Luici Pirandello | |
---|---|
it. Luigi Pirandello | |
Təxəllüsü | Caliban[4], Giulian Dorpelli[4], Fernando[4], Emma Nevini[4] |
Doğum tarixi | 28 iyun 1867[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 10 dekabr 1936[3][1][…] (69 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Uşaqları | 3 |
Təhsili | |
Fəaliyyəti | dramaturq, yazıçı, şair, romançı, ssenarist, rejissor |
Fəaliyyət illəri | 1893–1936 |
Əsərlərinin dili | italyan dili |
pirandelloweb.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Luici Pirandello (it. Luigi Pirandello; 28 iyun 1867[1][2][…], Aqricento, Siciliya[5] – 10 dekabr 1936[3][1][…], Roma[3][5]) — italyan yazıçı və şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1934).
İtalyan yazıçısı və dramaturqu Luici Pirandello Siciliyada, varlı kükürd mədəni sahibinin ailəsində dünyaya göz açmışdı. Yaradıcılığa erkən başlamışdı. Əlyazması qalmayan "Barbar" dramını hələ məktəb şagirdi ikən yazmışdı.
Əvvəlcə atasının işini davam etdirmək istəmişdi. Lakin bu sahədəki bacarıqsızlığını görüb 1887-ci ildə Roma universitetinə daxil olmuşdu. Burada təhsilin səviyyəsindən narazı qaldığından bir il sonra Bonna dəyişilmişdi. Bonn universitetində ədəbiyyat və fəlsəfə öyrənərək roman filologiyası doktoru elmi dərəcəsi almışdı. "Sevincli ağrı" adlı ilk şeirlər kitabı tələbəlik dövründə çap olunmuşdu. Mütəxəssislərin fikrincə, həmin şeirlərdə ilk italyan Nobel mükafatı laureatı Cozue Karduççinin təsiri aydın duyulmaqdadır.
Atasından maddi və mənəvi dəstək alan Pirandello İtaliyaya qayıtdıqdan sonra yalnız bədii yaradıcılıq və elmi fəaliyyətlə məşğul olmuşdu. 1898-ci ildə o, Roma Pedaqoji kollecində italyan ədəbiyyatı professoru təyin edilmiş və təxminən 25 il eyni vəzifədə çalışmışdı. 1903-cü ildə daşqın nəticəsində ailənin kükürd mədənlərini su yuyub apardığından Pirandello həmin vaxtdan yaşamını yalnız ədəbi zəhməti ilə təmin etməli olmuşdu. Yazıçının taleyinə düşən başqa bir ağır sınaq həyat yoldaşının əsəb pozğunluğu nəticəsində xəstəliyə düçar olması idi. Pirandello uzun müddət əziyyətə qatlaşsa da, sonda onu psixiatrik klinikaya (sadə dillə desək, dəlixanaya) yerləşdirmək məcburiyyəti qarşısında qalmışdı.
Lakin maddi və mənəvi çətinliklər Pirandellonun yazmaq istəyinin qarşısını heç zaman ala bilməmişdi. İlk iri həcmli nəsr əsəri – "Mərhum Mattia Paskal" romanı (1904) onu ədəbi daiərələrdə tanıtmışdı. Universitet professoru olduğunu unutmayan Pirandello sənətə nəzəri və estetik baxışlarını hər ikisi 1908-ci ildə çapdan çıxan "Yumor", habelə "Elm və incəsənət" kitablarında əks etdirmişdi.
"Əgər belə deyilsə..." adlı pyesinin tamaşaya qoyulduğu 1915-ci ilə qədər Pirandello daha çox roman və novellalar müəllifi kimi tanınırdı. İlk səhnə əsərinin uğurundan sonra isə o, özünü bütünlüklə dramaturgiyaya həsr etmişdi. Maddi vəziyyətini düzəldən Pirandello bir müddət sonra müəllimlikdən də uzaqlaşmışdı. 1915-1921-ci illərdə hamısı uğurla tamaşaya qoyulan 16 pyes yazmışdı.
Pirandello-dramaturqun "Müəllifi axtaran altı personaj" pyesi (1921) onun İtaliya hüdudlarından kənarda da məşhurlaşmasına imkan yaratmışdı. Əsər London və Nyu-York səhnələrində böyük müvəffəqiyyət qazanmışdı. Romadakı ilk tamaşa isə qalmaqalsız ötüşməmişdi. Personajların xeyirxahlıq və həqiqətlə bağlı fikirlərinə teatrsevərlər kəskin etirazlarını bildirmişdilər. 1922-ci ildə Pirandello yaradıcılığının zirvəsi sayılan "IV Henrix" dramının ilk tamaşası da uğurlu olmuşdu.
Zaman keçdikcə, Pirandello təkcə mahir dramaturq yox, həm də istedadlı rejissor kimi şöhrət qazanmışdı. Lakin sənətkar siyasi seçimində ədəbiyyatda olduğu kimi fəhm və uzaqgörənlik nümayiş etdirə bilməmişdi. O, 1923-cü ildə Mussolininin faşist partiyasına daxil olmuşdu. Bir müddət sonra isə duçenin yardımı ilə Milli Bədaye Teatrı yaratmışdı. Bu teatr 1925-1926-cı illərdə Avropaya, növbəti il isə Cənubi Amerika ölkələrinə qastrol səfərlərinə çıxmışdı. Lakin çox ehtimal ki, məhz Mussolini tərəfindən maliyyələşdirildiyindən uzun müddət yaşaya bilməmişdi.
Pirandellonu faşlstlərlə əməkdaşlıqda təqsirləndirənlər az deyildir. Yazıçını müdafiə edənlər isə onun siyasətdən kənarda dayanması ilə bağlı bəyanatlarını, bir sıra hallarda faşist partiyasını tənqid etməsini, hətta əsərlərinə İtaliyada qadağa qoyulmasını əks arqument kimi gətirirlər. Vaxtının çoxunu səyahətlərdə keçirən, bir müddət ümumiyyətlə Paris və Berlində yaşayan Pirandello yalnız 1933-cü ildə Mussolininin şəxsi xahişi ilə İtaliyaya qayıtmışdı.
1934-cü ildə Luici Pirandello "dramaturgiya və səhnə sənətinin dirçəldilməsi sahəsindəki yaradıcı cəsarətinə və bədii tapıntılarına görə" ədəbiyyat üzrə növbəti Nobel mükafatı laureatı elan olunmuşdu. Müəllifi təqdim edən İsveç Akademiyasının üzvü Per Xalstyom "psixoloji analiz əsasında yaxşı pyeslər yazmaq" bacarığını Pirandello yaradıcılığının əsas fərqləndirici keyfiyyəti adlandırmışdı. Yeni laureat Nobel mühazirəsini yaradıcılıq laboratoriyasının sirlərinə həsr etmişdi.
Luici Pirandello Nobel laureatı olduqdan düz iki il sonra vəfat etmişdi. Vəsiyyətinə uyğun sakit və dəbdəbəsiz dəfn mərasimi yalnız ailə üzvlərinin iştirakı ilə keçirilmişdi. Yazıçı "kiçik vətənində" – Siciliyada torpağa tapşırılmışdı.
XX əsrdə dram sənətinin məzmun və mahiyyət etibarı ilə yeniləşməsində Pirandellonun müəyyən xidmətləri olmuşdu. Amerikan tənqidçisi və rejissoru Erik Bentlinin fikrincə, o, öz əsərlərində "intelleklə hissin mübarizəsini, onlardan birinin digərinə çevrilməsi prosesini" təsvir etmişdi. Bir sıra Avropa tədqiqatçıları İbsen və Strindberqin yaradıcılığı ilə başlanan psixoloji axtarışların Pirandello dramaturgiyasında yekun mərhələsinə çatdığını iddia edirlər.
Onun əsərlərinin Jan Anuy, Jan Pol Sartr, Samuel Bekket, Ejen İonesko kimi Avropa dramaturqlarına təsirsiz ötüşmədiyi qeyd olunur. Bütün bunlar isə Luici Pirandellonu XX əsrin böyük dramaturqlarından biri adlandırmağa əsas verir.