmişdir. Kitabda qısa hekayə olan "Paralel Seylor Mun"a da yer verilmişdir.[74]
1993-cü ilin ortalarında Seylor Mun haqqında ilk teatr tamaşası göstərilmişdir: Anza Ohyama Seylor Mun rolunda çıxış etmişdir. İndiyə qədər 30 belə teatr tamaşası hazırlanmışdır, 1 tamaşa isə tamamlanmamışdır. Tamaşaların ssenarisi anime və orijinal manqa əsasında tərtib olunmuşdur. Seriyadan götürülmüş musiqilər 20 xatirə albomu şəklində yayımlanmışdır.[75] Myuziklların məşhurluğu "Gözəl qoruyucu Seylor Mun" teleserialının reytinqlərinin aşağı olmasına səbəb kimi göstərilmişdir.[76]
Seylor Mun haqqında bir çox videooyun hazırlanmışdır. Bu cür oyunların çoxu Bandai və onun dotasiyası Angel tərəfindən, qalanları isə Banpresto tərəfindən istehsal olunmuşdur. İlk zamanlar Seylor Mun mövzusunda Beat 'em up tipli oyunlar hazırlanmışdır, daha sonra tapmaca və faytinq oyunları peyda olmuşdur. "Another Story" rol videooyunu idi.[77] Ancaq "The 3D Adventures of Sailor Moon" videooyunu Yaponiyada xaricdə — 3VR New Media tərəfindən Şimali Amerikada (1997) istehsal olunmuşdur.[78] 2011-ci ilin aprelində Nintendo DS cihazı üçün "Sailor Moon: La Luna Splende (Sailor Moon: The Shining Moon)" videooyunu satışa buraxılmışdır.[79]
"Seylor Mun" animesi üçün bir çox mahnı və musiqi bəstələnmişdir. Bir çox mahnının sözləri manqaka Naoko Takeuçi tərəfindən yazılmışdır. Animenin ilk mövsümü üçün musiqi bəstələyən və buna görə də Columbia Records-dan "Golden Disk Grand Prize" qazanan Takanori Arisava tammetrajlı filmlər, videooyunlar, anime üçün musiqi bəstələmişdir. 1998, 2000 və 2001-ci ildə anime üçün bəstələdiyi musiqilərə görə Takanori JASRAC mükafatına layiq görülmüşdü.[80]
Animenin ilk 4 mövsümündə açılış mahnısı kimi "Moonlight Densetsu" (ムーンライト伝説?, azərb. "Ay işığı əfsanəsi") mahnısından istifadə olunmuşdur. Mahnının musiqisi Tetsuya Komoro tərəfindən bəstələnmiş, sözləri Kanako Oda tərəfindən yazılmışdır. Mahnının hazırlanması zamanı 1965-ci ildə müğənni Tieko Baysönün "Sayonara wa Dansu no Ato ni" (さよならはダンスの後に?) mahnısından ilham alınmışdır. Mahnı seriyanın ən məşhur mahnılarından birinə çevrilmişdir. Mahnının DALI tərəfindən hazırlanmış versiyası animenin birinci və ikinci, Moon Lips tərəfindən hazırlanmış versiyası üçüncü və dördüncü mövsümlərdə açılış mahnısı kimi ifa olunmuşdur.[81][82][83][84] Axırıncı mövsümdə açılış mahnısı kimi sözlərini Naoko Takeuçinin yazdığı, musiqisini Söki Arakinin bəstələdiyi və Kae Hanazava tərəfindən ifa olunan "Sailor Star Song" (セーラースターソング, Sērā Sutā Songu?, azərb. Seylor Ulduz mahnısı) mahnısından istifadə olunmuşdur.[85] 200-cü seriyanın sonunda yenidən "Moonlight Densetsu" ifa olunmuşdur. "Moonlight Densetsu" Osako Popstar panko qrupu kimi müxtəlif müğənni və musiqi qrupları tərəfindən dəfələrlə dəyişdirilərək yenidən ifa olunmuşdur.
Təkcə Yaponiyada anime əsasında 40 musiqi albomu buraxılmışdır. Onların çoxu remikslərdən ibarət idi. Bundan əlavə 33 sinql da yayımlanmışdır, onların çoxu ayrı-ayrı personajlara həsr olunmuşdur. "Seylor Mun" mövzusunda buraxılmış albomlar və sinqlların sayına görə ikinci ölkə Almaniyadır. Almaniyada bu mövzuda təxminən 15 musiqi albomu yayımlanmışdır. Bununla yanaşı Almaniyada 5 nəfərdən ibarət Super Moonies pop qrupu fəaliyyət göstərir. Şimali Amerikada sadəcə 3 musiqi albomu satışa buraxılmışdır. Bu rəqəmlərə Yaponiyada buraxılmış myuzikl diskləri aid deyil. Belə ki, Yaponiyada hər myuzikl üçün ən azı 1 disk buraxılmışdır.
"Moonlight Densetsu" sinqlı çıxdıqdan sonra böyük məşhurluq əldə etmişdir.[86] Mahnı iki dəfə — 15-ci və 16-cı Animage Qran-Prilərində mahnı nominasiyasında 1-ci yeri tutmuşdur.[87][88] Mahnı 17-ci Animage Qran-Prisində 7-ci yerə, "Seylor Mun R: Film"[89] filmində istifadə olunmuş "Moon Revenge" mahnısı isə 8-ci yerə layiq görülmüşdür. Animenin 4-cü mövsümündə 2-ci bağlanış mahnısı kimi istifadə olunmuş "Rashiku Ikimasho" mahnısı 1996-cı ildə reytinqlərdə 18-ci yerdə göstərilmişdir.[90] 1997-ci animenin 5-ci mövsümünün açılış mahnısı olan "Sailor Star Song" 11-ci, "Moonlight Densetsu" 16-cı yerə layiq görülmüşdür.[91]
2014-cü ildə yayımlanmağa başlayan "Sailor Moon Crystal" animesi üçün yeni açılış mahnısı — "Moon Pride" bəstələnmişdir.
"Seylor Mun" bütün dövrlərin ən əhəmiyyətli manqa seriyalarından biridir və hələ də bütün dünyada böyük oxucu kütləsi tərəfindən oxunur. 1995-ci ilin sonuna qədər Yaponiyada seriyanın 1 milyondan çox tankobon nüsxəsi satılmışdır.[92] 2012-ci ildə — seriyanın 20 illik yubileyinə qədər isə 15-dən çox ölkədə bu say 35 milyona çatmışdır.[93] Seriya 1993-cü ildə şoco nominasiyası üzrə Kodansha Manqa Mükafatına layiq görülmüşdür.[94] Həm manqanın, həm animenin ingilis versiyaları ABŞ-də ən məşhur və uğurlu şoco olmuşdur.[5] "Seylor Mun" seriyasının baş qəhrəmanı Seylor Mun (Usaqi Tsukino) bütün dövrlərin ən əhəmiyyətli qadın super qəhrəmanlarından biri hesab edilir.[95][96][97][98][99]
Seylor Mun beynəlxalq səviyyədə də məşhur olmuşdur. "Seylor Mun" animesi 1993-cü ilin dekabrında İspaniya və Fransada göstərilməyə başlamışdır. Beləliklə, İspaniya və Fransa Yaponiyanın xaricində bu animeni yayımlayan ilk ölkələr olmuşlar.[100] Anime Şimali Amerikada yayımlanana qədər Rusiya, Cənubi Koreya, Filippin adaları, Çin, İtaliya, Tayvan, Tailand, İndoneziya və Honkonqda efirə buraxılmışdır. "Seylor Mun" sayəsində Filippinin TV5 kanalı ölkənin ən böyük 3-cü kanalı olmuşdur.[101] "Seylor Mun" manqası Tokyopop-un 2001-ci ildə ən çox satılan məhsulu olmuşdur.[102] Diamond Comic Distributors-a görə "Seylor Mun" manqasının 3-cü cildi 1999-cu ildə ABŞ-də ən çox satılan komiks kitabına çevrilmişdir.[103]
Ceyson Tompson tərəfindən 2007-ci ildə yazılmış "Manqa: Tam bələdçi" kitabında manqa seriyasına 4 ulduz üzrə 3 ulduz () verilmişdir. O, manqada şoco ilə şonen stillərin birləşdirilməsindən böyük zövq aldığını və seriyadakı döyüş səhnələrinin "Saint Seiya" manqasındakına çox bənzədiyini, lakin daha qısa və az dəhşətli olduğunu qeyd etmişdir. O, manqanın "Saint Seiya"-ay bənzədiyini demişdir. Tompson manqanı əyləncəli və şən görmüş, lakin maraqsız süjet xətlərinin seriyaya ziyan gətiriyini açıqlamışdır. O, manqanı "qəşəng, effektiv tamaşa"[5] adlandırmışdı. O, həmçinin demişdir ki, "Seylor Mun" həm oğlan, həm qız auditoriya üçün nəzərdə tutulsa da, Naoko Takeuçi oğlan oxuyucular üçün fanservisdən istifadə etməmişdir. Tompson döyüş səhnələrində fiziki təmasa demək olar ki, yer verilmədiyini də vurğulamışdır.[104]
Anime ilə manqanın müqayisəsi zamanı Silvayn Durand manqanın "calallı", amma hekayənin çox sıxışdırılmış və dəyişkən olduğunu, animedə isə personajlar daha inkişaf etdirildiyini demişdir. Durand qeyd etmişdir ki, manqada Gümüş Minilliyin məhvi daha faciəvi təsvir olunub, Sitenno, Usaqinin Metariya və Beril ilə son döyüşü haqqında daha çox detal verilib: "Animedə bəzi məlumatların buraxılması hekayənin daha asan başa düşülməsinə səbəb olub, buna görə də anime komediya və tragediyanın balansı ilə daha yaxşı başa düşüləndir, halbuki, manqada Usaqi ilə Mamorunun münasibətlərinə daha çox diqqət verilib."[105]
11-17 sentyabr 2011-ci il tarixlərində "The New York Times"-ın ən çox satılan manqalar siyahısında "Seylor Mun"un yenidən nəşr olunmuş 1-ci cildi 1-ci yerdə göstərilmişdir, "Codename: Sailor V" isə ikinci yeri tutmuşdur.[106][107] "Seylor Mun"un yenidən nəşrinin ilk cildi nəşrdən 4 həftədən sonra satılıb qurtarmışdır.[108]
"Sailor Moon Crystal" animesinin ilk seriyasını Niconico-da yayımlandığı ilk 2 gün ərzində 1 milyondan çox nəfər izləmişdir.[109]
"Seylor Mun" ən məşhur maho-şoco manqalardan biridir. Seriyanın uğurundan sonra bu seriyaya oxşar digər maho-şoco manqaları ("Magic Knight Rayearth", "Wedding Peach", "Nurse Angel Ririka SOS", "Pretty Cure") peyda olmuşdur.[110][111] 1995-ci ildə YTV-də[101] göstərilənə qədər "Seylor Mun" ingiliscə dublajda "ən böyük nailiyyət" və "şoco animenin kuliminasiya nöqtəsi" adlandırılmışdır.[112] Mədəniyyət antropoloqu Mett Torn deyir ki, "Seylor Mun"un yayımlanmasından sonra şoco manqaları komiks dükanlarında daha çox satılmağa başlamışdır.[113] Seriya qızların şoco manqalarına olan marağını artırmışdır. Kanada yazıçısı Qils Poytras müəyyən etmişdi ki, 1990-cı illərdə "Seylor Mun" animesinin göstərilməsindən sonra qızlar və gənclər anime fanatları arasında üstünlük təşkil etməyə başlamışdırlar.[5][114][115]
Tarixçi Fred Pratten hesab edir ki, Naoko Takeuçi manqa üzərində işləyərkən "Super Sentai" manqasından ilham almışdır.[116][117] Pol Qreyvt isə manqa seriyasının maho-şoco janrını canlandırdığını düşünür.[118] Them Anime Reviews-dən olan bir rəyçi bildirmişdi ki, əvvəlki maho-şoco fərqli olaraq "Seylor Mun"da qəhrəmanlar şər qüvvələrlə vuruşmaq üçün güclərdən istifadə etməlidir.
Bundan başqa, "Seylor Mun" tez-tez "Power Rangers",[31][119] "Baffi",[120][121][122] "Sabrina — balaca cadugər"[123] kimi cizgi seriallarla müqayisə olunur.
İnternetin yenicə yayıldığı dövrdə "Seylor Mun" fanatları bundan maksimum istifadə etmişlər.[120] Patrik Dreyzen deyir ki, internet fanatların aralarında "Seylor Mun" seriyası haqqında müzakirələr aparmasında, tədbirlər keçirməsində böyük rol oynamışdır.[124][125] Aparılmış bir tədqiqat zamanı məlum olmuşdur ki, 2004-cü ildə dünyada Mikki Maus haqqında 491.000 veb sayt olduğu halda, "Seylor Mun" haqqında 3.335.000 veb sayt vardı.[126] "NEO" jurnalı isə fanatların internet vasitəsilə animenin orijinal versiyası ilə ingilis versiyasını müqayisə etdiklərini qeyd etmişdir.[127]
ABŞ-də aparılmış bir tədqiqatda 12 uşağa "Seylor Mun" animesi izlətdirilmişdir. Onlara "Seylor Mun" animesindəki döyüş səhnələrinin zorakı olub-olmaması haqqında sual verilmişdir. Uşaqlardan ancaq ikisi animeni "zorakı" adlandırmış, digər 10 uşaq seriyaları "sakit" və "qəşəng" hesab etmişdir.[128]
Seriyanın anime versiyası üzərində aparılan ən böyük dəyişikliklər senzuradır.[129][130] Seylor döyüşçüsünə çevrilmə kimi yarıçılpaq səhnələrdə sinə nahiyəsinin göründüyü hissələr kəsilmişdir. Duş səhnələrində isə bədənin tam görünməməsi üçün ya suyun səviyyəsi "qaldırılmışdır", ya da ki, suyun rənginin tonunda dəyişiklik edilmişdir.
Bundan əlavə bəzi səhnələr şiddət və zorakıçılığa (xüsusilə uşaqlara qarşı[131]) görə silinmişdir, lakin bəzi seriyalarda bu senzura tətbiq olunmamışdır. Animenin ilk mövsümünün "Qurd libasındakı dost" adlı seriyasında Nefritin doğranaraq ölməsi səhnəsində dəyişiklik edilməmişdir, sadəcə qanın rəngi qırmızıdan yaşıla dəyişdirilmişdir.
"Seylor Vi hadisə yerində" seriyasında Zoysaytın Taksedo Maskı arxadan bıçaqladığı səhnə və aldığı yara ortadan qaldırılsa da, növbəti seriyada yarasından axan qan görünmüşdür.
Animenin 2-ci mövsümü "Seylor Mun: R"-də "Xatırlamalı cəngavər" adlı seriyada Makoto Kinonun dostu Şonzakinin bir döyüşdə yaralandığı epizod isə çıxarılmamışdır. Həmçinin Makotonun ona öz qanını vermək istədiyi (çünki eyni qan qrupuna aid idilər) epizoda da toxunulmamışdır. "Xatırlamalı cəngavər" animenin ingilis versiyasında ən çox qan səhnəsinin göründüyü seriyadır.
İngilis versiyasında kəsilən digər səhnələrə "Şahzadəni xilas etməyin qiyməti" seriyasından Usaqi Tsukinonun eyvandan tullandığı səhnə və "Həvəssiz şahzadə" seriyasında Rey Hinonun Usaqiyə şillə vurduğu səhnələr də aiddir.
Animenin bir çox versiyasında LGBT mövzusunda dəyişikliklər edilmişdir.[132]
Orijinal versiyada Zoysayt qadınxasiyyət və Kunsaytı sevən kişi kimi təsvir olunmuşdu.[133] Lakin ilk mövsümdə DiC tərəfindən həyata keçirilən dublajda Zoysayt qadın kimi göstərilmiş və onu aktrisa Kirsten Bişop səsləndirmişdir.[132]
Orijinal versiyada Miçiru və Haruka bir-birilərini sevən qızlar[134] olsalar da, ingilis versiyasında bu daim gizlədilmişdir. İngilis versiyası ilə yanaşı, animenin digər dillərindəki versiyalarında bu iki personaj arasındakı münasibətlərin uşaqlara pis təsir göstərəcəyi düşünülmüş və animedə dəyişikliklər aparılmışdır.[132]
Rus və macar versiyalarında Haruka Tennonun adi vətəndaş formasında kişi olduğu, lakin Seylor Urana çevrilərkən qadın olduğu göstərilmişdir. Bu hal animenin axırıncı mövsümündəki Seylor Starlaytlar üçün də keçərlidir. Alban versiyasında isə ümumiyyətlə Seylor Uran və Seylor Neptunun üçüncü və dördüncü mövsümlərdə göründüyü səhnələr kəsilmişdir. İtalyan, fransız və polyak versiyalarında onlar sevgili əvəzinə sadəcə yaxın dost kimi təqdim olunmuşdurlar.[132][135]
Meksika versiyasında bu personajlar arasındakı münasibətlərə toxunulmamışdır, lakin bu, animenin Meksikada baykot edilməsi ilə nəticələnmişdir. Braziliya versiyası Meksika versiyası əsasında hazırlandığından, burada da Seylor Uran ilə Neptunun münasibətlərində dəyişikliklər edilməmişdir. Hətta Yaponiyada seriyada lezbiyan münasibətlərin olması mübahisə doğurmuşdu. Animenin son mövsümündə Seylor Starlaytların kişi kimi təqdim edilməsinin səbəbi bu mübahisələrdir.[136] Şimali Amerikada Haruka ilə Miçiru sadəcə qohum kimi göstərilmişdir.[132]
Seriyanın dördüncücü mövsümündə Seylor döyüşçülərinin düşmənlərindən biri olan Balıqgöz gey olsa da,[137] dublajda qadın kimi təqdim edilmişdi. "Düzgün fikir" adlı seriyada Balıqgözün Taksedo Maska hislərinin olduğu məlum olmuşdur.[132]
Disney, which wanted Tong to create an international franchise with his direction of the "live" "Magoo," is also in the process of acquiring rights to the Japanese cartoon Sailor Moon, also for Tong to direct
Scratch a modern-day manga fangirl, and you're likely to find someone who watched Sailor Moon when she was young.