Əhməd Cavad Paşa | |
---|---|
| |
4 sentyabr 1891 – 8 iyun 1895 | |
Əvvəlki | Mehmed Kamil Paşa |
Sonrakı | Mehmed Səid Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 noyabr 1850[1] |
Doğum yeri | |
Vəfat tarixi | 9 avqust 1900 (49 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | dövlət xadimi |
Atası | Mustafa Asım bəy |
Anası | Zəhra xanım |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Əhməd Cavad Paşa (6 noyabr 1850[1], Dəməşq – 9 avqust 1900, İstanbul) — II Əbdülhəmidin səltənətində 3 il 9 ay 4 gün sədrəzəm olmuş Osmanlı dövlət xadimi, yazar və publisist.[2][3][4][5]
6 noyabr 1850-ci ildə Dəməşqdə dünyaya gəldi.[6] Atası Afyonlu Hacı Əhməd Əfəndinin oğlu miralay Mustafa Asım bəydir.[7] Anası isə əslən Suriya türkmanı olan Xəttatzadə ailəsindən Hüseyn bəyin qızı Zəhra xanımdır.[8] Atasının vəzifəsi səbəbilə bir müddət Afyonda və Bursada, daha sonra isə İstanbulda yaşadı. İlk təhsilini də məhz Bursada başladı. Ancaq hələ 12 yaşında ikən, 1862-ci ilin dekabrında həm atasını, həm də anasını 3 gün arayla itirdi. Valideynlərinin vəfatından sonra 13 yaşlı bacısı Sara, 12 yaşlı Cavad və 7 yaşlı qardaşı Şakir ailə dostları və o əsnada Rumeli qazəsgəri olan Atifzadə Hüsaməddin Əfəndinin himayəsinə alındı.[9][10] Ancaq qısa müddət sonra bacısı və qardaşı nənəsi Fatma xanımın himayəsi altında Afyondakı qohumlarının yanına aparıldı.[7]
Valideynlərinin vəfatından qısa müddət sonra hərbi məktəbə daxil olan Əhməd Cavad atasının yaxın dostlarından Musa Safveti Paşa tərəfindən mənəvi övladlığa alındı. İlk hərbi təhsilini 29 noyabr 1869-cu ildə tamamladıqdan sonra təhsilini davam etdirdi[11] və 17 yanvar 1871-ci ildə kapitan rütbəsilə məzun oldu.[12]
Məzun olduqdan sonra 500 kuruş maaşla saray yavəri təyin olunan Əhməd Cavad 28 iyun 1871-ci ildə qolağası rütbəsinə yüksəldi. Bu vəzifədə ikən qələmə aldığı "Ma'lûmâtü'l-kâfiye fi Memâliki'l-Osmaniyye" adlı əsərini hazırlayaraq Sultan Əbdüləzizə təqdim etdi və 1872-ci ilin avqustunda mayor rütbəsinə yüksəldi.
V Orduya təyin edilmədən öncə təhsil aldığı Hərbi məktəbdə bir ilə yaxın riyaziyyat fənnindən dərs deyən Əhməd Cavad 1874-cü ildə hərəm ağası Ramiz ağadan aldığı tövsiyyə məktubuyla Dəməşqdəki V Orduya təyin olundu. 1877-1878 Osmanlı-Rusiya müharibəsinin başladığı tarixədək Dəməşqdəki V Orduda xidmət edən Əhməd Cavad müharibənin başlamasının ardından Dunay çayı cəbhəsinə təyin olundu.[13]
1877-1878 Osmanlı-Rusiya müharibəsində Dunay çayı cəbhəsindəki Əziz Paşa birliyinə qatılan Əhməd Cavadın, o əsnada hərbi məktəbdə təhsil alan qardaşı Şakir də Əziz Paşanın yavəri olaraq müharibədə iştirak etdi. 26 iyul 1877-ci ildə baş tutan Ezerçe döyüşündə Əziz Paşanın şəhid olması və İspartalı Feyzullah Paşanın ağır yaralanmasının ardından birliyə başçılıq edən Əhməd Cavad 19 noyabrda yeni təyinat gələnə qədər bu vəzifəsini davam etdirdi. Ardından bu xidmətinə görə dördüncü dərəcəli Məcidi nişanıyla mükafatlandırıldı. Kastelova və Ablanova döyüşlərindəki üstün bacarığı səbəbilə 5 sentyabr 1877-ci ildə dördüncü dərəcəli Osmaniyyə nişanı ilə təltif edildi. 4 dekabr 1877-ci ildəki Elena döyüşünə qatılan Əhməd Cavad bəy, göstərdiyi rəşadəti səbəbilə 17 fevral 1878-ci ildə miralaylığa yüksəldi. Sonuncu döyüşdə əldə edilən hərbi qənimətləri İstanbula aparmaqla vəzifələndirilən Əhməd Cavad yenidən dördüncü dərəcəli Osmaniyyə nişanı ilə təltif edildi.
Müharibədən sonra 1880-ci ildə Hərbi Akademiyanın ümumi şöbəsində xidmətə başlayan Əhməd Cavad bəy, bu vəzifədə ikən həmin şöbə tərəfindən nəşr edilən Ceride-i Askeriye qəzetinin redaktorluğuna başladı. Üstəlik 1879-cu ilin oktyabrından etibarən 15 gündə bir nəşr olunan Yadigar jurnalının da redaktoru idi. Bununla yanaşı 1881-ci ildə Dövlət Şurası yanında Nafiyə komissiyasına üzv seçilən Əhməd Cavad bəy həmin ildən etibarən redaktorluq etdiyi qəzetlərdə məqalələr yazmağa başladı.
Berlin müqaviləsində qeyd olunan Yunanıstan-Osmanlı sərhəddinin müəyyən olunması məsələsi səbəbilə yaradılan komissiyaya daxil edilən Əhməd Cavad bəy sərhəddin kağız üzərində müəyyən edilməsi halında real sərhəd zonasının təyin edilməsiylə vəzifələndirildi. Ancaq bu müzakirələr komissiya rəhbəri Qazi Muxtar Paşanın sərt münasibəti səbəbilə nəticəsiz qaldı.
Daha sonra 1880-ci ildə yenə Berlin müqaviləsinə əsasən, suverenliyini qazanan Serbiya ilə Osmanlı arasındakı sərhəddin müəyyən edən komissiyaya üzv seçildi. Həmin il başlayan danışıqlar nəticə verdi və sərhəddin bir hissəsi müəyyən olundu. Ertəsi il toplanan ikinci komissiyaya bu dəfə rəhbər seçilən Əhməd Cavad bəy qalan sərhəd zonasını da müəyyənləşdirdi və həmin il Serbiya krallığı tərəfindən üçüncü dərəcəli Takova nişanıyla təltif olundu.
1880-ci ilin iyununda Anadolu sərhəddinin müəyyənləşdirilməsi üçün toplanan ikinci komissiyaya rəhbər təyin edilən Əhməd Cavad bəy bu vəzifəylə Ərzuruma göndərildi. Aparılan danışıqların nəticəsində 12 sentyabr 1880-ci ildə Qarsda tərəflər arasında razılaşma imzalandı və sərhəddin müəyyənləşməsində göstərdiyi bacarıq səbəbilə Əhməd Cavad bəy 17 fevral 1882-ci ildə üçüncü dərəcəli Osmaniyyə nişanı ilə, Rusiya hökuməti tərəfindən isə 29 mart 1882-ci ildə ikinci dərəcəli Müqəddəs Anna nişanı ilə təltif edildi.
19 fevral 1884-cü ildə Berlin müqaviləsiylə müstəqillik qazanan Monteneqro knyazlığının paytaxtı Çetinyedəki Osmanlı səfirliyinə təyin olunan Əhməd Cavad bəy 5 mart 1884-cü ildə ikinci dərəcəli Osmaniyyə nişanı ilə təltif edildi və 26 martda mirlivalığa yüksəldi. Təyinatından bir neçə ay sonra Monteneqro knyazı I Nikolayın dəvətiylə 17 mayda başlayan və 28 gün davam edən ölkədaxili səyahətdə iştirak etdi. Bu səyahətlə bağlı xatirələrini Seyâhatnaâme-i Cevad adı altında qələmə aldı.[14] Belə bir səyahətin digəri isə 1886-cı ilin mayında baş tutdu.
Səyahətin ardından Çetinyedə səfirlik binasının inşasına vasitəçilik edən Əhməd Cavad bəyin səyləriylə 5 mart 1886-cı ildə təntənəli mərasimlə bina istifadəyə verildi. Bu vəzifədə ikən Monteneqronun sərhəd məsələsiylə də məşğul olan Əhməd Cavad bəy 2 noyabr 1885-ci ildə yaradılan komissiyanın sədri seçildi. Daha öncə Anadolu, Yunanıstan və Serbiyanın sərhəd məsələsində iştirak etməsi, eləcə də sözügedən bölgəni tanıması səbəbilə qısa zamanda danışıqlar nəticə verdi və 20 avqust 1887-ci ildə tərəflər arasında razılığa gəlindi.
Əhməd Cavad bəyin Çetinye səfirliyi dövründə Osmanlı-Monteneqro münasibətləri yaxşı idi. Sultan Əbdülhəmid və knyaz I Nikolay bir-birinə tez-tez hədiyyələr göndərir, qarşılıqlı olaraq dövlət adamlarını nişan və orderlərlə təltif edirdilər. Bu münasibətlə Sultan Əbdülhəmid tərəfindən knyaza hədiyyə edilən İmtiyaz nişanı 29 may 1886-cı ildə keçirilən mərasimlə təslim edildi. Ardından knyaz I Nikolay da səfir Əhməd Cavad bəyi Qızıl Şücaət medalı ilə təltif etdi.
Ancaq Çetinye səfirliyinə təyinatı əsnasında gözlərində problem olan Əhməd Cavad bəy burada ikən revmatizm və mədə problemləri yaşamağa başladı. Bu səbəblə bir neçə dəfə müalicə üçün Avropaya getmək üçün icazə istəsə də, bu təklifləri geri çevrildi. Səhhətinin daha da pisləşməsinin ardından 31 iyul 1888-ci ildə vəzifədən alınaraq İstanbula çağırıldı. Vəzifədən alındıqdan sonra bir müddət daha Çetinyedə qalan Əhməd Cavad bəy 25 avqustda buradan ayrıldı. İstanbula döndükdən sonra 2 sentyabr 1888-ci ildə Hərbi Təftiş komissiyası üzvü seçildi və Hərbi Akademiyanın ümumi şöbəsinə təyin olundu.[15] Bu komissiyadakı vəzifəsi sədarətə təyin olana qədər davam etdi.
Yunanıstan kralı I Georqun taxta çıxmasının 25 illiyi münasibətilə Afinada keçirilən dövlət tədbirində iştirak etmə məqsədilə 24 oktyabr 1888-ci ildə vəzifələndirilən Əhməd Cavad bəy 2 gün sonra gəmiylə yola düşdü.[16] 30 oktyabr günü Yunanıstan kralıyla görüşən Əhməd Cavad bəy Sultan Əbdülhəmidin göndərdiyi hədiyyələri krala və kraliçaya təqdim etdikdən sonra ertəsi günki ildönümü mərasimində iştirak etdi.
10 noyabra qədər Afinada qalan Əhməd Cavad bəy bu müddət ərzində bir çox dövlət tədbirində və açılışlarda iştirak etdi. Bu xidmətlərinə görə 22 may 1889-cu ildə Yunanıstan hökuməti tərəfindən birinci dərəcəli Sürur nişanı, Sultan Əbdülhəmid tərəfindən isə birinci dərəcəli Məcidiyyə nişanı hədiyyə edildi.
29 iyul 1889-cu ildə rütbəsi ferikliyə yüksəldi və Krit əyaləti Hərbi Akademiyasına sədr təyin olundu. Üstəlik o əsnada qardaşı Şakir Paşa da Krit əyalətində vali vəkili olaraq xidmət etməkdə idi. Bura gələr-gəlməz adanı qarış-qarış gəzən Əhməd Cavad bəy əyalətin o günki vəziyyəti, bölgədə çıxan üsyanların səbəbləri və onlarla mübarizənin yolları barədə hazırladığı hesabatı Sultan Əbdülhəmidə göndərdi. 30 iyun 1890-cı ildə qardaşı Şakir Paşanın İstanbula çağırılması ilə Əhməd Cavad bəy onun yerinə əyalətin vali vəkilliyinə təyin edildi.
Təyinatın ardından əyalətdə bir çox işlərə imza atan Əhməd Cavad bəy adanın xristian əhalisi üçün məktəblərin, eləcə də illərdir inşaatı davam edən Müsəlman Qız məktəbinin inşasını tamamladı. İstifadəyə yararsız olan xəstəxananın yerinə Hanyada yeni bir xəstəxana inşa etdirdi. Bu və digər xidmətləri səbəbilə 13 dekabr 1890-cı ildə Krit Qızıl medalı isə mükafatlandırıldı və 5 fevral 1891-ci ildə müşir ünvanına yüksəldi. Nəhayət çox keçmədən 4 sentyabr 1891-ci ildə sədrəzəmliyə təyin olundu.
Təyinatının ardından Kritdən yola düşən Əhməd Cavad Paşanın yerinə Ədliyə naziri Hüseyn Rza Paşa 6 sentyabra qədər sədarət vəkili təyin edildi. Onun topladığı hökumət kabineti isə bu şəkildə oldu:
Təxminən 4 il davam edən sədarəti boyunca hökumət kabinetində əsaslı dəyişiklik olmadı. Təyinatından sonrakı ilk əmri isə 14 sentyabr 1891-ci ildə müsəlman əhalinin meyxanalarda əylənmələrini qadağan etdiyi hökm oldu. Elm və təhsilə böyük önəm verən Əhməd Cavad Paşa Bab-ı Əlidə xidmət edən məmurları istifadəsi üçün öz adını daşıyan bir kitabxana təsis etdi. 1893-cü ilin ikinci yarısında inşaatı başlayan kitabxana 11 fevral 1895-ci ildə fəaliyyətə başladı.
Bu müddət ərzində məşğul olduğu əsas məsələ isə sözsüz ki, erməni məsələsi oldu. 1878-ci ildə imzalanan San-Stefano və Berlin müqavilələrinin ardından erməni məsələsi artıq beynəlxalq hal almışdı. Bu tarixdən etibarən ermənilər öncə Osmanlı imperiyası torpaqlarında iğtişaşlar törədərək Avropa dövlətlərinin diqqətini bura cəlb etmək, daha sonra isə Avropa dövlətlərinin müdaxiləsiylə bölgədə müstəqil bir dövlət yaratmaq niyyətinə düşdülər. Bu xəyallar uğrunda komitə və partiyallar quran erməni cəmiyyətləri 1890-cı illərdən etibarən açıq nümayişlər tərtibləməyə başladılar. Bu ayaqlanmaların ilk nümunələri isə 20 iyun 1890-cı ildə Ərzurumda və 27 iyul 1890-cı ildə İstanbulda baş tutan erməni iğtişaşlarıdır.
Bölgədə artan erməni iğtiaşlarının ardından 13 avqust 1894-cü ildə başlayan və 10 gün davam edən hərbi əməliyyat nəticəsində Hamparsum Boyacıyan və 11 nəfər sağ olaraq ələ keçirildi, hadisələrdə iştirak edən 277 erməni isə öldürüldü. Hadisənin ardından beynəlxalq arenada Osmanlı əleyhinə səslər yüksəldi. Bu etirazları susdurmaq və məsələni yerində araşdırmaq məqsədilə Sultan Əbdülhəmid bir komissiya yaratdı və Ərzurumda konsulluğu olan İngiltərə, Fransa və Rusiyadan bu komissiyaya qatılmaq üzrə bir nəfər təmsilçi tələb etdi. 21 iyul 1895-ci ilədək fəaliyyətini davam etdirən bu komissiya 190 nəfərdən çox şəxsi dindirdi və ümumilikdə 108 iclas keçirdi. Aparılan tədqiqatların ardından komissiya hadisələrə yerli ermənilərin səbəb olduğuna qərar verdi.
Ancaq tədqiqatın davam etdiyi 11 may 1895-ci ildə İngiltərə, Fransa və Rusiya İstanbuldakı səfirlikləri vasitəsilə Osmanlı hökumətinə nota göndərərək ermənilərin yaşadığı vilayətlərdə islahatların aparılması üçün yerli hökumətə təzyiq göstərməyə başladılar. Bu nota 3 iyunda cavablandırılsa da, müttəfiq dövlətlər tərəfindən yetərli görülmədi və 9 iyunda məsələylə bağlı ultimatum göndərildi. Erməni məsələsinin bu şəkildə dərinləşməsində Əhməd Cavad Paşanı günahlandıran Sultan Əbdülhəmid isə onun qurduğu hökuməti eyni gündə istehfaya göndərdi və Mehmed Səid Paşanı yenidən sədarətə təyin etdi.
Vəzifədən alındıqdan sonra bir müddət dövlət vəzifələrindən uzaq qalan Əhməd Cavad Paşa, keçmiş xidmət yeri olan Krit adasında siyasi gərginliyin artması səbəbilə 13 iyul 1897-ci ildə yenidən Krit əyaləti komandanlığına təyin edildi. Bir həftə sonra İstanbuldan yola düşən Əhməd Cavad Paşa 3 gün sonra Hanya limanına çatdı. Onun adaya gəlişi adanın müsəlman əhalisi tərəfindən coşquyla, xristian əhali tərəfindən qorxuyla qarşılandı. Belə ki, paşanın adaya gəlişindən bir müddət sonra 1 avqustda Kandiyedəki Qalye kəndindəki müsəlman evləri xristianlar tərəfindən yandırıldı. 22 sentyabrda isə xristianlar müsəlman əhalliyə məxsus 200`dən çox mal-qaranı ələ keçirib 2 nəfəri qətlə yetirdi.
Əhməd Cavad Paşa ilk iş olaraq adadakı faktiki hakimiyyəti əlində tutan müttəfiq qoşunlarının nümayəndələriylə danışıqlara başladı və iğtişaşlarla adanın asayişini pozan quldur dəstənin, eləcə də cəbhəxanalarının ələ keçirilərək Yunanıstana göndərilməsini təmin etdi. Adada məskunlaşan piyada, topçu və süvari birliklərinin ehtiyaclarını araşdırıb paytaxtdan aldığı yardımla bu ehtiyacların böyük qismini qarşıladı. Ramazan ayı münasibətilə adada xidmət edən və evli olan ordu mənsublarına, eləcə də yardıma möhtac yerli müsəlman əhaliyə ərzaq yardımı göndərdi. Ramazan ayı boyunca hər gün iftar süfrəsi açaraq adadakı əcnəbi zabitləri də bu ziyafətlərə dəvət etdi və beləcə, tərəflər arasındakı münasibətləri mülayimləşdirdi.
Almaniya imperatoru II Vilhelmin Fələstin və Suriyaya səyahəti zamanı alınan tədbirlərin yoxlanılması məqsədilə 8 oktyabr 1898-ci ildə vəzifədən azad olundu və 10 oktyabrda yola düşərək 5 gün sonra Beyruta çatdı. 24 oktyabr 1898-ci ildə İstanbuldan çəkilən teleqrafla Alman imperatorunun səyahəti boyunca yerinə yetirməli olduğu vəzifələrdən xəbərdar olan Əhməd Cavad Paşa həmin gün Hayfadan yola düşərək imperatorun gecələyəcəyi Bəzx adlı qərargaha gələrək təhlükəsizlik tədbirləri aldı. Ertəsi gün yola çıxaraq imperatorun səyahət edəcəyi istiqamət üzrə Qüdsə gəldi və burada da təhülkəsizlik tədbirləri gördü. Rayhadakı yerli ərəb birliklərini tərki silah edən Əhməd Cava Paşa 1 noyabrda yenidən Beyruta, 6 noyabrda Dəməşqə, 12 noyabrda isə yenidən Beyruta gəldi. 16 noyabradək davam edən səyahətin ardından imperator II Vilhelm və xanımı Avqusta Viktoriya Beyrut limanından yola düşdülər. Qonaqların yola salınmasının ardından İstanbula teleqraf göndərən Əhməd Cavad Paşa çox keçmədən 20 noyabrda Dəməşqdəki V Ordunun müşirliyinə təyin edildi.
Hərbi təlimat və nizam-intizam olaraq olduqca yaxşı vəziyyətdə olsa da, V Ordunun maliyyə problemləri vardı. Belə ki, əsgərlər aylardır ki, maaşlarını belə ala bilməmişdi. 5 dekabrda Ulduz sarayına göndərdiyi teleqrafla məsələdən Sultan Əbdülhəmidi xəbərdar edən Əhməd Cavad Paşa dərhal ordu məsrəflərinin qarşılanmasını istədi. Vəzifədə olduğu müddət boyunca bəzi dövlət məmurlarından da şikayətlənən Əhməd Cavad Paşa bu barədə göndərdiyi teleqraflarla məsələni paytaxta bildirdi. 12 yanvar 1899 tarixli teleqrafla Beyrut dəftərdarını, 15 mart və 22 mart tarixli teleqraflarla isə Beyrut valisini şikayət etdi.
1900-cü ilin aprelindən etibarən səhhəti pisləşən Əhməd Cavad Paşa 27 mayda bütün vəzifə və öhdəliklərini Dəməşq əyaləti Hərbi Akademiyasının rəisinə həvalə etdi və İstanbula dəfələrlə teleqraf göndərərək paytaxta qayıtması üçün icazə istədi. Onun bölgədə qalmasını istəyən Sultan Əbdülhəmid isə Beyrutdakı yerli və fransız təbiblərinin çağırılmasını və müalicənin Beyrutda davam etdirilməsini buyurdu.
Müalicə prosesi boyunca tez-tez teleqraf göndərərək paşanın səhhətiylə maraqlanan Sultan Əbdülhəmid vəziyyətin ağırlaşmasının ardından 1 iyul 1900-cü ildə paşanın İstanbula qayıtmasına icazə verdi. 13 iyul 1900-cü ildə İstanbula gətirilən Əhməd Cavad Paşa həmin gün yazılan fərmanla V Ordu müşirliyindən azad edilərək təqaüdə çıxarıldı. Nişantaşındakı köşkünə yerləşdirilən Əhməd Cavad Paşa çox keçmədən 9 avqust 1900-cü il səhər saatlarında vəfat etdi. Cənazəsi ertəsi gün Fateh məscidində qılınan cənazə namazının ardından valideynləriin dəfn edildiyi Əmir Buxari məscidinin həzirəsindəki məzarlığa dəfn olundu.
Ölümündən qısa müddət sonra 1901-ci ildə xanımı Nemət xanımın sifarişilə memar Kəmaləddin bəy tərəfindən məzarı üzərinə türbə inşa edildi. Kvadrat planlı türbədə Əhməd Cavad Paşa və bacısı Sara xanımın məzarları yer alır.
İki dəfə evli olduğu bilinir. İlk xanımının Kritli olması və pvladı olmadan boşanmasından başqa məlumat yoxdur. İkinci evliliyi isə əslən çərkəz olan Nemət xanımla baş tutdu. Bu xanımı paşanın sədarəti dövründə 22 oktyabr 1891-ci ildə birinci dərəcəli Şəfqət nişanı ilə təltif edildi. Övladının olub-olmaması barədə məlumat yoxdur.
Bacısı Sara xanımın da evli olub olmadığı bilinmir. Ailənin şəcərəsi paşanın qardaşı Şakir Paşanın ailəsiylə günümüzədək gəlib çatmışdır.