Yucin O'Nil

Yucin O'Nil
ing. Eugene Gladstone O'Neill
Doğum tarixi 16 oktyabr 1888(1888-10-16)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 27 noyabr 1953(1953-11-27)[1][2][…] (65 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Təhsili
Fəaliyyəti dramaturq, ssenarist, yazıçı
Əsərlərinin dili ingilis dili
Üzvlüyü
  • Amerika İncəsənət və Ədəbiyyat Akademiyası[d]
İmza
eoneill.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yucin Qladstoun O'Nil (ing. Eugene Gladstone O'Neill; 16 oktyabr 1888[1][2][…], Nyu-York, Nyu-York ştatı[3][4]27 noyabr 1953[1][2][…], Boston[3][4]) - amerika yazıçısı, dramaturq, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1936), Pulitser mükafatı laureatı (1920, 1922, 1928).

Amerikan yazıçısı və dramaturqu Yucin O`Nil səyyar aktyor ailəsində doğulmuş, həyatının ilk yeddi ilini "təkərlər üstündə" keçirmişdi. Təhsil həyatına anası ilə Nyu-Yorkda yaşadığı illərdə başlamışdı. Lakin bu dövr də asan olmamışdı. Ella O`Nil morfi düşkününə çevrildiyindən oğlu üçün ciddi problemlər yaratmışdı. İnanclı katolik ruhunda tərbiyə olunan kiçik Yucin Allaha dua etməklə anasına xilas yolu tapacağını fikirləşirdi. Dualarının səmərəsiz qaldığını görəndən sonra kilsədən həmişəlik üz döndərmişdi. Bir sözlə, kiçik yaşda üzləşdiyi böyük problemlər onun uşaq psixikasına təsirsiz ötüşməmişdi.

Yucin O`Nil 1906-cı ildə Prinston universitetinə daxil olsa da, burada cəmisi bir il oxumuşdu. Onu dərslərdən daha çox avaraçılıq və Nyu-Yorkun gecə həyatı maraqlandırırdı. 21 yaşı tamam olanda atasının iradəsi ilə hesablaşmadan evlənmişdi. Toydan sonra isə qızıl axtaranlara qoşulub Hondurasa getmişdi. Bir il sonra Nyu-Yorka qayıtmışdı. 1910-cu ildə öz adını verdiyi oğlu doğulmuşdu. Lakin körpənin dünyaya gəlməsi də onu evə, ailəyə bağlaya bilməmişdi. Avara və sərsəriyə çevrilən Yucin O`Nil bu dəfə həyatının il yarısını İngiltərə və Argentinada keçirmişdi. Əsas məşğuliyyəti günəmuzd işlər və dilənçilik idi. Bütün bunlar sonda birinci arvadının boşanma qərarı verməsinə səbəb oldu. Çox ehtimal ki, belə ekstremal şəraitdə böyüdüyündən ilk övladı - sonralar teatr tənqidçisi kimi tanınan kiçik Yucin 40 yaşında həyatına intiharla son qoymuşdu.

İntihar, bəlkə də, müəyyən dərəcədə bu ailə üçün faciəli ənənə idi. Çünki 1912-ci ildə yaşamaqdan bezən ata Yucin də özünü öldürmək fikrinə düşmüş, yalnız baş tutmayan cəhddən sonra həyatını yenidən qurmaq qərarına gəlmişdi. Atasının acınacaqlı aqibəti Nyu-Londonda, yerli qəzetə müxbir işləyən Yucin O`Nili silkələmişdi. O, avara həyatdan əl çəkmək və "nəyin bahasına olursa olsun" yazıçı olmaq qərarı vermişdi. 1914-cü ildə bu məqsədlə hətta Harvard universitetinə, Corc Beykerin dramaturgiya kursuna daxil olmuşdu. 1916-cı ildə ilk pyesi tamaşaya qoyulmuşdu. Yucin O`Nil yaradıcılığının başlanğıc dövründən salon və ailə-məişət dramı ənənələrindən qətiyyətlə imtina etmiş, həyatın dibindəki adamları teatra gətirmək qərarına gəlmişdi. Bu mənada Avqust Strindberin əsərləri Yucin O`Nilin ilham mənbəyi və "müasir dramaturgiya dərsliyi" olmuşdu. Müəllifin 1920-ci ildə Brodveydə oynanan "Üfüqün arxasında" pyesi Amerika teatrına yeni istedadın gəldiyindən xəbər verirdi. Bu əsərə görə Yucin O`Nil növbəti il Pulitser mükafatına layiq görüldü. Sonralar müəllifin "Anna Kristi" (1922), "Qəribə interlyudiya" (1928) və "Gecəyə çevrilən uzun gün" (1941) pyesləri də eyni mükafatla qeyd edildi və o, dördqat Pultsier laureatı oldu.

1920-1943-cü illərdə Yucin O`Nil 20-dən çox pyes yazmışdı. Ədəbi istiqamətlərinə görə onları romantik, realist, ekspressionist, janrlarına görə komediya, faciə kimi xarakterizə etmək mümkündür. 20-ci illərin sonlarında o, toxunduğu problemlərlə cəmiyyəti silkələməyi bacaran ən populyar amerikan dramaturqu idi. Şübhəsiz, Yucin O`Nilin heç kəsi laqeyd buraxmayan əsərləri mövzu seçimi və insan talelərindəki tragik məqamları əks etdirməsi ilə bağlı idi.

Lakin müəllifin ədəbi uğurları ilə müqayisədə şəxsi həyatını uğurlu saymaq mümkün deyildi. 1918-ci ildə o, ikinci nikahla yazıçı qadın Aqnes Boultonla evlənmiş, on il sonra isə ayrılmışdı. Bu nikahdan oğlu Şeyn və qızı Una doğulmuşdu. 1920-1923-cü illərdə Yucin O`Nil atasını, anasını və sevimli qardaşı Ceymsi itirmişdi. Qızı Una 18 yaşında ikən atasının bütün etirazlarına baxmayaraq, məşhur aktyor, 54 yaşlı Çarli Çaplinə ərə getmişdi. Narkotika asılılığına düşən oğlu Şeyn intihar etmişdi. Yucin O`Nilin aktrisa Şarlotta Montereylə üçüncü nikahı da uğurlu olmamışdı. Nəticədə bütün bu ailə dramları onun həyatını məşəqqətə çevirmişdi.

1936-cı ildə Yucin O`Nil "faciə janrını yeni şərhdə təqdim edən dram əsərlərinin dərinliyinə, həqiqiliyinə və təsir gücünə görə" amerikan dramaturqları içərisində ilk Nobel laureatı oldu. Xəstəliyi ucbatından Stokholma gedə bilməsə də Nobel mühazirəsinin mətnini İsveç Akademiyasına göndərmişdi. Səmimi təşəkkürünü bildirən müəllif yazırdı: "Bu mükafat təkcə mənə deyil, Amerikadakı bütün həmkarlarıma verilib. Fikrimcə, bu Nobel mükafatı Avropanın Amerika teatrının yetkinliyini etiraf etməsinin simvoludur". Yucin O`Nil Nobel mükafatı laureatı olanda "Buz gətirən gələcək" (1939), "Gecəyə çevrilən uzun gün" (1941) və "Taleyin ögey övladları üçün Ay" (1943) kimi diqqətəlayiq əsərlərini Amerika və Avropa tamaşaçılarına təqdim etməmişdi. Məhz bu əsərlər amerikan dramaturqunun yaradıcılığının yüksələn xətlə inkişafının göstəriciləri idi.

İlk tamaşası Stokholm Kral teatrında oynanan "Gecəyə çevrilən uzun gün" dramında müəllif Taysonların timsalında öz ailəsinin həyatını qələmə almışdı. O`Nil ailəsində olduğu kimi, burada da aktyor ata məsuliyyətsiz həyat tərzi və düşünülməmiş hərəkətləri ilə arvadını narkomanlığa məcbur edib. Oğullarından biri əyyaş, o biri xəyalpərvərdir. "Qanlı göz yaşları və dərin acılarla" yazdığı bu pyes Ralf Riçardson və Ketrin Xepbern kimi kino ulduzlarının iştirakı ilə ekranlaşdırılmışdı. Eyni mövzu daha dramatik çalarlarla "Taleyin ögey övladları üçün Ay" pyesində də davam etdirilmişdi. Əsəb sisteminin tam pozulması nəticəsində Yucin O`Nilin həyatının son on ili faciəvi olmuşdu. Xəstəlik ucbatından bir sıra mövzuları səhnə əsərlərinə çevirə bilməmişdi. Tragizm baxımından Çexov səviyyəsinə yüksəlməyi bacarmasa da, Yucin O`Nil "amerikan dramının yaradıcısı" adını bu gün də özündə saxlayır.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Gelb B., Gelb A. Eugene O'Neill // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118590014 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. 1 2 3 4 Find a Grave (ing.). 1996.
  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]